Mətanətin günahı, Ləmanın səhvi və şikəst kanallar

Mətanətin günahı, Ləmanın səhvi və şikəst kanallar
22 may 2015
# 13:50

Azərbaycan teleaparıcıları zaman-zaman öz savadsızlıqlarının qurbanına çevrilir və haqlı ictimai qınağa tuş gəlirlər.

Məsələn, “Xəzər” TV-də Sevinc və Sevil bacılarının manatı cırmaları kimi. Hərçənd, bu vəziyyətdə Azərbaycan dilində normal cümlə qura bilməyən, yaşadığı ölkənin adi coğrafi bilgilərindən xəbərsiz olan müğənni bacıları yox, onlara heç bir məsuliyyət hissi keçirmədən veriliş həvalə edən kanal rəhbərliyini qınayıram.

Amma deyək ki, son bir-iki gündə gündəmdən düşməyən Mətanət Əliverdiyevanı onlarla müqayisə etmək düz olmazdı. Çünki Mətanət uzun illər xəbər aparıcısı işləyib, həyat təcrübəsi var və hər halda ona “peşəkar” deyirlər. Doğrusu, Mətanətin xəbər aparıcılığını da heç vaxt yüksək peşəkarlıq kimi dəyərləndirməmişəm. Məqalələrimdən birində bu haqda yazmışdım.

Bir qayda olaraq xəbərin məzmununa uyğun onun intonasiyası dəyişməlidir. Deyək ki, mədəniyyət xəbərində bir az daha yumşaq, pozitiv səs tonuna üstünlük verilir. Mətanət isə bütün xəbərləri istisnasız olaraq hərbi diktor kimi müharibə mətninin vurğuları ilə çatdırırdı. Və saxta, imitativ xəbər mühiti yaradırdı. Hələ mən pauza, vurğu səhvlərini demirəm.

Nəsə, bunu qoyaq bir qırağa. Düşünmürəm ki, Mətanət onu bir neçə gündür sosial şəbəkələrdə tənqid və təhqir hədəfinə çevirən fikirləri mahiyyətinə vararaq deyib. Və mahiyyətinə varmadan dediyi fikirləri məsuliyyətsizliyinə, efir sərbəstliyi üzərində nəzarəti itirməsinə, dili bilməməsinə bağlayıram. Ola bilsin, bəlkə də aparıcı “bu faciəni adlamağa özümüzdə təpər tapaq” demək istəyib, amma uyğun ifadə tapa bilməyib. Fəqət.... məsələ ondadır ki, Mətanəti situasiyadan heç cürə xilas etməyən çox vacib amil var: məlum fikri səsləndirərkən seçilmiş ərkyana, amiranə ton, laqeyd deyiliş tərzi... Marina Svetayeva nə qədər haqlıdır: “Bizim ən doğru sözlərimiz seçdiyimiz intonasiyadır”. Görünür, insanların ona sərt, kompromissiz münasibətin sərgiləməsində bu amil daha çox rol oynayıb.

Məlum hadisədə Mətanəti qınayan insanları nə qədər haqlı sayıramsa, dünən ANS-in efirində onunla bağlı ayrıca süjet hazırlanmasını o qədər fürsətcillik, qeyri-səmimilik, peşə etikasına zidd sayıram.

ANS-in süjeti yanğında zərərçəkən insanlara mərhəmət hissindən, onların ağrısını bölüşməkdən çox, keçmiş əməkdaşı olmuş Mətanətlə haqq- hesab çürütməyə bənzəyirdi.

Bu aspektdən baxsaq, ANS-in süjeti ilə Mətanətin fikri arasında mahiyyətcə heç bir fərq yoxdur.

Hətta belə təsəvvür yaranır ki, ANS Mətanəti vurmaq üçün fürsət gözləyirmiş.

Süjetin müəllifi Ləman Əliəşrəfqızı deyir: “Şpaqat açdığı gün o, artıq milləti təhqir üçün ayaqyeri qoymuşdu. Hər halda, o vaxt bu şpaqat məsələsi uzun müzakirələrə və ciddi qınağa səbəb oldu. Bircə Mətanətin özü bunu təqdir etdi. Dedi əcəb edirəm, paxıllıq edirsiz mənə. Mən ilk dəfə onda məyus oldum. Əgər Mətanət intellektinə görə kolleqalarının ona paxıllıq etdiyini səsləndirsəydi, buna sevinərdim. Təəssüf. O, efirdə olduğu bu müddət ərzində intellektindən başqa hər şeyini sərgilədi. Axı sənin imkanın var ki, bu xalqı, bu milləti maarifləndirəsən, eybi yox, reytinq xatirinə verilişinin gözünə bir az şou, lap elə bir az şor da qat, amma lütfən şitlik, bayağılıq qatma”.

Məsələ, Mətanətin efirdə şpaqat açıb-açmamasında deyil. Məsələnin məntiqsiz tərəfi ATV-ni, Mətanəti bayağılıqda ittiham edən L.Ələşrəfqızının özünün də çalışdığı kanalda maarifləndirici proqramın olmamasında, reytinq xatirinə şou da, şor da, şitlik də qatan verilişlərin bolluğunda, intellekt kasadlığında, davranışlarına görə heç də Mətanətdən geri qalmayan aparıcılarının olmasındadır.

Dünən də ATV-nin əməkdaşı İlkin Həsəni Facebookda ANS-i şərəfsizlikdə ittiham edib: “Başa düşürəm, TV adlandırdığınız o konslagerinizdə bəzi işçilərinizin qədrini bilmədiz, onlar ATV-yə gəldi, hörmət, azadlıq və yüksək maaş gördü, amma hər iki kanal insan ölüməri üzərində manipulyasya edir,etməməli idiz! Bu gün siz, rəsmən ATV kanalına efir müharibəsi elan etdiz!”

Aparıcı həm də ictimai fiqurdur. İ.Həsəninin yazdığı statusdan da, ANS-in süjetindən də görünür ki, bu adamlar əhəmiyyətli ictimai fikir daşıyıcısı olmağa qadir deyillər, insan faciələri üzərində manipulyasiya edirlər, qlobal düşünə bilmirlər, sıravi vətəndaşdan uzaqdırlar. Onlar üçün merkantil kanal maraqları hər şeydən üstündür.

Faciəvi yanğın hadisələri zamanı sübut olundu ki, telekanallar informasiya ötürücüsü kimi birmənalı olaraq saytlara uduzur, onların ictimai yükü yoxdur. Çünki uzun illərdir üstünlük verdikləri şou konsepsiyası onların ekstremal vəziyyətdə operativ xəbər ötürmək kimi vacib keyfiyyətini şikəst edib.

# 1768 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #