Uçan boşqab oğurlayan əsgər

"Sallaqxana nömrə beş"

"Sallaqxana nömrə beş"

6 noyabr 2021
# 09:00

Kulis.az Kurt Vonnequtun "5 saylı sallaqxana və ya uşaqların səlib yürüşü" romanı əsasında çəkilmiş eyniadlı filmi təqdim edir.

Romanın süjeti: Əsərin baş qəhrəmanı Billi Piliqrim İkinci Dünya müharibəsinin işitrakçısı olub. Yöndəmsiz, cəsarətsiz adam olan Billini Avropada hərbi xidmət zamanı almanlar əsir götürürlər. Və digər əsir yoldaşları ilə birlikdə onu Drezdendə 5 saylı sallaqxanada işlədirlər. O, əsir yoldaşları ilə birlikdə Drezdenin bombalanmasının (Amerika və Böyük Britaniya hərbi hava qüvvələri 1945-ci ilin fevralında Drezdeni bombalayır. Nəticədə şəhərin infrastrukturu sıradan çıxır, xeyli yaşayış yeri məhv olur, 25 mindən çox adam ölür) şahidi olur.

Müttəfiqlərin izahına görə, Drezden vacib transport mərkəzi, alman nasistlərinin iri rayonlardan biri olduğuna görə bombalanıb.

Müharibədə gördükləri və Drezdenin bombardmana məruz qalması, onsuz da Billinin uşaqlıqdan o qədər də sabit olmayan psixikasına ağır təsir göstərir.

Billi müharibə bitəndən sonra Amerikaya qayıdır və Optometriya (gözü müayinə edən, kontakt linzaları və eynəklərlə görmənin qüsurlarını korrektə edən sahə) İnstitutunda təhsilinə davam edir. Burada o, institut sahibinin qızı ilə nişanlanır və ölçülü-biçili həyata başlayır.

Bir ara Billi əsəblərinin pozulmasından əziyyət çəkir, müalicə almaq üçün hospitalda yatır.

1968-ci ilin əvvəllərində Billi ilə yanaşı bir qrup optometris Optometrislərin Beynəlxalq Konfransında iştirak etmək üçün Monreala uçurlar. Təyyarə qəzaya uğrayır, hamı ölür, təkcə Billi sağ qalır. O, hospitalda yatanda arvadı karbon qazından zəhərlənərək ölür.

Təyyarə qəzasından sonra Billi evinə qayıdır və bir müddət sakit həyat tərzi keçirir. Bir dəfə Nyu-Yorka gedərək burada radio verilişində çıxış edir və iddia edir ki, 1967-ci ildə onu Tralfamador planetindən gələn uçan boşqab oğurlayıb. Yadplanetlilər onu Hollivudun film ulduzu Montana Uayldheklə cütləşdiriblər. Planetin sakinləri Billiyə, əslində, zamanın hərəkətdə olmadığını, təsadüfi nələrinsə baş vermədiyini və nələrin olacağının artıq əvvəlcədən onlara bəlli olduğunu deyirlər. Bu planetdə qəbul olunmuş elmi baxışa görə dünyanı olduğu kimi qəbul etmək lazımdır. Onlar dünyanın necə qurulması haqda suallarla özlərini yormurlar. Billinin "niyə" sualına yadplanetlilər belə cavab verir: "Hazırkı anın strukturu belədir". Onlar bütün kainatın sirrini bildiklərini və onun nə vaxt məhv olacağını iddia edirlər.

Billi tez-tez zaman səyahətinə çıxır və "zamandan qopmaların" əksəriyyətində o, müharibə illərinə düşür. O, gah evindəki isti yatağından hərbi əsirlərin barakına, gah 1944-cü il Almaniyasından 1967-cı il Amerikasına, gah travmatik uşaqlığına qayıdır, yerlə Tralfamador planeti arasında var-gəl edir. Və Billi öz doğumunu və ölümünü gördüyünə əmindir.

Roman onunla bitir ki, müəllif Avropada İkinci Dünya müharibəsinin bitdiyini yazır. Billi hamıyla birlikdə kölgəli bir küçəyə çıxır. Bir quş Billidən soruşur:

"Cik-cirik?"

