Arvadını başqa kişi ilə yatmağa məcbur edən yazıçı

Arvadını başqa kişi ilə yatmağa məcbur edən yazıçı
31 avqust 2016
# 09:00

“- Necə kitab istəyirsiz?

- Balzakı sevirəm.

- Siz əyalətdən gəlmisiz.

- Bu, hiss olunur?

- O qədər də yox. Amma sizin yaşınızda Balzakı oxumaq əyalət qoxusu verir.

- Bəs başqaları nə oxuyur?

- Detektiv və pornoqrafiya. Gənclər deyir ki, onlara dincəlmək lazımdır”

Klod Şabrolun “Kuzenlər” filmindən dialoq.

İsti yay günlərində fransız Klod Şabrolun kriminal psixoloji trillerlərini izləmək beynimi dincəldir.

Dünya kinosunda Şabrol qədər yaradıcılığını burjuaziyanın mərhəmətsiz, sərt tənqidinə həsr edən, kompromisə getmədən bu mühiti intimliyinə kimi göstərən ikinci rejissor yoxdur.

“Niyə siz ancaq burjuaziyadan çəkirsiz?” sualına o, belə cavab vermişdi: “Dəqiq bildiyin məsələləri tənqid eləmək lazımdır. Məsələn, mən mədən işçilərinin problemləri haqqında az bilirəm, ona görə də onlardan çəkmirəm. Təbii ki, burjuaziya kökümü inkar eləmirəm. Bəli, mən bəzi burjua meyllərinin tərəfdarı olduğumu boynuma alıram: Komfortu, rahat mənzili sevirəm. Amma təmtəraqlı həyat tərzi düşüncəmə yaddı. Pullarımdan, sahib olduğum mülklərdən özüm üçün istifadə eləməmişəm. Mənim üçün ən vacibi film çəkməkdir və bu sənəti çox sevirəm”.

Azərbaycan tamaşaçısının yaxşı tanıdığı, Riçard Gir və Dayan Leynin oynadığı “Xəyanətkar qadın” məşhur filmi məhz Şabrolun 1969-cu ildə ekranlaşdırdığı “Sədaqətsiz arvad” filminin remeykidir.

Yeni fransız dalğasının yaradıcılarından olan, 60-dan çox film çəkən, Hiçkokun, Fritç Langın, Ernst Lyubiçin kinematorafiyasından təsirləndiyini deyən Şabrol kriminal triller janrında özünün təkrarsız üslubunu yaradıb. Onun filmləri bir qayda olaraq şəhər, ya təbiət iddilliyasının təsvirləri ilə başlayır. Hüzur dolu idillik təsvirlər tədricən, asta templə işgəncəylə, cinayətlə, iyrənc hadisələrlə yüklənməyə başlayır. Şabrol müasir ailə institutunun sosial riyakarlığına vurğu edir, meşşan qadınlar, kişilər xəyanəti asanlıqla edir, törətdikləri cinayətə, yanlarında baş verən faciələrə laqeyddirlər, komfort, karyera onlar üçün daha önəmlidir, hətta ən kritik anda belə sanki emosiyasız görünürlər... Amma daha çox ilk baxışda. Onların depressiyası, əsəb gərginliyi, daxildə, hardasa lap dərinlikdə baş verir və komfort həyatları emosionallıqla yüklənməyən, soyuqqanlı təsvir edilən cəhənnəmə çevrilir.

Əksər filmlərində cinayətin baş verməsinin vacibliyini rejissor belə izah edir: ”Yaxşı bir qətl hadisəsi şit şorbaya duz əlavə etmək kimidir. Əgər bir filmdə qətl baş vermirsə, o insanların xoşuna gəlmir. Əks halda onlara elə gəlir ki, boş yerə vaxt sərf ediblər. Ekranda kiminsə öldürüldüyünü görəndə deyirlər: ”Film zamanı çox az darıxdım”. Ona görə də tamaşaçının sadizmini nəzərə alıram”.

Şabrolun nəqlində daha bir önəmli cəhət var: onun cinayət törədən personajlarına birmənalı münasibət bəsləmək çətindir. Rejissor bilərəkdən personajının haqlı olub-olmadığı qərarını tamaşaçının öhdəsinə buraxır.

“Tamaşaçılara mənəviyyat dərsi keçməyi, beyinlərə nəsə yeritməyi doğru saymıram. Bir film yəqin ki, publikanı müstəqil düşüncəyə vadar eləməlidir. Ona görə sadəcə, insanlara onların necə olduğunu dəqiq göstərməyə çalışıram”.

Şabrolun maraqlı filmlərindən biri 1975-ci ildə ekranlaşdırdığı “Əyləncəli ziyafətlər” dramıdır.

