Xərçəng xəstəsi olan arvadını xilas edən bakılı

Xərçəng xəstəsi olan arvadını xilas edən bakılı
14 dekabr 2013
# 08:30

“Köhnə Bakı ölməyib”

Adam kadra girib yerini rahatlayır, birbaşa kameraya baxır, tamaşaçıyla interaktivliyə cəhd edir. Sanki danışacağı əhvalatın hazırlığına başlayır.

Söhbət “İçərişəhər” Tarix-Memarlıq Qoruğu idarəsi və “Nar Mobile” mobil operatorunun dəstəyi ilə çəkilən “Üç tarix” kino almanaxından gedir.

Almanaxa artıq adından bilindiyi kimi 3 qısa film daxildir.

Girişdə yazdığım abzas rejissor Murad Əbiyevin “Köhnə Bakı ölməyib” novellasındandır.

Film arvadını itirən, monoton həyat yaşayan kişinin (Vidadi Həsənov) əhvalatını göstərir.

O, səhər oyanır, yeyir-içir, çimir, küçəyə baxır, İçəri şəhərin küçələrini dolaşır, xatirələrə dalır, dükana alış-verişə gedir.

Günlərin birində evində hardansa qəribə məxluq (Şövqi Hüseynov) peyda olur. Onlar söhbətləşir, mübahisə edir və bu qəribə məxluq qəhrəmanın daxili senzurasının sədd çəkdiyi istəklərini dilə gətirir. Əhvalat onunla bitir ki, çağırılmamış qonaq ev sahibinə arvadının şkafını satmağı və xatirələrdən xilas olmağı təklif edir.

Qəhrəman keçmişin, köhnə Bakının ritmi ilə yaşayır. Müasir həyat onun üçün mövcud deyil.

Qəribə məxluq onu keçmişindən ayırıb indiki zamanın ritminə kökləmək istəyir.

Rejissor tamaşaçıya hazır məhsul təklif etmir, yozumlar üçün açıq yerlər saxlayır.

Məsələn, biz qəhrəmanın sonda hansı seçimi etməsini aydınlaşdırmırıq.

Yaxud, qəribə məxluqu onun özünə etiraf edə bilmədiklərini deyən digər “mən”i kimi qəbul etmək də olar.

Və ya son kadrlardan birində Qız Qalasının yanında təmir işlərinin aparıldığı görünür. Bu kadra qədim tikilinin dəyişilməsi, yeniləşməsi kontekstində baxsaq “Köhnə Bakı ölməyib” adı qətiyyətli yox, nəsə qırılmış ümid kimi səslənir. Və ya hər cür dəyişiklik cəhdlərinə rəğmən o ruhunu saxlayacaq, təslim olmayacaq anlamına da gələ bilər.

Əhvalatın əvvəlində ara-sıra ekrana gələn dolu masanın sonrakı kadrlarda getdikcə boşalması keçmişlə əlaqələrinin qırılması kimi yozmaq mümkündür.

İlk kadrda qəhrəmanın yerini rahatlaması, balaca məkanda özünə yer tapmaq istəyi də onun keçmişlə çağdaşlıq arasındakı seçim tərəddüdlərindən xəbər verir.

Doğrusu, mənə əhvalatın məğzindən çox kinematoqrafik yanları cəlbedici gəldi.

İçəri şəhərin asketik əhval-ruhiyyəli təsvirləri qəhrəmanın səssiz, boz həyatı ilə orqanikləşir.

M. Əbiyev bir neçə yerdə qodarsayağı fənddən istifadə etsə də, onu imitasiya etməyib, əksinə, belə demək mümkünüsə, yeniləyib. Ümumi planda qəhrəmanın dükana girməsi göstərilir, həmin kadrın küncündə problemlərini danışan (və biz onun telefonla danışdığını güman edirik) adamın bədəninin bir hissəsi görünür. Kamera tədricən ona tuşlananda adamın telefonla yox, kameraya baxaraq əslində tamaşaçıya dərdini anlatdığını görürük. Və məhz elə ilk dəfə Vidadi Həsənovun filmdəki obrazının adının Ağarəhim olduğunu da ondan öyrənirik.

Xatırladım ki, Qodarın “Bildiyim bir neçə şey” filmində dükanda, küçədə, kafedə müxtəlif adamlar üzünü kameraya tutub öz qayğılarını, düşüncələrini bölüşür.

Bəzi yerlərdə adama ilk baxışda elə gəlir ki, kadrların davamı, personajın nəqli qırılır. Bilərəkdən edilmiş “qırılmalar” filmin kompozisiyasının bütövlüyünə xidmət edir.

“Yara”

İkinci film Teymur Hacıyevin “Yara” novellasıdır.

Bu, nuar stilinin istifadə olunduğu, road movie janrında çəkilmiş filmdir.

Gənc oğlan (Elmar İmanov) və yaşlı kişi (Şamil Süleymanov) yola çıxırlar. Film boyu onlar arasında atalar və oğullar, gənc və yaşlı nəsil arasındakı ənənəvi söhbət-mübahisə gedir.

Finalda gənc yaşlı kişini qətlə yetirir.

Rejissor tamaşaçını şübhələr içində saxlayır, təfərrüatları açıqlamır.

Bircə onu bilirik ki, əvvəldə Rasim Cəfərin oynadığı personaj hansısa sifariş üçün tanışına pul verir. Belə nəticə çıxır ki, onun sifarişi yaşlı kişinin qətlə yetirilməsi ilə bağlıdır.

Növbəti səhnədə isə artıq maşınla yola çıxan kişi və gənc oğlanı görürük.

Kamera bir neçə dəfə gəncin sarğılı əlinə tuşlanır.

Təbii ki, filmin adındakı “Yara” sözü heç də fiziki yaraya eyham vurmur, sarğılı əl bir-birini tanımayan, gizlinləri örtülü qalan iki adamın qəlbindəki yaralara işarədir.

Novella daha çox simvolik, dəyərlərin dəyişməsi kontekstində ata-oğul, keçmiş-müasirlik qarşıdurması kimi yozula bilər.

Hərçənd, dialoqlar daha tutarlı işlənə və ya çox az dialoqla da personajların xarakteri açıla bilərdi.

“Tanrıya məktub”

Nəhayət sonuncu, Mariya İbrahimovanın “Tanrıya məktub” filmidir. Əhvalat çox maraqlı başlayır. Xərçəng xəstəliyi olduğunu öyrənən təqaüdçü kişi (Yuri Baliev) əlacsızlıqdan Tanrıya məktub yazır.

Günlərin birində “Tanrı” (Rafik Əliyev) ona zəng edir və onlar arasında yarıciddi, yarıyumorlu söhbət gedir.

Sorğu-sualdan sonra “Tanrı” onun ömrünü uzatmağa qərar verir. İnam qocanı sağaldır. Sonda rejissor göstərir ki, “Tanri” insanlarla ümid verən adi poçtalyondur.

Əhvalatı absurd, qara yumora çevirmək üçün çox imkanlar olsa da, təəssüf ki, rejissor bundan yararlanmayıb.

“Tanrı” obrazının konkretləşdirilməsi, onu “yer adamı”na çevrilməsi, məntiqləşdirilməsi, gərəksiz poetika əhvalatı primitivləşdirir. Məkan seçimi, maraqlı planlar filmin üstün tərəflərindəndir.

Ümumən isə, ilk iki novellada operator işi çox səliqəli idi. Hətta imkanım olsaydı, Vudi Allenin qəhrəmanı kimi ekrana girib kameramanlara “bu qədər düzənli olub, canımızı sıxmayın, bizi darıxdırmayın, qaydaları pozun” deyərdim.

# 5759 dəfə oxunub

Müəllifin son yazıları

# # #