Pornofilmə bilet yoxlayan dahi

Pornofilmə bilet yoxlayan dahi
8 noyabr 2014
# 09:30

Kulis.az “Baxılası 50 film” layihəsində müasir dünya kinosunda postmodernizmin parlaq nümayəndələrindən biri, amerikalı rejissor, ssenarist, prodüser Kventin Tarantinonun “Kriminal qiraət” dramını təqdim edir.

Kventin Tarantino 1963-cü ildə Noksvilldə anadan olub. Anası ona Uilyam Folknerin “Səs-küy və qəzəb” romanının qəhrəmanının şərəfinə Kventin adını verib.

Rejissorun uşaqlığı Los-Ancelesdə keçib. Uşaqlıqda televizor böyük marağı olan Tarantino çoxlu filmlərə, seriallara baxırdı. Ailəsi ilə tez-tez kinoteatra gedirdi. O zaman ən çox sevdiyi film Çarlz Bartonun “Ebbott və Kostello Frankenşteyni qarşılayır” ekran əsəri idi.

Məktəbə nifrət edən rejissor sonralar deyir: “Məktəbdən sıxılırdım. Orda diqqətimi toplaya bilmirdim. Mütaliəni sevirdim, tarixlə maraqlanırdım. Tarix kino kimi idi”.

15 yaşında məktəbi atan Tarantino işləməyə başlayır, pornofilmlər göstərən kinozalda bilet yoxlayan işləyir. Sonralar bu haqda deyirdi: “Porno filmləri sevmirdim. Məni ciddi filmlər maraqlandırırdı”.

O, eyni zamanda aktyor Ceyms Bestin kurslarına getməyə başlayır. 22 yaşında isə videoprokat mağazasında işləyir, insanların daha çox hansı filmləri almasına diqqət yetirir və bu təcrübəsi rejissor olanda karına gəlir.

Onun ilk ssenarilərini studiyalar reallaşdırmaqdan imtina edib. İlk həvəskar “Ən yaxşı dostumun ad günü” filminin son yarım saatı isə laboratoriyada yanğın zamanı məhv olub.

Tarantino ilk tammetrajlı “Quduz köpəklər” (1992) trillerinin ssenarisini üç həftəyə yazır. O, bu filmi az vəsaitə, hətta 16 mm kamera ilə ağ-qara lentə çəkməyə hazırlaşırdı, amma məşhur aktyor Harvi Keytel ssenari ilə maraqlanandan sonra filmin büdcəsi artdı və Live Entertainment şirkətindən maliyyə dəstəyi aldı.

“Quduz köpəklər”də cinayətkarlar qarət planlaşdırır və qarət zamanı onları kimsə satır. Onlar satqının kim olduğunu müəyyənləşdirmək üçün gözdən uzaq yerə toplaşır.

Bir çox festivallarda mükafat qazanan filmi tənqidçilər daha çox təhkiyə manerasına, uğurlu aktyor seçiminə görə qiymətləndirdilər. Uğurlu kino debütünü Tarantino tamaşaçı kimi kino bazasının zəngin olması ilə bağlayır: “Mən həmişə kino çəkmək, kino dünyasının bir hissəsi olmağı arzulamışam. Mənim tamaşaçı kimi təcrübəm böyükdür: Nikolas Reydən Brayn de Palmaya, Terri Gilliamdan Sercio Leoneyə, Mario Bavadan Jan Lyuk Qodara, Jan Pyer Melvilə, Erik Romerə kimi”.

Rejissorun sözlərinə görə bu filmə ingilis rejissoru Con Burmenin “Yaxın məsafədən atəş” filmi və Riçard Starkın romanları da təsir edib.

Filmin əksər nümayişində əsir polisin qulağının kəsilməsinə görə bəzi tamaşaçılar zalı tərk eləyib. Ümumilikdə yaxşı gəlir gətirən film müstəqil Amerika kinosunun zirvələrindən sayılır.

“Quduz köpəklər” filindən sonra Tarantinonun ssenarisi ilə iki film çəkilir: Toni Skottun “Əsl sevgi” və Oliver Stounun “Doğuşdan qatillər”. Stoun Tarantinonun ssenarisini dəyişdiyinə görə, rejissor onun adının titrlərdən götürülməsini tələb edir. Amma sonda razılığa titrdə “Tarantinonun süjetinə əsasən” yazılması haqda razılığa gəlinir.

1995-ci ildə Tarantino rejissorlar - Ellison Anders, Aleksandr Rokuell, Robert Rodriqes ilə birlikdə “Dörd otaq” adlı ayrı-ayrı novellalardan ibarət qara komediya ekranlaşdırır. Dörd novellanı hadisələrin eyni oteldə baş verməsi birləşdirir. Film tənqidçilər tərəfindən soyuq qarşılansa da, Tarantinonun “Penthaus-Hollivuddan olan adam” novellası daha çox müsbət rəy aldı.

