Kulis.az keçən il Kann festivalında “Adelin həyatı” filminə görə “Qızıl Palma Budağı” alan, ərəb əsilli rejissor Abdelatif Keşişin müsahibəsini təqdim edir.
- “Adelin həyatı”ndan çox onunla bağlı qalmaqallar gündəmə gəldi. Bu, sizə təsir etdimi?
- Təəssüf edirəm. Başqa nə deyə bilərəm. Ümid edirdim ki, “Adelin həyatı” humanist film kimi qəbul olunacaq. Düşünürdüm ki, insanlara iki qadının sevinci, kədəri, həyat eşqini göstərməyim maraqlı olacaq. Sevdiyin adamı tapmaq və onu itirməyin nə olduğunu anlayacaqlar. Düşünürdüm ki, insanlar zaldan çıxanda gözəl şeylər düşünəcəklər. Amma bunun əvəzində onlar qalmaqaldan danışırlar. Bəli, bütün bunlar mənə xoş deyil. Publikaya hansısa şəxsi şeylər maraqlıdır, nəinki filmdəki düşüncələr. Amma bu haqda 10 səhifəlik məqalə yazmışdım. Orda filmlə bağlı hər şeyə aydınlıq gətirmişəm.
- Filmin meydana gəlməsinə nə səbəb oldu?
- “Mavi ən isti rəngdir” qrafik romanını oxuyanda belə fikir yarandı ki, burdakı qadının başqa qadına sevgisi əhvalata yeni dönüş verə bilər. Sonra əsas məsələ hekayədə canlı ruhu saxlamaq idi. Ona görə bu romanı hərfi işləməmişəm. Bura sevgini, təsadüfü, sosial şərtiliyi də əlavə eləmişəm. Amma bunun əsas nöqtəsi bir fərdin sosial qrup çərçivəsində yeni inkişaf mərhələsinə qədəm qoymasıdır.
Ona görə filmdə “Mariannanın həyatı” romanını xatırladıram.
– Adel rolunun ifaçısı Adel Ekzarkopulosla neçə işlədiz?
- Adellə çox söhbət elədim. Ona göz qoyurdum, müşahidə edirdim. Biz onun qızcığazdan qadına çevrilməyinin filmdə necə verilməsi yollarını axtarırdıq. Adel fikrən həyatının ağır məqamlarını düşünməliydi ki, qəhrəmanını daha yaxşı anlasın. Ona Marivonun (XVIII əsr fransız dramaturqu və yazıçısı-S.S.) kitabını oxumağa vermişdik. Həm də onun bir neçə günlük müəllimlik stajı vardı. Onunla 6 ay işlədik, müntəzəm görüşdük. Hər görüşdə tapşırıqlar verirdim.
- Fəhlə sinfindən çıxsanız da, rejissorsunuz. Adelin mövqeyini buna görə qəbul edirsiz? Mənsub olduğunuz sinif peşənizdən daha vacibdir?
- Mən burjua mühitindəki insanların qeyri-səmimiliyini göstərirəm. Məni sadə insanların səmimiyyəti mütəəssir edir. İntellektual dairələrdəki insanlar isə rol oynayır.
- Publika erotik səhnələrdən daha çox danışdı...
- Doğrusunu deyim ki, bunu gözləmirdim. Deməzdim bu, məni depressiyaya salır. Həyatda erotik səhnələrlə bağlı söz-söhbətlərdən daha vacib şeylər məni depressiyaya salır.
- Adelin Emmaya bağlılığını sevgi adlandırmaq olarmı? Bəlkə bu sadəcə seksual asıllıqdır?
- Əvvəlcə bu sualın cavabını tapmaq lazımdır ki, sevgi nədir? Siz blirisiz? Mən bilmirəm. Sevgi ya var, ya da sadəcə illüziyadır. Dəqiq bilmirəm. Əmin olduğum tək bir şey var ki, insanın başqa insana magik təsiri var. Bunu təcrübəmdən deyirəm.
- Niyə filmdə erotik səhnələr kimi Adelin dərs verməsi də çox işıqlandırılıb.
- Çünki təhsil onun həyatının vacib hissəsidir. Baxın, mən rejissoram. Bu sənət zəhmətli, ağır işdir, amma triumf anları da gəlib yetişir. “Qızıl palma budağ”ı kimi. Bu mükafatı almaq az da olsa özümü triumfator kimi hiss eləməyə imkan yaradır. Stimul verir. Müəllimlərin əməyi isə həmişə kölgədə qalır. Ona görə də müəllim peşəsini önə çəkmişəm.
- Filmdə qızların yemək səhnələri də çoxdur.
- İnsanların yemək yeməyi məni ovsunlayır. Onların yemək yeməsinə baxmağı sevirəm. Çünki insanların yeməsində erotizm görürəm.
