Canlı kuklalar - ANALİZ

Canlı kuklalar - ANALİZ
6 may 2011
# 12:04
Bildiyimə görə, rejissor Çingiz Rəsulzadənin “Kuklalar” filmi onu izləyən tamaşaçılar tərəfindən isti qarşılanıb. Hətta doluxsunanlar da tapılıb. Xüsusən də ona görə ki, film həyatımızı köklü şəkildə dəyışən çox yaxın tarixin xatirələrini, nostalji ovqatını yenidən yaşadıb.

Hərçənd, “Kuklalar”ı izləyərkən aramızda tam isti ünsiyyət yaranmadı. Yox, mən demək istəmirəm ki, film səmimi alınmayıb. Əksinə, rejissorun filmə ürəyini qoyduğuna doğrudan da inanıram.

****

Qısaca olaraq, filmin süjetini danışım: hadisələr 1980-ci illərin sonu 90-cı illərin əvvəllərində - Sovet İttifaqının dağılması ərəfəsində cərəyan edir. Dənizkənarı parkda milliyyətcə erməni olan Joranın idarəçiliyi altında 6 yeniyetmə (əsas rolları məktəb şagirdləri və tələbələr oynayır) parka gələn insanlarla foto çəkdirən kukla kimi işləyir. Onlar yenicə sərbəst həyatla başlayır, öz ayaqları üzərində dayanmağa çalışırlar. Ölkədəki dəyişiklik yeniyetmələri seçim qarşısında qoyur, son nəticədə onlardan biri ölkəni tərk edir, digərləri isə Qarabağ müharibəsinə gedirlər. Hadisələr də məhz uzun illərdən sonra xaricdə yaşayan gəncin yaddaşında canlanır.

****

Əslində rejissor Ç. Rəsulzadə bəlli mövzunu ekrana gətirməklə üzərinə böyük məsuliyyət götürüb. Çünki yaxın tarixdə baş verənləri ədəbiyyata və ya kinoya gətirmək, analiz etmək, ona dəqiq diaqnoz qoymaq çətindir. Amma rejissorun işini yüngülləşdirən - yaxın keçmişi analizdən çox həmin dövrü bir növ xatirə janrında işləməsidir. Rejissor bu situasiyada mövzunun interpretasiyasını, ekran həllini təklif edən yox, daha çox tarixçəni nəql edəndir.

Və “Kuklalar” müəyyən mənada avtobioqrafik filmdir. Hadisələr zamanı 17 yaşı olan rejissor müsahibələrindən birində deyir: “O illərin bulvarını yaxşı xatırlayıram. Mən bulvarla üzbəüz yaşayırdım və onun həyatını məktəb yaşlarımdan öyrənməyə başlamışdım. Yadımdadır ki, 88-ci ildə o tamam boşalmışdı, demək olar ki, vəhşi bir yer idi, ora yalnız təqaüdçülər, sevgililər və fahişələr üçün gəzinti yeri idi. Biz isə hər şeyi təzəcə başlayan şən uşaqlar idik”.

****

Amma nədənsə filmdə rejissorun dediyi kimi “hər şeyə təzəcə başlayan şən uşaqların” yeniyetmələrə xas coşğunluğunu, həyat eşqini görmədim.

Onlar öz gələcək arzularından, planlarından da çox kədərli, ümidsiz danışırlar. Sanki ömür bitib, qarşıda isə yaxşı heç nə yoxdur. Axı, adətən yeniyetmələr yaratmaq, nəsə etmək enerjisi ilə dolu olur, onlar üçün yeni olan hər şeyi sınamaq istəyirlər. Xüsusən də həmin illərdə - böyük dəyişiklik ərəfəsində bu enerji, inam daha çox idi, insanlar böyük ümidlə dəyişikliklərdən daha yaxşı şeylər gözləyirdilər...

Yeri gəlmişkən, filmin Azərbaycan dilində olan versiyasını izləmişəm. Filmin azərbaycanca səslənməsi bərbad idi: obrazlar son dərəcə sönük, emosiyasız danışır.

****

Rejissorun əsas məqsədlərindən biri də o zaman Bakıdakı beynəlmiləl, xalqlar arasındakı səmimi dostluq mühitinin təsvirirdir. Əlbəttə ki, bu əladır. Mənim üçün də çox hallarda insan amili millət amilindən üstündür. Fəqət, Azərbaycan kinosunda adətən millətlərin dostluğu basmaqəlib prizmadan təsvir edilir. Belə mövzulara müraciət edən rejissorlar alternativ variantlar təklif etməlidirlər. Xüsusən də milli kinoda gənc nəsli və yeniliyi təmsil edən Çingiz Rəsulzadə kimi iddialı rejissorlar.

Həmin səhnədə milliyətcə rus olan Sveta Ermənistandan qaçqın kimi gələn əhaliyə təmənnasız, mərhəmətlə yardım edir. Telestetika təsiri bağışlayan bu kadrları izləyəndə mənə elə gəldi ki, 1980-ci illərin Azərbaycan televiziyası təbliğat məqsədilə - bir qrup adamdan kamera qarşısında millətlərin dostluğunu göstərən 2-3 dəqiqəlik səhnəcik oynamağı xahiş edib. Bu kadrlarla müqayisədə isə yeniyetmələrin fotoqraf Joranın təxribatçılara ələ verməməsi, onun ölkədən təhlükəsiz getməsinə yardım etməsi səhnəsi daha mütəssiredici idi.

****

Amma filmin finalını kinematoqrafik nöqteyi nəzərdən ən uğurlu səhnə hesab edirəm. Həmin səhnə ki, yeniyetmələrdən biri cəbhədə yoldaşları hücuma keçən zaman səngərdə qalır, qorxu və dəhşət içərisində başını əlləri arasına alaraq ağlayır. Bu səhnəyə görə rejissora müəyyən iradlar oldu ki, Azərbaycan əsgəri ağlaya bilməz.

Çox gülməli iraddır. Axı, əsgər monstr yox, hər şeydən əvvəl insandır. O, ağlaya da, qorxa da, tərəddüd də edə bilər, ən azı ona görə ki, ölüm hadisəsi ilə üz-üzədir. Xüsusən də birdən-birə müharibənin ağuşuna atılmış yeniyetmə... Görəsən, bunu rejissora irad tutanlardan kimsə səngərdə güllə yağışı altında ölümün qorxusunu, dəhşətini duyubmu? Axı insanların hamısı eyni cəsarət sahibi ola bilməz. Əksinə, həmin səhnəni mən həddindən artıq insani qəbul edirəm. Və rejissora minnətdaram ki, ucuz, bayağı vətənpərvərliyə yol verməyib. O hər şeydən əvvəl bəşəri dəyərlərə söykənərək antimilitarist mövqedən çıxış edib.
Rejissor istənilən müharibənin insanların həyatının, arzularının puç, alt-üst etdiyini göstərib. Döyüş meyançasında məhz kukla geyimində olan meyitlər isə məhv olmuş talelərə uğurlu metaforadır....

Çox inanıram ki, Rusiyanın, Qazaxıstanın, Gürcüstanın, Avropanın film festivallarında nümayiş olunan “Kuklalar” Çingiz Rəsulzadə üçün böyük kinoda sadəcə zəruri məşq, təcrübədir.


Sevda Sultanova
# 4633 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #