Sevgilisini əlindən alan adama iş verən mühəndis

Sevgilisini əlindən alan adama iş verən mühəndis
5 yanvar 2017
# 09:00

Kulis.az “Naməlum kino” layihəsində Rasim Ocaqovun 1984-cü ildə çəkdiyi “Park” filmini təqdim edir.

Süjet: Marat (Fəxrdəddin Manafov) Neft daşlarında briqadir işləyir. Günlərin birində uşaqlıq dostu Rüfət (Mikayıl Kərimov) onun işlədiyi sahəyə gəlir və Maratdan xahiş edir ki, ona təcrübə keçirməkdə yardımçı olsun.

Elmi işinin müdafiəsi üçün mədəndə təcrübənin keçirilməsi Rüfətin karyerasında vacibdir. O, təklif elədiyi üsulla daha çox neft hasil olunacağına əmindir. Marat isə onun təklifi ilə razılaşmır. Çünki təcrübə keçirilən müddətdə briqadanın verəcəyi plan təhlükə altında qala bilər.

Rüfətin gəlişindən sonra o, keçmişini xatırlamağa başlayır.

Amma keçmişində yaxşı, işıqlı xatirələr azdır. Onun xatirələrindən aydınlaşır ki, Rüfət onun hər şeyini əlindən alıb: evini, arzularını və sevdiyi qadını.

Marat çox gənc ikən Leninqradda uşaq evində böyümüş Vika (Qalina Belyayeva) ilə tanış olur. Maratın anasının qohumu (Aleksandr Kalyagin) kobud, meşşan Gena Vikadan istifadə edir, onunla qul kimi davranır, öz iradəsinə tabe elətdirməyə çalışır. Marat Vikaya acıyır və ona boyun əyməməyi məsləhət görür. Vika Marata sevdiyini desə də o, qızın hisslərinə ciddi yanaşmır.

Bir müddət sonra Vika Bakıya onun yanına gəlir. Marat qızın qəfil gəlişinə qeyzlənsə də, yavaş - yavaş ona alışır. Vika onunla ailə qurmaq və yeni həyata başlamaq istəyir. Amma Marat keçmişini bildiyindən onu qəbul eləməkdə psixoloji çətinliklə üz-üzə qalır. Üstəlik, qonşular, dostlar da hardansa peyda olmuş qıza, onunla nikah kəsməmiş yad kişi ilə bir evdə qalmasna pis baxır.

Günlərin birində Vika Maratdan xəbərsiz evdən gedir. Çünki Rüfət onunla evlənəcəyinə, onu xoşbəxt edəcəyinə söz verir. Vikanın xəyanəti, gözlənilməz davranışı, ondan qaçması Marat üçün zərbə olur... Uzun illər onu unuda bilmir.

Son epizodlardan birində Vika Maratın yanına gəlir və ərinə yardımçı olmasını xahiş edir.

Atası həmişə rəhbər vəzifələrdə işləyən Rüfətin bacarığı olmasa da, onun hesabına ali məktəbi bitirir, karyera qurur. O, xudbin, öz mənfəətini güdən, amma eyni zamanda zəif adamdır. Vika onunla xoşbəxt olmadığını, onunla münasibətdən ikrah edərək yaşadığını, uğursuz adam olduğunu deyir. O, Rüfətin evlənmək təklifini həyatını dəyişə biləcək son fürsət kimi qəbul edib və buna görə də ərə gedib. Amma nikah ona xoşbəxtlik gətirməyib. O, ərinə acıyır və Maratdan təcrübəyə icazə verməsini istəyir. Təsirlənən Marat qəzəbini, kinini ataraq təcrübəni keçirməyə icazə verir...

“Park” filmi cəmiyyətimiz üçün hələ də problem kimi qalan bir çox məsələlərə toxunur: istedadsız adamların imkanlarına uyğun olmayan mövqelərdə çalışması, hansısa uzaq gələcəkdə yaxşı yaşamağa ümidini itirməyən fərd, doğmalar arasında yadlşama...

Təbii ki, müəlliflər həmişəki kimi ciddi mənəvi problemlərə - fərdlərin ədalətə, həqiqətə, vicdana münasibət məsələsinə də toxunur.

Əhvalatda xüsusən bir nüans diqqətimi çəkdi. Marat köhnə məhəllələrdən birində yaşayır. Məhəllənin yanında uzun illərdir ki, daş karxanası fəaliyyət göstərir. Və uzun illərdir, rəhbər orqanlar daş karxananın söküləcəyini, yerində park salınacağını deyirlər. Maratın parkı görmək, yaxşı yaşamaq ümidi filmin əvvəlində də, finalında da səslənir. Sanki park bir obraz olaraq Maratın yaxşı gələcəyinin təminatçısıdır. Amma Maratın “əla yaşayacağıq” ifadəsi tərəddüdlü, ümidsiz səslənir.

Məlum olur ki, rəhbərliyin park salmaq niyyəti yoxdur. Günümüzdə isə əksinədir, yaşayış binalarını da söküb park salırlar. Və bu gün üçün park motivi bir növ acı kinayə kimi səslənir.

Hər halda demək olmaz ki, “Park” Rasim Ocaqovun uğurlu filmlərindən biridir.

Fleşbek vasitəsilə Marata travma yaşadan hadisələr təsvir edilir, tamaşaçı onun bioqrafiyası ilə tanış olur.

Amma Maratın Rüfətdən incikliyinə səbəb verən hadisələrdə bu inciklik yetərincə əsaslandırılmır, situasiyalardakı dramatizm saxta təsir bağışlayır.

Leninqradda tələbə yataqxanasında təşkil olunan ziyafəti Rüfət pozur, onlar komendant tərəfindən qovulur, nəticədə Marat gecənin bir aləmi şəhərin küçələrində qalır. Həmin gün Marat dramatik vəziyyət yaşamır, qohumunun evini taparaq gecələyir. Amma qəhrəmanın kadrarxası nəqlində Rüfətin hərəkəti, gecə qohumun axtarması faciə kimi təqdim olunur. Adamın ağlından keçir ki, ”nə böyük iş olub, kişinin başına iş gələr”.

Yaxud Vikanın Rüfətlə ailə qurmasında Maratın qətiyyətsizliyi rol oynayır. Üstəlik, onunla Marat arasında dərin bağlılıq, sevgi təsvir olunmur. Əksinə, Marat ondan canını qurtarmaq istəyir, soyuqdur və qızdan xoşu gəldiyi də açıq göstərilmir. Yəni bu mənada Vikanın Rüfətin evlənmə təklifinə razılaşması qəhrəmanın travması üçün əsas yaratmır. Hər halda uzun müddətli əsas vermir. Bu da onunla bağlıdır ki, rejissor tamaşaçını Maratın sevgisinə inandırmaq üçün effektli ifadə vasitələri, vəziyyətlər tapa bilməyib.

Həyatın dibini görmüş Vika seçim eləyir: ona şübhə ilə yanaşan, soyuq davranan, ondan utanan, qətiyyətsiz kişini yox, onun həyatını paylaşmaqda tərəddüd eləməyən kişini seçir. Özünün dediyi kimi normal həyat qurmaq fürsətini qaçırmaq istəmir...

Filmin operatorları Rafiq Qənbərov, Yuri Vorontsov, bəstəkarı Emin Sabitoğludur. “Park” 1984-cü ildə Kiyevdə XVII Ümumittifaq kinofestivalında mükafata layiq görülüb.

# 2773 dəfə oxunub

Müəllifin son yazıları

# # #