Bir dəfə yazdığım kimi, rejissor Kənan M.M. yaradıcılıq konsepsiyasını və ali məqsədini açıq bəyan edir: tamaşaçını ağlatmaq.
Onun sonuncu “Gecə qonağı 2” filminə gələn tamaşaçı rəyləri də rejissorun vəzifəsinin öhdəsindən gəldiyini göstərir.
Rəylər məni filmə baxmağa təhrik elədi. Kassada satıcıdan tamaşaçı axınının olub-olmamasını soruşanda digər filmlərə nisbətən “Gecə qonağı 2”-ə daha çox gəldiklərini dedi. Biletimiz axşam saatlarındakı seansaydı, mən və dostum daxil olmaqla zalda 8 seyrçi vardı. Normal kino bazarının olduğu ölkələrdə bu vəziyyət acınacaqlı sayıla bilər. Amma deyim ki, bəzi yerli filmlərin premyeradan sonrakı nümayişinə getmişəm və zalda məndən başqa kimsə olmayıb. “Gecə qonağı 2”in nümayişinin 6-cı günündə 8 seyrçinin olması bu mənada heç də pis göstərici deyil. Həm də nəzərə alsaq ki, filmin nümayiş saatları da sıxdır.
Film bitəndən sonra arxa sıralarda oturmuş bir neçə qızın ağladığını gördüm. Kənanı rejissor kimi bu ali məqsədinə çatdığı üçün səmimiyyətlə təbrik edirəm. Tamaşaçının hekayəni qəhrəmanlarla bərabər yaşayaraq, onların yaşantılarını bölüşərək katarsisə çatmaları - sənətin məqsədi bu deyilmi?
Amma təklif edirəm ki, filmə bir də peşəkar bucaqdan yanaşaq.
Ondan başlayım ki, klip rejissorlarının kinoya gəlişi ümumən uğurlu olmadı. Çünki klipmeykerlər heç cürə klip estetikasından kənara çıxa bilmirlər, nəticədə ortaya qoyduqları məhsul film yox, irihəcmli musiqi klipi olur. Örnəyi, Ülviyyə Könülün son “Həddən artıq uyğunluq” , Emin Mirabdullayevin “Postskriptum” filmləri...
Klipmeykerlərin qurtula bilmədiyi vərdişlərindən biri çəkdikləri filmlərdə musiqidən bolluca istifadədir. Kliplərdə görüntü musiqini müşayiət edir, onu anlatmağa yardımçı olur. Ona görə də musiqi kliplərində təsvirlər bir növ illüstrasiyadır.
Filmin tələbləri isə başqadır, səslənən musiqi görüntünün tərkib hissəsi olmalı, onun üzərində hakimliyi ələ almamalıdır, musiqi yox, təsvir danışmalıdır. Yəni musiqi burda yan faktor, köməkçi vasitədir. Sadə örnək deyim. “Gecə qonağı 2” filminin finalında qəhrəmanlar Ədalət (Kənan M.M) və Zaranın (Pərvin Abiyeva) görüşüb ayrılmaq səhnəsi Ramiz Mirişlinin “Bir könül sındırmışam” mahnısının sayəsində effektləşir, tamaşaçını təsirləndirən də, ağladan da bu klip fəndidir. Halbuki, söhbət kino sənətindən gedirsə, həmin səhnənin emosional gücü aktyor oyunu, rejissor və operator işinin əməkdaşlığına dayanmalıydı. Musiqisiz o səhnənin, təsvirin təsir gücü yoxdur. Rejissor uyğun ifadə vasitələri tapmadığından musiqinin gücünə arxalanıb.
Filmin süjeti belədir: Zara təsadüfən qəza törədərək uşağı (Hüseyn Mahmudov) vurur. Yüngül qəza nəticəsində uşağın atası Ədalətlə tanış olur, aralarında münasibət başlanır. Varlı sevgilisi Səməd (Cavanşir Hadıyev) 20 min dollar müqabilində Ədalətin Zaradan ayrılmasını istəyir. Ədalət pulu götürməyə məcburdur, çünki qarşıda xəstə arvadının əməliyyatı var.
“Gecə qonağı” bu filmlə müqayisədə daha peşəkar çəkilib. Heç olmasa aktyor oyunu baxımından. Filmdə seks xidməti müqabilində pul qazanan Zara (Pərvin Abiyeva) öz qəhrəmanına haqq qazandıra bilir, onun görünməyən tərəflərini anlatmağa çalışır. Ancaq Pərvin Abiyeva son filmində qəhrəmanını duymur, yaşamır, sadəcə oynayır. Özü də çox pis, üzdən, səthi oynayır. Sevgisini də, qəzəblənməsini də, yeni həyat qurmaq arzusunu da aktyorluq sənətində mövcud olmayan hansısa naməlum “texnika”yla qurur. Bu, müəyyən mənada Kənanın da ifasına aiddir. Cavanşir Hadıyev isə ümumiyyətlə oynamır, o, bütün filmboyu sadəcə, dekor kimi qalır. Ümumiyyətlə, kino üçün, bu rol üçün uyğun fakturasına rəğmən, onun ifasında nəfəs duyulmur, vəziyyətləri (daha doğrusu vəziyyətsizliyi) kamerayla dil tapa bilmir.
Qüsurlardan biri emosional dramaturgiyanın yoxluğudur. Yəni hər şey bir göz qırpımında baş verir. Zaranın yenicə tanış olduğu kişiyə marağına, vurulmasına, çətin adam olan Ədalətin qadından xoşlanmasına, ona ram olmasına gətirən vəziyyətlərin, hisslərin ardıcıllığı göstərilmir. Tündməcaz Ədalətin Zaranın onu gecə klubuna dəvətinə birdən, rahatlıqla tabe olmasını, Zaranın klubdakı isterikasını əsaslandırılan vəziyyətlər təsvir edilməyib.
Sadə bir məntiq daha var, usanan, yorulan qadın həyatını dəyişdirmək üçün kiminsə yoluna çıxdığını gözləməz, sadəcə sevmədiyi kişidən çıxıb gedər. Getmirsə, gedə bilmirsə demək ki, səbəbi ciddidir. Getməməyinin səbəbi də açılmır. Bütün bu xırdalıqlar əhvalatı bütünləşdirmək üçün zəruri olduğu halda, işlənməyib.
Konfiktin əsasındakı sosial problem Ədalətlə Zaranın münasibətində mənəvi çətinlik doğurur. Hərçənd, rejissorun məqsədi sosial problemi qabartmaq yox, mənəvi çətinliyi göstərməkdir. Ancaq əvəzində əhvalat intensiv musiqiylə, musiqi fonundakı məzmun və təsvir dərinliyi olmayan klipsayağı görüntülərlə, aşırı duyğusallıqla yüklənir.
Tamaşaçı katarsisi qəhrəmanların qorxularından, problemlərindən, dialoqlarından keçərək yox, Ramiz Mirişlinin musiqisindən keçərək yaşayır...
Hər halda Kənan M.M-in öz auditoriyası olduğunu unutmuram, rejissor səmimiyyətini hiss edirəm və ona növbəti filmlərində uğur arzulayıram.