Kulis.az “Naməlum kino” layihəsində Fuad Şabanovun 1989-cu ildə çəkdiyi “Axırıncı reys” qısametrajlı filmini təqdim edir.
Süjeti: Filmin qəhrəmanı Tağıdır (Ötkəm İsgəndərov). O, avtobus sürücüsü işləyir. Onun iş yoldaşlarından biri avtobusla qəza törətdiyinə görə həbs olunur. Amma məhkəmə ona bəraət verir. Bəraət alan sürücü bütün iş yoldaşlarını bu münasibətlə axşam evinə ziyafətə dəvət eləyir.
Tağı həmin gün axırıncı reysini başa vurmağa hazırlaşır. Əvvəlcə sevgilisi ilə danışıb ona evlənməyi təklif eləyir.
Paralel olaraq axşam dənizkənarında gəzən sevgililər göstərilir. Onlar yola çıxanda qarşılarını dörd-beş nəfərdən ibarət quldur dəstəsi kəsir. Gənc cütlüyü əhatəyə alan dəstə oğlanı vəhşicəsinə döyməyə başlayır.
Bu zaman kimsəsiz yolda Tağının avtobusu şütüyür. O, hadisəni görüb avtobusun qapılarını açaraq qızı xilas etməyə çalışır. Qapılar açılır, qız cəld içəri daxil olur. Ancaq dəstənin üzvləri qapıların bağlanmasına imkan vermir. Onlar hamısı bir göz qırpımında avtobusa girir.
Dəstənin başçısı (Fikrət Məmmədov) sürücüyə hədə-qorxu gəlir, ondan avtobusu birbaşa Bakıdan kənara sürməyi tələb eləyir. Əks halda onu öldürəcəyini deyir. Dostlarından birinə isə sürücüyə nəzarət etməyi tapşırır.
Vəhşiləşmiş dəstə oğlanı yenidən döyməyə başlayır və o, huşsuz vəziyyətdə avtobusun döşəməsinə sərilir. Sonra dəstə başçısı qızı zorlayır.
Zorakılığa dözməyən avtobus sürücüsü etiraz edəndə dəstə başçısı bıçaqla onun üzündə çapıq açır və avtobusu başqa səmtə yönəldəcəyi təqdirdə yenə ölümlə hədələyir.
Sonra qızın qarşısında şərt qoyur, yalnız onunla könüllü intim münasibət istəməyəcəksə, bütün dəstə üzvləri onu zorlayacaq.
Heydən düşsə də qız yenə müqavimət göstərməyə çalışanda huşunu itirmiş sevgilisi ayılır. Və sürücü qəfil əyləci basaraq qapıları açır. Sevgililər avtobusdan düşməyə macal tapır. Dəstənin yalnız bir üzvü onların arxasınca düşə bilir. Digərləri də çıxmaq istəyəndə sürücü qapıları bağlayaraq yüksək sürətlə avtobusu sürməyə başlayır....
Qeyd edək ki, “Axırıncı reys” real hadisələr əsasında ekranlaşdırılıb. Nəql olunan əhvalatda bir neçə məqam diqqətimi özəlliklə çəkdi. İlk kadrlarda Tağı yol qəzası törətmiş iş yoldaşını azadlıqda görəndə təəccüblənir. Ondan “Sən hakimə nə qədər pul vermisən” deyə soruşur. O “pul verməmişəm, hakim insaflıydı, vəziyyəti anladı” deyir. Tağı “Mən olsaydım bəraət verməzdim” cavabını verir.
Qısa dialoqla məhkəmə sisteminin, hüquq-mühafizə orqanlarının birbaşa rüşvətə bulaşmasına açıq işarə edilir. Ümumiyyətlə, 1980-ci illərin ortalarından başlayaraq 1990-cı illərin ortalarına kimi çəkilən filmlərin əksəriyyətində hakimiyyətin, məhkəmə sisteminin yarasızlığı cəsarətlə göstərilir. Hərçənd, hakimiyyət orqanlarını tənqid rejissorların birbaşa hədəfi deyil. Sadəcə əhvalatda yan xətt, detal kimi təsvir olunur. Filmin çəkildiyi dönəmi də nəzərə alsaq (milli azadlıq hərəkatı, SSRİ-nin dağılması ərəfəsində), onda yaradıcı adamlar dövrün əyər-əskikliklərini göstərmək fürsətindən yararlanmışdılar.
Filmin başqa bir cəhəti söyüşlərdən istifadədir. Söyüşlər spontan, vəziyyətin diktəsindən meydana gəlir və əhvalatı daha çılpaqlığıyla çatdırır. Zorlanma səhnəsi tam açıq təsvirlərdə göstərilməsə də, rejissor zorlanan qadının iztirablarını, insanlıq sifətini itirən kişinin qəddarlığını, mənzərəni izləyən yoldaşlarının heyvani soyuqqanlılığını çatdıra bilib və tamaşaçı hadisənin gərgin, həyəcanlı atmosferini hiss edə bilir.
Finalda Tağı bilərəkdən avtobusu qəzaya uğradır. Hərçənd, biz qəza prosesinin necə baş verdiyini görmürük, yəqin ki, buna ehtiyac da qalmır. Sadəcə, fokus avtobus sürücüsünə tuşlanır və tamaşaçı donmuş görüntünün fonunda qəzaya uğrayan avtobusun çırpılmasının, şüşələrin çiliklənmənin səsini eşidir.
“Azərbaycanfilm” kinostudiyasında istehsal olunan filmin ssenari müəllifləri Oleq Kazansev, Fuad Şabanov, operator Rövşən Quliyev, bəstəkarlar Eldar Rzaquluzadə, Rauf Ələkbərovdur.