“Maşın almadım, film çəkdim” - MÜSAHİBƏ

“Maşın almadım, film çəkdim” - <span style="color:red;">MÜSAHİBƏ
28 fevral 2017
# 15:15

Kulis.az bu yaxında premyerası olmuş “Ər quyusu” filminin rejissoru Səidə Haqverdiyeva ilə müsahibəni təqdim edir.

- Səidə, filmi öz maliyyənlə, sponsorsuz-filansız çəkmisən. Bizdə arzulanan kino bazarı formalaşmayıb, filmlərin gəlir gətirməsi çətindir. Amma bununla belə sən bu riski gözə aldın.

- Mənim belə bir qorxum yoxdur. Əvvəla filmə az məbləğ xərclənib. İkincisi, mənim bu filmdən əsas gözləntim pul deyil. Mənim üçün əsas olan təcrübə qazanmaq idi. Düzdür, bu filmdən hər hansı qazancım olsa, növbəti filmin çəkilişinə başlayardım, əks halda bir müddət yeni film üçün pul yığmalı olacam. Sevda, sən bilirsən də bu filmi çəkməmişdən əvvəl pul yığırdım ki, özümə avtomobil alım, ya da Avropaya səyahətə gedim. Çox istəyirdim ki, Fransanı, İtaliyanı gəzim. Keçən ilin may ayında yoldaşım mənə dedi ki, bu il evliliyimizin beş ilidir. Özün seçim elə, yığdığın pulun üstünü də düzəldim, ya sənə maşın alım, ya qardaşımın yanına İngiltərəyə göndərim, get, gəz, ya da istədiyin qısa metrajlı filmini çək. Mən tərəddüd eləmədən filmi seçdim və seçdiyimə də peşman deyiləm.

- Vaxtaşırı saytlarda hekayələrin çıxır, bir neçə kitab müəllifisən. Bəs niyə birdən-birə kino sahəsinə maraq göstərdin?

- Film çəkmək mənim coxdankı arzum olub. Amma bilirdim ki, bu, o qədər də asan deyil. Çünki bunun üçün yaxşı ssenari, yaxşı texnika və yaxşı pul lazımdır. Təcrübə də öz yerində. Bir-iki tanınmış rejissorla danışdım, yanlarında assistentlik etmək istəyirdim ki, film çəkməyi öyrənim, amma alınmadı. Mən də qərara gəldim ki, özüm çəkim. Çəkə-çəkə öyrənəcəm. Düz fikirləşmişəm. Bu film mənim üçün əhəmiyyətli təcrübə oldu.

- Filmdə əhvalat kənddə baş verir, 1990-cı illərdə. Müzakirəsi bitməyən aktual mövzuya toxunmusan: qarımış qızlar, onların seçim imkanının olmaması, ailədəki basqı...

- Dediyin problem bu gün də var. Bu problem olub, belə görünur olacaq da. Qızların erkən nikaha girməsi, bir az yaşı ötmüş qızların istənilməməsi və ailələrdə bununla bağlı yaranmış problemlər... Bəzi kəndlərdə iyirmi yaşlı qızlara deyirlər ki, yaşı ötüb alan olmadı. Belə ailələr var ki, qızlarını oxutmaq, təhsildə dəstək vermək, ayaqda qalmaları üçün yardım eləmək əvəzinə düşünürlər ki, kim olursa-olsun ərə verim. Bilmirəm bunun səbəbi nədi?! Ya valideyn qız uşağının məsuliyyətinin böyük olduğunu düşünüb tez bir zamanda bu məsuliyyətdən canını qurtarmaq - ərə vermək - istəyir. Ər üçün namizəd olan bu oğlan kimdir, nə işlə məşğuldur? Valideyn üçün maraqlı deyil bu. Əsas odur ki, ərdir. Qızını verəcək və yükü azalacaq. “Yükü azalacaq” deyirəm, çünki bəzi valideynlər qız uşağına yük kimi baxırlar, qızların yaşının üstünə yaş gəldikcə evdə vəziyyət gərginləşir... Ata-ana durmadan şikayət edir, deyinir, dərd çəkirlər... belə olanda qızlara qarşı psixoloji təsir göstərirlər... Qızların sonrakı taleyi valideyn üçün maraqlı deyil sanki. Valideyn belə davrandıqca qızlar da özünü ata evində yük hesab edir. Onlar da durmadan ancaq ər haqqında düşünürlər. Kim olur-olsun ərə getmək lazımdır. Bunun bir səbəbi də yəqin ki, xüsusən əyalətdə yaşayan qızların seçim imkanının olmamasıdır.

- Ard-arda kommersiya filmləri çəkilir. Yanılmıramsa, ilk kommersiya filmidir ki, qəhrəman qadındır, daha doğrusu qadınlar... Milli kinoda qadın mövzusu demək olar ki, işlənilmir. Sən həm də bu boşluğu aradan qaldırmaq istəyirsən? Yoxsa qadın olduğun üçün öz həmcinslərini daha yaxından duyduğun üçün qəhrəmanların məhz qadınlardır?

- Düşünürəm ki, kişi də olsaydım qadın mövzusunda işləyərdim. Dünya kinosunda da qadın təbiətinin ən yaxşı araşdırıcıları kişilərdir. Ümumiyyətlə, milli kinoda qadın təbiəti, qadının daxili dünyası, düşüncələrini aça bilən filmlər çox deyil, hətta bəlkə barmaqla sayılacaq qədərdir. Yəni kişimərkəzçi filmlər daha çoxdur. Sanki ailədə olduğu kimi filmlərimizdə də qadını ikinci plana atıblar. Qadın olduğuma görə demirəm, amma qadınları kişilərdən daha maraqlı hesab edirəm və çox daha dərindən hiss edə bilirəm. Fərqi yoxdur, o qadın necədir, səmimidir, riyakardır, despotdur, ya necə deyim, kişinin köləsidir. Bütün qadın tipləri, onların gizli dünyası mənə maraqlıdır. Bir söz deyim bundan sonra da çəkdiyim bütün filmlərdə ancaq qadın mövzusuna toxunacam.

- Janrına görə film komediyadır, amma komik vəziyyətlərdə daha çox dramatiklik, faciə elementləri vardı. Bu, spontan alınıb, yoxsa məqsədli şəkildə eləmsən?

- Əslində komediya janrı mənə uzaqdır. Bilirsən, bəzən elə kədərli məqamlar olur ki, sənin faciən kənardan baxanlar üçün gülməli görünür. Mənim yaratmaq istədiyim qəhrəman evdə qalmış qoçaq, əxlaqlı, sadəlövh bir kənd qızıdır. Bu kənd qızının həyatı çox kədərlidir. Onun ərə getmək istəyi kiməsə komik gələ bilər. Amma onun gerçəkliyində, yaşadığı şərtlərdə bu, ciddi problemdir, və bayaq dediyim kimi seçim imkanı yoxdur. Təəssüf ki, elə bir dövrdə yaşayırıq ki, heç kimin dərdi bizi maraqlandırmır. Biz kədərlənmək istəmirik. Biz gülmək istəyirik. Amma mənim əsas məqsədim güldürmək deyildi, problemin mahiyyətinə toxunmaq idi. Sadəcə, mən qəhrəmanımın vəziyyətini tragikomik göstərməyi daha uyğun hesab elədim.

- “Ər quyusu” ilk kino təcrübəndir. Kənardan yardım almadan rejissor kimi özünü sınamaq cəsarət tələb edir.

- Mən istəyərdim ki, hansısa rejissordan öyrənim. Amma qismət olmadı. Bəlkə də burda bir xeyir var. Filmin quruluşçu operatoru Rəşad Qarayev bir çox filmlərdə işləyib. Bu filmin çəkilişi vaxtı mən nə istədiyimi ona deyirdim. O da çalışırdı ki, mənə kömək etsin. Sözümün canı odur ki, bu işdə o mənə kömək elədi. Filmi çəkəndə düşündüm ki, bilmədiklərimi öyrənmək üçün mütləq xaricə getməliyəm... Yəqin mart ayında Rusiyaya, aprel ayının sonlarına yaxın təcrübə almaq üçün isə Tehrana gedərəm.

- Rejissorlar müstəqil filmin çəkilməsi üçün böyük maliyyə lazım olduğunu deyirlər. Artıq bir film müəllifi kimi bununla bağlı sənin fikrin nədir? Müstəqil film çəkmək üçün nə tələb olunur?

- Film çəkmək üçün birinci yaxşı bir hekayəni beynində yaratmalısan, qəhrəmanları tapmalısan, üstəlik, yaxşı tanımalısan və o qəhrəmanlar bizim içimizdən biri olmalıdı. Rejissor qəhrəmanlarını sevməli, onlara güvənməli, etibar etməlidir ki, çıxacaqları yolda ümidləri suya düşməsin. Çəkəcəyin mövzunu yaxşı bilməlisən. Ən əsası gördüyün işə sevgi ilə yanaşmalısan. Əgər sevgi, məqsəd varsa, səni narahat edən hekayəni nəyin bahasına olursa-olsun danışmaq ehtiyacını hiss edirsənsə, onu ifadə etməyin bir yolunu tapacaqsan.

- Maraqlıdır, sən özün kənardan tamaşaçı kimi öz filmində hansı qüsurları gördün?

- Bu, mənim ilk işimdir. Əlbəttə qüsurlarım çoxdur. Onların nə olduğunu dəqiq bilirəm, amma sadalamaq istəmirəm. Çalışacam ki, səhvlərim üzərində öyrənim.

- Çəkilişlər harda oldu, neçə gün davam elədi, aktyorlara işi necə qurdun, ən çox çətinliyin nədə oldu və nələri daha asan adladın?

- Çəkilişlər beş gün davam elədi. Bakı, Şamaxı, Cəlilabad və Tərtərdə olduq. Aktyorların işinə gəlincə, müəyyən mənada çətinliklərim oldu, xüsusilə ləhcə məsələsində. Bir də aktyorların çoxu şəhərli olduğuna görə kənd həyatı onlara yad idi. Başqa xüsusi çətinliyim olmadı. Bilirsiniz ki, film komanda işidir. Biz çox yaxşı komanda idik. İstər yaradıcı heyət, istərsə də texniki heyət olsun, bir birimizi dinləyirdik. Yəqin elə bunun nəticəsidir ki, filmi beş günə çəkdik.

- Filmdə ən tanınmış sima Ülviyyə Əliyevadır. Digərləri o qədər də tanınmır. Amma adətən kommersiya filmlərində uğuru təmin etmək üçün populyar aktyorlardan istifadə edirlər. Sən niyə bu yolu getmədin?

- Ülviyyə Əliyeva kifayət qədər təcrübəli və istedadlı aktrisadır. Həm də mənim yaxın rəfiqəmdir. Film çəkmək istədiyimi ona deyəndə məni dəstəkləyən birinci adamlardan olub. Mənə tanınmışlardan çox peşəkarlarla işləmək lazım idi. Və mənim çəkdiyim filmdə aktyorların hər biri kifayət qədər istedadlı və təcrübəlidirlər. Tanınmışlara gəlincə, mənim bu filmdən əsas niyyətim pul qazanmaq olmayıb. İnan səmimiyyətimə. Təbii, filmdən pul da qazanmaq lazımdır. Amma mən hər şeydən əvvəl kinonu sevirəm.

- Hazırda Peterburqda təhsil alırsan. Ordakı təhsil təcrübəni bizimlə bölüºməyini istərdim.

- Sankt- Peterburq Dövlət İncəsənət İnstitutunda təhsil alıram. İkinci kursda oxuyuram. Müəllimlərim incəsənət sahəsində kifayət qədər tanınmış pedaqoqlardır. Yəqin ki, mart ayının ortalarında Peterburqa yenidən gedəcəm. Təcrübə üçün. Ordan maraqlı təkliflər almışam.

- Növbəti filmə hazırlaşırsanmı, hansı problemləri qabartmaq istəyirsən? Yəqin ki, qəhrəmanlar yenə qadın olacaq?

- İmkan olsa may ayında qısametrajlı film çəkəcəm. Gələn ildə isə tammetrajlı bir filimin çəkilişlərini planlaşdırıram. Filimin ssenarisi artıq hazırdır. Aktyorlarla da danışmışam. Qəhrəmanlarım kimlərdi, hələlik sirr olaraq qalsın. Söz verirəm birinci sənə deyəcəm.

- Hansı rejissorları izləyirsən öyrənmək üçün?

- Ümumiyyətlə, çox film izləyirəm. Son vaxtlar ən çox İranın istehsal etdiyi filmlərə baxıram. Elə bir konkret film rejissoru yoxdur ki, mən yalnız onu izləyim. İranın məşhur qadın rejissorlarından biri Təhminə Milani ilə dərindən maraqlanıram. Bir neçə gün öncə Tehrana getmişdim xanım Milaniylə tanış olmaq üçün. Görüşdüm, söhbət elədik. Öz filmlərindən ibarət disk və kitabını hədiyyə elədi mənə... Düşünürəm bu görüşümüzün yaxşı nəticələri olacaq...

- Rejissorlar ssenari problemindən şikayətlənirlər. Sənin belə problemin varmı?

- Bilirsən, mən özüm hekayə və povestlər yazıram. Öz yazdığım ssenariləri işləmək istəyirəm.

# 2455 dəfə oxunub

Müəllifin son yazıları

# # #