Kinoya ayrılan pullar hara gedir? - Sevda Sultanova yazır...

Kinoya ayrılan pullar hara gedir? - Sevda Sultanova yazır...
31 yanvar 2022
# 15:00

Bir neçə gündür ki, sosial şəbəkələrdə Ermənistan kinematoqrafçılarının istehsal etdiyi “Bahar...” adlı mövzusu müharibə olan filmdən danışılır. Rejissor Roman Muşeqyanın çəkdiyi film mart ayından Ermənistanda prokata çıxacaq.

Erməni saytlarının məlumatına görə, “Bahar...” müharibə, sevgi, vətənpərvərlik, dövlət təfəkkürünün formalaşması haqqındadır və bu motivlərə üç nəslin gözü ilə baxılacaq. Və məqsəd milli ideologiyanın yaradılmasına, dövlətin qorunmasına dair hər bir erməni vətəndaşına çağırış etməkdir.

Eyni zamanda Ermənistanın Müdafiə nazirliyinin dəstəyi ilə çəkilən filmin treylərindən bəlli olur ki, bu, əsasən, yerli kinobazarına hesablanmış, insan dramları ilə ideoloji məzmunu bütünləşdirmiş, texniki göstəriciləri keyfiyyətli olan plakat əsərdir.

Sosial şəbəkələrin azərbaycanlı seqmentini qəzəbləndirən isə budur ki, niyə indiyə kimi Mədəniyyət nazirliyi müharibə haqda tammetrajlı, effektli bədii film çəkməyib?

Yadınıza gəlirsə, bir neçə il əvvəl, onda hələ İkinci Qarabağ savaşı başlamamışdı, erməni rejissoru Nora Martirosyanın ”Should the Wind Fall” filminin 73-cü Kann festivalının “ilk tammetrajlı film” nominasiyasına daxil edilməsi də əsəbi müzakirələr yaratmışdı. Bizi qəzəbləndirən əsas məqam hekayənin Qarabağda baş verməsiydi. Bu hadisədən az sonra nazirlikdə rəhbərlik yenilənsə da, təəssüf ki, indiyədək kino siyasətində nəsə dəyişməyib.

Doğrudan da, haqlı sualdır: iki ilə yaxın vaxt ötməsinə baxmayaraq, nədən İkinci Qarabağ savaşı haqda bədii film meydana çıxmayıb?

Çünki əvəzində “Böyük qayıdış” kimi hələ də nəticələri ortaya çıxmayan qeyri funksional layihələr həyata keçirilib. Ötən yazılarımda dediyim kimi, qısametrajlı filmlər üçün nəzərdə tutulan “Böyük Qayıdış” müsabiqə layihəsi nə festival, nə kino bazarı, nə özəl studiyaların fəaliyyətini stimullaşdırmaq üçün yararlıdır. Nazirlik “Böyük Qayıdış” müsabiqəsinin məqsədini bəyan edəndə belə cümlə işlətmişdi: “Məqsəd, habelə Vətən müharibəsində qazanılmış böyük Zəfərə kino vasitəsilə töhfə verməkdir”. Bəs niyə indiyədək yoxdu o töhfə?

Və yaxud, nazirlik Qarabağ mövzusuna niyə uzunmetrajlı film müsabiqə layihəsini qıymır və sadəcə qısametrajlı formatla kifayətlənir? Halbuki bunun yerinə nazirlik uzunmetrajlı film müsabiqələri elan etməli, lazımsız bürokratik əngəllər qoymadan hər bir ssenaristə, rejissora, özəl studiyaya müsabiqədə iştirak etmək üçün şərait yaratmalıydı ki, ən keyfiyyətli əsərlər seçilsin. Kinoya ayrılan 6 milyon yarımın çox hissəsi bu film müsabiqəsinə xərclənməliydi.

Maliyyədən söz düşmüşkən, kinoya ayrılan maliyyə ilə nə baş verib ki, müharibə mövzusunda normal bir film çəkilmir? Bu sualları yenə səsləndirmək istəyirəm: 2020-ci ilin dövlət büdcəsinə Azərbaycan kinosunun inkişafı üçün ayrılmış 7,5 milyon manat vəsaitə nə çəkilib? 2021-ci ildə kinoya ayrılmış 6 milyon yarıma hansı işlər görülüb? Niyə bu pulların hesabatı verilmir?

Bundan başqa bu il kinoya ayrılmış 6 milyon yarıma hansı işlərin görülməsi planlaşdırılır? Film müsabiqələri keçiriləcəkmi? Keçiriləcəksə, maliyyə şəffaflığı təmin olunacaqmı, layihələr necə, hansı mexanizmlə seçiləcək və s. Hələ də aydın deyil və nazirliyin rəsmisi Rüfət Həsənov dəqiq bilgilər vermir ki, kino sənayesinin dirçəldilməsi istiqamətində hansı konkret işlər görülür, nə kimi mexanizm təklif olunur, nazirliyin kino siyasəti ilə bağlı işlək planı varmı və s.

Digər əsas məsələ isə budur: sabiq rəhbərliyin dövründən bəri hələ də həll olunmayan, Ermənistanın üzv olduğu Eurimages fonduna ( Avropa Şurasının 1988-ci ildə yaratdığı Eurimages fonduna üzvlük dünyanın aparıcı kino şirkətləri ilə müştərək filmlərin istehsalına, nüfuzlu festivalların əsas müsabiqəsinə düşməsinə, mükafatlandırılmasına və s. şərait yaradır) Azərbaycan nə vaxt üzv olacaq?

# 4729 dəfə oxunub

Müəllifin son yazıları

# # #