Çəkməçiliklə məşğul olan məşhur aktyor

Çəkməçiliklə məşğul olan məşhur aktyor
24 mart 2016
# 10:00

Baxmayaraq ki, onun yaradıcılığında oynadığı rolların sayı heç otuza çatmır, amma o, müasir kinonun dahi aktyorlarından biri sayılır. Deniel Dey Lyuis Stanislavski sistemi ilə işləyir, onun aktyorluq metodları bəzən sağlamlığına təsir edir. O, film layihələrinin seçimində həddən artıq diqqətlidir və adətən iki-üç ildən bir çəkilir. Əcaibliyinə görə ona “qəribə adam” deyirlər.

Kino tarixində üç dəfə Oskara layiq görülən yeganə aktyor Deniel Dey Lyuis 1957-ci ildə Londonda doğulub.

İngilis elitasına aid olan atası, irland Sesil dey Lyuis şair, anası milliyyətcə yəhudi olan aktrisa Cill Belkondur.

Ona ailədə ən yaxşı maneraları, davranış qaydalarını öyrətsələr də, Dey Lyuis ipə-sapa yatmır, qaydalara qarşı gedir, xuilqanlıq edir, marketlərdən oğurluq edirdi.

Valideynləri onu internata verməyə məcbur oldular. Məktəbə nifrət edən Dey Lyuis ancaq ağacdan əşyalar düzəltməklə və aktyorluqla maraqlanır.

Uşaqlıqda ona təsir edən ilk film, müəllif kinosunun nüfuzlu nümayəndələrindən biri Ken Loaçın “Kes” filmi olub.

O, tezliklə anlayır ki, onun həvəsi aktyorluğadır və Şekspir teatrına daxil olur.

Rejissor Con Şlezinger “Qanlı bazar günü” filmində xuliqan roluna aktyor tapmaq üçün London ətrafına gedir və burda ona Dey Lyuisi məsləhət görürlər.

Teatrdakı uğurlarına baxmayaraq, o, gözlənilmədən teatrı atır və ağac oyması ilə məşğul olur. Bu, onun atasının ölümündən sonra baş verir.

O, bir neçə ildən sonra sənətə qayıdır.

Kino onu aktyor kimi 28 yaşında, eyni ildə çəkildiyi iki filmdəki rollarına görə kəşf elədi. Mütəxəssislər Dey Lyuisdən “ilin kəşfi” kimi danışmağa başladılar və öz nəslinin ən ümidverici, potensialı geniş aktyor kimi dəyərləndirdilər.

Söhbət onun “Mənzərəli otaq” tarixi filmində oynadığı zabitəli aristokrat, məşhur rejissor Stiven Frirzin “Mənim gözəl camaşırxanam” lentində isə bu rola tamamilə əks olan xuliqan gey obrazından gedir.

Milan Kunderanın “Varoluşun dözülməz yüngüllüyü” romanı əsasında Filip Kaufmanın ekranlaşdırdığı eyni adlı filmdə baş rolu oynayan Dey Lyuis yenidən diqqət mərkəzinə gəldi.

Dey Lyuisə triumfu 1989-cu ildə Cim Şeridanın ekranlaşdırdığı “Mənim sol ayağım” filmi gətirdi. Real hadisələr əsasında çəkilən filmdə o, serebral iflic xəstəsi olan Kristi Braunu oynayır. Rola hazırlıq zamanı Del Lyuis əlillər üçün reabilitasiya mərkəzinin yaxınlığında ev kirayələyir, bir neçə ay əlilləri müşahidə edir, burda fiziki məhdudiyyəti olan adamlarla ünsiyyət qurur, dostlaşır. Obrazın hissini tam yaşamaq üçün sol ayağı ilə çəkməyi öyrənir və yalnız əlil arabasında hərəkət edir.

Dey Lyuis roluna o qədər alışmışdı ki, hətta çəkilişdən kənarda belə obrazdan çıxmırdı.

Bu roluna görə o, ilk Oskarını qazanır.

Üç illik pauzadan sonra o, “Mogikanlardan sonuncusu” filmi ilə kinoya qayıdır. Ovçu rolunu oynamaq üçün əhəmiyyətli dərəcədə əzələ yığır və qəhrəmanı kimi ilanın, tülkünün hesabına yaşamağa başlayır. Bundan başqa çəkiliş müddətində obrazda qalmaq üçün tüfənglə gəzir və heyvanları dərisindən çıxarmağı öyrənir.

Filmi mütəxəssislər yüksək qiymətləndirdi.

Martin Skorseze “Məsumluq epoxası” filmində baş rolda ancaq Dey Lyuisi görürdü. Çəkilişə iki ay qalmış hazırlıq müddətində o, XIX əsr aristokrat qiyafətində, silindrdə, əl ağacı ilə gəzir.

1993-cü ildə o, yenidən Şeridanla işləyir və onun “Ata naminə” filmində oynayır.

Real hadisələr əsasında çəkilmiş filmdə o, günahsız tutulan, terror aktında ittiham edilən irland Cerri Konlonu oynayır. Çəkiliş vaxtı irland aksenti ilə danışır, çəkilişdən kənarda isə həbsxana kamerasında vaxt keçirir, təkid edirdi ki, çəkiliş qrupu onu təhqir eləsin və soyuq su ilə islatsın.

Bu roluna görə o, yenidən Oskara nominantlar sırasına düşür.

1997-ci ildə Cim Şeridanın ”Boksçu” filmindən sonra o, elan etdi ki, kinoda deməyə daha sözü yoxdu. Dörd il o, irland rançosunda atlarla məşğul olur və mebel hazırlayır.

Deyilənə görə Skorseze və Leonardo di Kaprio onu “Nyu York bandaları” filmində oynamağa razı salmaq üçün çox dil töküblər. Nəhayət, psixopat-qəssab roluna razılaşan Dey Lyuis səylə bu rola hazırlaşır - o, uzun müddət Londonun ət dükanlarından birində qəssab işləyir. Eyni zamanda rolunun təbii alınması üçün isti geyimdən imtina edir, sətəlcəm olur, amma tibbi yardımdan imtina edərək filmə xəstə çəkilir. Di Kaprio etiraf edirdi ki, onunla eyni səhnədə oynamaqdan çəkinirmiş və indiyə kimi də Dey Lyuisdən ehtiyat etdiyini deyir. Bu rolu mütəxəssislər bütün zamanların ən yaxşı oyunlardan biri kimi dəyərləndirdilər.

Dey Lyuis yenə kinodan yorulduğunu deyir və özünün həmişə maraq göstərdiyi işə - ağac emalına qayıdır. İtaliyada məskunlaşan aktyor eyni zamanda ayaqqabı peşəsi ilə maraqlanır və çəkməçiliklə pul qazanır. Hətta onun yaşadığı yer uzun müddət çoxuna naməlum qalmışdı.

Pol Tomas Andersonun 2007-ci ildə çəkdiyi “Neft” filmindəki rolu isə onun aktyorluq ustalığının zirvəsi sayılır. Tamahkar neft sahibkarı roluna o, iki il hazırlaşıb, neft hasilatı tarixini öyrənib. Bu rolu ona ikinci Oskarı gətirdi.

2012-ci ildə isə Stiven Spilberqin “Linkoln” lentində baş rolu oynayır və üçüncü Oskarını qazanır.

2013- cü il “Time” jurnalı onu dünyanın ən nüfuzlu adamları siyahısına salıb.

Dey Lyuis asosial həyat tərzi sürür, nadir hallarda müsahibə verir, publikadan qaçır.

O, deyir: “Mən bir neçə dəfə özümə və yaxınlarıma demişəm ki, daha kinoda çəkilməyəcəm. Amma hər dəfə də qayıdıram, oynayıram və mənə yenidən “Ən yaxşı kişi” roluna görə səfeh heykəlcikləri, mükafatları verirlər. Amma mən heç vaxt kinoya “Oskar almaq üçün oynayım” fikrilə qayıtmamışam. Bu, mənlik deyil”.

Teatrda da oynayan Dey Lyuis “Hamlet” tamaşasının ortasında birdən-birə ortadan yox olub. Kulisdə onun “Mən daha bacarmıram” çığırtısı eşidilir. Məlum olur ki, o, rola həddən artıq yüklənib. Və ona elə gəlib ki, Hamletin atasının kölgəsi ilə yox, öz atası ilə danışır.

Bu haqda aktyor deyir: “Hamleti oynayanda teatrda, tamaşanın ortasından getdim. Başqasının həyatını dərki üçün mümkün olan hər şeyi edirsən, amma bu prosesdə həyat özü səni tapır və müştərək təcrübəniz olur. Müvəqqəti olaraq başqa adam olmaq sərsəmlik deyil, amma sən doğrudan da özünü yeni şəkildə, özgəsinin həyatının prizmasından dərk edirsən. Ona görə əlbəttə ki, hansısa mənada ölmüş atamla ünsiyyətdə oldum. Amma kabusu ilə yox”.

Bundan sonra o, iki il görünmədi, ancaq sevgilisi, fransız aktrisası İzabel Adcani ilə danışırdı. İzabel Adcani ilə vətəndaş nikahından aktyorun bir oğlu doğulub.

Hazırda o, dramaturq Artur Millerin qızı Rebeka ilə evlidir, nikahdan onların iki övladı var.

Həyat yoldaşı onu “Cek və Rouz haqda ballada” filminə çəkəndə hətta evdə oğulları da ondan qorxmağa başladı. O, yenidən çılğına dönmüşdü, ailəsindən ayrılaraq, damda yaşayırdı ki, özünü hippi kimi hiss eləsin.

Culiya Roberts “Ən yaxın dostumun toyu” filmində partnyor kimi onu görmək istəyib.

“Üzüklərin hökmdarı”nda təklif olunan Araqorn rolundan üç dəfə imtina edib. Mel Gibsonun “İsa Məsihin əzabları” filmində isə İsanı oynamaq istəyib. Hətta buna görə saç-saqqalını uzadıb. Amma Gibson onun zahirini çox avropasayağı hesab edib.

Dey Lyuisin fikirlərindən:

"Səfeh olmaq ideyası mənim xoşuma gəlmir, amma zamanla başa düşdüm ki, bu, bəzən sadəcə qaçılmazdır”

"Səs – xarakterin dərin və intim təsviridir”.

"Əgər ssenarini oxuyanda özünü narahat hiss edirsənsə, bu o deməkdir ki, sən onu sadəcə oxumadın- həm də ona doğru yoldasan” .

"Təəssüf ki, atam öldü və uğurlarımı görmədi. Çünki o, həmişə mənə görə üzr istəməli olurdu”.

"Mənim zamanla qeyri-adi münasibətim var. Onun getdiyini hiss eləmirəm. Mənə elə gəlmir ki, öz vaxımı itirirəm”.

"Özümü dinləməyəndə praktiki olaraq həmişə yanılmışam”.

"Mən diqqətimi kinoya yönəldəndə, anam şad idi ki, nəhayət, heç olmasa nəyəsə fikrimi cəmlədim”.

"Mənim üçün otaqda çox qalmaq çətindir. Bir qayda olaraq bir saat dözürəm, sonra çıxıram”.

"Filmlər məni tez-tez əldən salır, hiss edirəm ki, artıq çəkilmək istəmirəm, amma həmişə özümdə yeni güc tapdığıma təəccüblənirəm”.

"Rolu almaq istəyəndə mən döyüşçüyə çevrilirəm".

"Ev həyatına nifrət edirəm”.

“Aktyorlar müsahibə verməməlidirlər. Siz biləndə ki, aktyorun corabı hansı rəngdədir, onda növbəti dəfə onu ekranda görəndə dərhal corabı xatırlayacaqsız”.

“Mən yeni çəkilişi bitirən kimi, növbəti filmdə çəkilmirəm. Çünki bu halda aktyor kimi sən özündən gələn nə təklif edə bilərsən? Və bunu ancaq real dünyaya qayıdaraq tapmaq olar. İnsanlarla ünsiyyətdə olmaq, oxumaq, musiqi dinləmək – istər-istəməz özünü qidalandırmalısan. Və yalnız bundan sonra yeni nəsə təklif eləmək üçün özündə potensial tapa bilərsən”.

“Həyat filmlərdən vacibdir. Qəhrəmanlarımda gördüklərimi birinci həyatda görməyə çalışıram”.

# 1256 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #