Dünən telefonda yaşlı bir dostumla danışırdım, gördüm, adamı koronavirusdan çox yaşlılara münasibət narahat edir. Necəsən sualım kifayət idi ki, giley-güzar başladı. Necə olacam, dedi, əvvəl daha qocalmısan, işə gəlmə dedilər, dalınca da ümumiyyətlə, çölə, bayıra çıxma, söylədilər. Özümü yararsız, artıq, hətta zərərli hiss edirəm.
Adama xeyli təskinlik verdim, bu vəziyyətin keçici olduğunu söylədim, onu xoş gələcəyə, balonları maviliklərə sürəcəyimiz anlara inandırmağa çalışdım. Beynimdəsə tamam başqa şeylər düşünürdüm.
Niyə yaşlanmaq Şərq aləmində adamlara həmişə faciəvi gəlib? Bu qədər kitab-dəftər oxumuşuq, hələ bir nəfərin də bu yaşa çatdığım üçün xoşbəxtəm deyə nəsə yazdığını görməmişik.
Biz qarşımıza çıxan gerçəkliyin pozitiv yanlarını görməyi bacarmırıq. Nazim Hikməti ona görə sevirəm ki, ən ağır şərtlər altında belə yaşamaqdan zövq almağı bacarıb və bunu şeirlə oxucuya yansıda bilib. Həyat gözəldir axı. Bütün yaşlarda. Hətta can verdiyin an bir-iki saniyəlik dərindən nəfəs alıb pəncərəyə baxmaq belə çox gözəldir. Biz niyə bu anları yaxalayıb dadını çıxarmağı bacarmırıq?
Şəxsən mən çətinliklər və səhhət ucundan 30-35 il yaşayacağıma inana bilmirdim. Əmin idim ki, tez öləcəm. Ürəyim istəyən bir sevgi yaşamadan, ailə-uşaq sahibi olmadan, normal bir şey yazmadan. Yəni, heç nə olub gedəcəm. Amma zamanla uzaqdan durbinlə baxdığım çağlara çox rahatca gəlib çıxdım. İndi 40 yaşın ortalarındayam. Səmimi etiraf edim ki, bu yaşa gəlib çatmağım içimə həmişə ilıq bir xoşbəxtlik yayıb.
Əminəm, 60-a, 70-ə çata bilsəm, yaşlılığın çətinliyi ilə yanaşı mutluluğunu da mütləq yaşayacam. Bəs ümumilikdə insanlar, xırda istisnalarla bunu niyə bacarmırlar? Dünyaya 65 yaşın üstündən baxmağın nə boyda səadət olduğunu bilmirlərmi? Niyə yaşlı azərbaycanlı mütləq indiki vəziyyətini gəncliklə müqayisə edir? Ona problem lazımdır? Axı müqayisə olunan predmet və hadisələrin oxşar yanı olmalıdır.
Gəncliklə gənclik müqayisə oluna bilər. Məsələn, mən gəncliyimdə belə idim, sən elə. Dünyada mən qocalığımda belə idim, sən gəncliyində elə deyən adam gördünüzmü? Madam qocalığımızı başqasının gəncliyi ilə müqayisə etmirik, öz gəncliyimizlə də müqayisə edib içimizdə qan qaraçılığı yaratmayaq. Hər yaşın öz gerçəkliyi var və ağıllı adamlar gerçəkliyə sayğı ilə yanaşır.
Danimarkalı rejissor Lars Fon Trierin “Qaranlıqda rəqs” filminin qadın qəhrəmanının gözləri tutulur. O, həm də rəqqasədir. Sənəti ona ən ağır məqamlarda kömək edir. İçindəki ümidi itirməmək üçün rəqs edə-edə mahnılar oxuyur. Mahnıların mənası təxminən belədir ki, əlbəttə, yağışlar, çəmənlər, axan çaylar, uçan quşlar gözəldir, mənsə xoşbəxtəm, nə vaxtsa onları doya-doya görmüşəm.
Gəncliyi yaşayan, üstəlik bonus olaraq qocalığı da yaşayan insanlar nə qədər xoşbəxtdir və bu xoşbəxtliyin sabah başımıza gələnlərlə heç bir əlaqəsi yoxdur.
...Hansısa toyda tamada mikrofonda “Hamınıza qocalmaq arzu edirəm” söyləmişdi. Adamlar əvvəl çaşıb qalmışdılar. Axı adətən məclislərdə hamıya gənc qalmağı arzu edirlər. Qonaqların çaşdığını görən tamada tez-tələsik davam etmişdi: “Yəni uzun yaşayın, qocalığı da görün!”
Yazımı bu düşük dahiyanəliklə yekunlaşdırmaq istəyirəm.
Çünki bayaqdan demək istədiyim elə bu idi.