...Roman haqda saytlarda, qəzetlərdə geniş yazıldığı üçün, bəzi detallar istisna olmaqla onun üzərində ətraflı dayanmaq istəmirəm.

"5 saylı sallaqxana və ya uşaqların səlib yürüşü" avtobioqrafik xarakter daşıyır. Vonnequt Perl Harbor (1941-ci ildə Yaponiyanın Perl Harbor limanına hücumu Amerikanın İkinci Dünya müharibəsinə qatılmasına bəhanə verdi) limanının bombalanmasından sonra Amerika hərbi qüvvələrinin sırasına daxil olur. 1944-cü ildə almanlara əsir düşən Vonnequt burda digər əsirlərlə yanaşı zavodda işləyir. Drezdenin bombalanmasını yaşaması onun həyatının ən acı təcrübəsi olur.

Vonnequt 1945-ci ildə Qırmızı Ordu tərəfindən azad olunur.

"5 saylı sallaqxana və ya uşaqların səlib yürüşü" sözsüz ki, antimilitarist əsərdir. Romanda müharibə mövzusuna - onun ağır təcrübəsini yaşayan əsgərin psixi sarsıntısı, qeyri-sabit şüuru müstəvisində yanaşılır, satiranın, reallığın, tarixi hadisələrin fantastika janrının sintezi ilə baxış edilir. Billinin zamandan qopmaları mətndə xaos yaratsa da, xronoloji ardıcıllıq pozulsa da hər epizodun səbəb-nəticə əlaqələri mövcuddur. Bu mənada roman özünün daxili nizamına, fikir düzümünə malikdir. Qəhrəmanın travmalarından dolayı əhvalatın nizamının pozulması - əsərin pinti, qeyri-ardıcıl kompozisiyasına verilən bəraətdir.

"5 saylı sallaqaxana və ya uşaqların səlib yürüşü"nün nəşri Vyetnam müharibəsi zamanına təsadüf edir. Belə bir zamanda antimilitarist əhval-ruhiyyəli kitabın çapından çox keçməmiş, roman "zərərli kitablar" siyahısına düşür. Və bütün məktəb kitabxanalarından yığışdırılır.

...Əsəri 1972-ci ildə amerikalı rejissor Corc Roy Hill lentə alır. Rejissor demək olar ki, romanı dəqiq ekranlaşdırıb və üstəlik, film Kann kimi nüfuzlu kinofestivalda jürinin mükafatına layiq görülüb.

Hətta yazıçı 1985-ci ildə verdiyi müsahibəsində əsərin ekran versiyasını bəyəndiyini deyir: "Mən Corc Roy Hillə romanımı nöqsansız, mükəmməl ekranlaşdırdığı üçün minnətdaram. Hər dəfə bu filmi izləyəndə ağız suyumu axıdıram və gülürəm. Çünki film - bu romanı yazanda yaşadığım hisslərlə qeyri-adi dərəcədə həmahəngdir.

Filmə verilən mükafat və Vonnequtun nəticə ilə bağlı fikirləri öz yerində... Lakin "5 saylı sallaqxana" filmi mənim fikrimcə, romanın fonunda sönük alınıb. Çünki film hər bir ədəbi, incəsənət əsərinin özündə daşımalı olduğu vacib bir keyfiyyətdən - emosional duyğudan məhrumdur. Daha doğrusu, ayrı-ayrı kadrlar (epizodlar yox!), uğurlu aktyor seçimi və yaxşı aktyor oyunu istisna olmaqla, ümumilikdə, rejissorun təhkiyəsində - müxtəlif hisslər kaleydoskopunu - kədəri, ağrını, faniliyi, çıxılmazlığı, boşluğu ehtiva edən əsərin ötürdüyü emosiyalar az qala sıfra bərabərdir.


Müəllif filmdə yalnız yumor qatını, tragik-dramatik situasiyaların içindən spontan əmələ gələn absurd komizmi uğurla işləyə bilir: ərinin qəzaya uğradığını eşidən arvadın həyəcandan bütün yol qaydalarını pozması, özünün də qəza törətməsi və həlakı, əsgər yoldaşına bir almanın evindən şkafı oğurlamaqda kömək edən Billini dar ayaqda qoyub qaçmaları, çəlimsiz vücudunun şkafın altında əzilməsi səhnələri və s.