Üzün əzələləri zəifləyir, boşalır, insan bu anlarda özünü daha az kontrol edir. Və həmin anda onun xarakteri, tərbiyəsi, vərdişləri haqda çox bilmək olar. Amma mən qurman deyiləm və yeməyə sakit yanaşıram.
- Niyə siz erotik səhnələri detallı göstərmisiz? Məgər tamaşaçıya onların baxışlarını, qucaqlaşmasını göstərmək kifayət deyildi?
- Bu səhnələr də digər səhnələr kimi filmin ümumi ritminə, Adelin həyatının ritminə tabedir. Bu onunla baş verənlərin bir hissəsidir, ona görə də erotik səhnələrin təfərrüatlı təsviri onun həyəcanı kimi olmalıdır.
- Erotik səhnəni necə çəkdiz? Hansısa problemlər oldumu?
- Heç bir problem olmadı. Mən bu səhnələri başqaları kimi çəkdim. Aktrisalara azadlıq verdim, işığı elə qurduq ki, kamera aktrisaları təqib eləsin, aktrisalar kameraya uyğunlaşmasınlar. Bu səhnələrdə mənə qeyri-adi gələn nəsə yoxdur.
- Fransada kinonun vəziyyəti necədir? Dövlət kimi və hansı şəraitdə dəstəkləməlidir?
- Əslində onlar kinematoqrafı dəstəkləyə bilərdilər. Amma onlar kimdilər? Siyasətçi. Məsələ onların kimliyindədir. Siyasətçilər kino sənətindən heç nə anlamırlar. Özlərini ekspert adlandıranlar kinonun necə çəkildiyini bilmirlər. Ona görə də konflikt yaranır, maraqlar toqquşur. Hökumətdəki insanlar dostlarını və qohumlarını dəstəkləyən yox, kinonu bilən adamlar olmalıdır. Ona görə də Fransa kimi ölkədə kino özəl biznesə çevrilməlidir.
Dövlətin maliyyə yardımı düz deyil. Onsuz da maliyyəni ancaq öz dostlarına verirlər.
- Necə düşünürsüz, sənətdə məhdudiyyətlər olmalıdırmı? Senzura anlamında demirəm. O mənada ki, sadəcə, sənətin sərhədini keçməyəsən. Yəni hansısa fizioloji, amansızlıq, hədsiz açıqlıq sənətə mane olmasın.
- Sənətdə sərhədlər həmişə dəyişir. Vaxt vardı, ekranda çılpaq bədən görəndə tamaşaçı şoka düşürdü, indi isə bu şeylər onu təəccübləndirə bilməz. Bu yaxınlarda Yaponiyada oldum. Orda erotik səhnələr zamanı zərrə qədər də olsun coşqu olmadı. Onlar üçün heç əhəmiyyəti yoxdur ki, kim, hansı yaşda kinoda seksual səhnələrə baxır. Bu, onlar üçün tamamilə adi, sıradan bir şeydir. Amma maraqlı odur ki, Yaponiyada bədəndəki tükləri göstərməyə icazə verilmir, bu, demək olar ki, porno sayılır. Bu gün qadağan olan nəyəsə sabah izn verilir.
- Sizə Fransada rejissor kimi özünü təsdiqləmək çətin olmadı ki?
- Mən tipik mühacir şəhərində yaşamışam. Kino dünyasına daxil olmağın çətinliyini bilirdim. Əvvəl aktyor olsam da, anladım ki, rejissor olmaqla daha vacib şeylər deyə bilərəm.
- Həmkarlarınızın dəstəyini hiss elədiz?
- Ərəb rejissorlarını nəzərdə tutursuzsa, onlar fransız kinosunda hələ ki, azdır. Amma millətindən asılı olmayaraq, rejissorlar arasında həmrəylik görürəm. Kino çəkmək çətindir və çoxu üçün bədii uğur daha vacibdir, nəinki filmin gətirdiyi gəlir.
- Filmləriniz niyə çox uzundur?
- Mənə elə gəlir ki, uzunluq problemi yox, ritm problemi var. Mənim filmimin tamaşaçısı əhvalatın adət olunmuş formasından qopub başqa ritmə daxil olur.
- Daha çox əl kamerasından istifadə edirsiz və qeyri-peşəkarlarla işləyirsiz...
- Əl kamerası iqtisadi səbəblərdən istifadə olunur. Amma bu mənim filmlərimin üslubu ilə uyğundur. Mən peşəkarlarla qeyri-peşəkarları birləşdirirəm. Peşəkar təbii ki, daha təcrübəlidirlər, obraza tez uyğunlaşırlar. Qeyri-peşəkarların gətirdiyi enerji başqadır. Amma mən aktyorlara imkan vermirəm ki, özlərini oynasınlar. Amma bununla belə oyun zamanı onların individuallığını, ruhi vəziyyətini yaxalamağa çalışıram.