Elçin Musaoğlu: “Nabat”da oynaya biləcək milli aktrisa görmədim” - MÜSAHİBƏ

Elçin Musaoğlu: “Nabat”da oynaya biləcək milli aktrisa görmədim” - <span style="color:red;">MÜSAHİBƏ
11 iyul 2017
# 21:00

Bu gün tanınmış rejissor Elçin Musaoğlunun ad günüdür. Kulis.Az bu münasibətlə onun müsahibəsini təqdim edir.

-Adətən musiqidən minimal istifadə edirsiz. Həmçinin, “Nabat”da da. Nədən musiqiyə bu qədər ehtiyatla yanaşırsız?

-Tarkovskinin sevdiyim sözlərindən biri budur ki, kinonun özünün ifadə vasitəsi güclü olduğuna görə digər sənət növlərindən bir az ehtiyatla istifadə etmək lazımdır. Əslində bəzən emosionallığı yaratmaq üçün musiqidən istifadə edirlər. Bunu sevmirəm. Çünki kinonun imkanları kifayət qədərdir. Əlində olan vasitələrdən, yəni təsvirdən istifadə eləyə bilsən emosionallığı da, fikrini də çatdıra bilərsən. Obrazlı desəm, məsələn, dodaqlar partlayır, susuzsan, bir qurtum su lazımdır və o an içməsən öləcəksən, onda musiqi mənə lazımdır. Yəni istər-istəməz hökmən içmək lazımdır. Dialoqlar da az olsa yaxşıdır.

-Bizim rejissorların filmlərində də musiqi təsviri üstələyir. Amma “Nabat”a baxanda musiqini hiss eləmədim.

-Bəstəkar Hamed Sabet mənə dedi ki, necə musiqi istəyirsən, dedim ki, musiqi qabağa çıxmamalıdır, diqqət çəkməməlidir. Təsvirlə musiqi bir-birinə o qədər girməlidir ki, tamaşaçı hiss eləməməlidir, bu, musiqi idi yoxsa təsvir. Əlini o parçaya sürtəndə hiss eləməlisən ki, orda əlin rahatlıqla gəzir. Bəzən adamları ancaq filmin soundtrackı maraqlandırır. Film qalıb qıraqda, musiqidən danışırlar, bu, pisdir.

- “Nabat”da diqqətimi cəlb edən keyfiyyətlərdən biri kənd evlərinin interyerlərinin detallı işlənməsiydi. Xüsusən, pəncərənin qabağında qurudulmuş lobya təsviri. Bunun üçün kənd həyatını yaxşı bilmək lazımdır. Necə işlədiz bu səhnələri?

- Əvvəla deyim ki, biz Elxan Nəbiyevlə ssenarini 6 aya yazmışıq. Və Elxanla hər şeyi çəkə-çəkə yazmışıq. Aktrisa da ona görə razılaşdı ki, ssenarini oxuyanda filmi gördüyünü dedi. Çünki biz sırf təsvir yazmışdıq. Santimetrinə qədər hər şey düşünülmüşdü. Gənc dekoratorlar – Zaur ve Niyaməddin yaxşı işlədilər. Kəndin fakturası da bizə çox kömək elədi. Artıq müəyyənləşdirmişdik ki, hansı otaqda çəkəcəyik. Nabatın evi də tikilib. Film İsmayıllının Həftəsiyab kəndində çəkilib. Bu məkanı tapmaq üçün çox rayon gəzdik. Nəhayət, istədiyimizi tapdıq. Biz Elxanla əvvəlcədən danışmışdıq ki, filmdə sırf təsvir olduğu üçün rəssamla operatorun işi dəqiq olmalıdır və hər şey də təsvirə xidmət eləməlidir. Ona görə rəssam və operator işinə çox önəm verdik. Həm də nəzərə alın ki, 40-cı dəqiqədən sonra filmdə ümumiyyətlə söz yoxdur.