Mümkün olduqca romanın formasına, strukturuna sadiq qalmağa çalışan rejissor-montaj oyunlarına aludə olur. Qəhrəmanın şüurundakı zaman sıçrayışlarının təsvirdə həllini vermək üçün o, dinamik şəkildə gah assosiativ (burda kadr və epizodlardan elə istifadə olunur ki, o, seyrçidə müəyyən müqayisə, assosiasiya, kadrlar arasında bağlantı yaratsın və hadisəyə, yaxud personajın xarakterinə yeni anlam versin), gah paralel montajdan (müxtəlif zaman və məkanda və ya eyni vaxtda baş verən iki və ya daha çox hadisənin növbəli göstərilməsi) istifadə edir. Amma kəskin montaj keçidləri hadisələrin fasiləliyini kəsərək ziddiyyətləri gücləndirmək, xaotik ovqat yaratmaq əvəzinə, nəqlə sxematik forma verir, əhvalatın emosional tonallığını qırır. Montaj kinoda təbii ki, yalnız texniki hadisə deyil. O, daha çox yaradıcı faktordur. Xronologiyası pozulmuş, qeyri-xətti nəql olunan əhvalatda montaj bütünlüyü filmin uğurunu təmin edən əsas amillərdən biridir.

Filmdə assosiativ montaj bağı son dərəcə hərfi qurulur, misalçün, xəstəxanada şok terapiyası alan Billinin beynində qatar fitinə bənzər səs-küy yaranır və bu səs onu müharibə illərinə qaytararaq qatardakı xatirələrini xatırlamasına səbəb olur. İki fərqli zaman epizodu arasındakı bağ, sadə şəkildə "kəs, yapışdır" metoduna əsaslanır. Yəni bağ hansısa yaradıcı fəndlə həyata keçirilmir. Yaxud əsirlikdə duş alan Billinin, uşaq vaxtı hovuza atılmasını xatırlaması epizodu da eyni qəbildə işlənir.

Paralel montaj haqda da eyni şeyi demək olar. Müxtəlif zaman və məkanda baş verən hadisələrin dinamik növbələnməsi mexaniki həyata keçirilir, epizodlara emosiya, fərqli anlam, dramatizm qatmır.

Dünya kinosunda fleşbek metodundan yararlanan, xronologiyanı pozmaqla işlənən uğurlu ekran əsərləri var: Stenli Kubrikin "Qətl"i, Sidni Lumetin "Şeytanın oyunları", Pedro Almodovarın əksər filmləri, Vudi Allenin "Jasmin"i, Kventin Tarantinonun "Kriminal qiraəti" və s.

Bədii mətn söz sənətidir, ona görə burada istifadə olunan üslubun, formanın təsvirdə realizəsi uğursuz alınır.

Dediyim kimi, filmdə ayrı-ayrı maraqlı kadrlar var: Drezdenin bombalanmasından sonra uşaq meyitlərinin təpə kimi qalaqlanması və yandırılması, müharibədən əziyyət çəkən insanların portret janrında görüntülənməsi.

Filmdə ən uğurlu olan şey kastinqdir. Billi rolunun ifaçısı Maykl Saks ürkək, cəsarətsizliyi ilə obrazını dəqiq anladır. Ümumiyyətlə, hər bir aktyor faktura və ifa tərzi ilə oynadıqları obraza oturuşa bilir.

Müharibədə travma almış hərbçinin travmalarının dinc dövrdəki həyatlarına təsiri Martin Skorsezenin "Taksi sürücüsü", Klod Şabrolun "Qəssab" filmlərində yer alıb.

Müharibəyə satirik yanaşma isə dünya kinosunda yeni deyil. Belə bir yanaşmanı ifadə edən ən parlaq filmlərdən biri amerikalı rejissor Robert Oltmenin 1970-ci ildə çəkdiyi "Hərbi səhra hospitalı" antimüharibə filmidir.

Corc Roy Hillin daha çox məşhur ekran əsəri isə Hollivud kino tarixinə ən çox gəlir gətirən vestern kimi daxil olan "Butç Kessidi və Sandens Kid" lentidir. Real hadisələrə əsaslanan film iki cinayətkardan bəhs edir.

# 6718 dəfə oxunub

Müəllifin son yazıları

# # #