Böyük Oskar fırıldağı

Böyük Oskar fırıldağı
27 fevral 2015
# 11:46

Amerika müstəqil kinosunun əhəmiyyətli fiqurlarından biri, müasir kino formasının ixtiraçısı adlandırılan Con Kassavetesin “Oskar”ı olmayıb.

Əvəzində həyatı insan üzlərində göstərən, Amerika kinosuna yeni yanaşmaları, fərqli problemləri gətirən Kassavetesə Avropa qucaq açıb.

Onun yaradıcılığı Martin Skorsezedən tutmuş Almodovar kimi müasir dövrün çox önəmli isimlərinə təsir edib.

Başqa bir amerikalı rejissor Sidney Lumetin kino institutlarında öyrədilən, bütün dövrlərin ən yaxşı filmləri siyahısında yer alan, kinematoqrafik cəhətdən unikal sayılan “On iki qəzəblənmiş kişi” (1957) filmi də “Oskar”sız qalıb. Və o zaman Hollivud studiyalarını mənəvi dəyərlərə tənqidi baxış qane etmədiyindən filmi maliyyələşdirmək istəməyiblər.

Amma Berlin festivalının “Qızıl ayı”sına layiq görülüb.

Ümumiyyətlə, ən müxtəlif janrlarda maraqlı filmlər çəkən rejissor Oskara ancaq nominant olub.

Rejissor yalnız 2005-ci ildə, ölümündən bir neçə il əvvəl fəxri Oskara layiq görülüb.

Kino tarixinə adını texniki, maraqlı, yeni təsvir həlləri, fərqli təhkiyəsi, kino dili ilə yazan amerikalı Orson Uellsin bütün dövrlərin ən yaxşı filmləri siyahısında yer alan “Vətəndaş Keyn”i də yalnız ən yaxşı ssenariyə görə Oskar alıb.

Siyahını uzatmaq üçün dəyərli filmlər çoxdur.

Amerika Kino Akademiyasının son mükafatlandırma mərasimində də, az büdcə ilə, Hollivudun nəhəng şirkətlərindən asılı olmamağa çalışan rejissorlar Riçard Linkleyterin, Ues Andersonun mükafatsız qalması təsadüfi deyildi.

Linkleyterin “Yeniyetməlik” filmi əslində eksperimental xarakter daşıyır. Rejissor 10 ildən çox bu film üzərində işləyib. Balaca qəhrəmanlarını yeniyetməlik dövrünə kimi təqib edib. Sadə Amerika ailəsinin gündəlik, sıradan həyatı fonunda o, həm də insan münasibətlərindən tutmuş Amerikanın İraqa müdaxiləsinə, siyasətə kimi çox mövzulara toxunur.

Bu, qəhrəmanların müxtəlif illərdə həyatının ayrı-ayrı fraqmentlərdən bütöv bir kompozisiya kimi hörülmüş, tipik Hollivud kino dilindən arınmış, təmiz, iddiasız və qəlbə toxunan ekzistensial dramdır.

Film “Gümüş ayıya”, BAFTA-ın (Böyük Britaniya kino və televiziya sənət akademiyası) mükafatına layiq görülüb.

U. Anderson özünün kukla teatrındakı üslubunda, xırda və vacib detalların parlaq təsviri ilə fərqli kino dilini yaradıb. Onun da “Qrand Budapeşt” filmi vacib nominasiyalardan kənara qaldı.

Ayrı-ayrı illərdə dünya kinosuna yeni nəfəs gətirən Tarantinoya da, Darren Aronofskiyı də, Pol Tomas Andersona da Oskarı ən yaxşı halda yalnız ssenariyə görə veriblər.

Əvəzində Amerika Kino Akademiyası “Arqo”, “12 illik əsarət” və s. zəif filmlərə önəmli mükafatı səxavətlə paylayır.

Ona görə məşhur aktyor Robert Redfordun təşəbbüsü ilə 1985-ci ildə Amerika müstəqil kinosunu dəstəkləyən Sandens festivalı təsis olundu. Heç bir kommersiya məqsədi güdməyən festival sırf kino sənəti adına fəaliyyət göstərir. Bu gün dünya kinosunda önəmli yer tutan rejissorların bir qismi ilk dəfə burda filmlərini nümayiş etdiriblər, bu festivalın dəstəyi ilə tanınıblar. Məsələn, Koen qardaşlarının ilk filmi-“Sadəcə qan” az büdcəli trilleri Sandens festivalında mükafat alıb.

Amerika Kino Akademiyası adətən müstəqil, nəhəng büdcəsi olmayan, fərqli kino çəkən müəllifləri gözardı edir.

Oskar mükafatlandırması zamanı adətən böyük kino şirkətlərinin marağı əsas götürülür. Mükafata iddialı filmlərin aktiv reklam kompaniyası aparılaraq bu şəkildə Akademiya üzvlərinin səsverməsinə təsir edilir.

Təsadüfi deyil ki, Akademiya bir neçə dəfə korrupsiyada ittiham olunub.

Nüfuzlu tənqidçi Rocer Ebert Oskar haqda yazır: “Bütün seçim prosesində tərəfgirlik və filmin uğurundan asılılıq var. Yaxşı gəlir gətirməyən autsayderlər nadir hallarda nominant olur və qalib gəlmirlər. Mən Oskar inamımı tənqidçi olanda, “Bonni və Klayd” filmi qalib olmayanda itirdim”.

İstisnalar təbii ki, həmişə hardasa var. Amma bu, qayda deyil.

Bu il “ən yaxşı film” və “ən yaxşı rejissor” kimi Oskar alan Alehandro Qonzales İnarritunun “Berdmen”i bir planlı film illüziyasını yaradan, bir nəfəsə baxılan, eksperimental, Hollivudan tutmuş sosial şəbəkələrə qədər ironiya edilən monumental filmdir. Yəqin ki, filmin Oskar almasında onu maliyyələşdirən nəhəng şirkətlərin rolu böyükdür.

Yeri gəlmişkən, “ən yaxşı xarici dildə film” nominasiyasında daha çox layiqli filmlər yer alıb. Bu il, bu nominasiyada qalib olan polyak rejissoru Pavel Pavlikovskinin “Ida” dramı maraqlı işdir. Rahibə olmağa hazırlaşan İda monastır rəhbərinin məsləhəti ilə xalasına qonaq gedir. Gənc qız özünün yəhudi olduğunu, valideynlərinin müharibədə öldürüldüyünü öyrənir. İda ilk dəfə sevişir, siqaret çəkir, içki içir. Və sonra sanki dünyanın güvənsizliyini, amansızlığını dərk edərək özünü qorumaq üçün monastıra qayıtmağa qərar verir.

Ola bilsin ki, filmin mükafat almasında yəhudi amili yox deyil.

Ümumiyyətlə, Oskar mükafatının dəqiq təyinatlarından birini Jan Lyuk Qodar verib. Bir neçə il əvvəl rejissora fəxri Oskar mükafatını vermək üçün Amerikaya dəvət edəndə o, imtina etmişdi: “Mən hansısa dəmir parçasına görə okeanın o üzünə gələ bilmərəm”.

# 1618 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #