Kulis.az “Yeni filmlərimiz” layihəsində “Altıaylıq” sənədli filmini təqidm edir.
Mirsadıq Ağazadənin rejissoru olduğu “Altıaylıq” sənədli filmi 2005-ci ildə “Butafilm” studiyasında istehsal olunub.
Müasir sənədli kinomuzun maraqlı müəlliflərindən biri M. Ağazadənin “Altıaylıq” filminə ilk dəfə uzun illər öncə baxmışdım. Film emosional yaddaşımda dərin təsir buraxmışdı.
Bu günlərdə “Altqıaylığı” yenidən izlədim və eyni emosional təsiri bir də yaşadım.
Film Elmira adlı maraqlı, qəribə taleyi olan ortayaşlı qadından bəhs edir. Elmira intellektual ailədə doğulub. Atası hərbçi, anası alim olub. O, uşaqikən valideynləri hansısa səbəbdən ayrılıb. Qızcığaz onu çox sevən nənə- babasının himayəsində böyüyüb, hədsiz diqqət və qayğı görüb. Musiqi məktəbinin piano sinfində təhsil alıb. Daha sonra universitetin şərqşünaslıq fakültəsini bitirib. Misirdə bir il təcrübə keçib. Sonra peşəsi hərbi həkim olan adamla ailə həyatı qurub, bu nikahdan bir oğlu doğulub. Ailəsi ilə Krasnovodskda yaşayıb. Ancaq buranın havası ona düşmür, səhhəti pisləşir. Səhhətindən dolayı oğlu ilə Saxalində yerləşir, ona iş verilir, musiqi məktəbində müəllimə işləyir. Səhhəti də tədricən düzələn Elmira Dövlət Təhlükəsizlik Komitəsinin Saxalin şöbəsindən bu təşkilatda işləmək təklifi alsa da, imtina edir. Bununla belə, o, şərqşünaslıq fakültəsini bitirdiyindən müxtəlif illərdə onun rütbəsi kapitana kimi artırılır. Sonra Bakıya qayıdır, İraq səfirliyində, ərəblərin müxtəlif təşkilatlarında xadimə kimi işə düzəlir. Ərəb dlini yaxşı bildiyindən dərhal işə götrürülür...
Filmin “Altıaylıq” adlandırılmasına səbəb qəhrəmanın təkcə vaxtından tez, altıaylığında doğulması deyil. Ad daha çox onun daxili dünyasını ifadə edir. Yetkin yaşında da körpə kimi saf qalan Elmiranın içindəki qız böyüməyib, çətinliklərə baxmayaraq, o, gerçəkliyin ancaq yaxşı tərəflərini görür. Hətta yaşından qoca görünsə belə, təravətli energetikası, bədəninin qıvraqlığı zahiri ilə qəribə ziddiyyətdədir.
Anasına sevgisi-həsrəti, nə vaxtsa bəstələyib unutduğu, mahnıları yaddaşında bərpa edərək ifa cəhdi süjetin əsas xətləridir. Yeri gəlmişkən, polyak rejissoru Oginskinin “Vətənlə vidalaşma” əsərini qəhrəmanın dilindən tanıyıb sevmişdim.
Maraqlı epizodlardan biri onun anasıyla görüş səhnəsidir. Bu səhnə anasının nədən körpə ikən onun tərk etməsi, sonra necə görüşmələri haqda detallara aydınlıq gətirmir. Rejissor sadəcə, ana-balanın münasibətinin indisinə fokuslanır. Onların dialoqunda, davranışında bir-birinə münasibətləri açılır. Elmira nə qədər istiqanlıdırsa, ana bir o qədər soyuqdur, onların xarakteri, həyata münasibətləri tam fərqlidir. Ana sovet dövrünün sərt qaydalarına əməl edən, onu dəstəkləyən, müəyyən mənada meşşan təəssüratı yaradır. Misalçün, o, qızının iki diplomu ola-ola xadimə işləməyini qəbul edə bilmir. Ondan ötrü zahiri parıltının, ictimai rəyin əhəmiyyətinin vacibliyi hiss olunur. Elmira isə əksinə, xadimə işləməyindən utanmır, anasını inanadırmağa çalışır ki, işindən zövq alır və bunu bacarmaq böyük istedaddır.
Məni heyrətlənirən qəhrəmanın anası ilə arasında fərqliliyin, hətta bəlkə uçurumun olmasına baxmayaraq, Elmiranın ona sonsuz, təmənnasız sevgisi, anasını sorğulamaması, ittiham etməməsi və ümumiyyətlə, bu haqda düşünməməsidir.
Bir epizodda o deyir: “Uşaqlıq xatirələrimdə atam var, amma anam bir az yoxdur. Mən onu başa düşə bilmirəm. Mənə elə gəlir ki, anamla bir yerdə böyüsəydim, bəlkə onu bu qədər istəyə bilməzdim. Ayrılıq, onun hardasa uzaqda olması, onu o qədər istədib mənə... o həsrət istədib yəqin. Bəlkə də mən onsuz yaşayıb, o qədər gözəl obraz yaratmışam. O obrazla bu (yəni reallqdakı ana-S.S.) uyğun gəlmir. Bu da gözəldir, amma mənim düzəltdiyim obraz deyil”. Anasına çatmaq istəyi, tutqusu, amma sevgisini bütövləşdirə bilməməsi filmin tonallığını müəyyənləşdirir. Final səhnəsində onun anasına həsr etdiyi musiqini ifa etmək cəhdi alınmır və üzünün yarısını əlləri ilə qapadıb uşaq məyusluğu ilə “alınmır” deyir.
Elmira hətta onu bir uşaqla tək buraxan əri haqda pis xatirələri bölüşmür. Yalnız bir yerdə atasının ona yazdığı, mühafizəkar azərbaycan kişisi üçün xarakterik olmayan liberallığı və həssaslığı ilə təəccüb doğuran məktubu xatırlayır: “Səni tək buraxan bir kişiyə qayıtma. Bundan sonra beş dəfə ərə getsən belə, mən sənə əvvəlcədən xeyir dua verirəm. Əgər ona qayıtsan, səni anlamaram”...
Elmiranın daim hərəkətliliyi əhvalata vizual dinamika gətirir. Ən təsirli hissələrindən biri, yağışda çırpı yığan qadının maşın qələbəliyinin içində, sanki tanrı tərəfindən unudulmuş adamın təsadüfən kameraya fiksə olunması təəssüratını buraxmasıdır.
Digər maraqlı epizod qəhrəmanın tələbə yoldaşları ilə görüşüdür. Onların hamısı eleqant geyinib, karyera qurub, kimisi müəllim, kimisi məmur, kimisi alimdir. Təkcə Elmira geyimi, peşəsi ilə onlar arasında yad görünür...
Qəhrəmanı əhvalatda müxtəlif statuslarda görürük: övlad, ana, nənə, işgüzar qadın. Amma filmin əsas mesajı onu ən vacib statusda göstərməkdir: İnsan qala bilməsini.
Elmiranın obrazını anladan səhnələrdən biri, onun dəstəyi qırıq, paslanmış pəncərəni təmkinlə, əsəbləşmədən açmaq cəhdi və nəhayətdə, istəyinə nail olmasıdır. Bu səhnəni onun həyatda mübarizəsinin metaforu da saymaq olar.
Rejissor qəhrəmanını təsadüfən, vaxtilə “Lider” kanalında işləyəndə tapıb. Onda Elmira telekanalın yerləşdiyi binanın digər mərtəbəsində ərəblərə məxsus xeyriyyə cəmiyyətində xadimə işləyirmiş. Filmin ssenari müəllifi Elman Şeydayev qadın haqda rejissora məlumat verib.
Mirsadıq Ağazadə: “Söhbət elədim və gördüm ki, doğrudan da maraqlı adamdır. Bir il ərzində onu müşahidə etdim, filmi də müşahidə janrında qurudm. Müşahidə janrında çəkilən filmlər o vaxt alınır ki, müəllif nə gözlədiyini, qəhrəmanını hara apardığını bilir. Əgər sənə müəyyən epizodlar laızmdırsa, etik normaları gözləyərək qəhrəmanı buna təhrik etmək lazımdır. Müəllimim Aydın Dadaşov deyirdi ki, fakt müəllifin interpretasiyası olmadan sənət əsərinə çevrilə bilməz. Sənədli film olsa da müəllifin mütləq müdaxiləsi lazımdır. Ancaq bunu etik qaydaları pozmadan, gözəgirən səhnələşdirmə olmadan etmək lazımdır”.
Filmin operatorları Sahib Səfərov və Səbuhi Əhədovdur.