Bu filmdən sonra qadınlarımız çadranı atdı

Bu filmdən sonra qadınlarımız çadranı atdı
14 avqust 2015
# 08:00

“Naməlum kino” layihəsində Aleksandr Beknazarovun 1929-ci ildə Cəfər Cabbarlının eyni adlı pyesi əsasında ekranlaşdırdığı “Sevil” filmini təqdim edirik.

Həmin dövrdə kinostudiyanın rəhbərliyi filmi Beknazarova həvalə etsə də, ikinci rejissor kimi təyin olunan Cəfər Cabbarlının çəkiliş prosesində rolu daha böyük olub. Beknazarov özü də bunu etiraf edirdi: “Sevil”in elə bir kadrı yox idi ki, Cəfər Cabbarlı orda mənimlə birgə işləməsin. Biz çox vaxt saatlarla əyləşib çəkəcəyimiz kadrların daha canlı və inandırıcı çıxması üçün düşünərdik. Cabbarlının kino sənəti sahəsində az müddət çalışmasına baxmayaraq, onun bir sıra kinematoqrafik hökmlər vermək qabiliyyəti məni doğrudan da heyran edirdi. Odur ki, biz “Sevil” filmini hədsiz həvəslə çəkib başa çatdırdıq”.

***

Azərbaycan ədəbiyyatının ən populyar əsərlərindən olan “Sevil”in əsasında bu gün də dünyada aktuallığını itirməyən qadın haqları problemi dayanır. Əsər öz individuallığını axtaran, kimlik problemi ilə üz-üzə qalan, özünü tanımağa, dərk etməyə çalışan qadın taleyi rakursundan daha maraqlıdır.

“Sevil” pyesi müəyyən dəyişikliklərlə ekrana uyğunlaşdırlıb. Məsələn, filmdə Sevilin (İzzət Orucova) Balaşla (Ağasadıq Gəraybəyli) qarşılaşma səhnəsi, onun keçmiş əri ilə sərt, ironik dialoqu filmdə verilməyib. Görünür, bu hissədə mətn dominant olduğundan sözü effektiv şəkildə əvəzləyən gərəkli vizual ifadə vasitələri tapmaqda çətinlik çəkiblər. Buna görə də final səhnəsi pyeslə müqayisədə zəif alınıb. Müəlliflər sonda Balaşın Sevillə qarşılaşma səhnəsini qısa planla təsvir ediblər. Əvvəlki nüfuzu, hökmü olmayan Balaş artıq savadlı, önəmli vəzifə tutan Sevilin qəbuluna gəlir. Sevilin özünəinamlı, sərt baxışları ilə Balaşın çarəsiz, ürkək baxışları toqquşur. Və, Balaş bu görüşdən məğlub ayrılır.

Qeyd edək ki, filmin ssenarisini Cabbarlı özü yazıb. Ona görə filmi pyesin sərbəst yozumu kimi yox, sadəcə səliqəli ekran adaptasiyası kimi qəbul etmək doğrudur. Daha aydın desək, filmə rejissor Beknazarovun yozumu ilə yox, dramaturq Cabbarlının gözü ilə baxırıq.

Bununla belə filmi maraqlı edən kinematoqrafik elementlər var. “Sevil” müasir filmlərimizdə çatışmayan mühüm bir cəhəti psixologizmi ilə seçilir. Personajların psixoloji vəziyyətini açmaq üçün yaxın, detal planlardan, ekspressivliyi gücləndirən rakurslardan istifadə edilib.

Balaşın evdə sevgilisi Edilyanı (Bella Beletskaya) düşünməsi, Sevilin nigaran baxışları, ərinin əl vurmadığı, süfrədə soyuyan yemək kadrlarının dinamik növbələnməsi evdəki atmosferi, ailədəki münasibəti açmaq baxımından uğurlu üsuldur.

Müəlliflər metaforlardan, rəmzlərdən bolluca istifadə edir. Qadınların, hətta evi bəzəyən gözəl, nəfis məişət əşyalarının belə dəmir barmaqlıqlar arxasında təsviri onların bütün həyatının ağırlığını ifadə edir.