-Film haqda müxtəlif fikirlər səsləndi. Məsələn, bəzilərinin fikrincə, ilk yarım saatda bəzi səhnələr uzadılıb, digərlərinə görə 40-cı dəqiqədən sonra bəzi kadrlar kəsilməliydi. Razılaşırsız bu fikirlə?

-Razı deyiləm. Çəkiliş prosesi zamanı, biz hər axşam çəkdiyimiz səhnələri nəzərdən keçirirdik. Əsas məqsədimiz o idi ki, tamaşaçı müəyyən vaxtdan sonra tədricən filmin aurasının içinə düşsün. Biz kəndi göstərdik ki, kənd var, orda yaşayanlar var. Sonra bir gun adamlar kəndi tərk edir. Və Nabat tək qalır, sonra əri də ölür. Tamaşaçı qadınla birlikdə nəfəs almalıdır. Onunla orda yaşamalı, hərəkət etməlidir. Bir az sanki hipnoz effekti yaranmali idi. Hətta tamaşaçılardan biri dedi ki, belə hissiyyat vardı ki, qadınla bərabər addımlayıram. 40-cı dəqiqədən sonra mətn də bitir. Adama təsir edən sükut, sükutun səsi və təsvir idi. Təsvir də dayanmırdı. Kamera hərəkətdəydi. Həmin effekti yaratmaq üçün. Son səhnəni çəkmək çətin oldu. 3 dəqiqə 20 saniyə aktrisa nəfəs almamali idi. Həmin səhnəni 19 dubl çəkdik. Aktrisa dedi ki, sən faşistsən. Doğrudan da çətin idi.

-Mixael Hanekeyə “Sevgi” filmi ilə bağlı belə sual verilmişdi ki, göyərçinlər nəyi ifadə edir. O da demişdi ki, filmlərimdə simvol axtarmayın, o, sadəcə, göyərçindir. İndi biz canavarda simvol axtaraq? Məsələn, bozqurdun?

-Qətiyyən əlaqəsi yoxdur. Bu ideya məndə 1985-ci ildən vardı. Evə gəldim, televizoru açdım, gördüm qoca bir qadindan müsahibə alırlar. Soruşurlar ki, kənddə necə tək yaşayırsan, səni qara basmır? Dağ kəndi idi. Qadın deyir ki, mən hara gedim, oğlumun, ərimin qəbri burdadır. Deyir tüfəngim var, bir də inəyim. Sizə 1985-ci ildən danışıram. O vaxt kiçik hekayələr yazırdım. Bu əhvalatı da yazdım. Amma mənim qəhrəmanım qarı və qartal idi. Əsgərlik vaxtı gələndə düşündüm ki, əsgərlikdir, hər şey ola bilər, bu ideyanı atama danışdım. Bilirdim ki, atam daha çox realist yazacaq, məndən fərqli olaraq. 1987-ci ildə gələndə atam dedi ki, yazmışam. Baxdım ki, bir az pafoslu yazıb. Amma xoşuma gələn çıraqlar oldu. Yəni qadın çıraqları yandırır ki, kənd ölməsin. Nabat qaranıq kəndə nəfəs verir ki, kənd yaşasın. Əslində bütün qəhrəmanlıqların kökündə xırda, adi istəklər dayanır. Canavarın filmdə olması isə kənardan gələn qorxunu ifadə edirdi.

-Canavarla necə işlədiz?

-Canavarı bir qazax filmində gördüm. Ermek Tursunovun “Gəlin” filmində. Rejissor ilə Almaniyada festivalda tanış oldum. Canavarın sahibinin telefonunu verdi. Qazaxıstana getdim. Tanış oldum canavarla, əlimlə yedizdirdim. Sahibi dedi ki, Mila səni sevdi. Dostlaşdıq onla. Dedim bunu çəkəcəyəm. Dedi ki, biz heç vaxt kənara çıxmamışıq. Mənim üçün çətin olacaq, Mila üçün də. Dedim, bir həftəlik gəl, söz verirəm ki, bir həftəyə çəkiləcək. Çox çətin çəkilişlər oldu. Saatlarla gözləyirdik ki, o, kameraya baxsın. Biz çalışdıq ki, minimum istifadə edək canavarı. Düşünürəm ki, alınıb, amma bəlkə bir ildən sonra baxsam, başqa cür düşünərəm.

-Sizin əvvəlki filmlərinizdə də “Qum dənəsi, “P.S”, “40-cı qapı” da almalar, ümumiyyətlə, meyvələr, güzgü və s. istifadə edilir. Bu simvollarla intensiv müraciət nə ilə bağlıdır?

-Mən doğrudan da, onlara simvol kimi baxmıram. Nəsə danışmağa başlayıramsa, bu, söhbətimin əvvəlidir. Göstərmək istədiyimə bir az uzaqdan gəlirəm. Məsələn, “Qum dənəsi”ndə heyvanxananı, sonra həbsxananı göstərirəm. Bağlı məkanda heyvan özünü necə hiss edir, insan necə. Həmişə bir az xırdalıqları, detalları göstərməyin vacibliyini düşünürəm.

-Yəni dramaturgiyanın qaydalarını pozmağı sevmirsiz?

-Bəli. Detallarla, tədricən tamaşaçını əhvala salmağı, onu buna hazırlamağı düşünürəm. Tamaşaçı ilə film arasında kontakti qırmamaq vacibdir. O, köklənməlidir filmə. Detallar deyəcəyim fikrə sanki bir müqəddimədir. Alma ifadə vasitəsidir sadəcə. Onların üzərinə ağır yük qoymamışam. Fikrimi bir az gücləndirmək istəmişəm.

-Baş rola kastinq necə keçirildi?

-Fatemeh Motamed Arya çox güclü aktrısadır. Əvvəlcə onu çəkmək istəmirdim. Bizim operator Aryanın çəkildiyi filmlərin disklərini yolladı, o, bir filmdə 40 yaşında 60 yaşlı qadını oynayırdi. Onu görən kimi dedim budur. Təbrizdə dostları olduğu üçün Azərbaycan dilini bilir, sadəcə Təbriz ləhcəsi ilə danışırdi. O, ssenariyə vurulmuşdu. Fatimeh Arya İranda boyuk nufuza malik adamdir. Gənclər onu çox sevirlər. Çünki hər yerdə sözünü cəsarətlə deyən adamdır, azadlıqsevərdir. YUNESKONUN xoş məramlı səfirdir. Tez-tez xeyriyyə tədbirləri təşkil edir. Bir necəsində mən də istirak etmişəm.

-Doğrudan da heç ağlınızın ucundan da keçmədi ki, Nabat rolunu bizim aktrisamız oynasın.

-Heç ağlıma da gəlmədi. Onu harada axtaracağımı bilmirdim. Amma içimdə hiss vardı ki, tapacam.

- Bizim son illərdə çəkilən müharibə filmlərində yeni obraz konsepsiyaları yoxdur, “Dolu”da Drakon və Pələngi çıxmaqla. Nabat obrazı da fərqlidir. Qadın əslində qəhrəmanlıq edir, amma bunun fərqinə varmır, nümayiş etdirmir, pafosdan uzaqdır. Aktyorlarla necə işləyirsiz? Yeri gəlmişkən, bir aktrisamız dedi ki, siz Fatemeh Motamed Aryaya faciəni oynamağa imkan verməmisiz.

-Birinci onu deyim ki, son dövrlərdə bizim qadınların xarakter etibarilə, hadisələrə daha soyuq münasbətilə güclü olduğunu anladım. Məsələn, gözümün qabağına gələn nənəmin obrazıdır, dəyanətli, adamları barışığa gətirən, soyuq, təmkinli. Fikir söyləməyə tələsməzdi. Nabat onun obrazıdır əslində. Fatemeh əsl peşəkardır. Onunla işləmək çox rahatdır. Bir eyhamdan məni anlayırdı. Dedim ki, nəbadə baxışlarınla, mimikalarınla emosionallığı verəsən. Sənin oyunun, sükutun seyrçidə emosionallıq yaratmalidir. Emosionallıq təsvirin, obrazın içindədir və dalğa effekti ilə bu tamaşaçının içinə keçir. Tamaşaçıya imkan vermək lazımdır ki, hiss etsin, düşünsün, filmin iştirakçısina çevrilsin.

-Müharibəsiz müharibə filmi çəkmək çoxdankı arzunuz idi. Bu, arzunuz reallaşdımı nəhayət?

-Düşünürəm ki, əlimdə olan imkanlar vasitəsilə bunu “Nabat”da elədim. Çünki hər dəfə deyirdim, elə film çəkmək istəyirəm ki, güllə atılmasın, amma müharibə hiss olunsun. Çünki motiv birbaşa ifadə ediləndə bayağı görünür.

-Aktrisa kənd qadınının plastkasını dəqiq tapıb. Buna necə nail olduz?

-Biz Lahıcda yaşayırdıq. Hər gün çəkilişə 7 km. Heftesiyob kəndinə maşınlarla gedirdik. Fatemeh Arya isə səhər tezdən dururdu, qrim edib yola düşürdü kəndə. Maşına minməzdi. Ona görə çox narahat idik. O, isə heç nədən qorxmurdu. Yoldaki sahibsiz itləri yedizdirə- yedizdirə gedirdi kəndə və piyada da qayıdırdı. Bütün kənd qadınları ilə dostlaşmışdı. Hərəkətləri də onlardan götürdü. Daş ütü ilə bağlı səhnə var, ona dedim ki, anam ağzına su alıb nəm edərdi paltarı, sonra ütüləyərdi. Çox xoşuna gəldi, bir gün onu məşq elədi. Dedi, İranda belə şeylər eləmirlər. Fürsətdən istifadə edib, bunu da deyim. Rejissor Babək Şirinsifətin çox köməyi dəydi filmə. Ümumiyyətlə, peşəkar adamlarla işləmək rahatdır.

-Dünyada copordakşnla işləmək təcrübəsi geniş yayılıb. Amma təəssüf ki, bizdə hələ bu təcrübə yayılmayıb...

-Bu sahədə irəliləyişlərin olmasını çox istəyirəm. Bir-iki nəfərlə kino olmur. Qüvvə gəlsin ki, hansısa məktəb, tərpəniş yaransın. Son vaxtlar Asif Rüstəmovun filmi Karlovı Varıda, Sergey Pikalovun “Sonuncu”, Elmar İmanovun “Torn” filmi Kann festivalında iştirak elədi. “Nabat” filmi Venesiya festivalına düşdü. Bu, hansısa hərəkatın baş verməyidir. Bildiyimə görə xarici şirkətlər film çəkmək üçün “Azərbayncafilmə” çox müraciət edir. Görürlər ki, filmlər festivallara düşür, çox ucuz qiymətlərə burda film çəkə bilərlər. Gürcülər Mahmalbafın, Fatih Akının filminin istehsalında iştirak ediblər. Gürcülər artiq bir neçə ildir ki, “Eurimages”ın (Alternativ Avropa kinosunu dəstəkləyən Avropa Kinosənayesi Sahibkarları və Yayım Şirkətləri Assosiasiyası) üzvüdürlər. Və bu işbirliyi bu gün gürcü kinosunun inkişafına böyük təkan verir. “Eurimages”ın üzvü olmağımız bizim kinonun da inkişafı üçün vacibdir, bu, yeni partnyorlar tapmaq deməkdir. Müasir dünyada kino istehsalatı müştərəkdir. Bu, təcrübələrin bölüşməsi, yeni kinobazarı və texniki biliklərin əxz edilməsidir.

Coprodakşnla işləmək festivallarda mükafat almağa da yardım edir.

# 5900 dəfə oxunub

Müəllifin son yazıları

# # #