“Qız yükü”nü kim çəkir? REPORTAJ

“Qız yükü”nü kim çəkir?  REPORTAJ
29 may 2014
# 08:00

ATV kanalında yayımlanan “Qız yükü” serialının çəkilişlərini müşahidə eləmək üçün rejissor İntiqam Hacılı ilə “Gənclik” metrosunun yaxınlığında görüşdük.

Heç özümdən gözləmirdim, görüş yerinə vaxtında çatdım.

…İntiqam məni sarısaçlı, ortayaşlı bir xanımla tanış eləyib dedi ki, Firəngiz xanım bizim serialda oynayır. Firəngiz xanımı dərhal tanıdım.

- Aha, sizi tanıyıram, Bələdiyyə Teatrının aktrisasız. (Hərçənd, ömrümdə Bələdiyyə Teatrının bir tamaşasına da getməmişəm. Firəngiz xanımı “Toy gecəsi” serialından tanımışam). Qızınız Vəfa da aktrisadır. Onunla Yevlaxda “Səsdən usanmışlar” filminin çəkilişlərində olmuşduq.

Mən elə hey üyüdüb tökürdüm. Qadın isə dinməzcə məni dinləyib, ara-sıra gülümsünürdü. Bəlkə də danışdıqlarım ona tamamilə maraqsız idi, o, sadəcə etika xətrinə gülürdü.

Aparatlar maşının baqajına toplanana kimi imkan tapıb bir neçə kəlmə də İncəsənət Universitetindəki yeni rektor təyinatı barədə fikrimi dedim.

Maşına əyləşib 15 dəqiqə sonra çəkiliş yerinə çatdıq. Rejissor əvvəlcədən demişdi ki, bir səhnə naturada, digərləri isə interyerdə olacaq.

Natura çəkilişi şəhərin mərkəzində yerləşən otellərdən birinin qarşısında idi.

Səhnənin qısa məzmunu beləydi: Firəngiz xanımın oynadığı personaj-Xavər şirkət müdiridir. O, oteldən mühafizəçisi ilə çıxır. Və birdən ayağı burxulur.

Bu səhnə daha bir neçə saniyə davam edir. Amma mən sonra nə baş verdiyini bilmədim. Rejissordan da soruşmağı unutdum. Ona görə unutdum ki, gün təpəmə döydüyündən özümü pis hiss edirdim. Günəşi saçlarında hiss eləmək arzusunda olan və buna görə də yaylıq bağlamaq istəməyən İran qadınlarından fərqli olaraq, onun saçlarıma toxunmasını istəmirəm. Çünki Günəş saçları qurudur, başı ağrıdır, üzdə ləkə əmələ gətirir, hələ onun törədə biləcəyi dəri xərçəngini demirəm. Ozon təbəqəsi deşildiyindən şüaları daha təhlükəli olub və s.

Nəsə. Qayıdaq çəkilişə.

Davamını isə o səbəbdən izləyə bilmədim ki, bu epizodda çəkiləsi oldum. Operatorla (Elşən Rafiqoğlu) rejissor çəkiləcək hissənin hərəkətli olması üçün üçüncü personaja ehtiyac duydular. Meydanda yalnız iki aktyor olduğundan epizodik rolda mənim oynamağımı xahiş elədilər.

İstedadım olmasa da etiraz eləmədim. Onsuz da xüsusi nəsə tələb olunmurdu.

Mən Firəngiz xanımla danışa-danışa oteldən çıxıram. Qapıda rejissorun müəyyənləşdirdiyi yerdə dayanırıq. Firəngiz xanım mənə bir neçə kəlmə deyir və mən başımı tərpədərək təkrar içəri keçirəm. Vəssalam. Bu proses cəmi 10 saniyə çəkir.

Rejissor yaxınlaşıb dedi ki, statik dayanmayım. Firəngiz xanım danışanda əllərimi, başımı tərpətməklə reaksiya verim.

Bu epizod 5-6 dəfə orta və ümumi planda səs yazılışı olmadan çəkildi.

Otelin qarşısında dar maşın yolu vardı. Operator kameranı yolun o tərəfində quraraq ümumi planı çəkirdi. Kadr çəkiləndə yoldan maşın keçməməli idi.

Amma hər dəfə ya maşın keçirdi, ya otelə iri maşında yük gətirilirdi.

Qısası, 5-6 dubldan sonra səhnə çəkildi.

Bitəndən sonra operator soruşur ki, bilmirəm, o, sənə nə deyirdi, amma pis oynamadın.

