Şərif Ağayar
2008-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsində məsləhətçi kimi işə düzələn vaxt şöbənin iclasında ilk verdiyim təklif bu oldu: Kitaba qarşı güzəştlərin tətbiqinə nail olaq!
Düzdür, sonralar bu sadəlövh təklifimə görə, sektor müdirim, Selincerin və Folknerin bənzərsiz tərcüməçisi Tehran Vəliyev məni lağa qoydu, amma bu gün də düşünürəm ki, doğrunu demişəm, lazımlı sözü demişəm və aradan neçə il keçsə də eyni sözü təkrar edərəm.
Zira bu təklif olan yerdə kitab adına bütün olanlar və olacaqlar balaca görünür. Elə Tehran müəllim də işə gəldiyim ilk günlərdə belə yekə təklif verməyimə gülürdü.
Keçmiş şöbə müdirimiz, tanınmış şair Vaqif Bəhmənli Tehran Vəliyevdən fərqli olaraq təklifimi ciddi qarşıladı, lakin əməli iş görməyi, görünür, mümkün deyildi.
O zaman başqa bir tanınmış şairimiz Çingiz Əlioğlu da o şöbədə sektor müdiri idi. Bildiyiniz kimi Çingiz müəllimin taa Mətbuat və İnformasiya Nazirliyindən, müxtəlif nəşriyyatlardakı vəzifələrindən üzü-bəri kitabla bağlı geniş təcrübəsi var. Keçən gündür, təklifimə onun necə reaksiya verdiyini dəqiq xatırlamıram, amma hər halda bu barədə düşünməmiş olmaz.
Nəşriyyat və informasiya şöbəsi (indi deyəsən adı bir az dəyişib – Ş.A.) dövlətlə milli kitab arasında yeganə vəsilədir. Ayrı-ayrı idarə və təşkilatların uğurlu kitab layihələri var, lakin köklü problemlərin həlli, ölkədəki və xaricdəki nəşriyyat-poliqrafiya mərkəzləri ilə hərtərəfli əməkdaşlıq, bütün yuxarı instansiyalara qanunvericiliyə uyğun təklif vermək səlahiyyəti bu şöbədədir.
De-yuri belədir, de-fakto gördüyünüz kimi...
Bəli, biz milli kitabımıza, ayrı ölkələri demirəm, heç olmasa Gürcüstan qədər güzəştlər tətbiq etmək məsələsini nəinki həll edə bilmədik, heç məsələ də qaldırmadıq. Görünür, məndən daha təcrübəli insanlar bunu məsləhət bilmədilər. Ancaq Nəşriyyat şöbəsi mənim orda işlədiyim beş il müddətində bir tarixi işə imza ata bildi - bu, Beynəlxalq Bakı Kitab Sərgi-Yarmarkasının təşkili idi.
Məncə, Vaqif Bəhmənlinin son iyirmi ildə bundan daha yaxşı bir fəaliyyəti olmayıb. Hətta bu yarmarka o qədər uca bir işdir ki, Vaqif müəllimin nazirə yazdığı məşhur mədhiyyəni də buna bağışlamaq olar.
Beynəlxalq Bakı Kitab Sərgi-Yarmarkasının yaradılmasında adı mütləq çəkilməli olan adamlardan biri də Elbəy Əlidir. Azca maaş müqabilində onun çəkdiyi əziyyətləri danmaq üçün adam kor olmalıdır. Elbəy Əli bilirsiniz kimdir? Qeyri-korrekt bir kəlməsinə görə az qala daş-qalaq elədiyimiz dəyərli ziyalı, gözəl tərcüməçi və yazar Akif Əlinin övladı...
Elə şeylər var ki, yazılmır və deyilmir, amma insanların bilməsi mütləq lazımdır.
Bu gün Əl Oyunları Sarayında Beynəlxalq Bakı Kitab Sərgi-Yarmarkasının beşinci tədbiri düzənlənir. Buna görə Mədəniyyət və Turizm Nazirliyinə, Vaqif Bəhmənliyə, Çingiz Əlioğluna, Elbəy Əliyə, Aslan Cəfərova, hətta mənim özümə, bir sözlə zəhməti keçən hər kəsə yağlı bir “Sağ ol” düşür. Tehran Vəliyevə isə tanrıdan rəhmət diləyirəm. Yeri gəlmişkən, onun haqqında heç kimə yox, uca yaradana yaxşı bir esse borcum var. Möhlət versin, yazım.
Bu gün Bakı bütün dünyanı kitab adına ağırlayacaq.
Qürur duymağa dəyər.
Və sonda bir arzumu da deyim: gün gəlsin, vaxtıyla qaldırdığım o təklif gülüş təhnizini öz üzərindən götürsün!