“Şeqlov üsulu” hekayəsi Tərcümə Mərkəzinin təşəbbüsü ilə fransızca çap edilən və Strasburq şəhərinin məşhur Kleber zalında təqdimatı keçirilən “Azərbaycan Ədəbiyyatı Antologiyası” kitabının sonuncu hekayəsidir. Hekayəni fransızcaya həmyerlimiz Dilbadi Qasımov tərcümə edib. Axundovla başlayan antologiya yaş ardıcıllığı ilə davam edir və mənimlə bitir. Təqdimatda Strasburq Universitetinin filologiya fakültəsinin dekanı Jan Pol Meyer çıxış edərək, kitabdakı bir neçə nümunədən söz açıb və bu hekayə üzərində xüsusilə dayanıb. Tədbirin təşkilatçılarının və iştirakçıların mənə yazdığına görə, emosional çıxış edib, yüksək sözlər söyləyib. Məhz bundan sonra antologiyanı çap edən fransızların və azərbaycanlıların müştərək nəşriyyatı “Kapaz” mənə müraciət edərək, romanımı istəyib. Mən “Arzulardan sonrakı şəhər”i göndərmişəm. Roman ekspertlərin yüksək rəyi ilə tərcüməyə verilib. İşlər yekunlaşmaq üzrədir. Bu il çap olunacaq.
“Şeqlov üsulu”nun bu uğuru yeni dövr Azərbaycan nəsrinə maraq yaradıb və nəşriyyat daha sonra Mübariz Örənin “Ağ buludlar”, Sahilə Yayanın “Şeyx” romanlarını seçərək, tərcüməyə verib.
“Kapaz” nəşriyyatının Fransanın ən böyük yayım şirkətləri ilə müqaviləsi var. Eyni zamanda nəşriyyat ən nüfuzlu mükafatlara kitab təqdim etmək hüququna malikdir. Beləliklə, hansımızdan biri Qərbin yaxşı bir müsabiqəsinin uzun və ya qısa siyahısına düşsək, yaxud xoşbəxtlikdən hər hansı mükafatı qazansaq bir azca da bu hekayənin rolu olmuş olacaq deyə düşünürəm.
Hekayə real faktlar əsasında yazılıb və sağlamlıq mövzusunu ələ aldığı üçün günümüzlə səsləşir. Onu mərhum yazıçımız və həkimimiz Rafiq Tağının işıqlı ruhuna ithaf eləmişəm. Xoş mütaliələr...
Şərif Ağayar
Şeqlov üsulu
Sübh azanından azca sonra qapımız qəflətən döyüldü. Deyəsən, şəhər adamı deyildi. Qatıqsatan da olmazdı yəqin. O, gələndə səsi yataqxananı başına götürürdü. Bu, kim idisə, çox yəqin, mənim uzaqda – Kürdən o üzə, Qarabağa simsar yerlərdə sığınacaq tapan qohumlarımdan idi. Bunu arvad da başa düşdü deyəsən. “Eşş” eləyib qollarını boynumdan sürüşdürdü. Bir yana baxanda, günahı yox idi arvadın. İki balaca yataqxana otağına özümüz güclə sığışırdıq. Qonaq gələndə əməlli-başlı tıncıxırdıq.
Qapı yenə köntöycəsinə döyüldü. Mən yavaşca “gəldim” deyib ayağa qalxdım. Şalvarımı geyinə-geyinə düşündüm: “Səhərin gözü açılmamış bu kimdir?” Ardınca pıçıldamaqdan özümü saxlaya bilmədim: “Xeyir olsun!”
Qapı bir də döyüldü. “Bu dəqiqə” – özümü dar koridora atıb tələsik qapını açdım. Əmim əlində iri zənbil böyük oğlu ilə birgə koridorda dayanmışdı:
“Sabahınız xeyir!”
“Sabahınız xeyir, xoş gəlmisiz!” - əmimi çox istəyirdim.
“Bağışla sən allah! Gədə bir az nasazlayıb, ona görə çöldə gözləyə bilmədik, sizi narahat elədik” - utandı xeyli.
“Əşşi, o nə deməkdi, mən yad adamam bəyəm, belə sözlər danışırsan?! Nə olub ona?”
İri zənbilini soyuducuya söykəyib ayaqqabılarını çıxara-çıxara alçaq səslə söylədi:
“Soruşma başımıza gələnləri!”
Gördüm məsələ ciddidir, artıq sual vermədim. Gözlədim içəri keçək, adama bir stəkan çay içək, onsuz da baş verənləri ətraflı danışacaqlar mənə.
Əmim ayaqqabılarını ayağı ilə kənara itələyib gətirdiyi iri zənbilə əyildi, içindən bir şaqqa quzu əti, bir balon pendir, bir balon yağ, yolunub təmizlənmiş bir hinduşka çıxartdı və üzümə baxmadan söylədi: “Bunları yığ “xaladenniyə”, xarab olmasın!” “Niyə əziyyət çəkirdiniz, şəhərdə hər şey tapılır, əvvəlki kimi deyil” – deməyi borc bildim. “Özümüz yeməyə gətirmişik, pay deyil ha!” - əmim gülümsədi. Gülümsəyəndə gördüm ki, xeyli sınıxıb kişi, qabaq dişləri çürüyüb.
Yaşlandıqca atama daha çox bənzəyirdi əmim. Amma demək olar, qocalmamışdı. Başında ağ tük yoxudu. Mənə elə gəldi ki, o, qorxudan qocalmır. Çünki uşaqlar hələ balacadır və nə olur-olsun onları bir tərəfə çıxartmaq lazımdır. Buna yaşlı adamın gücü çatmaz! Qohum-əqrəbadan isə haray yoxdur, hərə öz başının hayındadır.
***
Atamgil üç qardaş idilər: böyüyü atam, kiçiyi bu əmim... Ortancıl qardaşları Laçın alınanda itkin düşmüşdü. Mən itkin düşən əmimin qoxusunu atamdan artıq bu əmimdən alırdım. Amma özünə demirdim heç vaxt. Çünki əmim qardaşının xiffətini çox çəkirdi. Atam danışırdı, ah-uf edirdi, səslə ağlayırdı, hələ yeri gələndə bir bayatı deyib ürəyini boşaldırdı. Əmim isə susurdu. Susurdu, bəli! Ağzına su alıb dayanırdı eləcə. Bir də görürdün sakit və hüznlü sifətindən bir gilə yaş yuvarlanıb düşdü çənəsinə. Çox vaxt ağlamağını da gizlədirdi adamlardan. Bilmirdim niyə? Bəlkə də aciz görünmək istəmirdi, ona görə. Amma day belə işlərdən keçmişdi. Yer-yurd alınmış, camaat didərgin düşmüş, ailənin ən əziz adamlarından biri yoxa çıxmışdı.
Əmim kənddə ikən kolxozda briqadir, daha sonra baş aqronom işləmişdi. Kəndin fəallarından idi. Kolxoz işlərində həmişə başda gedirdi. Halal adam idi. Kənddə taxıl və ot bölgüsü kimi ən çətin işləri ona tapşırırdılar. Heç kim narazı qalmazdı. Bizim kənd, o dövrün dili ilə desək, bir az donosbaz idi. Bir əyrilik gördülərmi, o saat sarılırdılar qələmə. Əslində, mən yazıçı kimi ilk ilhamımı həmin donosbaz insanlardan almışam. Sadəcə bir fərqimiz var: ərizə yerinə, hekayə yazmışam! İnanın, yaxşı ərizə ilə hekayə arasında soğan qabığı məsafə var. Keçə bildinsə, yazdıqlarını zamanın kif basmış zirzəmisindən xilas edəcəksən.
Hə, kəndimiz ərizəbaz olduğundan yeganə çıxış yolu əmimi başa keçirmək, bütün ixtiyarı ona vermək idi. Camaat yaxşı bilirdi ki, əmim öz atasına, öz doğma övladına belə güzəşt etməyəcək. Kəndin elçilik, barışıq, ağsaqqallıq kimi ictimai əhəmiyyətli işlərində də əmimin xüsusi çəkisi vardı. Əgər oğlan qıza layiqdirsə əmim şirinçayı içməmiş geri qayıtmazdı. Əks halda qızın ata-anası ilə əməlli-başlı qovğa çıxarardı. Dalaşardı onlarla, özlərini çəkməkdə, kəndin ali dəyərlərinə hörmət etməməkdə günahlandırardı. Sonra da salam verməzdi heç birinə!
Yaxud, dalaşıb biri-birinin xeyrinə-şərinə getməyən tayfaların yeganə keçilməz nöqtəsi əmim idi. O, işə qarışdısa barışmaq şərtdir.
Kəndimizdə bir tərs kişi vardı, qudası ilə nə üstəsə tutaşdığına görə, qızını ər evindən götürüb aparmış, onu iki aylıq körpəsindən zorla ayırmışdı: “Onlardan olan uşaq bizə lazım deyil!” Yazıq gəlin atasının üzünə qayıda bilməmişdi. Təsəvvür edin, bir evdə iki aylıq körpə acından qan-yaş tökür, başqa bir evdə döşlərindən süd damcılayan anası ah-nalə edir. Nə qədər çalışırlar, uşaq nə başqa qadınların döşünü alır, nə əmzik götürür. El-oba tökülür qızın atasının qapısına ki, heç olmasa razılaş, ana uşağını bir dəfə əmizdirsin. Deyir, olmaz! Birdən hardansa əmim gəlib çıxır. Əlinə ağac alıb cumur qızın atasının üstünə. Deyir, bu gün-sabah ölüb gedəcəksən, eşidib-bilən goruna söyəcək! Sən kiminləsə tutaşmısan, buna körpə uşaq neyləsin?! Qızın atası əmimin qabağından qaçır, bir söz demir. Əmim ərklə evə girir, gəlinin qolundan yapışıb gətirir körpəsinin yanına.
Onun yeganə qüsuru hövsələsiz olması idi. Bir az da təntik adam idi. Heç nədən özündən çıxır, əl-qolunu ölçə-ölçə danışır, tez də sakitləşirdi. Elə bil, iki dəqiqədə dağı bulud alır, yağış-çovğun qopur, sonra hava sakitləşir və günəş çıxır! Əsəb boğanağından sonra sifətində güllər açılırdı. Güləndə elə ürəkdən gülürdü, deyirdin bəs, bu adam bir daha kədərlənməz! Kədərlənəndə isə əksinə, üzündə elə bir yorğunluq, elə bir hüzn peyda olurdu ki, onun bir daha, sevinmək nədir, yüngülcə gülümsəyəcəyinə də inanmaq olmurdu.
Kənddə atamı gözü götürməyən adamlar əmimlə mehriban idilər. Ona inanır, güvənirdilər. Çox vaxt qızğın mübahisələrdə əmim öz qardaşının deyil, onların tərəfini saxlayırdı. Çünki atam varlı idi.