Bilmirəm, oxucular üçün maraqlı olacaq, ya yox. Hər halda deyim. Firəngiz xanımın improvizə elədiyi mətn təxmini beləydi: “Gəl, görüm nə istəyirsən. Mən bu qədər adamı bir gündə qəbul edə bilmərəm. Vaxtım yoxdu”.

İntreryer çəkilişləri üçün studiyalardan birinə yola düşdük.

Bu dəfə Xavər xanım kabinetində digər personaj Hacı (Hacı Nazimoğlu) ilə çəkilirdi.

Aktyor roluna hazırlığa başlayır, mətni təkrarlayır və rejissordan sözləri necə, hansı intonasiyada demək lazım olduğunu soruşur.

Operator kameranın yerini müəyyənləşdirir, işıq qurulur, çəkilişə start verilir. Amma səs rejissoru bir neçə dəfə çəkilişi dayandırmağı xahiş edir. Çünki səs yerində yazıldığından qonşu otaqdakı mobil telefonun zəngi, dəhlizdəki ayaq səsləri maneçilik törədir.

Çəkiliş əsasında otağa aktrisa Vəfa Zeynalova girir. O, da bu serialda rol alıb.

Vəfanın pozitiv enerjisi var. İçəri girən kimi bu enerji hamıya sirayət edir.

O, çəkiliş heyətinə gətirdiyi konfet qutusunu çantadan çıxarır. Sonra qonşu otağa keçib növbəti çəkilişə hazırlaşır.

Bir neçə dubldan sonra nəhayət, Xavərlə Hacının səhnəsi alınır.

Fasilədə Vəfanın gətirdiyi şokoladla çay içirik. O şokoladlardan oğurlayıb redaksiyaya da apardım.

İmkan tapıb İntiqamla serial barədə danışırıq.

Mövzu - şəhər yaşayış tərzi ilə kənd yaşayış tərzi arasında olan ziddiyyətlərdən doğan hadisələrdən ibarətdi.

Süjet : Kənddə atası, ögey anası və iki ögey bacısı ilə yaşayan Almaz gənc qızdır. Ögey anası onu tez ərə verib başından eləmək, öz doğma qızlarına yol açmaq üçün çalışır. Almaz isə, şəhərə getmək, təhsil almaq arzusundadır.

Əslində bizdə hələ buna şəhər mədəniyyəti, kənd mədəniyyəti demək tezdir. Formalaşma etapındadı. Çünki reallıq budur ki, müharibədən çıxmış ölkəyik, işğal olunmuş ərazilərin əhalisinin bir hissəsi şəhərdə məskunlaşıb. Üstəlik, çoxluq təşkil edən rayon və kənd camaatının da bəzi hissəsi şəhərə axışıb. Bakı şəhəri hələlik öz daimi sakinlərini tanımır. Bununçün bir 20-30 il də gərəkdir, insanlarda adaptasiya baş versin, şəhərləşmə getsin. Bir şey də var ki şəhərli olmaq üçün şəhərdə doğulmaq bəs etmir. Şəhər mədəniyyətini özündə formalaşdıran insan – bu, fəhləsindən tutmuş məmurunacan hamıya aiddir - informasiyalı, kitab oxuyan, müasir baxış formasına bu və ya digər şəkildə malik olan insanlardı. Bu insan ucqar kənddə də doğula bilər, şəhərin göbəyində də.

Bir sözlə, şəhər-kənd mövzusu bu gün bizdə daha çox aktualdı. Elə buna görə də Sevinc Elsevərin "Şəhər" romanı bizi daha çox cəlb etdi.

- Sevincdən söz düşmüşkən, onun romanı çox dəyişilib.

- Motiv "Şəhər" romanından gəlmədir. Əslində heç bir romanı olduğu kimi seriala gətirmək də düzgün deyil. Çünki hər ikisinin sxemi ayrıdır. Serial sxemi qurmaq, ümumiyyətlə, asan bir iş deyil. Efir amili var. Buna görə də, "Şəhər" romanına çoxlu əlavələr və dəyişiklər oldu. Amma əsas motiv həmin romanındı.

Sonra yadıma serialın 16-cı bölümündə gedən açıq səhnə düşür. İntiqama həmin səhnənin uğurlu həlli olmadığını deyirəm. Məsələ ondadır ki, həmin səhnədə açıq görüntüdən qaçmaq üçün rejissor detal planlardan (yəni çox iri planda üzün, bədənin hissələri göstərilib. Və dərhal da intim səhnənin bitməsini göstərən kadr gəlir. Bu da ümumilikdə kompozisiyanin orqanikliyini pozur) istifadə edib.

