“YUĞ” “Azdrama”nın bufetində olmalıdır

“YUĞ” “Azdrama”nın bufetində olmalıdır
21 yanvar 2016
# 13:55

Mən “YUĞ”-un daimi tamaşaçısı deyiləm. Ümumiyyətlə, heç bir teatrın. Yadıma salmağa çalışıram, üst-üstə “YUĞ”-un dörd, ya beş tamaşasına getmişəm. Bəlkə də daha az.

Hər halda “YUĞ”-un tamaşalarında “Azdrama”da olduğu kimi darxdığımdan əsnəməyimi, yarımçıq tərk etməyimi xatırlamıram.

Hətta tamaşa zəif olsa belə səhnədəki dinamika, aktyorların ötürdüyü energetika, onların tamaşaçı ilə sıx kontakt yarada bilməsi adamın diqqətini səhnədən ayrımağa qoymur.

Daha bir vacib nüans. “YUĞ”-un aktyorlarının çoxunun müəyyən bir intellektual bazası var, onlarla sənət haqda rahat söhbət etmək olar: Vidadi Məmmədov, Məmməd Səfa, Gülzar Qurbanova, Sona Mikayılova, Yaqut Paşazadə, keçmiş “YUĞ”çu Mehriban Zəki. “YUĞ” məktəbinin yetirməsi Hikmət Rəhimov isə Azdramanın tamaşalarına canlanma gətirdi.

İndi gələk əsas məsələyə. Bir neçə gündür gündəmdə əsas mövzulardan biri “YUĞ”-un binasının sökülməsi və ona yeni binanın verilib-verilməməsi ilə bağlıdır.

Yazıçı Kamal Abdulla “YUĞ”-un “Pantomima” ilə birləşməsini təklif edir. Bildiyimə görə, Pantomima teatrında darısqallıqdır, məkan imkanları məhduddur.

“YUĞ” kimi spesifik teatra mərkəzdə, əlverişli, yaxşı maddi-texniki baza ilə təmin olunmuş bina verilməsi vacibdir. Bir alternatıv teatr olaraq, fərqli estetikasına görə onun buna haqqı var.

Ona görə təklif edirəm ki, “YUĞ”-a “Azdrama”da yer verilsin. Üstəlik, əvvəlllər də orda fəaliyyət göstərib. Lap yuxarı qatda. Onsuz da “Azdrama”da yer boldur. Hətta o qədər boldur ki, adam özünü onun nəhəng, soyuq, vahiməli divarları arasında Kafkanın “Qəsr”indəki kimi hiss edir. Çıxılmaz labirintə oxşayan binasında addımlayanda elə bilirəm ki, hansısa döngədən bir bədheybət qarşıma çıxıb məni udacaq. “YUĞ” teatrına ordan bir məkan versələr, bəlkə boz, enerjisiz divarları arasına sənət istiliyi gəldi, monotnluqdan xilas oldu.

Məsələn, “Azdrama”nın bufetini onlara təklif edə bilərlər. Düzdür, bufeti sevən aktyorlardan biri müsahibəsində demişdi ki, biz orda illərlədir, ciddi sənət söhbətləri edirik. Ciddi sənət söhbətləri eləmisizsə, bəs nəticə hanı? Axı, o söhbətlərin səhnədə və ya ən azı müsahibələrdə bir nəticəsi görünməlidir, ya yox.

Məşhur rejissorlardan biri deyir ki, mənim filmlərim elə belə yaranmırdı, bu, bizim dostlarla kafedə (kim istəsə bufet kimi oxuya bilər) söhbətlərimizin nəticəsidir.

Yaxud başqa misal. Bunuellə Dali bir yerdə avaralanıb, içki içirmişlər. Birdən Bunuelin yadına yuxusu düşür, Daliyə danışır. O da təklif edir ki, bundan film çəkək. Dünya kinosunda sürrealizmin dönüş nöqtəsi sayılan “Əndəlus köpəyi” bu avaralanmanın, içkinin nəticəsidir.

Yəni bufeti nəticəsiz söhbətlərin məkanına çevirməkdənsə, böhranda dövlətə bina tikintisi üçün əlavə pul xərclətmədən onu “YUĞ”-un səhnəsi üçün yararlı eləmək olar.

Hətta “Azdrama”nın səhnəsində də şərikli fəaliyyət göstərə bilərlər. Onsuz da “Azdrama”da tamaşaların əksəriyyəti zəifdir, onları repertuardan çıxarsan mili teatr heç nə itirməz.

Ümumiyyətlə, düşünürəm ki, Azərbaycanda müəllimlər, həkimlər bilik səviyyələrinin müəyyənləşdirilməsi üçün məcburi attestasiyadan keçdiyi kimi bunu dövlət büdcəsindən maliyyələşən teatrların, həmçinin “Azdrama”nın yaradıcı heyətinə də tətbiq eləmək lazımdır.

Məsələn, onlara bu cür suallar verilsin:

Rol üzərinə işə necə, nədən başlayırsız?

Azdrama yaranandan mövcud olmuş aktyor məktəblərini təhlil edin.

Oynadığınız filan rolun ikinci planını izah edin.

Müasir teatr tendensiyaları, pyesləri haqda nə bilirsiz?

Çağdaş dünya teatrında tanınmış üç rejissorun adını çəkin.

Azdramanın ikona aktrisası Məleykə Əsədovanın yaradıcılığındakı mərhələləri danışın.

Bü günün tələb olunan aktyoruna çevrilmək üçün hansı keyfiyyətlər vacibdir?

Mərahim Fərzəlibəyovla Ağakişi Kazımovun yaradcılığında, aktyorla iş prinsipindəki, tamaşalara verdikləri quruluşda hansı fərqlər var və s.

Attestasiyadan sonra aktyorlar saf-çürük ediləcək, istedadlar qalacaq, böhranlı günlərimizdə dövlət büdcəsinə qənaət ediləcək, “YUĞ”-un fəaliyyəti üçün də geniş meydan açılar. Onsuz da orda elə fakturasız aktyorlar var ki, Hollivudun B kateqoriasında film çəkən rejissor onları kütləvi səhnəyə belə çəkməz.

Nəhayət, bir məqamı da qeyd eləmək istəyirəm. “Azdrama”nın bir qism aktyoru İsrafil İrsafilova etiraz edəndə, onların protestosu primitiv müsahibələrdən o yana keçmədi. Əgər onlar yaradıcı, orijinal protesto eləsəydilər, şəxsən mən onların əlini sıxıb buna görə onlara təşəkkür edərdim.

Misal üçün, Gəzi Parkı hadisələrindəki “Duran Adam” aksiyasını xatırlayın- bu, mahiyyətində sülh motivi daşıyan ağıllı düşünülmüş aksiya idi.

İndi “YUĞ” teatrı aksiya olaraq hər gün tamaşalar təqdim edir. Əla ideyadır. Amma məsələn, mən “YUĞ”-dan yaradıcı, maraqlı, öznəməxsus aksiya gözləyirəm. “YUĞ”-un üslubunu nəzərə alsaq, tamaşaçının bunu ondan gözləməyə haqqı var.

“YUĞ”-un məsələn, tamaşalarında qəfildən seyrçiyə yaxınlaşıb kontakt qurmaqla onu çaşbaş vəziyyətə salmaq kimi tərzi var.

O zaman bu gözlənilməz tərzi aksiya kimi həyata keçirmək olardı. Tutalım ki, növbəti tamaşalarını küçədə eləsinlər, adamlarla yaradıcı kontakt qursunlar və s.

Gərək ki, Tükiyədə gənc cazmenlər beynəlxalq festivala getməyə pul tapmayanda, metroda caz oxumaqla aksiya eləmişdilər ki, dövlət onlara diqqət ayırsın.

İnanıram ki, Vaqif İbrahimoğlu yaşasaydı, çox daha fərqli şeylər edərdi.

Ümumiyyətlə isə, həmişə bu fikirdə olmuşam ki, bizdə yardıcı adamların həyat tərzi ilə yaradcılığındakı ideyalar üst-üstə düşməyib.

İndi iş gərəyi, Bunuelin “Mənim son nəfəsim” kitabını təkrar oxuyuram, qeydlər aparıram. Bunuel filmlərində hansı ideyaları irəli sürübsə, necə çəkibsə, reallıqda da o cür yaşayıb. Hərdən istəyirəm, məndən bu qədər uzaqda doğulmuş, fərqli epoxada yaşamış və eyni zamanda bu qədər doğma, ölümündən sonra belə bu qədər diri olan adamı qəbirdəki çürümüş sümüklərini bağrıma basım... basım ki, nə yaxşı bu dünyada yaşamısan və filmlər çəkmisən.

# 1096 dəfə oxunub

Müəllifin son yazıları

# # #