Fəxrəddin Manafov baş rola niyə çəkilmədi? – "Fəryad" filminin kadr arxası

Fəxrəddin Manafov baş rola niyə çəkilmədi? – "Fəryad" filminin kadr arxası
5 mart 2024
# 17:00

Bu gün rejissor, aktyor Ceyhun Mirzəyevin anım günüdür.

Kulis.az Ceyhun Mirzəyevin 1993-cü ildə çəkdiyi “Fəryad” filmi haqqında Sevda Sultanovanın təhlilini təqdim edir.

Hadisələr 1990-cı illərin əvvəli Birinci Qarabağ müharibəsi dövründə baş verir. Filmin qəhrəmanı İsmayıl (Ceyhun Mirzəyev) batalyon komandiridir. O, döyüşlərdən birində ermənilər tərəfindən əsir götürülür, işgəncələrə məruz qalır və Xankəndində bir erməni ailəsinin evində saxlanılır. Çünki ailə başçısı Xoren (Fərəc Fərəcov) Azərbaycan hərbçilərinə əsir düşüb. Və onlar fürsət düşən kimi İsmayılı onunla dəyişməyi planlaşdırırlar...

Öncə deyim ki, bu günlərdə “Fəryad” filmini yenidən izləyəndə, ona istər-istəməz kinotənqidçi gözündən çox, emosoinal planda baxdım. Filmdə bir neçə bölgəmizin ermənilər tərəfindən işğal olunmasının bayram edildiyi səhnələr yer alır və indi cəbhədən gələn şad xəbərlərin fonunda həmin səhnələrə baxmaq yaxşı mənada xüsusi həyəcan, emosiya verir...

Filmə gəlincə, indiyədək “Fəryad”ı baxımlı və əhəmiyyətli edən burada vətənpərvərlik didaktikasının, ritorik dialoqların yoxluğu, düşmən obrazının bayağı verilməməsi, insan faktorunun ön plana çıxarılmasıdır. Daha vacibi odur ki, müəllifin yanaşmasında şəxsi iztirabı duyulur. Ki, məhz bu keyfiyyət indiyədək lentə alınmış Qarabağ haqda filmlərin çoxunda çatmır.

“Fəryad” doğrudan da Ceyhun Mirzəyevin şəxsi faciəsi idi. O, Ağdamın Abdal-Gülablı kəndində anadan olmuşdu, müharibəni, torpaqların işğalını çox ağır yaşayırdı. Vaqif Mustafayevin real hadisə əsasında yazdığı ssenariyə çəkdiyi filmi onun ağrılarının sublimasiyası kimi də qəbul etmək olar. Yaxud belə demək olar: “Fəryad” Ceyhun Mirzəyevin bir növ qisas aktı idi və bu filmlə ağrılarını ovundurmağı, üstəlik, qəhrəmanı ilə oz obrazı arasında emosional məsafə saxlamaması, yaşantılarını gerçəklik kimi yaşaması hər kadrda duyulur. C. Mirzəyevin ürəyi xəstə olsa da, döyülmə səhnələrində kaskadyorla əvəz olunmasına icazə verməyib. Səhnənin təbii alınması üçün özünün həqiqətən döyülməsini istəyib.

“Fəryad”ın digər önəmli tərəfi odur ki, filmin 1993-cü ildə, məğlubiyyət günlərində çəkilməsinə baxmayaraq, müəllif ədalət, mərhəmət hissini itirmir, sənəti kinə, nifrətə uduzdurmur, qeyd etdiyim kimi ön plana yenə də insan amili çıxarır. Bir səhnədə, İsmayıl evi yandırmaq istəsə də, erməni körpəsini görəndə fikrindən daşınır. Həlledici anda belə o, empatiya qurmağı bacarır.

İsmayıla ermənilərin amansız davranışı, onların böyük Ermənistan ideyasını banal mübaliğəyə yol vermədən, sərt yumoristik-ironik intonasiyada işlənib. Bu isə sözsüz ki, filmin ssenaristi, tragik-dramatik əhvalatı özünəxas, komik fəndlərlə ifadə edən Vaqif Mustafayev üslubunun təzahürüdür. Filmdə yeniyetmə erməni qızın (Yekatirina Arçaiya) simasında humanist obrazı yaradılır və o, əslində ermənilərin torpaq iddialarının qurbanı kimi təsvir olunur. Xüsusən, Məlik Dadaşovun obrazının (Armen) simasında faşizm konsepsiyasına əsaslanan təbliğatçılığı, Böyük Ermənistan ideyası, körpənin əlinı silah verərək türkə nifrət aşılaması ermənilərin illüziyalardan qaynaqlanan ideologiyanın qurbanı olduğunu göstərir. Ümumiyyətlə isə, əhvalatda erməni hərbçilərdən fərqli olaraq, sıravi vətəndaşlar - uşaq, qadın, yeniyetmə nisbətən daha neytral mövqedə təsvir olunur. Hətta erməni gənci Xaçatur Abovyanın “Ermənistan yaraları. Vətənpərvərin kədəri” kitabından passajları belə xüsusi şövqlə oxumur. Bütün bunlar - qarşı tərəfi neqativ göstərmək müəlliflərin bədii təxəyyülünün məhsulu yox, həqiqətdir. Və mən son hadisələr zamanı sosial şəbəkələrdə sıravi ermənilərin nifrət dolu status və şərhlərini, Bakıya belə iddiasını, bütün azərbaycanlıları sonadək öldürmək istəyini oxuyanda əmin oluram ki, onların özləri, tarixləri haqda mifoloji təsəvvürü var və bu təsəvvür özündə patoloji əlamətlər daşıyır.

Ağır mövzuda ironik dəyərləndirmə - misalçün, İsmayılın uşağa görə evi yandırmaması səbəbindən Stepanakertin (Xankəndi) şoka düşməsi, hansısa sahə müvəkkilinin ağlını itirməsi - dediyim kimi ssenarist V.Mustafayevin ənənəvi kinobaxışının məhsuludur.

“Fəryad”ın qəhrəmanının həyatı “Ögey ana” filmindəki balaca İsmayılın taleyinin davamı kimi verilir. “Ögey ana”dan bəzi epizodlarını süjetin seqmentinə çevirməklə digər epizod şərtləndirilir, bu, eyni zamanda filmlərarası intertekstual bağ yaradır. Yeri düşmüşkən, bu ideya Ceyhun Mirzəyevə məxsudur.

İsmayılın xatirələri assosiativ montaj sayəsində verilir. Erməni məktəbli qız İsmayıla kök uzadanda, o, erməni hərbçiləri tərəfindən öldürülmüş yeniyetmə azərbaycanlı qızını xatırlayır. Və ya ona işgəncə veriləndə anasının xatirəsinə sığınır. İsmayılın xatirələri daha çox işıqlı, isti rənglərlə həll olunub. Əsas əhvalatın qışda, şaxtalı günlərdə baş verməsi onun isti xatirələri ilə kontrast təşkil edərək, təklif olunun vəziyyətin amansızlığını daha dərindən ifadəsi üçündür. İsmayılın əsirlikdə sıxıntısı, tənhalığı və çarəsizliyi, səslənən musiqi (Cavanşir Quliyev), sanki reallıqdan qopmuş hermetik müharibə təsvirləri güclü ekspressiya (operator Kənan Məmmədov) yaradır.

Film Xocalı faciəsini əks etdirən sənədli kadrların bədii traktovkası ilə başlayır. Qar üzərindəki öldürülən adamları oynayanlar da Xocalı sakinləri olub ki, onlar həmin vaxt Xocalıdan Goranboya gəliblər.

Müəllif erməni faşizmi ilə alman faşizmi arasında bağlantını da orqanik qurur. Bir epizodda erməni qızı İsmayıla yemək verməsinə etiraz edən Armenə faşistlərin belə əsirləri yedizdirdiyini deyir. Başqa bir epziodda isə “Sərhədisiz həkimlər” təşkilatının nümayəndəsi gəldiyi üçün erməni tərəfi əsirlə guya qanuna uyğun davranışı imitasiya edir, həkim bunu duyur, əsirin antisanitariya, müalicə olunmamasına etirazını bildirir. Oxşar səhnə polyak rejssoru Andjey Munkun, İkinci Dünya Müharibəsindən bəhs edən, həbs düşərgəsindəki əsirlərin həyatını anladan “Sərnişin qadın” (1963) filmində yer alıb.

Filmin maraqlı, koloritli obrazlarından biri Xorendir. Biz onun haqda daha çox arvadının (Liana Qudadze) dilindən eşidir və özünü qadının yuxularında görürük. Arvadının onu tez-tez yuxuda, bədənini deformasiyaya uğramış formada görməsi, onun başsız vücudunun “Qarabağ dərdim mənim” hayqırtısı və s. oxşar kadrlar sürreal - satirik işlənib. Satirik yanaşma, eyni zamanda işğal olunan torpaqların şərəfinə vaxtaşırı keçirilən şənliklərin bombalanma ilə kəsilməsinin karikaturalaşdırılması və s. bu kimi səhnələr filmin dramatizmi ilə uyğunlaşır.

Sonlara doğru ermənilərin toplandığı evin xarabazara çevrilməsi Matveyin İncilindən “Və yağış yağdı. Və çaylar daşdı. Və külək əsdi. Hamısı hücum çəkdi bu evə. O, dağıldı və onun süqutu səs-küylu baş verdi” sitatı ilə ifadə olunur. Bununla da müəllif nə vaxtsa ilahi ədalətin reallaşacağına eyham vurur.

Operator Kənan Məmmədov müsahibələrindən birində deyir ki, İsmayıl obrazının sınaq çəkilişlərinə Fəxrəddin Manafov da qatılıb. Lakin sonradan Bədii Şuranın məsləhətilə rol Ceyhun Mirzəyevə təklif olunub və əslində o, özü də bu rolda oynamağı çox istəyib.

K.Məmmədovun dediyinə görə, film rəngli olsa da, tamaşaçı onu ağ-qara kimi qəbul edir: ”Çünki bütün kadrlarda olan rəngli əşyaları, geyimləri, elementləri çıxartdım. Ancaq real rənglərdən istifadə edərək xronika stilini saxladım”.
Film 8 ay müddətinə çəkilib. Çəkilişlər əsasən Goranboyda Murovdağın ətəyində, Qaraçinar, Zeyvə kəndlərində baş tutub. İsmayılın Xankəndidə saxlandığı evin dekorasiyası Bakıda pavilyonda qurulub. Ermənilərin zirzəmidə olduğu yer 5-ci Kardioloji xəstəxananın zirzəmisində lentə alınıb. İsmayılın həbsxanadakı səhnəsi Bayıl həbsxanasında lentə alınıb.

Vertolyot səhnəsi Murovdağın aşağı hissəsində çəkilib. Bu zaman Çingiz Mustafayevin xronika kadrları ilə oxşar səhnə qurulub. Vertolyot isə Gəncədən Surət Hüseynovun sərəncamı ilə gətirilib.

Erməni dilində səsləndirmə prosesində İrəvan Teatrının aktyorları Vidadi Əliyev və oğlu, SOY prodakşının rəhbəri Oktay Əliyev iştirak edib. Yalnız Məlik Dadaşov öz obrazını ermənicə səsləndirib.

Film Ceyhun Mirzəyevin kinoda son işidir. Çəkilişlərdən az sonra vəfat edən rejissor filmin son versiyasını görə bilməyib və onu Vaqif Mustafayev yekunlaşdırıb.

“Fəryad” "İnkişaf" Banklararası Mərkəzi Səhmdar Bankı ilə "Aşkarfilm" Şirkətinin birgə istehsalıdır.
İsmayıl obrazı Qarabağ müharibəsinin qazisi Mehman Hüseynovun prototipidir. M.Hüseynov Şıx batalyonunun tağım komandiri olub. 1991-ci ilin dekabrında Qarabağın Kərkicahan qəsəbəsində düşmənlə qeyri-bərabər döyüşdə M.Hüseynov yaralı vəziyətdə əsir düşüb. Sonralar əsir düşən ermənilərlə dəyişdirilən M.Hüseynov Bakıda 2015-ci ildə ürək çatışmazlığından dünyasını dəyişib.

# 2650 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #