Şərif Ağayar yazır
İllər öncə mətbuatda yayımlanan bir karikatura diqqətimi çəkmişdi. Burada suda batan bir binəva təsvir olunurdu və ətrafdan keçənlər əllərini qaldırıb boğula-çıxa aman istəyən bu adamı telefona çəkirdilər. Yəqin axşam sosial şəbəkələrdə paylaşıb like yığmaq üçün...
Keçən yazımızda bəhs etdiyimiz telerepartyor da körpüdən atılıb intihar etmək istəyən gəncin yubandığına təhəmmül etmirdi: “Qardaşım, qırx ilin başında bir xəbər yaxalamışıq, atılsana!”
Sonralar çağdaş roman sənətinin ən böyük ustadlarından olan Umberto Ekonun bu mövzuda bir essesini oxudum.
Eko küçədə baş verən faciəli hadisəyə əyləncəli münasibəti təxminən insanların zamanla dəyişib hissiz-duyğusuz varlığa çevrilməsi ilə izah edirdi. Məsələn belə; maşın vurub öldürdüyü bir adama 50 il əvvəlin insanı ah-ufla can yandırardı. Bu gün isə, onu mobil telefona çəkməklə hisslərini ifadə edir və hətta evdəkilərə, yaxın ətrafdakılara göstərməklə əylənə bilir.
Başqa bir essesində isə böyük usta romançılıqdan yazaraq qəti qərara gəlir: “Ədəbiyyat əyləndirməlidir!”
İlk baxışdan yazıçının qənaəti etiraz doğura bilər. Necə yəni əyləndirməlidir? Nə vaxtdan ciddi ədəbiyyat əyləndirmək funksiyasını üzərinə götürüb?
Amma tələsməmək gərək.
Bildiyiniz kimi Eko intellektual əsərlərini kütləviləşdirməyi bacaran nadir qələm sahiblərindəndir. Onun bu fövqəladə bacarığını nəzərə alsaq dediklərinə biganə qala bilmərik.
Esseləri göstərir ki, Ekonun bu qənaətinin əsasında oxuduqlarından daha artıq müşahidə etdikləri dayanır.
Adam haqlı qaliba!
İnsanlar yorulublar.
Min illərlə baş verən qanlı-qadalı hadisələr, sonsuz ədalətsizliklər, zülmkarlıqlar onları yorub əldən salıb. Dərd çəkməyin, kiməsə yanmağın, ah-uf etməyin fayda vermədiyini anlayıblar. Hətta bütün bunları ironiya hədəfinə çeviriblər. Hər şey adiləşib. Heç kimi heyrətləndirmək mümkün deyil. Odur ki, hamı kütləvi şəkildə əyləncələrə meyl edir.
Oyun (“Qarabağ” futbol klubu) reallıqdan (Qarabağın özü) daha maraqlı olub. Monika Belluççinin filmlərdə ötürdüyü mütərəqqi mesajlar boşanması qədər ilgi görmür. Hətta bəzi kişilər onun boşanmasına sevindiklərini gizlətmirlər.
Küçə davaları, maşın qəzaları, intihar hadisələri, ekzotik cinayətlər sadə insanların necə marağına səbəb olur, yəqin hamınız müşahidə etmisiniz. Telekanallarda ən çox reytinq qazanan həm də cinayət verilişləridir.
Gəlin Ekonun düsturunu, məsələn, son illərin ən istedadlı imzalarından olan Haruki Murakaminin “Norveç meşəsi”nə tətbiq edək. Əcəba bu əsəri kütləvi edən, onu milliyyətindən, dinindən asılı olmayaraq hər kəsə sevdirən nədir? Əyləndirmək bacarığımı?
Məncə hə... Murakami oxucusunu əyləndirmək üçün əldən-ayaqdan gedib və buna yüksək səviyyədə nail olub. Bu kitabda cinsi münasibətlərdə fantaziyanın son hüdudlarına gəlib çıxan çağdaş insan üçün başqa bir keyf var. Fantaziyaların kitab həlli...
Reallığın cümlələrdəki inikası!
Saytlarda da müşahidə aparmaq olar. İnformasiya yüklü xəbər və yazılarla əyləncə xarakterli materialların oxunma sayına diqqət edin.
Adamlar yorulub, bəli!
Min illərlə baş verən qanlı-qadalı hadisələr, sonsuz ədalətsizliklər, zülmkarlıqlar və bütün bu qlobal bəlaların aradan qaldırılma ehtimalının sadəcə illüziya olması onlarda dəhşətli pessimizm doğurub. Klassik kədər gülüş hədəfinə çevrilib. Məncə bu, elə ən doğru olanıdır.
Əylənək...