Günel Mövludun yazısına arayış

Günel Mövludun yazısına arayış
25 iyun 2013
# 15:44

Şərif AĞAYAR

İstedadlı yazar Günel Mövlud son yazılarının birində Orxan Pamukun şəxsində ədəbiyyatdakı “burjua kədəri”nə istehza edərək diqqəti Maksim Qorkinin şəxsində həyatın özünə, daha dəqiqi həyatın dibinə çəkərək əsl insan ağrılarının məhz bu yazıçının əsərlərində ifadə olunduğunu bəyan edib. Və yazısının sonunda bəndənizdən bir sitat verməklə məni əməlli-başlı işə salıb: “Orxan Pamukun bütün yaradıcılığını yığsan, Maksim Qorkinin bir “Arxip baba və Lyonka”sı eləməz!”

Adi ədəbiyyat söhbətlərinin birində deyilmiş bu fikir, mənə məxsusdur. Bəli! Amma bu cümlə heç bir yerdə çap olunmayıb və yayımlanmayıb. Belə deyək rəsmi statusu yoxdur. Odur ki, Günel xanımın yazısı yayılan kimi Facebook ünvanıma xeyli müraciət edənlər oldu. Dostlarım əvvəlcə belə bir söz söyləyib-söyləmədiyimi öyrəndilər. Günahları yoxdur... Günelə nə var! Birdən gördün prikol üçün istədiyi adamın adından istədiyi sitatı verdi...

Dostlar fikrin mənə məxsus olduğunu yəqin edəndən sonra tanınmış yazıçılara niyə belə diletant münasibət bəslədiyimi soruşdular. Ümumi marağı nəzərə alıb bu barədə qısa da olsa yazmaq qərarına gəldim.

Öncə onu deyim ki, G.Mövludun sitat kimi verdiyi cümlənin əvvəli də var. Cümlə tam olaraq belə deyilib: “Ədəbiyyatın elə məqamları var ki, orda Orxan Pamukun bütün yaradıcılığı Maksim Qorkinin “Arxib baba və Lyonkası”na dəyməz!” Xahiş edirəm diqqət edəsiniz... Ədəbiyyatın elə məqamları var ki!

Azərbaycan ədəbi mühitində Orxan Pamuku yaxşı tanıyan adamlardan biriyəm. Onun estetikasına və yazı texnologiyasına kifayət qədər bələdəm. Ona görə O.Pamukun M.Qorki ilə müqayisəsinin absurd olduğunu bilirəm. Ancaq nəzərə alın ki, mənə məhz bu iki yazıçı barədə sual verilib və mən də ovqatımın Qorkinin xeyrinə kökləndiyi bir zamanda bu iki yazıçını müqayisə etmək məcburiyyətində qalmışam. Bütün müqayisələr qüsurludur... Bunu da bilirəm. Amma, məhz “ədəbiyyatın elə məqamları” üzərində dayanıb haqlı olduğumu sübut edə bilərəm.

Müasirlərimizdən kimsə demişdi ki, imkanım olsa Azərbaycanda Kafkanı və Pamuku oxumağı müvəqqəti qadağan edərdim.

Nədir məsələ...

Kitabı da qadağan edərlərmi?

Əlbəttə bu fikir də eynən mənim işlətdiyim həmin mübahisəli fikir kimi məcazi mənada deyilib.

Söhbət tamamilə spesifik yaradıcılıq tərzi olan yazıçıların təsirinə düşüb lazım olanları yaza bilməməkdən gedir. Bu mənada doğrudan da Kafka və Pamuk Azərbaycan ədəbiyyatına böyük zərbə vurub. Onlar kimi yazmaq mümkün olmadığı halda şöhrətlərinin işığı çoxlarının gözünü qamaşdırıb.

Bir də ki, mən Günel Mövluddan fərqli olaraq, məsələyə bolşevik kimi yanaşmaq istəmirəm. Düzdür, mənim də burjuaziyadan xoşum gəlmir. O var-dövlətin, komfortlu yaşayışın içində çətin ki həqiqəti tapmaq mümkün olsun. Amma bu o demək deyil ki, yazıçı yuxarı təbəqəyə aiddirsə, yazmamalıdır. Yaxud yazdıqları lazım deyil.

Ancaq bir məsələyə diqqət yetirmək lazımdır.

Azərbaycan xalqı özünün tragik dövrünü yaşayır. Çoxluq problemlərin içindədir. Və ümumiyyətlə götürsək, Azərbaycan nəsrində xalqın yanında olmayan, onun dərdlərindən bəhs etməyən bircə dənə də olsun ciddi əsər yoxdur. “Əli və Nino” və “Qətl günü” istisnadır... Birincinin müəllifi şübhəlidir, ikincinin isə “kitabdan gələn” uğurlu eksperiment olduğu hamıya bəllidir.

Azərbaycan yazıçısı o zaman varlanır ki, xalqı tərk edir, saraya yaxınlaşır. Şəxsi biznesi və var-dövləti olan yazarlar da birmənalı qarşılanmır. Çünki bizim cəmiyyətdə varlanmağın yolları ədəbiyyatla tərs mütənasibdir.

Mövzu olaraq isə, yan-yörəsində bu qədər problemi, insan faciəsini qoyub Borxesvari gedişlər etmək mənə çatmır açığı...

Biz kimi aldadırıq?

# 3339 dəfə oxunub

Müəllifin son yazıları

# # #