Əmim ömründə Arana-dağa köçməmişdi. Odur ki, qaçqınlıq onun ocağına qəfil ildırım kimi düşdü. Evindən bir çöp də götürə bilmədi. Azyaşlı uşaqları ilə Qarabağın düzlərində sərgərdan qaldı. Uzun çətinliklərdən sonra avşar yataqlarında çobançılığa başladı. Bu, acından ölməmək üçün yeganə yol idi! Arada maraqlanıb öyrəndim ki, vəziyyətləri nisbətən yaxşılaşıb. Sığınmağa bir balaca komaları, yeməyə bir tikə çörəkləri var. Hətta, atamın deməsinə görə, damazlıq beş-altı heyvan da becərə bilmişdilər.
Təzə-təzə gün-güzəran tapırdılar ki, belə... böyük oğlu qəflətən xəstələndi!
***
Əmim zoğal mürəbbəsindən bir qaşıq aldı, çayın içinə atdı, gözlərini harasa zilləyib tələsmədən qarışdırmağa başladı. Mən gah ona, gah da rəngi qaralmış, gözlərinin içi qanla dolmuş əmim oğluna baxırdım. Əmim oğlu uşaqlıqdan nasaz idi. Bir neçə dəfə müalicə üçün Bakıya gətirmişdilər. Ciddi xəstəliyi yox idi mən bilən. Bəlkə də vardı, gizlədirdilər. Kənddə olurdu belə şeylər...
Əmim oğlu gözlərimin içinə baxanda özümü vurub öldürmək istəyirdim. O, aman diləyirdi məndən! Suda batmaqda olan bir binəvanın üz ifadələri vardı sifətində.
Arvad da başımın üstündə dik dayanıb gözünü onlardan çəkmirdi.
Əmim:
“Çöldə odun yarırdı, dedim, a bala, günün altında çox işləmə, məni eşitmədi. Ə danış dəəə...” - oğluna acıqlandı.
Əmim oğlu kəkələdi:
“Odododun yarırdım, əvvəl başım hərləndi, sonra gözlərim qaraldı, huşumu itirdim... Bir də xəstəxanada ayıldım”.
Əmim davam etdi:
“Uşaqlar hay saldı ki, yıxıldı. Gəlib gördüm ölüb, nəfəsi dayanıb. Anası üzünü cırıb qışqırdı, uşaqlar qorxub hərəsi bir tərəfə qaçdı...” – Əmim çaydan bir qurtum alıb, udqundu, əmim oğlu günahkar kimi başını aşağı saldı – “Ağlıma nə verdisə əlimi nəbzinə atdım, gördüm vurur! Arvada dedim, ay qız, ölmüyüb, tez qaç xozeyni çağır.”
Yatağın sahibi gəlir, xəstəni “Niva”nın arxa oturacağına uzadıb Ağcabədi rayon mərkəzi xəstəxanasına aparırlar, orda məlum olur ki, beyninə qan sızıb.
Xəstə ölüm təhlükəsini adladandan bir müddət sonra məsləhət edirlər ki, Bakıya gəlsin.
Bura da Bakı!
Əmimin hal-hərəkətindən anlayırdım ki, pulu yoxdur və buna görə çox narahatdır. Danışanda gözlərini yayındırır, üzünü mümkün qədər gizləməyə çalışırdı. Qorxurdu ki, əlacsızlığını üzündən oxuyum. İllah da qohumlarım demiş, yad qızının yanında. Bəli, siz də mənim qardaş-bacılarım, bizim arvadağa başqa rayondandır. Necə deyərlər, bir köynək uzaq! Nə deyər, nə deməz! Əmim onun xasiyyətini bilmirdi. Heç mənim də gəlib bu böyük şəhərdə necə adam olduğum onun üçün aydın deyildi. İndi zəmanə dəyişib, şəhərə gələnlər iki günün içində çevrilib ayrı adam olurlar, çıxdığı qını bəyənmirlər. Bəs nə? Azmı olub belə hadisələr?! Əmim azmı eşidib belə əhvalatlar?! İmkanı olsa heç bizə üz tutmazdı. Nədən ki, lap ən yaxın qohumu ola, kiməsə ağız açmaqdan zəhləsi gedirdi. Öldür, bir adamın üstünə diləyə getməzdi. Bir dəfə kənddə ikən atam ona deyir, ay qardaşı, çətin zəmanədir, hamı gəlib məndən borc istəyir, sən heç ağzını açmırsan, bəlkə bir şeyə ehtiyacın var! Əmimi cərəyan vurur elə bil, yerindən oynayır. Az qala atılacaqmış atamın üstünə: “Mən dilənçi-zadam?! Yoxsa pulunu mənə göstərirsən?” Atam çaşıb qalır.
Anam deyir, körpə ikən əmin səni o qədər çox istəyirdi ki, lüt soyundurub, maykasından içəri salırdı. Maşallah, sən də badam ləpəsi kimi şirin idin! Bəs öz doğmaca əmim, vaxtı ilə məni ciyər parası kimi sevən bir adam indi niyə belə çəkinirdi? Yağmasam da guruldamağa məcbur idim: “Narahat olmayın, həkim tanışlarım da var, dərman satan dostlarım da! Nə lazımdı edəcəyik. İndi belə xəstələr çox olur. Müalicədən sonra hamısı sağalır, məncə qorxulu heç nə yoxdur.”
Bu sözlədən sonra əmim çayı tələsik axıracan içdi. Arvad stəkanı alıb təzəsini süzmək istəyəndə yenə həmin nur peyda oldu sifətində:
“Siz necəsiz? İşləriniz, uşaqlarınız?”
