Kulis.az “Naməlum kino” layihəsində Fərhad Yusifovun 1986-cı ildə ekranlaşdırdığı “Aşkarsızlıq şəraitində...” filmini təqdim edir.
Bu filmə ilk dəfə 11-12 yaşımda baxmışam. Çəkildiyi ildən bəri indiyədək telekanallarımızda filmin nümayiş olunmasına rast gəlməmişəm.
“Aşakarsızlıq şəraitində...” milli kino tariximizdə haqqını, layiqli qiymətini almayan, təbliğ olunmayan ekran əsərlərindən biridir.
Süjet: Evtikmə kombinatında rəhbərlik tərəfindən külli miqdarda yeyinti hadisəsi baş verir. Şəhər tikinti idarəsinin müdiri Salahov yeyintiyə qarşı çıxır. Kombinat rəhbərliyi onu aradan götürmək qərarına gəlir. Salahov mənzilində qətlə yetirilir. İzi itirmək məqsədilə onun guya intihar etməsi təəssüratı yaradılır. Cinayət axtarış idarəsinin inspektoru Ələkbərov və prokurorluğun müstəntiqi Məmmədov cinayətin izinə düşürlər...
Rejissor F.Yusifov əhvalata maraqlı yanaşma tapıb. Film cinayət reportajı estetikasında - sənədli kadrlarla başlayır. Oğurluq məqsədilə adam öldürmüş dəstənin üzvlərindən biri Yevlaxda hadisə yerində müstəntiq tərəfindən dindirilir. Kamera ara-sıra arxa fonda bədii personaja – Məmmədova fokuslanır. Beləliklə, rejissor müqəddimədə filmin konsepsiyasını elan edir. Film aşkarsızlıq şəraitində törədilən qətldən bəhs edəcək.
Hüquqda “aşkarsızlıq şəraitində törədilən qətl” gizli törədilən, yəni şahidi olmayan qətl anlamına gəlir.
“Aşkarsızlıq şəraitində...” müasir kinematoqrafiyada aktual olan təhkiyə üslubunda-sənədliliyə yaxın, əl kamerası, qəfil montaj keçidləri, kəskin kamera panoramları ilə çəkilib. Kameranın təyinatı burda həm gizli müşahidəçi, həm də iştirakçı qismindədir.
Ümumiyyətlə, milli kinoda belə çəkiliş metoduna az hallarda müraciət olunur.
Detektiv-kriminal janrda çəkilən filmin üslubu da nəql edilən cinayət əhvalatına uyğun olaraq narahatlıq, həyəcan aşılayır, ritmik temp, detal planlardan personajların üzlərinə yaxın plan keçidləri tamaşaçıya nəfəs dərməyə imkan vermir.
Qətlə yetirilən Salahovun qonşularının, tanış-bilişlərinin dindirilməsi müsahibə-sorğu janrında həll olunub. Rejissor onların kimliyini, hansı peşə ilə məşğul olduğunu mətnlə təqdim etmir. Əvəzində dolğun vizual informasiya sayəsində asanlıqla onların kimliyini təyin etmək mümkündür.
Məsələn, narahat görünən gənc qadının nəyisə gizlətməsi aşkardır, o, həyəcandan əllərini qoymağa yer tapmır, əndişəsini gizlətmək üçün kartla oynayır, yəqin ki, kartla fala baxmaqla məşğuldur, didaktik danışan, hər şeylə maraqlanan, dərs keçməyi xoşlayan adam təsiri bağışlayan yaşlı kişi ya universitet müəllimi, ya məmur ola bilər, qonşu qadın isterik təbiətlidir, əsəbi danışır, nəsə ciddi qayğıları var.
Ümumiyyətlə, film boyu ekranda epizodik şəkildə çox adam görünür və onların hər birinin danışıq manerası, jestləri, üz ifadələri, suallara reaksiyaları kimliklərini, necə adam olduqlarını bəlli edir. Qətldə şübhəli bilinən şəxslərin dindirilməsi pinti montaj estetikasında, amma məntiqi dramaturji keçidlərlə müşayiət olunur və hər detal vəziyyətin açılmasına xidmət edir.
