Məşhur şairə çətin sual: Siz homoseksualsınız?

Məşhur şairə çətin sual: Siz homoseksualsınız?
19 iyun 2014
# 07:15

Kulis.Az-ın məşhur ispan rejissoru Luis Bunuelin “Mənim son nəfəsim” kitabından bir fraqmenti təqdim edir.

Federiko Qarsia Lorka universitetə məndən iki il sonra gəldi. O, Qranadadan sosiologiya müəllimi Fernando de-lo-Riosun məsləhəti ilə gəlmişdi. Artıq “Təəssürat və mənzərə” adlı proza kitabı çıxmışdı. Bu kitabda o, don Fernando və başqa əndəluslu tələbələrlə birgə səfərindən danışırdı.

Eleqantlığı ilə seçilən, əla natiq, cazibədar, parlaq, qara gözlü Federikonun özünəməxsus maqnetizmlə insanları cəzb etmək istedadı vardı. Onun cazibəsinə kimsə dayana bilmirdi. O, məndən iki il böyük idi. Sahibkar oğlu olan Lorka Madridə əsasən fəlsəfəni öyrənmək üçün gəlmişdi. Amma tezliklə Lorka mühazirələri buraxmağa və ədəbi həyatla maraqlanmağa başladı. O, tezliklə hamı ilə tanış oldu. Onun tələbə yataqxanasındakı otağına hamı can atırdı.

Bizim səmimi dostluğumuz elə ilk görüşdən başladı. Axşamlar biz gəzir, çəmənlikdə oturur və şeir oxuyurduq. O, gözəl oxuyurdu. Onunla ünsiyyətdən sonra mən dəyişməyə, dünyanı başqa cür görməyə başladım.

Mənə dedilər ki, hansısa Martin Dominqes Lorkanın homoseksualist olduğunu iddia edir. Buna inana bilmirdim.

Bir dəfə nahar vaxtı bir yerdəydik. Həmin gün masa arxasında Unamuno, Euxenio d Ore və direktorumuz don Alberto da oturmuşdu. Şorbanı içəndən sonra Federikoya sakitcə dedim:

- Çıxaq. Sənə vacib bir şey demək istəyirəm.

Bir az təəccüblənmiş halda o, masa arxasından qalxdı.

Nahar vaxtı bizə bayıra çıxmağa icazə verirdilər. Biz yaxınlıqdakı meyxanaya getdik və burada mən ona Dominqeslə dalaşacağımı dedim.

- Niyə?- o, soruşdu

Qərarsızlıq içində nədən başlayacağımı bilmədən ona sual verdim:

- Bu düzdür ki, sən homoseksualsan?

O, zəif damarına toxunmuş kimi ayağa qalxdı və dedi:

Bizim aramızda hər şey bitdi.

Və getdi.

Təbii ki, biz həmin gün barışdıq. Onun davranışında heç bir qadınlıq, qeyri-təbiilik yox idi. Yeri gəlmişkən, Araqondan (Lui Araqon-fransız şairi) fərqli olaraq, o, nə parodiyanı, nə ikimənalı zarafatları sevirdi. Bir dəfə Madridə mühazirə deməyə gələn Araqon universitet direktorunu pərt eləmək üçün ondan soruşub ki, “Sizdə maraqlı pisuar yoxdur”?

Biz Lorka ilə unudulmaz vaxt keçirirdik. O, mənə gözəl bildiyi ispan poeziyasını açdı, eyni zamanda başqa kitablarla tanış elədi. Onun sayəsində ilk dəfə “Qızıl əfsanələr” (xrsitian əfsanələri) kitabını oxudum. Federiko Allaha inanmırdı, amma dinə sırf bədii münasibətini saxlayırdı.

***

1925 və 1929-cu illərdə mən bir neçə dəfə İspaniyaya gəldim (həmin illərdə Bunuel Parisdə yaşayırdı-S.S.) və tələbə yoldaşlarımla görüşdüm. Növbəti gəlişimdə Dali mənə heyranlıqla dedi ki, Lorka əla bir pyes yazıb: “Don Perlimplin və ya Belisa öz bağında”. O, təcili olaraq sənə bu pyesi oxumalıdır”.

Federiko özünü təmkinli aparırdı. O, uzun müddət və və əsaslı olaraq məni son dərəcə primitiv, son dərəcə əyalətçi sayırdı və düşünürdü ki, mən dram əsərlərinin incəliklərini qiymətləndirməyi bacarmıram. Hətta bir dəfə Lorka bir aristokrat qadına qonaq gedəndə məni özüylə aparmadı. Bununla belə Dalinin israrı ilə Lorka pyesi oxumağa razılıq verdi. Və biz budur, “Nasyonal” otelinin barında oturmuşuq. Lorka oxumağa başladı. Mən artıq demişdim ki, o, gözəl oxuyurdu. Amma mənə birinci aktın sonunda gərdəkdə olan qoca ilə qızın hekayətində nəsə xoşuma gəlmirdi. Və sonra cırtdan suflyor köşkündən çıxıb tamaşaçıya xitabən deyir:

- Hörmətli publika, don Perlimplin və Belisa...

Onun oxumasını kəsərək mən yumruğumu masaya vurdum:

- Bəsdir Federiko, bu, zibildir!

Onun rəngi qaçdı, Daliyə baxıb alçaq səslə mənim dediyimi təsdiqlədi:

- Bunuel haqlıdır, bu, zibildir.

Mən pyesin nə ilə bitdiyini bilmədim. Ümumiyyətlə, etiraf edim ki, mənə ritorik, illüstrativ gələn Lorka teatrının pərəstişkarı deyiləm. Lorkanın həyatı, şəxsiyyəti yaradıcılığından daha əhəmiyyətlidir.

***

1934-cü ildə İspaniyada dəhşətli hadisələrin yaxınlaşdığı hiss olunurdu. Bizə təsviri sənət və poeziya haqda danışmaq çətin idi. Lorka gözlənilmədən siyasətə meyl etməyən hamı kimi öz doğma şəhəri Qranadaya getməyi qərara aldı. Mən onu fikrindən daşındırmağa çalışdım.

- Qulaq as, Federiko. Qorxulu zamanlar yaxınlaşır. Qal. Madriddə sən təhlükəsizlikdə olacaqsan.

***

Başqa dostlar da onu əbəs yerə fikrindən döndərməyə çalışırdı. O, son dərəcə həyəcanlı və qorxmuş halda getdi.

Onun ölüm xəbəri hamımıza sarsıdıcı zərbə oldu.

Rastlaşdığım, tanıdığım insanlar arasında Lorka xüsusi yer tutur. Mən onun teatr və poeziyasını yox, özünü nəzərdə tuturam. O, həqiqi şedevr idi. Ona bənzəyən başqa adam təsəvvür etmək çətindir. O hətta royalda Şopeni yamsılayanda belə valehedici idi. Pantomim göstərəndə də, tamaşadan səhnə oynayanda da həqiqi şedevr idi. Nə oxumasındn asılı olmayaraq, onun dodaqlarından çıxan hər şey gözəl idi.

Onda nə qədər ehtiras, nəşə, gənclik vardı. O atəş kimi idi.

Lorkayla ilk dəfə rastlaşanda mən yalnız kobud əyalətçi idim. Onunla dostluq məni formalaşdırdı, onun sayəsində çoxlu maraqlı adamlarla tanış oldum. Mənim ona sözlə ifadə edə bilməyəcəyim minnətdarlıq borcum var.

Lorkanın cəsədi tapılmadı. Bununla bağlı bəzi rəvayətlər dolaşır. Dali homoseksualların cinayətinə eyham vururdu. Bu, absurd idi. Federiko ona görə öldü ki, şair idi və o zaman barrikadalarda “intellegensiyaya ölüm” çığırırdılar. Qranadada o, bir falanqaçıya, ailəsi Lorkanın ailəsi ilə dostluq edən şair Rosalesə sığınmışdı. O, özünü güvəndə hiss edirdi. Hansısa Alonsonun başçılıq etdiyi dəstə gecə gələrək onu həbs edib, bir neçə fəhlə ilə yük maşınına basaraq aparıblar. Federiko fiziki işgəncələrdən və ölümdən çox qorxurdu. Təsəvvür edirəm ki, gecə yük maşınında o, öldürüldüyü zeytun meşəliyinə aparılanda hansı hissləri keçirib.

Mən bu anı tez-tez düşünürəm.

# 4362 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #