Bu gün Yanvar hadisələrinin növbəti ildönümündə çağdaş kinomuzun vacib filmlərdən biri haqda danışmaq və hər kəsin bu ekran əsərini izləməyini çox istəyirəm.
Söhbət Nizami Abbasın 2016-cı ildə çəkdiyi “Batalyon” sənədli filmindən gedir.
Öncəliklə Nizami Abbasa belə bir önəmli, səmimi, təsirli film çəkdiyi üçün təşəkkür edirəm.
Film 1991-ci ildə yaranmış, torpaqlarımız uğrunda qəhrəmancasına döyüşlər aparmış Tərtər batalyonu haqqındadır.
Ondan başlayım ki, “Batalyon”un vacib cəhəti, onun bizim alışdığımız - ənənəvi təbliğat, plakat filmi olmamasındadır. Bir qayda olaraq vətənpərvərliyi tərənnüm edən filmlərdə hazır, klişe modellərdən istifadə olunur, rejissor özünü əziyyətə salmır. Bütün film boyu qəhrəman haqda qapalı məkanlarda müsahiblər ümumi sözlər danışır, şəkillər, bir necə müharibə kadrı görünür, vəssalam.
Nizami Abbas isə təhkiyəsini formal qurmur. Onun seçdiyi üslub, ritm, nəql tərzi əhvalatın məzmunu ilə bütövləşir, qəhrəmanların xaraktirini açır, bol informasiya verir. Ən əsası vizual və mətn informasiyası uğurlu montaj həllinin sayəsində kinodramaturgiyaya çevrilir.
Müəllif bizi müasir Tərtərdən, döyüşçülərin xatirələri və unikal sənədli kadrlarla 1990-cı illərin Tərtərinə aparır. O, iki fərqli zamanı - müharibə dövrünü və müharibədən sonrakı dövrü rəvan şəkildə iç-içə keçirir. Bunun üçün o, bir epizodda maraqlı fəndə əl atır: 1992-93-cü illərdə lentə alınmış kadrda əsgər səngərdən binoklla baxır. Növbəti kadrda indiki zamanda - sağ qalan batalyon üzvlərini mülki geyimdə vaxtilə gərgin döyüşlərin getdiyi Şıxarx kəndinə gəldiyini görürük. Sanki onların gəncliyinin ümumiləşdirildiyi bu əsgər obrazı keçmişdən bu günə özünə nəzər salır.
Yaxud bütün film boyu rejissor qəhrəmanlarla tamaşaçını hər iki zamanda görüşdürür: 1992-93-cü illərdə çəkilən sənədli xronikada və indidə. Batalyonun qərargah rəisi Pənah Məmmədov, Rabitə xidməti rəisi Müzakir Kərim, Tərtərə ilk topları gətirən, artilleriya rəisi Eldəniz İbadov.
Döyüşçülərdən biri İlham Paşayev ötənləri xatırlayır və biz onu növbəti epizodda gəncliyilə görüşürük. O, çiynində avtomat, əliylə kameraya “sus” işarəsini verir. Sıx meşəlikdə yerə atılmış boş siqaret qutusunu nəzərdən keçirir və döyüşçülər ehtiyatlı addımlarla irəliləyirlər.
Filmin mənim üçün ən təsirli səhnələri şəhid olmuş komandirlərdən, əsgərlərdən qalan kadrlardır. Nə yaxşı ki, həmin illərdə bu xronikaların müəllifləri Seyidağa Mövsümlü, Tahir Qarayev, Etibar Şirinov, Fikrət Qafarov, Ədil Arifoğlu, İlham Yevlaxlı, Nizami Abbas döyüş bölgələrində sıx-sıx olub və tarixin vacib anlarını lentə köçürüblər.
Tərtər əlahiddə taqımının komandiri, mütəvazi görünüşlü Aslan Kərimov baxışlarını kameradan qaçırmağa çalışır. Ağdərə azad olunanda o inzibati binaya sancılmış erməni bayrağını çıxarır… 1992-ci ilin avqustunda Aslan Kərimov Ağdərənin Moxratar kəndi yaxınlığında partlayan mina nəticəsində həlak olub.
Baş leytenant, “Topçu Ədalət” adı ilə tanınan Ədalət Paşayev damağında siqaret kameraya baxıb şirin-şirin gülümsünür. Həmin an istər-istəməz o kadrı tutub saxlamaq istəyirsən. Sonra çönüb döyüşçü yoldaşına nəsə deyir, səsi eşidilmir. 1992-ci il avqustunda Ağdərənin Drambon kəndində yaralanan Ədalət Bakıda xəstəxanada dünyasını dəyişib.
Gəncə batalyonunun komandiri Mehman Ələkbərovu operator Həsənqayanı alınması münasibətilə təbrik edəndə o, qısa cavab verir: “Bu qələbə bizim yox, Azərbaycan xalqının əsgərlərinindir”. Mehman 1993-cü ildə Gəncə qiyamı zamanı, qardaş qırğınının qarşısını almaq istəyəndə öldürülüb.
Tərtər batalyonunun komandiri Elman Hüseynovdan döyüşçü yoldaşları danışanda gözlər dolur, boğazlar qəhərlənir. O, Vəzir Orucovla rabitə əlaqəsinə çıxır. Sonra döyüşçülərə dönüb, növbəti əmrini verir.
Nəhayət, ekranda əfsanəvi Vəzir Orucov görünür. O, ratsiya ilə kömək istəyir: “Mənə təcili maşın lazımdır, yaralıları çıxarmaq üçün. Təcili!” Döyüşün qızğın çağında operator ondan müsahibə alır. Daha sonra biz onu mühasirədə görürük, o, yol tapıb mühasirəni yarmağa çalışır.
Filmdə rus jurnalisti Aleksandr Nevzorov Vəzir haqda məşhur əhvalatı danışır. Filmdə onun çəkdiyi xronikalar da yer alıb. Əhvalatı tamlıqla Nevzorovun öz dilindən filmdə izləməyi təklif edirəm. Sadəcə onun bəzi fikirlərini paylaşıram: “Vəzir fövqəladə bir şəxs idi. Bütün bu illər ərzində o mənim xatirimdən çıxmayıb. Yəqin ki, həmişə də xatırlayacam. Çünki heç vaxt onun qədər peşəkar döyüşçü görməmişəm. Mən onu neyrofizioloji fenomen hesab edirəm. Çox istərdim ki, onun övladlarını görüm”.
Döyüşçü yoldaşları Vəzirin hərbi qabiliyyətini “Allah vergisi” adlandırır.
Maraqlı bir epizod daha var. 1992-ci ildir. Briqada komandiri Nəcməddin Sadıqov (indi Müdafiə nazirinin birinci müavini-S.S.) Ağdərə uğrunda gedən döyüşlərdə həlak olan Şikar Şikarovin ölüm xəbərini belə qarşılayır: “Mən ən əzizi adamımı itirdim. O, qərargah rəisinin müavini kimi ən çətin anda yanımda idi. Bu podpolkovnik Şikar Şikarov idi. Bütün ömrüm boyu onun ölümü mənim çiyinlərimdə olacaq”.
Filmdə batalyonun yaranmasından tutmuş döyüş əməliyyatlarının hazırlanmasınadək maraqlı detallar yer alıb.
Bu filmdə vətənpərvərlik haqda təmtəraqlı söz, boş kadr, pafoslu cəsarət yoxdur. Burda faktlar, gözlər, üzlər, pauzalar danışır.
“Batalyon” hər birimizin üzərinə məsuliyyət qoyan, vətəni sevdirən filmdir.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi "Yaddaş" Sənədli Filmlər Studiyasında çəkilən filmin ssenari müəllifi Nizami Abbas, operatoru Üzeyir Abbas, prodüseri Cavid İmamverdiyevdir. Filmdə Müdafiə Nazirliyinin Tədris və Sənədli Filmlər Kinostudiyasının, “215 kl” studiyasının, Aleksandr Nevzorovun Yaradıcılıq Birliyinin arxiv materiallarından istifadə olunub.