Şərif Ağayar
Dünən “El bizim sirr bizim” verilişinə ilk dəfə baxdım. Mən Elçin Əlibəylini yaxşı tanıdığım üçün bu verilişi izləmirəm.
Gənc dostlardan kimsə dedi ki, səndən də danışıblar. Ona görə maraq üçün gec saatlarda myvideo.az-da ayarlayıb baxdım. Sağ olsunlar, haqqımda xoş sözlər söyləyiblər.
Elçin vaxtıyla ədəbiyyatın efirdən təbliğ olunmasında xeyli zəhməti olan adamdır. Bunu danmaq olmaz.
Eyni zamanda, televiziya üzrə yaxşı və mən deyərdim nadir mütəxəssislərdəndir. Yəni bizdə beləsi çox azdır.
Ancaq onun zaman-zaman ədəbiyyat adamlarına aşağılayıcı, ikrahedici, alçaldıcı münasibətini müşahidə etmişəm.
Elçinə efirdən ciddi heç nə demədən, ağıllı bir söz söyləmədən reytinq yığmaq kimi absurd bir iş tapşırılıb. Efir sayt və qəzet deyil. Göz qarşısındasan. Gizlənə bilməzsən. Ciddi bir söz demədən maraq doğuran veriliş aparmalısan. Bu şərtlər səni istər-istəməz təlxəyə çevirir. Elçinsə kifayət qədər ağıllı adamdır. Əsla və əsla təlxəklik etməz. Ona görə, bu missiyanı ucuz məharətlə çağırdığı qonaqların boynuna qoyur.
Dünənki veriliş deyilənlərin bariz nümunəsi, hətta kulminasiya nöqtəsi idi.
Adam çağırdığı xanımlara, ümumən gənc qonaqlara dəfələrlə “Siz özünüzdən müştəbehsiniz!” söylədi. Hətta boyunlarına qoymağa çalışdı. Olduqca mədəni bir xanım olan Sahilə İbrahimovanı isə ayrıca, məqsədli şəkildə, dönüb dolana-dolana ardıcıl alçaltmaqda davam etdi. Yeri gəlmişkən, bu barədə Sahilə xanım bir yazı da yazıb.
Verilişin bir ortasında Sevinc Çılğına sübut etməyı cəhd etdi ki, sən qarşındakı şairə “İt” deyirsən və onun danışmasını itin hürməsinə bənzədirsən. Halbuki, Sevinc klassikləri söyənlər haqda ümumi halda “...Karvan keçər” ifadəsini işlətmişdi.
Sevinc ittihamı inkar etdi, amma nə fayda. Adam israr edirdi. Bu təhqiri onun boynuna qoymağa çalışırdı.
Sevinc bir yana, hörmət əlaməti olaraq adını çəkmək istəmədiyim şairin üzünə dirəndi ki, o sənə it deyir və sən bunu etiraf elə.
Sözün bitdiyi yerdir.
Nə yazasan, nə deyəsən?
Heç nə.
Elə isə bu yazını niyə yazdım.
Deyim.
Aşağıda qara hərflərlə verilən cümlədən ötrü.
Özünə hörmət edən yazar Elçin Əlibəylinin verilişinə çıxmamalıdır.
Bu, təkcə ora çıxan şəxsin adına yox, ədəbiyyatın adına rüsvayçılıqdır.
Özümüzə hörmət edək ki, belə alçaldıcı vəziyyətlərə düşməyək.