Film həm də ona görə maraqlıdır ki, əhvalat real həyatda bir az fərqli redaktədə baş verib.

Bu haqda az sonra.

Parisdən kənarda, gözəl imarətdə kiçik ailə yaşayır: Uğur qazanmış yazıçı Filipp, arvadı, evdar qadın Ester və kiçik qızları Eliza.

Onların evi daim qonaq-qaralı olur, məclislərdə siyasətdən tutmuş fəlsəfəyə qədər ən müxtəlif mövzularda müzakirələr aparılır. Amma bu vəziyyət Filippi qane eləmir, o, monoton, ölçülü-biçili, yeni nəsə baş verməyən həyatından sıxılmağa başlayır. Məşuqələrini tez-tez dəyişir, arvadına da təklif edir ki, özünə məşuq tapsın və onlar bununla bağlı təcrübələrini, təəssüratlarnı bir-birilə bölüşsün. Eyni zamanda belə münasibət onların ailə həyatlarına təsir etməməlidir.

Artıq seksual inqilabın baş verdiyi, qadınların iqtisadi azadlığının təmin olunduğu dönəmdə Ester əksinə, mütidir, ərindən maddi baxımdan asılıdır, ailəsini itirməkdən qorxduğu üçün onun təklifinə könülsüz razılaşır. Amma hadisələr gözlənilməz məcraya doğru gedir. Ester musiqiçi Həbibə vurulur, işə düzəlir, ərindən ayrılmaq qərarına gəlir. Qəzəblənən ər onu təhqir edir, alçaldır. Və Ester evdən gedir.

Baş rolun ifaçıları Pol Jeqoff və Daniel Jeqoff zahirən soyuq, daxilən psixoloji gərginliklə oynayırlar. Ester demək olar ki, bütün film boyu susur, az danışır. O, rolunu susaraq, bədən dili ilə ustalıqla, laqeyd tamaşaçını belə sarsıdacaq həddə oynayır.

Amansız səhnələrdən biri ərinin qadını onun ayaqlarını yalamağa məcbur eləməsidir. Qadın susaraq ərinə itaət edir, əvəzində onun ancaq çoxmənalı yozuma açıq olan sirli, kədərli baxışları, üz ifadəsi, bədəni danışır. Qadın bütün ağrısını, əzabını, yaşantısını susaraq çatdırır. D.Jeqoffun ifası mənim üçün dünya kinosunda ən təsirli ifalardan biridir.

Filipp artıq onu sevməyən arvadından qisas almaq üçün ziyafətlərdə qadın azadlığına ironiya edir, aşağı təbəqədən olmasını üzünə çırpır və eyni zamanda bu qadınsız yaşaya bilməyəcəyini anlayır. Esterin ona qayıtmayacağını biləndə isə qadını təpikləyərək öldürür.

Rejissor Filippin naturasını maraqlı situasiyalarla açır. Esterin xərçəngdən, hörümçəkdən qorxması, ondan iqtisadı asılılığı, zəifliyi Filippə onun üzərində tam hökmranlığa rəvac verir, o, qadın üzərindəki hakimiyyətindən, onunla sadistcə davranmasından zövq alır. İkinci dəfə evləndiyi qadın isə əksinədir, o, həşəratlardan qorxmur, varlı ailədəndir. Filipp bunları biləndə nikaha peşman olur, qadının gücündən, cəsarətindən qorxuya düşür, özünü gücsüz hiss edir, ayrılmağa qərar verir və Esteri qaytarmağa çalışır.

Ümumiyyətlə, Şabrol filmlərində həmişə mədəni, kübar, nüfuz sahibi olan adamların mülkiyyətçilik hissini, ibtidai, heyvani instinktlərini araşdırır.

Ssenarini Şabrolun daimi ssenaristlərindən biri Pol Jeqoff yazıb. Filmdə də baş rolu ssenaristin özü oynayıb. Ester rolunu isə birinci həyat yoldaşı Daniel Jeqoff, Elizanı qızları Klemans oynayr.

Real həyatda, filmin çəkilişindən 8 il sonra Jeqoff ikinci arvadı Koko tərəfindən mübahisə zəminində öldürülüb.

Şabrolun sözlərinə görə, əhvalatlarda amansızlıq lazım olanda, həmişə Jeqoffa müraicət edirmiş: “O, personajı tamamilə gülməli edə və iki saniyədən sonra ona nifrət oyada bilir”.

Tənqidçilərin fikrincə Şabolin Jeqoffsuz çəkdiyi filmlər daha mərhəmətli və realistikdir.

Şabrol 2010-cu ildə vəfat edib.

# 1460 dəfə oxunub

Müəllifin son yazıları

# # #