Klassik detektiv-kriminal filmlərdə olduğu kimi xarakter etibarilə bir-birinə zidd, amma eyni zamanda biri digərini tamamlayan müstəntiq obrazlarından istifadə edilib. Məmmədov adamyovuşmaz, az danışan, qapalıdır, Ələkbərov isə əksinə zarafatcıl, emosional, ünsiyyətə açıq adamdır. Faktura olaraq hər iki aktyor maraqlıdır, diqqətçəkəndir, sovet detektiv filmlərində alışdığımız müstəntiq tipləri kimi ütülü deyil.
Obraz konsepsiyası baxımından bizim kino üçün daha çox yenidirlər, daha az rəsmidirlər, daha az komplekslidirlər, nitqlərində ritorik ton yoxdur, heç kəsə dərs keçməyə iddialı deyillər, yüksək əxlaq nümayiş elətdirmək, nümunəvi olmaq kimi dərdləri yoxdur.
Belə bir ağır mövzuda çəkilmiş filmdə yüngül ovqat gətirən zəruri yumor xətti də var.
Təmkinli, yamaq kimi görünməyən, yerində dəqiq işlənən yumor. Filmin ssenari müəllifi Ramiz Fətəliyevdir. Filmi izləyəndə inana bilmirsən ki, belə bir keyfiyyətli ssenari yazan, keyfiyyətli dialoqlar işləyən R.Fətəliyev intellektini, istedadını “Vəkil hanı” kimi filmində ucuz Hollivud yumoruna təslim edib.
Filmin böyük hissəsi danışan başlardan ibarətdir. Seçilən məkanlar əsasən qapalı, məhduddur. Amma əvvəldən axıradək eskpressiv, dinamik, sənədliliyə yaxın çəkiliş üslubu, doğru dramaturgiya filmi monotonluqdan, televiziya tamaşası olmaqdan xilas edir, kinoestetik ritmə kökləyir. Seçilmiş üsluba uyğun olaraq personajlar əsasən yaxın planda, müxtəlif rakurslardan göstərilir.
Detektiv janrına xas olan, fabulanı mürəkkəbləşdirən-qəhrəmanların satınalma cəhdi, seyrçinin diqqətini qatildən qəsdən yayındırıb başqa personaja fokuslandırmaq kimi fəndlərdən istifadə olunub.
Əsas motiv cinayətin araşdırılması olsa da, müəlliflər müasir insanın qüsurlarını da ön plana çəkir, amma bu, söhbətlərdə sanki təsadüfi keçən fikir kimi görünür: məhkum olunmuş hansısa insana mənfi münasibət, onun cəmiyyətdə qəbul olunmaması, qonşu laqeydliyi, fərdlərin özəl həyatına müdaxilə. Və ya final səhnələrindən birində “Cinayətkarlar tutuldular, amma onların yerinə yeniləri gələcək” kimi ümidsizlik...
Film yenə də sənədli-növbəti cinayət yerindən çəkilən kadrlarla bitir.
“Aşkarsızlıq şəraitində...” həm də 1986-cı ilin Bakısının təsviri baxımından maraqlıdır.
Musiqi son dərəcə minimaldır, naturadakı səslər sənədliliyi daha da gücləndirir.
Rejissor Fərhad Yusifovu tamaşaçı “Dədə Qorqud” filmindən Tural obrazından tanıyır. Bu, kinoda rejissor kimi onun ilk işidir. Hazırda F.Yusifov Kanadada yaşayır və ssenarist kimi fəaliyyət göstərir.
Məmmədov obrazı Çingiz Şərifovun aktyor debütüdür. Bu rola onlarla aktyor sınaqdan keçirilsə də, sonda Ç. Şərifov təsdiq olunub. Ç. Şərifov 1990-cı ildə özünü dənizə ataraq intihar edib.
Bundan başqa o, daha üç “Şahid qız”, “Özgə ömür” və “Zirzəmi” filmlərində də oynayıb.
Ələkbərov rolu da Fərman Şəkilinin (Abdullayev) kinoda birinci işidir.
Titrlərdə qeyd edilir ki, bu filmin çəkildiyi müddətdə Azərbaycan prokurorluğu 29 ağır cinayətin üstünü açıb. Bunların çoxu aşkarsızlıq şəraitində baş verib.