Mən hər şey qaydasındadır dedim. Əslində isə vəziyyət... yox gərək bunu da ətraflı yazam.
***
O vaxt redaktoru olduğum qəzeti bağlamış, mənə dövlət qulluğunda işləməyi təklif etmişdilər. Uzun zaman düşünməli oldum. Özümü məmur kimi heç cür təsəvvür etmirdim. Mən hara, çinovniklik hara? Hər səhər 9-da iş... taa axşam 6-yacan. Şərtlər yazı-pozu adamına heç cür əl vermir. Amma məcbur idim. Dolanmaq üçün başqa yolum yox idi. Siyasi qəzetlərdə köşə yazmaq da olardı, amma bu işdə səriştəsizəm. Əvvəldən siyasətdən xoşum gəlməyib. İllah da bizim siyasətdən. Bizimkilər ya yaltaqdırlar, ya da inqilabçı. Elə bil, orta hədd, fərqli rəng yoxdur. Yarısınacan su tökülmüş bardaq misalı. İqtidar dolu yerindən danışır, müxalifət boş yerindən. Həqiqətsə çox sadədir: boşu boş, dolunu dolu görmək! Xüsusən bir yazar üçün. Bunu erkən yaşlarımda anladığım üçün siyasətdən uzaq gəzdim. Ədəbi yaradıcılıqda isə qazanc yox idi. Nə əməlli bir qəzet vardı işləməyə, nə də əməlli bir jurnal! Dostlar və yaxınlarla məsləhətləşdim, hamı bir ağızdan söylədi ki, get, dövlət qulluğunda işlə, belə fürsət bir də əlinə düşməyəcək! Düzü, həvəsə gəldim, razılığımı bildirdim. Amma məlum oldu ki, dövlət işinə girməkdən ötrü testlə imtahan verməliyəm. İmtahana hazırlaşmağa ən azı iki-üç ay vaxt gərək idi.
Telefonu alıb, qardaşıma zəng vurdum, vəziyyəti başa saldım. Dedim, imkanın varsa mənə beş yüz manat göndər, iki-üç ay uşaqlar ac qalmasın, mən də fikrimi toplayıb oturum hazırlaşım. İnan ki, işə düzələndən sonra pulunu geri qaytaracam. Haqqı haqq, minnəti artıq! Özgəsinə ağız açmaq istəmirəm. Qardaşım dedi, narahat olma, elə üzümüzə gələn bu bazar günü inəyimizi bazara çıxarıb satacam, sənin beş yüz manatını göndərəcəm.
Min il keçə qohum səndən yad olmaz! Dediyi vaxt beş yüz manatım hazır oldu. Bu beş yüz manatın yüzünü xərclədim telefona və internet xidmətinə, qalanını verdim arvada, dedim, elə bil Leninqrad mühasirəsindəsən, mən işə düzəlincə bu pulla dolanmalıyıq! Arvad mısmırığını salladı. Gördüm işlər fırıqdı, başladım nə başladım. Dedim, arvad, sən heç bilirsən, dövlət qulluğu nə deməkdi?! Sığortası, pensiyası... premyalar, ezamiyyətlər, məzuniyyət pulu! Toyda-yasda da deyərsən ərim dövlət işçisidi, sənə deyərlər, ordan oturma, burdan otur!
Arvad elə şirnikdi ki, dedi, sənə qurban olum, ay kişi! Axşam da qollarını saldı boynuma və elə həmin axşamın səhəri günü qapımız qəflətən döyldü.
***
Respublika xəstəxanasında əmim oğlunun təcili yatmasını təkid etdilər. Bu vəziyyətdə ona hərəkət etmək qəti qadağandır! Təcili palataya yazdılar, dedilər, vəziyyəti düzələndən sonra tomoqrafiyaya göndərəcəyik.
Xoşbəxtlikdən, xəstə sürətlə yaxşılaşmağa başladı, baş ağrısı və ürəkbulanma aradan qalxdı.
Günlərin birində bizi çağırıb tomoqrafiya üçün N.Tusi klinikasına göndərdilər. Getdik. Orda dedilər, 80 manat pul ödəsəniz, xəstəni Türkiyədən gəlmiş həkim müayinə edər, daha dəqiq diaqnoz qoyular. Əmim pal-paltarının ən gizli və uzaq yerlərinə əl gəzdirib 80 manatı birtəhər düzəltdi və xəstəni aparata götürdülər. Bir neçə saatdan sonra Türkiyədən gələn həkim bizi otağa çağırdı. Əmim üzünü mənə tutdu: “Sən get!” Onun həyəcanlı olduğunu görüb içəri keçdim, həkimin qarşısında əyləşdim. Həkim baş və şəhadət barmaqlarının intervalında nəsə göstərə-göstərə söylədi: “Keçi məməsi deyə bir üzüm var, biliyormusun?” “Bilirəm” – dedim. “Bakın, sizin hastanın kafasında kanla dolu öylə bir çıkıntı oluşmuş durumdadır. Bu çıkıntının duvarları olduqca incə və davamsızdır, yani hər an patlaya bilir, bu isə ölümü kaçılmaz edər.” – azacıq fikrə gedib əlavə etdi – “Bu gün də yok, hatta bu saat, bu dakika ameliyyata alınmalı!”
Elə bil, məni cücü dişlədi, diksindim. Axı imkanımız yoxdur, deyincə həkim səsinə həlimlik qatdı: “Bəndən söyləməsi! Gerisini özünüz düşünün.”
Qapıya tərəf iki-üç addım atmışdım ki, arxadan həlim səs bir daha eşidildi: “Sizin hasta kafasında bomba taşıyor, hər an patlaya bilir!”
Tərs kimi, əmimin sifətində yenə o işıq peyda olmuşdu. Mən bu xəbəri ona necə söyləyəcəkdim?! Əmim oğlunun baxışlarını isə təsvir etməkdə acizəm. İlk olaraq “Ciddi bir şey yoxdur” deyib özümü tualetə verdim. Güzgüdə sifətimə baxanda anladım ki, əmimə və əmim oğluna dediyim sözə onlardan çox özüm inanmışam.
***
Əlbəttə, türkiyəli həkim başımızı piyləyib pulumuzu almaq üçün belə söyləmişdi. Xəstədən gizli əmimlə etdiyimiz söhbətlərdə yekdilliklə bu qərara gəldik. Və sizə deyim, bu qərarın bizə faydası da dəydi: gecəni rahat yatdıq! Sabah tanış həkimlərdən birinə zəng edib, bu yalanı sübuta yetirməli idik. Başqa bir ehtimalı ağlımızın ucundan da keçirmirdik. Çünki beyin əməliyyatının nə demək oluğunu, neçəyə başa gəldiyini təxminən bilirdik.
Həkim tanışımız bizi Əhmədli qəsəbəsində yerləşən neyrocərrahiyyəyə göndərdi. Daha dəqiqi, ordakı kafedralardan birinə rəhbərlik edən Etibarlı Sabirin yanına. Nədənsə, kişinin adını eşidəndə, işimizin yaxşı gedəcəyinə inandım. İlin-günün bu vaxtı adamın qarşısına iki belə uğurlu söz çıxırsa, bir işarədir yəqin.
Etibarlı Sabir bizi mehribanlıqla qarşıladı. Beyin fotosunu gözdən keçirəndə əvvəl mənim, sonra əmimin, daha sonra əmim oğlunun sifətinə diqqətlə baxdı və yavaş səslə soruşdu:
“Xəstə hansınızsız?”
***
Əmim professor Etibarlı Sabirin yanında qalmağa da ürək eləmədi, xəstə ilə birgə koridora çıxdı. Lap quşürək imiş bu. Kənddə vəzifədə işləyirdi deyə, hiss eləmirdik.
“Təcili əməliyyat olunmalıdır!” – həkimlər biri-birinin ağzına tüpürmüşdülər.
Əmimi çağırdım, birlikdə susduq, başımızı aşağı saldıq. Vəziyyətin qəlizləşdiyini görən Etibarlı Sabir dedi: “Belə xəstələrimiz çox olur. Əsasən Kiyevə aparırıq, yaxşı həkimlər var, həm yol yaxındır, həm də qiymətlər münasibdir. Baxın, bu əməliyyat Tehranda, İstanbulda, Moskvada da mümkündür. Tanışınız varsa, qiymətlərlə özünüz maraqlanın.”
Çıxdıq. Əmim oğlu vəziyyətin qəlizliyini atasının sifətindən oxuyurdu və narahat gözlərindəki ümidsizlik daha da dərinləşirdi.
Axşam evdə şahidi olduğum hadisə isə... Tualet üçün qalxmışdım, əmimgil yatan otaqdan səs eşidib gizlicə yaxınlaşdım.
Əmim: “Niyə yatmırsan?”
Əmim oğlu: “Dədə, həkimlər nə dedi?”
Əmim: “Nə deyəcəklər! Dedilər sağalacaq.”
Əmim oğlu: “Bə onda məni niyə çölə çıxartdılar?”
Əmim: “Səni nəyə saxlıyacaqdılar, başın nədən çıxır?!”
Əmim oğlu: “Yalan deyirsən!”
Əmim: “Adamın atası adama yalan deyərmi heç? Sənə niyə yalan deyim?”
Əmim oğlu: “Belə deyirsən ki, qorxmuyum!”
Əmim: “Hihihi!!! Başın xarabdı ee... deyirəm. Nədən qorxacaqsan! Nə var ki, qorxasan?”
Əmim oğlu: “Axı pulumuz yoxdu ki, “apres” olunam”
Əmim: “Sən qəti narahat olma, nəyimiz var satacam, qohumlardan kömək istəyəcəm, nə qədər pul lazımdı düzəldəcəm. Heç narahat olma!”
Əmim oğlu: “Qohumlar kömək eliyər ki?”
Əmim: əsəbləşdi) “Ə niyə eləmir?! Qohum nə günün qohumudu?! (azca fasilə) Di yat, eşidəllər bizi, yaxşı döyül. Durum, sakitləşdirici dərmannan birin verim?”
Əmim oğlu: “Yox, istəmirəm.”
Əmim: “Yat, yat dincəl, hər şey yaxşı olacaq. Narahat olma! Ölməmişəm ha!”
Dinməzcə aralandım və səhərəcən gözümə yuxu getmədi.
***
Səhər qəti qərara gəldim: “Rədd olsun imtahanlar da, iş də! Əmim oğlunun həyatını xilas etməliyəm!”
Bircə günün içində bütün şəhərlərdəki qiymətləri öyrəndik. Tehran: 5 min dollar, İstanbul: 12 min dollar, Moskva: 10 min dollar, Kiyev: 5 min dollar! Hələ onu da öyrəndik ki, nəhəng alov qüllələrinin yanında yerləşən Mərkəzi Klinikada yeni texniki avadanlıqlar var və iki-üç aydan bir dəvət olunan əcnəbi mütəxəssislər bizə lazım olan beyin əməliyyatını burda rahatlıqla həyata keçirirlər. Gedib maraqlandıq, 10 min dollardan aşağı yenmədilər. Əslində 5 mindən başlayan qiymətlərin bizə istisi-soyuğu yox idi. Çünki, əmim bütün varidatını satsaydı və mən qardaşımdan qalan həmin dörd yüz manatı da onun üstünə qoysaydım, bu pulu düzəldə bilməzdik.
Nə edək? Bakıda ağır xəstələrin xaricdə müalicəsi ilə məşğul olan xüsusi bir komitə olduğunu bilirdim. Əcəba, müraciət edəkmi? Bəlkə, nəticəsi olmadı, havayı vaxtımız gedəcək. O vaxtacan, iraq olsun, xoşagəlməz bir hadisə baş versə necə? Başqa yolumuz varmı? Görəsən, qohumlar kömək edərmi?
Uzun çək-çevirdən sonra razılaşdıq ki, həmin komitəyə müraciət edək. Komitə Dərnəgüldə yerləşirdi. Əmoğlunu bizdə qoyub metroya düşdük. Yolda əmimə izah etdim ki, kiməsə yalvarmaq lazım deyil, sən ömrün boyu bu dövlət üçün çalışmısan, vergi ödəmisən, indi də əlacsız vəziyyətə düşdüyünə görə yardım istəyirsən. Bu, sənin haqqındır! Belə bir gündə sənə dayaq olmayan vətən sənin nəyinə gərəkdir?! Kimin yanına girsək, dilənçi kimi deyil, varlı bir ölkənin vətəndaşı kimi danış. “Oldumu?” – dediklərimi anladığına əmin olmaq istədim. Əmim gülümsədi: “Narhat olma!”
Gənclikdən Dərnəgülə gedən marşrut taksilərdən birinə mindik və tərpəndik. Sürücü yolda dayanıb yaşlı bir qadın götürdü. Qadın içəri girən kimi əmim qalxıb ona yer verdi. Marşrut taksinin içərisində ayaq üstə qalan yeganə adam əmim idi. Mən pəncərə tərəfdə oturduğumdan, ona yer verə bilmədim. Ayna Sultanovanın abidəsinə yaxınlaşanda əmim qəflətən aşağı çökdü. Əyilib baxdım, o, uşaq kimi büzüşüb az qala görünməz olmuşdu. “Sənə nə oldu?” soruşunca altdan yuxarı mənə həmin gülümsər gözlərlə baxıb barmağı ilə “sus” işarəsi verdi. Dinmədim, amma təəccübüm də keçib getmədi. Hər şeyi maşından düşəndən sonra öyrəndim; həmin vaxtlar Dövlət Yol Polisi marşrut taksilərə artıq adam götürməyi qadağan etmişdi. Sürücü Ayna Sultanovanın abidəsi həndəvərində yol müfəttişlərinin dayandığını görüb əmimə “aşağı əyil” işarəsini veribmiş!
Sinə dolusu nəfəs alıb başımı bulamaqdan başqa əlimdən bir iş gəlmədi.
***
Komitə sədrinin qəbul otağında qələbəlik vardı. Bəli, növbə yox, qələbəlik! Qəbul otağında əyləşmiş dolu və yaraşıqlı xanım səs-küy salan müharibə əlilləri, qocalar, orta yaşlı kişi və qadınlarla olduqca sərt danışırdı.
Xanıma yaxınlaşdım, sədrin yanına girmək istədiyimizi bildirdim. Dedi, bir həftə burda gözləsək də onun qəbuluna düşə bilməyəcəyik. Qəzetdə işləyən tanışlarımdan birinə zəng vurdum, qəbula düşmək üçün ondan kömək istədim. İyirmi dəqiqə keçməmiş həmin dolu və yaraşıqlı xanımın koridorda bizi axtardığını gördüm.
***
Komitə sədri çox əzazil adama bənzəyirdi. Zəhmli baxışları vardı. Stolunun üstündə İmam Əlinin “Nəhcül-bəlağə” əsərini gördüm. Səhifələrin arasına qoyulan əlfəcindən kitabın çoxunu oxuduğu anlaşılırdı. Bu, Etibarlı Sabir adından sonra qarşımıza çıxan ikinci uğurlu işarə idi.
Deyəsən, kitaba çox baxmağım komitə sədrinin diqqətindən yayınmadı. O, eyni anda həm də partiya liderləri kimi alovlu çıxış edən əmimə qulaq asırdı: “Mənim bu dövlətdən başqa heç nəyim, heç kimim yoxdu! Ömrüm boyu sədaqətlə işləmişəm, harama əl uzatmamışam! Bu dövlətin azadlığı yolunda doğma qardaşımla bərabər bütün varımı-yoxumu, kəndimi-kəsəyimi itirmişəm. Ölkəm üçün indən belə də heç nə əsirgəmərəm. Günü bu gün min-bir zülüm-zillətlə gələcək üçün əsgərlər böyüdürəm. Haramı düzündə onun-bunun qapısında nökərçilik edirəm ki, ailəm acından ölməsin. Həyatım boyu heç kimdən heç nə istəməmişəm, istəmərəm də! Ancaq bu gün oğlum ağır xəstəliyə düşüb, müalicəsi xaricdədir, onu ölümün pəncəsindən xilas etməyə imkanım yoxdur. Oğlumun ümidlə mənə dikilən gözlərinə baxa bilmirəm. Ona kömək edə bilmədiyim üçün özümə nifrət edirəm. Əgər o, gedib müharibədə şəhid olsaydı, yaxud qaçqınlıq vaxtı düşmən gülləsinə tuş gəlsəydi alçaq olardım üzümü turşutsaydım. İnsan bir gün var, bir gün yoxdur. Amma biləndə ki, sənin dərdinin əlacı var, sən onu əldə etməkdə acizsən, bu dəhşətlidir! Sizdən çox xahiş edirəm, oğlumu xilas edin! Həmişə qulluğunda durduğum dövlət bu gün məni çarəsiz qoymasın, əlini kürəyimdən çəkməsin! Çox xahiş edirəm! Bu, mənim haqqımdır, bu haqqı məndən almayın ki, ailəmin-uşağımın içinə qayıtmağa üzüm olsun!”
Əmimin çıxışı məni də, Komitə sədrini də ovsunlamışdı.
Və... inanmayacaqsınız, əzazil görkəmli adam həlim səslə buyurdu: “Bu məsələ ilə məşğul olan xüsusi komissiya var, həmin komissiyanın rəyini və gedəcəyiniz xəstəxanadan hesab-faktura gətirin, vəsaitinizi köçürək. Getdiyiniz təyyarə reysi haqda da məlumat verərsiniz, xəstənin yolhaqqını ödəyərik.”
Əmim küçə ilə yerimirdi, uçurdu. Mən ha əlləşsəm də ona ayaq uydura bilmirdim.
***
Komissiyanın rəyi, əslində, elə də çətin sənəd deyildi. Ancaq komissiya üzvləri heç vaxt toplaşıb müzakirələr aparmadığından onları tapıb sənədi imzalatmaq bir aya yaxın vaxtımızı aldı. Bütün sənədləri hazırlayandan sonra daha bir problem çıxdı. Etibarlı Sabir başının keçəl yerini xeyli qaşıyandan sonra söylədi: “Vəsait dövlət tərəfindən hesabdan hesaba ödənilərsə, xəstənizin hansı həkimin əlinə düşəcəyini bilməyəcəksiniz. Halbuki, sizin xəstənin getdiyi ölüm riski yüksək olan, olduqca incə bir əməliyyatdır. Madam, yanıma məsləhətə gəlmisiniz, mən Kiyev Neyrocərrahiyyə İnstitutunun professoru Viktor Şeqlovu məsləhət görürəm. Seçim özünüzündür. Məndən demək!”
Qaldıq mat-məəttəl. Dedik, yoldaş Etibarlı, axı, Şeqlova verməyə bizim 5 min dollarımız yoxdur. O zaman Etibarlı Sabir dedi: “Biz ora çoxlu xəstələr aparırıq, elə edərik, sizə bir az ucuz başa gələr.”
Yanındakı düyməni basdı, içəri cavan, yaraşıqlı bir həkim girdi. Etibarlı Sabir onu bizə təqdim etdi: “Tanış olun. Vüqar həkim. Bizim xəstələri Şeqlovun yanına aparan həkimdir. Vüqar həkim, Kiyevlə əlaqə saxla, bürtün xəstələr üçün çalış ümumi qiymət danış, bu kişiyə çox yük düşməsin, kasıb adamdır.”
Bir saatdan sonra Etibarlı Sabirdən bizə şok açıqlama gəldi. Sən demə, bizi Şeqlovdan cəmi-cümlətanı 3 min dollar ayırırmış. Əmim öskürdü: “Xozeyn zəng eləmişdi, dedi, qorxma, nə qədər pul lazımdı verərəm. Gedim, bəlkə düzəldə bildim!”
Bir həftə keçməmiş səhər tezdən əmim mənə zəng çaldı, dedi, pulu düzəltmişəm, sənədlər də hazırdır, gedirik Kiyevə!
***
Səfərqabağı əmimə ürək-dirək verdim. Dedim, qorxub-eləmə, möhkəm ol, lap onacan hazır ol ki, Allah eləməmiş, oğlun ölə bilər! Özünü itirmə. Ora doludu azərbaycanlılarla. Öyrəndim, Vüqar həkim sizinlə qalacaq. Elə olsa, heç bir problem yoxdur. Rusca bilirsən də az da olsa, əsgərlik çəkmisən. Ya znayu, tı znaeş...
Aeroportdan yola saldığım günün səhəri əmim Kiyevdən zəng elədi: “Hər çey yaxşıdı, bizə əla bir “komnat” veriblər. Şeqlovla da, oğluyla da – o da cərrahdır – tanış olduq, dedilər, hər şey yaxşı olacaq.”
Bir gün sonra əmim zənglə bunları dedi: “Əməliyyat yaxşı keçdi, heç xəstənin başına bıçaq vurmadılar, qılçasından damara girib əməliyyat elədilər. Özünü yaxşı hiss eləyir, elə bil anadangəlmədir. Bir həftədən sonra gəlirik.”
İmtahanım əmimgil gedən həftəyə təsadüf etmişdi. Yaxşı hazırlaşmadığımdan müsabiqədən keçə bilmədim. Axşam internetdə cavablara baxanda gördüm, 80 keçid balına qarşı cəmi-cümlətanı 62 bal yığmışam. Sənəd verdiyim yerə heç kim qəbul olunmamışdı. Deməli, 6 ay sonra yenidən imtahan verə bilərdim.
