Kulis.az “Naməlum kino” layihəsində Tofiq İsmayılovun 1986-cı ildə çəkdiyi “Xüsusi vəziyyət” filmini təqdim edir.
Süjet: Hadisələr əsasən Daşkəsən rayonunda dəmir filizi mədənlərində baş verir. Fəhlələr qəza vəziyyətində olan şaxtalarda işləyir. Üstəlik, köhnə texnologiyalarda iş rejimi təbiətə ziyan vurur, eyni zamanda nəticə məşəqqətli əmək və onların həyatı bahasına başa gəlir. Sahə müdirlərindən biri, ölkənin ən yaxşı mütəxəssislərindən sayılan Dəmir Şahbazov (Tofiq Mirzəyev) şaxtaların sökülməsini, yeni texnologiyalar əsasında tikilməsi üçün layihə təklif eləyir. Amma kombinatın müdiri Vələdzadə (Səyavuş Aslan) bu layihənin əleyhinə çıxır. Onun fikrincə, layihənin həyata keçirilməsi böyük vaxt aparacaq, üstəlik, nəticəsinin necə olacağı da bəlli deyil. O, isə dövlətə yüksək plan verməlidir.
Bakıda yaşayan gənc jurnalist Xalidə (İradə Akimova) Daşkəsənə dəmir filiz mədənləri haqda yazmaq üçün ezam olunur. O, qatarda tüdnməcaz, sərt təbiətli Dəmirlə tanış olur. Dəmirin mədəndə işlədiyini öyrənən Xalidə məlumat almaq istəyəndə onun kobud rəftarıyla qarşılaşır.
Xalidə kombinatın rəhbəri Vələdzadə ilə görüşür, mədən haqda məlumat toplayır. Prinsipial xarakterə malik Dəmiri yaxından tanıdıqca gənc qadın ona vurulur. Dəmir də ona laqeyd qala bilmir.
Xalidəni isə Bakıda gözləyən sevgilisi Zahid (Rəfael Dadaşov) var. Onlar tezliklə ailə qurmağa hazırlaşır. Reportajını hazırlayandan sonra Xalidə Bakıya qayıdır. Amma anlayır ki, onun Zahidlə münasibəti yanlışdır, çünki ortada sevgi yoxdur. O, Zahiddən ayrılır və Daşkəsənə Dəmirin yanına qayıdır.
Həmin vaxt isə şaxta daha da qəzalı vəziyyətə düşür. Və Dəmir işi dayandırır, şaxtaların bağlanmasına göstəriş verir. Onun qərarından qeyzlənən kombinat müdiri şaxtalara baş çəkir, oranın qəza vəziyyətində olmadığını sübut etmək üçün Dəmirlə birlikdə şaxtalara enir. Və az sonra şaxta tamamilə çökür. Onlar bütün umu-küsüləri kənara qoyub yeraltında həyat uğrunda mübarizə aparırlar. Onların uzun və çətin xilasetmə əməliyyatı başlayır...
Milli kinomuzda sənayedən, kolxoz fəaliyyətindən bəhs edən çoxsaylı filmlər çəkilib. Onların əksəriyyəti bədii cəhətdən keyfiyyətsizdir, təbliğat, plakat xarakteri daşıyır.
“Xüsusi vəziyyət” az aylı filmlərdəndir ki, burda sovet dövrünün ritorikası demək olar ki, yoxdur, varsa belə çox korrektdir. Bədii baxımdan da filmin keyfiyyət fərqliliyi var. Səbəblərindən biri filmin yenidənqurma illərində çəkilməsidirsə, digəri ssenari müəllifinin Ramiz Fətəliyevin olmasıdır.
Natura çəkilişlərində realist dəsti-xətt güclüdür. Şaxtada qəzaya düşən personajların mübarizəsi, onların axtarış səhnəsi təmkinlilik, dramatizmlə yüklənib və tamaşaçını gərginlikdə, nigarançılıqda saxlaya bilir.
Əhvalatın əsas xətti dəmir filiz mədənlərindəki iş şəraiti, Dəmirlə Vələdzadənin konfliktidir. Əsas xətdən əlavə, bir neçə yan xətt də var: Xalidə-Dəmir, Zahid-Xalidə və gənc qadının ailəsi ilə münasibətləri. Yan xətlər əsas süjetlə orqanik birləşir.
Filmin irəli sürdüyü əsas məsələ iki fərqli dünyagörüşünün qarşıdurmasıdır. Proqressiv, demokratik düşüncəli Dəmir və sovet düşüncəsi ilə işləyən, əsas məqsədi nə olursa olsun plan vermək olan Vələdzadə.
Rejissor bu qarşıdurmanın kulminasiyasını da, düyünün həllini də şaxtada təsvir edib.
Filmdə eyni zamanda ailə məişət münasibətləri də qoyulur. Anası (Firəngiz Şərifova) otuz yaşlı Xalidənin ərə getməsini təkid edir. Hamı Xalidylə Zahidi uyğun cütlük hesab edir. Dəmirlə rastlaşandan sonra Xalidə anlayır ki, onların münasibətində sevgidən başqa hər şey var.
Operator Kənan Məmmədov, bəstəkar Tofiq Quliyevdir. Film Manaf Süleymanovun “Zirvələrdə” romanının əsasında çəkilib.