Faciəli məhəbbət, yoxsa qadın şıltaqlığı? - “MƏNİM GÜNAHIM” NƏDİR?

Faciəli məhəbbət, yoxsa qadın şıltaqlığı? - <span style="color:red;">“MƏNİM GÜNAHIM” NƏDİR?
7 fevral 2017
# 09:00

Ötən həftə “Azdrama”nın səhnəsində “Mənim günahım” tamaşasına baxanda anladım ki, rejissor Mərahim Fərzəlibəyov indiki zamanda yaşamır.

O, keçən əsrin 70-80-ci illərin sovet zamanında, Sovet pafosunda, sosrealizmin stereotiplərində ilişib qalıb. Əksinə olsaydı, “Mənim günahım” tamaşasındakı səhnələr, dialoqlar boş, mizanlar ifadəsiz olmazdı.

“Azdrama”nın faciəsi tamaşalarının əksərinin günümüzə, ümumi gerçəkliyimizə, həm də bu ümuminin mühüm parçası olan fərdlərin gerçəkliyinə adekvat olmasındadır. Bir tamaşaçı kimi rejissordan insanı ən müxtəlif vəziyyətlərdəki durumunu, reaksiyasını, davranışını və ya hansısa ziddiyyətli situasiyanı araşdırmasını, təsvirini istəmirəm. Barı, pyesi arındırıb, çağdaş dövrün problemləri müstəvisində yozmaq olardı. Teatrın tamaşaçı ilə kontaktı məhz bu mühüm nöqtələrdə itirilir.

Fərqli formatlar olsa da Amaliya Pənahovanın 1985-ci ildə quruluş verdiyi və özünün də baş rolu oynadığı “Mənim günahım” televiziya tamaşası M.Fərzəlibəyovun tamaşasından daha müasirdir.

Image result for "Mənim günahım"

Məsələn, Fərzəlibəyovun tamaşasından belə bir fraqmenti deyim. Ayqızın atası ilə mübahisəsinin kökündə dünyagörüşü fərqi dayanır. Ata-övlad arasındakı konflikt də, obrazların özü də həddən artıq bəsit, sosrealizmdən qalma ştamplarla işlənib, ata qızına min dəfə eşitdiyimiz didaktik nəsihətlər verir, Ayqız da onu saflıqla dinləyir. Hətta o qədər itaətkar və axmaqcasına safdır ki, adam sadəcə qıcıq olur.

Ata-övlad konfliktinin hər zaman aktuallığını nəzərə alsaq, vəziyyəti müasir dövrün kontekstində fərqli həll etmək əlbəttə ki, mümkün idi. Bunun üçün reallıqda yetərincə material var.

Əvəzində isə rejissor pyesdə əhəmiyyətsiz dəyişikliklər edib, mətni emal eləmədən səhnəyə köçürüb.

Tamaşa baş rollardan birini balerina Nurcahanı oynayan Məleykə Əsədovanın “Qu gölü”ndən rəqsi ilə açılır. Aktrisanın rəqsi kobud, qeyri-estetikdir, o, bədənindən istifadə edə, onu hisslərinin, hüznünün dilinə çevirə bilmir.

Image result for "Mənim günahım"

Əlbəttə, ondan Janna Moronun heyrətamiz plastikasını, zərif, oynaq bədən dilini tələb edə bilmərik. Amma rejissor ən azı səhnənin estetik planda həlli üçün nəsə təklif eləməliydi.

Məleykə Əsədovanı parlaq aktrisa hesab eləməsəm də, ona hörmətlə yanaşıram, bildiyimə görə teatrdakı intriqalara, dedi-qoduya qoşulmur, ədəb-ərkanla məşqinə gəlir, roluna hazırlaşır, xeyriyyəçiliklə məşğul olur.

Hətta illərlədir ki, yaxşı aktrisa olmaq üçün cidd-cəhdlə çalışır, əmək verir, səmimiyyətlə oynamağa, sevgisini tamaşaçıya ötürməyə çalışır. Bir problemi var ki, müsahiblərində, ifası zamanı içdən gələn səmimiyyəti necə olursa saxta parıltı kimi üzə çıxır, seyrçini inandıra bilmir. Səmimiyyətini daxili dünyasından çıxarıb seyrçinin dünyasına ötürənədək – yəni o qısa yolda artıq nə baş verirsə, bunu ancaq Freyd çözə bilər.

Mənə elə gəlir ki, o, öz aləmində ürəkdən, safca istedadına, parlaq aktrisa olduğuna inanır. Açığı, onun bu səmimiyyəti məni mütəəssir edir. İnsafla desək, heç Firəngiz Mütəllimovadan, Zemfira Nərimanovadan pis aktrisa deyil. Qısası, Məleykə Əsədovaya rəğbətim var və tamaşaya da əslində onu izləmək üçün getmişdim.

Image result for "Mənim günahım"

Onun Nurcahanının balerina olmaq yaşı ötür, orta yaş böhranını yaşayan qadının aqressiyası məmur olan əri (özü də vicdanlı məmur!) Sahibin (Elşən Rüstəmov) ona diqqətsizliyi üzündən daha da şiddətlənir. O, Sahibdən daim sevgi, diqqət istəyir, onun sevgisinə şübhə edir, dava salır, biçarə ər də yorulmadan onu sevdiyini deyir. Qadınsa inanmır, o, sübut tələb edir. Sübut da odur ki, əri işi-gücünü atıb, hər dəfə onun tamaşalarına gül-çiçəklə gəlməlidir.

Nəsə sonda cütlük ayrılır.

Rejissor müsahibələrindən birində deyir:

“Mən bir məmurun məhəbbət faciəsini göstərmək istəyirəm - o, öz ömrünü işə sərf edir, amma məhəbbətini, ailəsini unudur. Nurcahan çalışsa da, məhəbbəti qaytara bilmir. Mənə rejissor kimi Nurcahanın məhəbbət dünyası maraqlıdır”.

Faciə ondadır ki, rejissorun sözdə dediyi konflikt tamaşada yoxdur, əsaslandırılmamış, mayasında ciddi nəsə olmayan, sıradan məişət hadisəsi görürük.

Image result for "Mənim günahım"

Nurcahanın 40 yaşı olsa da, infantildir, o, həyatı yetkin qadın kimi yox, dəymədüşər, yeniyetmə qız kimi dərk edir, reallığı qiymətləndirə bilmir, bu yaşında anlamır ki, hisslər, duyğular dəyişə, başqa şəkil ala bilər, hər gözləntinin doğrulmaması təbiidir. O, istəyir ki, əri, təkrar edirəm, özü də vicdanlı məmur ər işini gücünü atıb onu gəncliyində olduğu kimi saatlarla yağışın altında gözləsin, romantik məktublar yazsın və s. Halbuki yazıq, biçarə Sahib diqqət də ayırır, sevdiyini də deyir. Yəni, tamaşada belə görünür.

Ortada dərin konflikt, bir qadının unudulmaq əzabı, faciəli məhəbbət yox, bütün həyatını çəhrayıya boyamaq istəyən infantil, bəsit qadın şıltaqlığı var.

Katarsis yaşamaq əvəzinə yoruluram, yadıma düşür ki, anam bu gün qutab bişirir, acdığımı hiss eləyirəm. Birinci hissə bitər-bitməz sənətlə qutab seçimi arasında zərrə qədər də tərəddüd eləmədən evə tələsirəm.

# 2072 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #