Ərinin sevgilisi ilə birlikdə yaşamağına razı olan məşhur telejurnalist

Ərinin sevgilisi ilə birlikdə yaşamağına razı olan məşhur telejurnalist
3 mart 2018
# 09:00

Kulis.az “Əsl kino” layihəsində Pablo Traperonun “Klan” və Tomas Vinterberqin “Kommuna” filmlərini təqdim edir. Hər iki film 2015-ci ildə çəkilib.

Argentina rejissoru Traperonun “Klan” filmi Venesiya festivalının “Gümüş ayı” mükafatını alıb və İspaniyanın elm və kino sənəti akademiyasının “Qoyya” mükafatına layiq görülüb.

Süjet: Hadisələr 1980-ci illərin əvvəllərində Argentinada baş verir. Puççio ailəsi paytaxtdan aralıda, şəhər ətrafı qəsəbədə yaşayır. Qəsəbədə onları hamı ciddi, sadə ailə kimi tanıyır.

Bir neçə dükanı olan ailənin maddi vəziyyəti də normaldır. Amma heç kəsin ağlına gəlmir ki, Puççio ailəsinin başçısı Arximed (Gilyermo Franselya) əlavə qazanc əldə etmək üçün varlı adamları oğurlayaraq pul tələb edir. O, oğurladığı adamları zirzəmidə saxlayır. Bu işdə ona reqbi üzrə Argentina millisində oynayan oğlu Alehandro (Peter Lansani) və bir neçə dostu komək edir. Arvadı və qızı isə bu işdə vasitəçidir....

Demokratik hakimiyyət hərbi diktatura ilə əvəz olunandan sonra, məmur olmuş Arximed işsiz qalır, o, adam oğurlu ilə daha çox pul əldə etmək istəyir...

Puççio diktaturanı, zorakılığı simvolizə edən adamdır. Müəllif onun simasında diktaturanın mahiyyətini açır: rahatlıqla özünəbəraət verən qəddarlıq, tamahkarlıq.

Arximed özünü cəmiyyətdə təmkinli, sakit adam kimi təqdim edir, o sevgiylə, kiçik qızının dərsləriylə məşğul olur, hər yeməkdən əvvəl tanrıya dua edir. O, övladlarını cinayətinə əlbir etməyə onunla bəraət qazandırır ki, hər şey onların gələcəyi üçündür. Hətta müəllimə işləyən arvadı, incəsənətlə məşğul olan qızı özlərini inandırmağa çalışır ki, ata onların yaxşılığı üçün çalışır.

Müəllif filmdə gözlənildiyi kimi, qan, zorakılıq səhnələrindən çox yararlanmır. Əksinə o, uzun-uzadı məişət təsvirləri, ailə söhbətləri, ailə konfliktləri ilə cinayətkar ailənin mahiyyətini açır. O, paralel montajda- atanın zorakılğa məruz qoyduğu adamların və ailənin gündəlik yaşamının, zövqünün təsviri ilə əhvalatın təsirini gücləndirir.

Film real hadisələr əsasında çəkilib. Puççio ailəsi dörd adam oğurlayıb, onlardan üçünü qətlə yetirib. Ailənin böyük oğlu Alehandro məhkəmə binasının beşinci mərtəbəsindən özünü ataraq intihara cəhd edib. Amma sağ qalıb. O, ömürlük həbsə məhkum olunub. 2008-ci ildə həbsxanada ölüb.

Arximed isə ömürlük həbs cəzası alsa da, 23 ildən sonra şərti azadlığa buraxılıb. O, 2013-cü ildə, 84 yaşında vəfat edir.

Puççio ailəsinin qurbanlarının qohumları ssenarinin yazılmasında, bir sıra detlların yer almasında köməklik ediblər.

Pedro Almodovarın prodüseru olduğu film prokatda böyük boyük kassa yığıb.

***

Berlin kinofestivalında “Qızıl ayı” mükafatına nominant olan “Kommuna” filminin müəllifi Tomas Vinterberq (Lars fon Trierlə birgə) “Doqma 95” manifestinin müəlliflərindən biridir.

Süjet: Anna (Trine Dyurholm) Danimarkanın məşhur telejurnalistdir. Əri Erik (Ulrix Tomsen) isə memarqlıdan dərs deyir. Ailənin yeniyetmə qızı da var.

Anna Erikin ailəsindən qalan böyük bir villaya daşınmağı təkid edir. Amma Erik kommunal xərclərin çoxluğundan, daha kiçik evdə yaşamağa üstünlük verir. Anna təklif edir ki, yaxın dostlarına villada onlarla birlikdə yaşamağı təklif eləsinlər, hər kəs də öz kommunal xərcini ödəsin.

Cütlük bir neçə yaxın dostuyla birlikdə yaşamağa başlayır. Onlar ümumi qaydalar təyin edir, birlikdə yemək yeyir, əylənir, çimir.

Sonra Erik öz tələbəsinə vurulur. Arvadı ərinə təklif edir ki, sevgilisi də onlarla birlikdə yaşasın...

Filmdə hadisələr 1970-ci illəri əhatə etməsinə baxmayaraq, “Kommuna” bu gün üçün daha aktualdır. O mənada ki, film ailə ənənələrinin zəifləməsinə, meqapolislərdə insanların tənhalalığına bir növ etirazdır.

Amma kommuna çıxış yoludurmu?

Anna monoton həyatından yorulduğu üçün, birlikdə yaşayışı təklif edir. Amma son nəticədə, eskperimenti onun öz əleyhinə işləyir, mənəvi böhrana soxur. Və o evi tərk edir.

“Kommuna” göstərdi ki, ideal yaşam modeli mövcud deyil, hər şeyin pis və yaxşı tərəfləri var.

Maraqlı burasıdır ki, film rejissorun şəxsi təcrübəsinə əsaslanır. O, valideynləri ilə birlikdə kommunal evdə yaşayıb. Evin sakinləri əsasən intellektuallar olub. O illəri xiffətlə xatırlayan rejissorun sözlərinə görə, kommunada yaşayan adamların çoxu indi faciəvi şəkildə tənhadılar...

Ərindən gizli abort etdirən yazıçı arvadı – “Əsl kino”

Sallaqxanada eşq macərası – “Əsl kino”

Üzü əməliyyatla dəyişən yəhudi müğənninin əri ilə oyunu

# 2385 dəfə oxunub

Müəllifin son yazıları

# # #