“Buna da şükür” dedim öz-özümə
***
On gün sonra əmimgil gəldilər. Mənə butulkası səhəngə bənzəyən “Starıy Kiyev” arağı almışdılar. O səhər qapımız döyüləndə arvad məndən tez yüyürdü koridora. Gördüm sevindiyindən gözləri yaşarıb...
Əmimi qucaqladım, ağlamamaq üçün özümü güclə saxladım. Əmoğlunu da öpdüm. O, şuxluqla gülümsədi.
“Nə təhər oldu?” – soruşdum hövsələ etmədən.
“Heç bilmədim necə elədilər” – əmoğlu əlini qasığına uzatdı – “Burdan bir iynə saldılar, vəssəlam! Elə bil sistem qoşmuşdular!”
“Vüqar həkim dedi hələ belə uğurlu əməliyyat keçirməmişik” – əmim nur saçırdı yenə.
Arvadın dana ətindən bişirdiyi kotletlə “Starıy Kiyev” arğından vurdum. Əmimə də iki yüz içirtdim. Onun və əmioğlunun sağlığından sonra keçdik Şeqlova.
“İnternetdə baxmışam, neyrocərrahiyyədə “Şeqlov üsulu” deyə bir məktəb var. ” – üzümü əmoğluna tutdum – “Dedin, necə elədilər?”
Əmim oğlu əlini lap xayasının yanına apardı:
“Bax burdan...”
“Ə ayıbdı, əlini çək ordan!” – məzələndim, əmoğlu diksinib əlini çəkdi, onu gic gülmək tutdu.
Əmim də bivec bir səslə güldü və tez də ciddiləşdi:
“O nə maddə idi dedilər?” – oğlundan soruşdu.
“Panti... Piti...” - əmim oğlu gözlərini döyərək fikrə getdi.
“Qoy həkimdən soruşum!” - əmim keflənmişdi deyəsən.
Telefonu çıxartdı, gözünün birini qıyıb nömrəni yığdı, qulağına tutdu. Qəflətən “Alo” deyib ayağa qalxanda təntidi, əli ani bir hərəkətlə qarşısındakı meyvə şirəsini süfrəyə dağıtdı:
“Bəli, bəli, Vüqar doxtur! Bəli, mənəm, Allah köməyiniz olsun!!! Qardaşım oğlugildəyəm, hamı sənə də, Sabir doxtura da çox sağ ol deyir. Allah sizi uca eləsin. Allah eləsin, o dediyin aparatları alıb sizin xəstəxanaya da gətirsinlər! Sən də pul tapıb gedib o dediyin kursu keçəsən, gəlib camaata lap yaxından köməy eləyəsən! Bizim kimi kasıb-kusublar da yollara düşməsin... Hııı...”
Azca fasilə verdi. Görünür Vüqar həkim nəsə danışırdı. Əmim:
“Buna da şükür, doxtur, buna da şükür! Yaxşı ki, varsız. Uşaqlarım bütün günü sizə dua edillər! Doxtur, bir şey soruşum sənnən! Deyirəm, bir şey soruşum sənnən!!! O uşağa vurulan maddənin adı nə idi? Heç, elə-belə, qardaşım oğlu maraqlanır... Nə? Platin! Hə, oldu, sağ ol. Platin! Platin!” – mənə eşitdirdi – “Bildim! Platin! Sağ ol doxtur, qadan alım, sağ ol! Allah amanında qal!”
Telefonu söndürüb əyləşdi. Bütün əsəbi adamlara məxsus kəskin əl hərəkətləri və sifət mimikaları ilə “Şeqlov üsulu”nu mənə başa salmağa çalışdı:
“Deməli, damardan platini beyinə göndərillər, o da, gör necə maddədisə damarın içi ilə burula-burula gedir” - sağ əlini bura-bura elə oynatdı, dedim bu dəqiqə biləyindən çıxacaq – “Platin gedib harda artıq bir dəlik varsa ora dolur, oranı beton kimi tutur. Ömürlük!”. Bayaqdan sağa-sola oynatdığı əlini yumub yumruğunu bərkdən sıxdı. Dalınca yenə çürümüş dişlərini göstərərək güldü: “Koppoğlunun sovet hökuməti! Gör nələrə qadirdi e...”. Öskürdü və cəld hərəkətlə qədəhini qarşıma qoydu:
“Mənə bir əlli də süz!”.
Araq süzə-süzə qımışdım:
“Əmi, indi sovet hökuməti nə gəzir?”
Özünü sındırmadı:
“Deyicisi olma, deyicisi olma! Bə Şeqlov nə vaxt oxuyub məktəbi?!
“Çox yaxşı kişi idi” – əmoğlu söhbətə qoşuldu – “Görüşən kimi məndən Rəşid Behbudovu soruşdu, dedim, əlbəttə tanıyıram, elə şey olar tanımayım! Ondan sonra hər yanıma gələndə Rəşidin mahnılarından oxuyurdu! Həmişə də ağzından araq iyi gəlirdi.”
“Şeqlovla Rəşidin sağlığına!” – deyəsən mən də dəm idim. Əmim güldü, az iç dedi. Vecimə almadım. Çox içdim. Bütün xaxolların, xaxuluşkaların sağlığına vurdum. Komitə sədrini, onun kök katibəsini, həkim tanışımızı, Etibarlı Sabiri, Vüqar həkimi, Kiyev Rus Dövlətini yaradanları, Azərbaycan-Ukrayna dostluğunun yaxın tarixçəsini... hamısını qatdım biri-birinə.
İçdim, içdim və qəfil əmimi qucaqlayıb ağladım.
Fevral, 2012