Gülüşün qaranlıq otaqdan çadra ilə çıxıb günəşli, geniş bir meydanda çadrasını çıxarması bir az bəsit görünsə də, hər halda o dövrün kinematoqrafiyası üçün yenilik sayılan metafordur.

Bundan başqa müəlliflər obrazların arzularını, qarabasmalarını maddiləşdirərək onları vizual dilə çevirirlər: məsələn, qonaqlar gələndə mətbəxdə tək qalan Sevilin özünün Edilyanın qiyafətində, ərinin xəyanətini görəndə onun həyəcanının, qarabasmalarının təsviri, Balaşın xəyalında sevgilisini təsəvvür eləməsi və s.

Filmdə bir neçə dəfə təkrarlanan rəmzlərdən biri də tar və saatdır. Saatın hərəkətdə olması ilə Sevilin durğun, kədərli vəziyyətdə tar çalması ziddiyyət təşkil edir. Zaman hərəkətdədir, irəli gedir, onun isə həyatında nəsə dəyişmir. Hadisələrin sonrakı inkişafında Edilya ilə birgə həyatdan məyusluq, peşmanlıq hissi keçirən Balaş da eyni vəziyyətdə tar çalır.

Burjuaların məclisində etiket, davranış qaydalarını bilərəkdən pozan, ironiya edən, onlara meydan oxuyan Gülüş obrazının konsepsiyası qərb kinosunda həmişə aktual olub. Xüsusən, belə bir obraz konsepsiyası 1960-cı illər fransız kinosunda yaranan “Yeni dalğa” estetikasında çəkilən filmlərdə həm kinematoqrafik, həm siyasi, həm fəlsəfi baxımdan mükəmməllik səviyyəsinə çatdı və Fransada məşhur 1968-ci il may hadisələrində gəncliyin atributlarından birinə çevrildi.

Sevilin çadrasını atması, inqilabi prosesə qoşulması, qadın haqları uğurunda mübarizəsi ümumilikdə onun dəyişmə prosesi sənədli plakat ruhunda informativ, sürətli montajla verilir.

Sevil rolunun ifaçısı İzzət Orucovanın oyununun təsirli alınması təbii idi. Çünki onun yaşadığı illərdə cəmiyyət cəhalətdən tam azad olmamışdı, qadınlar təhsil almaq üçün hələ də çətinliklərlə qarşılaşırdılar. Azərbaycanlı qızının o dövrdə baş rol oynaması mühüm hadisə idi.

Sonralar elmi seçən, ölkənin tanınmış kimyaçılarından biri olan İzzət Orucova deyirdi: "Məni ilk Azərbaycan kino aktrisası adlandırırlar. Və mən bəzən fikrə dalıram: görəsən, bu, düzgündürmü? Ümumiyyətlə, mən aktrisa olmuşammı? Axı, mən oynamamışam... Yox, mən kamera qarşısında iki qadın taleyini yaşamışam. Bunlar mənim müasirlərim, demək olar ki, yaşıdlarım idi..."

İ.Orucovanı Cabbarlı uzun axtarışlaran sonra kəşf eləmişdi. İzzət xanım xatirələrində yazırdı: “"Sevil" filminin həm ssenari müəllifi, həm də quruluşçu rejissoru görkəmli dramaturq Cəfər Cabbarlı idi. Filmin digər rejissoru Beknazarov Sevil rolunun ifasını Nora Arzumanova adlı bir qıza tapşırmaq istəyirdi. Lakin Cəfər Cabbarlı buna qəti etirazını bildirdi. Dedi ki, əsərin baş rolunda azərbaycanlı qızı çəkilməlidir. Mən Cəfərin adını eşitmişdim, üzünü görməmişdim. Günlərin birində o mənə yaxınlaşdı, məqsədini bildirdi. Amma mən nə "hə", nə də "yox" dedim. Qarşıya çıxan qismətdən qaçmaq olmazmış. Rəhmətlik Cəfər müəllim çox tələbkar idi. Bəyənmədiyi kino kadrlarının dəfələrlə yenidən çəkilməsini israr edərdi. Dünən olubmuş kimi xatırlayıram: Sevilin çarşabı başından atması epizodu bir neçə dəfə təkrar çəkildi. Lakin bu səhnə - azərbaycanlı qızının tərəqqiyə can atması mənzərəsi işıqlı təfəkkür sahibi Cəfər müəllimin xoşuna gəlmədi. O, hər dəfə yumşaq tonda, ancaq hiss edirdim ki, hirsini gizlədib deyərdi: "Yox, İzzət olmadı. Çarşabı başından atmağın çox süni çıxır, qondarma görünür. Unutma, əsərin kulminasiya nöqtəsi də elə burdadır. Sən müdhiş, qorxunc çarşabı başından elə atmalısan ki, bu səhnə tamaşaçıda cəhalətin və mövhumatın qara pərdəsi olan çarşaba nifrət, qəzəb hissi oyatsın. Bu kadrı o gün yenə çəkə bilmədik. Mən evdə anamın çarşabını başıma örtür, aynanın qabağında dayanır, Cabbarlının sözlərini yadıma salaraq məşq edirdim. Bir dəfə bu səhnəni görən anam çarşabı əlimdən alıb üstümə qışqırdı:

