Sifonu çəkməyən kübar xanım və başqaları... – Sevda Sultanova yazır

Sifonu çəkməyən kübar xanım və başqaları... – <span style="color:red;">Sevda Sultanova yazır
10 yanvar 2018
# 09:00

Bir neçə il əvvəl rəssam Rafiq Nəsirov kulis.aza verdiyi müsahibdə bir ifadə işlətmişdi: “O vaxt başqa idi, teatra gələn adamlar da başqa idi. Qadınlar şlyapa qoyurdu, kişilər zövqlə geyinirdi. İndi axı elə deyil...”

Rafiq müəllimin bu fikrini bölüşmürəm. Çünki tamaşaçının səviyyəsi və mədəniyyəti zövqlü geyimlə ölçülmür. Geyim yalnız dekordur, maskadır. Əsas məsələ başqadır: insanın içində baş verən proses, içindəki özü. Kiminsə gerçək mədəniyyəti, davranışı onun özüylə təklikdə qalanda üzə çıxır.

...Bu günlərin söhbətidir. Teatrlardan birindəydim, tualetə girdim. Kabinələrdən birindən kübar görünüşlü qadın çıxdı. Ardınca girdim, sifon çəkilməmişdi, tualet kağızı da yerdə veyllənirdi. Xadimə şikayətlənirdi ki, qadınların ardınca suyu çəkməkdən yorulmuşam.

...Kommersiya filmlərindən birinin təqdimatından öncə furşet masası açılmışdı. Ədəbli-ərkanlı, gözəl geymli qadınlar, kişilər bir göz qırpımında masaya daraşdılar. Bir anlıq mənə elə gəldi ki, Bunuelin, Qodarın - instinktlərini eleqant əlbisələrinin altından çıxaran personajlarının əhatəsinə düşmüşəm.

Peterburqdan Bakıya qonaq gələn bir aktrisa “Müsyö İbrahim və Quran çiçəyi” tamaşasına baxıbmış. Söhbətimizdə dedi ki, sizin tamaşaçınızı anlamadım: “Bir yerdə kövrəlmişdim, qəfildən əl çalanda diksindim, heyrətləndim ki, niyə əl çalırlar”.

Doğrusu mən də hələ anlamıram ki, tamaşaçı tamaşa və ya film zamanı niyə alqışlamalıdır?

Əsasən incəsənət adamlarının qatıldığı Mədəniyyət Nazirliyinin film premyeralarında bununla tez-tez qarşılaşıram. İstər teatrda, istər kinoteatrda işıqlar sönürsə, zal qaranlıqlaşırsa tamaşaçı təkləşir, əsərlə baş-başa qalır. Alqışlar isə onun intim dünyasına müdaxilədir, hörmətsizlikdir.

...Maraqlı bir şey dedilər. ”İbrus” Teatrında tamaşa zamanı kiminsə mobili zəng çalıb, Fuad Poladov tamaşanın ortasındaca səhnədən tamaşaçıya səslənərək “Telefonu söndür” - deyib.

...Qardaşımın qızını vaxtaşırı Kukla Teatrına aparıram ki, teatr mühitinə yavaş-yavaş alışsın. Hər dəfə də əndrəbadi vəziyyətlərlə rastlaşıram.

Şuba geyinmiş xanıma üst geyimini qarderoba verməyi rica olunur. Qadının cavabı adamı öldürür: “Bilirsiz, qiyməti neçəyədir? Oteveçatsız ona?”

Valideyn var ki, tualetdə kabinələrdən biri boş olduğu halda uşağını əlüzyuyana işətdirir.

Nə kassanın, nə qarderobun, nə zala girəndə növbə gözləməyən, haray-qışqırıq salan, dəhlizi konfet, şirniyyat kağızı ilə zibilləyən atalar-analar var.

Bir də görürsən, valideyn Kukla Teatrının dəhlizində iri kuklaların fonunda selfi edir, başı özünə qarışır, nəzarətsiz qalan uşaq hardasa yıxılıb qolunu-qıçını əzir.

Gülməli görünsə də, ciddi problemlərdir. Uşaq bu valideynin davranışından nə öyrənə bilər, tamaşadan nə əxz edə bilər? Ümumiyyətlə, maraqlıdır, tamaşadan sonra valideyn uşaqla onu müzakirə edirmi, yoxsa vacib olan foto çəkdirib sosial şəbəkədə paylaşmaqdır?

Əmin olduğum tək bir şey var ki, valideynlərin eləmədiyini məktəb eləməlidir. Məktəblərdə sənətə sevgiylə yanaşı teatrda, muzeydə, kinoteatrda necə davranmaq qaydaları aşılanmalı, xüsusi dərslər keçirilməlidir.

Qərb ölkələrində incəsənətin tədrisinə xüsusi önəm verilir. “Teatral pedaqogika” ayrıca fənn kimi tədris olunur. Və bu layihə çoxşaxəlidir, təhsil siyasətinin bir qoludur, üstəlik teatrların bununla bağlı xüsusi proqramı var.

Alman mütəxəssisi Süzanna Kox hesab edir ki, teatr sənətinin tədrisi uşaq üçün bədii-estetik praktikadır, fərdin özünü ifadə imkanlarını açır, sosial, ritorika vərdişlərini formalaşdırır, təkmilləşməyə imkan verir.

Sosial profilaktik işdə sənətlə tərbiyə köməyə gəlir, özəlliklə də çətin yeniyetmələrlə. Kox deyir ki, pyesin səhnələşdirməsi zamanı onların çatışmayan cəhətlərini önə çəkmirik, güclü tərəfləri ilə işləyirik. Onların enerjisini doğru məcraya yönəldirik.

Macarıstanda teatrla tərbiyə artıq trenddir.

Maraqlı bir fakt da oxudum. Beş-altı il əvvəl Paris ətrafındakı məktəblərdən birində 2001-ci il 11 sentyabr hadisəsi ilə bağlı sosial layihə ediblər. Həmin ərazidə əsəsən ərəb və Afrika ölkələrindən olan mühacir ailələr yaşayır. Rejissor Arno Menyenin rəhbərlik etdiyi layihəyə üç sinif cəlb olunub. Dramaturq Mişel Vinaverin “2001 on bir sentyabr” pyesi işlənir. Sənədli materiallardan ibarət olan pyes oratoriya formasında yazılıb. İl ərzində məşq olunub, pyes analiz edilib, tematik dərslər keçirilib. Proqram elə təşkil olunubmuş ki, tarix və coğrafiya dərslərində bu faciəyə gətirən hadisələr analiz edilir, çağdaşlığın problemləri müzakirə olunurmuş: müharibə, dinlərin qarşıdurması və s.

Bunları niyə yazıram? Bu ölkələrdə teatr şagirdlərə yalnız bir sənət olaraq öyrədilmir, onu həm də sosial, ictimai yönlərdə funksionallaşdırırlar.

Biz isə hələ sadə nəsnələrdən başlamalıyıq: tamaşaçı vərdişlərinin formalaşdırılmasından. Uşaqlar bir yana, valideynlər də tərbiyə olunmalıdır.

# 1347 dəfə oxunub

Müəllifin son yazıları

# # #