Bu bölümdən sonra bəzi saytlar İntiqamın erotik serial rejissoru imicini yaratmağa çalışdılar. İntiqamın bununla bağlı fikrini soruşuram:

“Erotik serial söhbətini səviyyəsiz saytlar qabartmışdılar. Amma çox istərdim ki, ölkədə ilk erotik serialın rejissoru olum (gülür), çünki mövzu çox məsuliyyət tələb edir. Özü də insanlarımızın bu sahəyə həssaslığını nəzərə alsaq, daha ağır bir işdir.

“Qız yükü" serialının mövzusu sözün hər mənasında şəhər-kənd mövzusu ətrafında idi. İnsan faktoru olan yerdə də oğruluq, pislik, yaxşılıq, aldatmaq, döyülmək, öpüşmək, yatmaq, şantaj, kitab oxumaq, şərləmək və sairə olmalıydı, oldu da”.

Az sonra V.Zeynalovanın çəkilişi başlayır.

Vəfanın oynadığı Nilufər obrazına, eyhamlı, ironik danışıq tərzi, hiyləgərlik xasdır. Operator təklif edir ki, onun personajının xarakterini qabartmaq, xarizmasını gücləndirmək üçün nəsə olmalıdır. Həmin “nəsə” tapılır. Operator hardansa tapdığı xəncəri aktrisaya uzadır. O, xəncəri əlinə görtürür, mənalı baxır. Hacı ilə danışanda əlində oynadır. Daha sonra detal planlar çəkilir.

Yoruluram və otaqdan çıxıram. Hər həftə efirə təyin olunduğu vaxtda getdiyindən serial çəkilişi dinamika tələb edir. Yəqin ona görə də, ümumən çəkiliş prosesində gərgin, maraqlı, yaradıcı prosesi görmədim. Aktyorlar, peşəkar olduğundan daha çox artıq əldə etdikləri vərdişlərlə, ştamplarla işləyirlər. Məsələn, bu yerdə gülmək lazımdır, burda isə kinayəli ifadə. Hər şey bir növ mexaniki baş verir. Yox, mən demirəm ki, Vivyen Li kimi gerçək oynayıb psixi sarsıntı alsınlar. Sadəcə ştampdan qaçmağın yollarını axtarmaq lazımdır.

…Acından qarnım elə quruldayır ki, sanki bir polk orda oturub orkestr çalır. Yaxşı ki, yemək fasiləsinə çıxırıq. Süfrə arxasında İntqamla söhbəti davam etdirirəm.

Seriala ayrılan büdcənin yetərli olub-olmadığını soruşuram.

- Maliyyə əsas məsələdir, amma ikincidir. Ən əsası isə həmin maliyyənin kimə verilməsidir. Bu gün Azərbaycanda serialı kinematoqrafçılara verilməsi daha düzgün yoldur. Serial sənayesi yaranmalıdır.

- Bu serial rejissoru kimi ilk işindir. Serial təcrübəsi sənə nəyi öyrətdi?

- İxtisasca ssenaristəm, müəllimim də zəif ustad olmayıb, təkcə adı hər şey deyir - Aydın Dadaşov. Amma rejissorluğu oxumadığım üçün bir müddət əvvəl fikrim olub ki, hansısa xarici ölkəyə gedib ikiillik rejissorluq təhsili alım. Sonradan gördüm ki, bu vaxt itkisi olacaq, ən yaxşısı çəkiliş meydançasıdır. İlk olaraq sənədli və qısametrajlı bədii filmlərdən başladım. Ardınca da 25 hissəli serial işi. Serialda böyük bir təcrübə topladım, həm serial işinin təşkilində, həm də rejissorluğunda. Serail ssenarisi sənədli film və bədii film ssenarisindən çox fərqlənir, bu işin içinə düşəndən sonra adamın ağlı başına gəlir və bilirsən ki, hələ çox şeylər öyrənməlisən, çox şeylər oxumalısan, çox şeylərə baxmalısan. Bir söz də deyim, mən öz çəkdiyim serialdan utanmadım, qüsurlarını da sevdim, ona görə ki, özümüzdən danışmışdım, yalan danışmadığım üçün utanmadım.

...Çəkilişləri Biləsuvarda və Bakıda baş tutan seriala gün-güzəran, işsizlik kimi problemlər radikal tərzdə gətirilib . Marketinq nöqteyi-nəzərdən, gerçək kənd həyatının durumunu göstərmək və auditoriya toplamaq baxımından serialın teması uğurludur.

Rejissora növbəti çəkilişlərə qalmayacağımı deyirəm. Çünki burdakı durğun iş prosesindən yoruluram.

Və dinamik iş prosesi olan redaksiyamıza tələsirəm.

# 9911 dəfə oxunub

Müəllifin son yazıları

# # #