- Ay qız, dəli olmusan nədir, bu çarşabı adam başına örtüb nə qədər yerə atar, çarşab cırılıb ki…”

Edilya rolunun ifaçısı Bella Beletskya ukraynalıdır, sovet dövrününü səssiz filmlərinin tanınmış aktrisalardan biri olub.

Gündüz rolunu rejissor Lətif Səfərov ifa edir.

Yeri gəlmişkən, film ekranlara çıxandan sonra həmin illərdə mətbuatda geniş müzakirələrə səbəb olmuşdi. Yazılarda filmin əsas qüsurunu onun teatrallığında görürdülər. Tənqidçilərə görə, hadisələrin çoxunu, Sevilin mübarizəsini pavilyondan, qapalı məkandan çıxarıb naturaya- küçələrə, meydana gətirmək lazım idi.

Hər halda “Sevil” Azərbaycan kinematoqrafiyasında kino dilinin inkişafında öz töhfəsini verdi. Kinooperator Rafiq Quliyev bu barədə “Azərbaycan səssiz kinosunun təsvir irsi” kitabında yazır: “…Mollanın qərarına əsasən Gündüzdən ayrılmalı olan Sevil doğma balası ilə son gecəsini keçirir, səhərə qədər ona laylay oxuyur, əzizləyir. Qalan ömrünü övladına həsr etməyə hazır olan ana üçün sübh şəfəqləri pəncərənin arxasından çox tez və sürətlə boylanmağa başlayır. İntensivləşən şüalar otağı işıqlandıraraq ayrılıq anını yaxınlaşdırır və Sevilin artan həyəcanına səbəb olur. Gecədən sübhədək keçən müddəti ekranda qısa müddətdə canlandıran, kinematoqrafik zamana xidmət edən həmin işıqlandırma üslubundan istifadə nəticəsində səhərin açılma effekti çox təbii və inandırcı alınıb. İvan Frolovun Azərbaycan kinosunda ilk dəfə sınaqdan keçirdiyi həmin yaradıcılıq üslubu, aktrisa İzzət Orucovaya obrazın psxiloji durumunu, səhərin tezliklə açılmasını istəməyən ananın həyəcanlı anlarındakı yaşantılarını qabartmağa yardım edib”.

“Sevil” eyni zamanda cəmiyyətin ictimai-siyasi şüurunda da inqilab edib. İzzət xanım xatirələrində yazırdı: “"Sevil" bədii filmi ekranda göstərilən gün anamı da kluba aparmışdım. Qohum-əqrəbalarımız da gəlmişdi. Tamaşaçıların çoxunun biletini Cəfər Cabbarlı almışdı. Həmin gün birinci anam, sonra neçə-neçə tamaşaçı çarşabı başından açıb atdı".

P.S. Yazinın hazırlanmasında göstərdiyi köməkliyiə görə Azərbaycan Dövlət Film Fondunun rəhbərliyinə təşəkkür edirik. Yazıda eyni zamanda kinoşünas Aydın Kazımzadənin “Azərbaycan kinematoqrafçıları” kitabından istifadə olunub.

“Aydın yol” qəzeti

# 6168 dəfə oxunub

Müəllifin son yazıları

# # #