Rejissor 1997-ci ildə “Ceki Braun” adlı kriminal dramı ekranlaşdırır. Aktyor işi Berlin kinofestivalında “Gümüş ayı” ilə mükafatlandırılan film Ceki Braun adlı stüardessanın başına gələn kriminal olaylardan bəhs edir.

2003-cü ildə ekranlara rejissorun növbəti “Billi öldürməli” döyüş filmi çıxır. Əksər filmlərində olduğu kimi “Billi öldürməli”də də süjet qeyri-xəttidir və başlıqlara bölünüb. Filmin baş qəhrəmanı keçmiş həmkarı və sevgilisi Billdən onun şəxsi həyatını məhv elədiyi üçün qisas almaq istəyir. Bir il sonra isə Tarantino onun ikinci hissəsini çəkir.

“Ölümün sübutu” (2007) 1970-ci illərin B kateqoriyasına aid filmlərin estetikasında çəkilib. İki hekayətdən ibarət olan filmdə əsas qəhrəman kaskadyor Maykdır. Kurt Rasselin qəhrəmanı manikal inadla qadınları təqib edir.

2009-cu ilə rejissorun alternativ tarix janrında çəkdiyi “Alçaq şərəfsizlər” filmində, Tarantino İkinci Dünya Müharibəsinin motivini dekonstruksiya edir. Çəkiliş zamanı rejissor S.Leonenin “Yaxşı, pis, qəzəbli”, Elem Klimovun “Get və bax” və başqa filmlərdən istifadə edib.

Rejissorun son filmi hələ ki, “Azad edilmiş Canqo” (2012) spagetti vesterndir. Bu filmdə haqda rejissor deyir: “Mən Amerika tarixinin köləliklə əlaqəsi olan dəhşətli səhifələri haqda spagetti-vestern janrda film çəkmək istəmişəm”.

Tarantinonun üslubuna xas cəhətlər: əhvalatları qeyri-ənənəvi, ardıcıllıq olmadan danışır, uzun dialoqlardan istifadə edir, zorakılığı estetikləşdirir, filmlərə göndərişlər edir, qəhrəmanları adətən qara kostyum geyir, personajlardan biri heç olmasa kimisə öldürür, personajlar bir-birinə silah yönəldirlər.

Rejissor düşünür ki, onun çoxlu tamaşaçı toplamasına səbəb filmlərindəki xüsusi yumor hissidir.

Tarantinonu tez-tez başqa mədəniyyətlərə hörmətsizlikdə, zorakılığı çox istifadə etməkdə günahlandırılar. Məsələn, müxtəlif filmlərdə qara dərililəri “qarayanız” adlandırılır.

Rejissor deyir ki, müəllif kimi hər personajı istədiyim kimi yaza bilərəm: “Mənim onlar kimi olmaq, düşünmək haqqım var. O ki qaldı dialoqlara, bu, mənim stilimdir”.

Kinotənqidçilərə görə, Tarantino 1990-cı illər dünya kinosuna öz estetikasını, şarmını gətirib və parlaq filmlər çəkib.

Bir neçə dəfə son illərin ən yaxşı rejissorlarının siyahısına daxil olan Tarantino «A Band Apart» kompaniyasını Qodarın eyni adlı filminin şərəfinə adlandırıb.

2004-cü ildə Kann kinofestivalında Tarantino jürinin sədri olanda baş mükafatı Maykl Murun qalmaqallı, Amerikanın keçmiş prezidenti Corc Buşu tənqid edən “Farenheyt 9/11” sənədli filmi aldı.

“Baxılası 50 film” layihəsində rejissora dünya şöhrəti gətirən, Kann festivalında “Qızıl palma budağı” alan “Kriminal qiraət” (1994) filmini təqdim edirik.

Süjet: Filmdə paralel olaraq üç hekayə nəql edilir.

Birincidə Vinsent öz bossunun arvadına nəzarət edir, onun narkotik maddələri çox istifadə etməsinə maneçilik törədir.

İkinci hekayədə bossun tutduğu boksçunun onu aldatması haqqında danışılır. Üçüncü əhvalat isə iki hekayəni birləşdirir. Bossun adamları kafedə söhbətləşən zaman iki xırda cinayətkar kafeni qarət etmək istəyir.

“Kriminal qiraət “də artıq Tarantinonun üslubu müəyyənləşmişdi: əhvalat xronoloji ardıcıllıqda göstərilmir, bölümlərə ayrılır, qəhrəmanlar uzun-uzadı dəxlisiz danışır, az tanınan ikinci dərəcəli filmlərə göndərişlər edilir.

Film bir çox aktyorun karyerasında mühüm rol oynadı. Rejissor baş rollardan birini oynayan Uma Turmanı rejissor Marlen Ditrixlə müqayisə edirdi. Bu filmdən sonra Semyuel Cekson Hollivudun aparıcı aktyorlarının sırasına daxil oldu, Con Travolta isə uzun müddətli uğursuzluqlarından sonra yenidən diqqət mərkəzinə gəldi.

Filmə burdan baxa bilərsiniz: https://my-hit.org/film/6613/

# 4322 dəfə oxunub

Müəllifin son yazıları

# # #