Nobelli yazarın fikrinə xırda bir düzəliş

Nobelli yazarın fikrinə xırda bir düzəliş
10 may 2018
# 10:26

Bir müddət əvvəl “Yaradıcılığın üç mərhələsi” adlı yazı yazmışdım.

Adından göründüyü kimi söhbət yaradıcılığın üç ardıcıl mərhələsindən gedir.

1. Gördüyünü yazmaq

2. Eşitdiyini yazmaq

3. Uydurduğunu yazmaq

Bu mərhələləri indi qısa olaraq belə izah edərdim

Birinci mərhələ

Biz Kürdəmirdən keçirik, ora çox istidir, tıncıxırıq, tərləyirik və günlərin birində Kürdəmirlə bağlı bir hekayə yazıb orda keçirdiyimiz hissləri ədəbi mətnə çeviririk.

İkinci mərhələ

Kürdəmirin isti, cansıxıcı olduğunu, orda adamın tərləyib tıncıxdığını kimdənsə eşidirik və oxuyuruq, götürüb qələmə alırıq.

Üçüncü mərhələ

Kürdəmir adında bir yer əslində yoxdur, biz insanın istidən tıncıxmasını, tərləməsi yazmaq üçün Kürdəmir adlı bir yer təxəyyül edirik və orda “keçirdiyimiz” hissləri qələmə alırıq.

Bu mərhələlərin birincisi ikincisindən, ikincisi üçüncüsündən asandır.

Çünki insan birbaşa şahidi və iştirakçısı olduğu hadisələri daha asanlıqla ədəbi materiala çevirə bilir.

İngilislərin “Fantasy” (Fentezi) adlandırdığı ədəbiyyatsa gördüyümüz və eşitdiyimiz gerçəklikdən deyil, xəyal etdiyimiz, yəni uydurduğumuz gerçəklikdən yaranır. Bu zaman fantaziya və yaradıcılıq imkanlarımız hüdudsuz olur, peşəkar mərhələyə qədəm qoyuruq.

2018-ci ilin Nobel mükafatçısı Kazuo İşiquronun müsahibələrinin birində yazmaq qaydalarından bəhs edərək dediyi, “Bildiyini yazmaq yazıçının fantaziyasını, potensialını canlandırmağa mane olur” fikri, düşünürəm, mənim yazdıqlarımın sadəcə başqa cür ifadəsidir.

Məncə, yazıçı fentezi yaradanda da bildiyini yazır, sadəcə K.İşiquro burda “bildiyi” deyəndə yazıçının avtobioqrafiyadan kənara çıxa bilməməsini nəzərdə tutur. Mən onun oxuduğum roman və hekayələri, eyni zamanda Nobel nitqinə əsaslanaraq bu qənaətə gəlmişəm və fikirlərimin haqlı olduğuna əminəm.

İşiquronun özünün yaradıcılığının ilkin - daha uğursuz dövrü (misal üçün anadan olduğu Naqasaki şəhərinin 1945-ci ildəki atom faciəsindən bəhs edən "Tüstülü təpələr" romanı) daha çox avtobioqrafikdir.

Yaradıcılığın doğrudan da bilinməyən, izaha gəlməyən, bəzən yazıçının özünə belə müəmmalı qalan bir tərəfi də var. Necə ki, Tolstoy Anne Kareninanı mən öldürmədim deyirdi...

Xalq dili ilə desək, ilham köhlənimizin başını buraxmaqdan qorxmayaq, insanlar və hadisələr maraqsız və yeknəsəqdirsə onu özümüz yaradaq.

Günün böyük ədəbiyyatı burdadır.

# 2028 dəfə oxunub

Müəllifin son yazıları

# # #