Kamal Abdulla müsahibəsi ilə bağlı polemika davam edir. Bu gün Şərif Ağayarın məqaləsini təqdim edirik. Polemikanın sonunda Kamal Abdulla da polemikaya qoşulacaq.
Yazıçı Kamal Abdullanın Kulis.az saytına verdiyi müsahibə bir çox xüsusiyyətlərinə görə polemikalara yol açır. Hətta o qədər ki, işini-gücünü at, həftələrlə bu müzakirələrə qoşul, bircə dəfə də “yoruldum” demə.
Nədən ki, K.Abdulla müasir romançılıq, hətta bir az da geniş götürsək, müasir nəsr haqqında geniş biliklərə sahibdir. Bu barədə müəllim səmimiyyəti ilə deyil, yazıçı ədalarıyla danışsa da qaldırdığı məsələlər çox faydalıdır.
Mən bu məsələlərin yalnız biri üzərində xüsusilə dayanmaq istəyirəm. Çünki, bəhs edəcəyim mövzuda bizim gənc yazarların bəzi səhv qənaətləri formalaşıb: bu şəhər və kənd ədəbiyyatı, şəhər və kənd yazıçısı, kitabdan gələn və həyatdan gələn yazar söhbətləridir.
Roman urbanistik hadisədir!
Bu bir həqiqətdir və roman yazanın şəhərli olmasına, yaxud romanın şəhərdən bəhs etməsinə əsla dəxli yoxdur. Sadəcə o deməkdir ki, roman şəhər mədəniyyətinin məhsuludur! Yəni, əgər yazıçı bu mədəniyyətə malik deyilsə, şəhəri tanımırsa, uzun zaman böyük sənaye mətkəzlərində hansı irihəcmli ədəbi nümunələrin yarandığını bilmirsə, onunçün roman yazmaq çətin olar. Bu sənin üçün qoşma-gəraylı deyil ki, ağızdan-ağıza eşidib sən də ilhamının ovxarını yoxlayasan.
Ancaq şəhərdə yaşayan və ciddi romanlar yazan kənddən yox, ucqar bir obadan, çadır şəhərciyindən, təkevli meşəbəyi daxmasından da gələ bilər. Yetər ki, şəhər mədəniyyəti ilə tanış olsun, teatrın, kinonun nə olduğunu bilsin və dünya ədəbiyyatını oxusun.
Roman və şəhər bağlılığı mövzu ilə də deyildir.
Roman şəhər həyatından bəhs etməlidir deyə, kəsin bir kural yoxdur.
Ümumiyyətlə, Kamal müəllim inciməsin, ədəbiyyatda dəyişməz qaydalar, ehkamlar mövcud deyil. Bütün qənaətlər şərtidir. Dünyada nə qədər yazıçı, hətta nə qədər ciddi əsər varsa, o qədər qayda və o qədər mətbəx var. Ədəbiyyatın sirli-sehrli tərəflərindən biri də budur.
Bir də görürsən ki, Umberto Eko kimi yazıçı uzun-uzadı atların və dəvələrin xüsusiyyətlərindən bəhs etdi. Kamal müəllimin özünün elə, kulis.az-da yayımlanan son hekayələrindən biri (“Atama deyin ki, mən xoşbəxtəm” hekayəsi-Red.)nəinki kənddən, hətta kəndin ən geridəqalmış adətlərindən olan qızqaçırmadan bəhs edirdi. Qəhrəmanlar isə urbanizasiyadan uzaq feodal təfəkkürlü adamlar idi.
Bəzən bizdə mövzunu lokallıqla da qarışdırırlar. Məsələn, bəziləri hələ də sadəlövhcəsinə düşünür ki, Allahdan yazanda adam böyük yazıçı olur. Eləcə də, ölüm, əbədiyyət və s. Bu məntiqlə Azərbaycanın hansısa kəndindən bəhs etmək əsəri lokallaşıdırır. Cavab ötən il, heç kimin və çox yəqin ki, Kamal Abdullanın özünün də gözləmədiyi halda, Nobelə layiq görülən Mo Yandan gəlir: “Kimsə həqiqətini Nyo-Yorkda tapa bilər, mən Çinin ucqar bir kəndində!”
İsveç Akademiyası ağılsız deyil. Yetər ki, tapdığın həqiqət olsun! Bunun məkanı o qədər də önəmli deyil.
Əsəri lokallaşdıran yazıçının düşüncəsidir. Məsələn, əgər bu düşüncə dinlə, millətçiliklə, vətənpərvərliklə, yaxud Azərbaycanvari yerlibazlıqla, qohumbazlıqla, qrupbazlıqla və dostbazlıqla çərçivələnirsə lokaldır. İstəyirsən yazdığın hadisələr Parisdə, Eyfel qülləsinin altında baş versin!
Lokallıq təfəkkür və düşüncə tərzidir. Mövzu və hadisələrin baş verdiyi məkanla bağlı deyil.
Müsahibədə daha bir paralellik kənd və şəhər dili arasında aparılıb.
Təbii ki, tanınmış dilçi alimə nəsə öyrətmək qəsidində deyiləm. Sadəcə, orada üstündən sürətlə keçilən bəzi vacib məqamlara toxunmaq istəyirəm. Odur ki, sözüm daha çox oxucularadır.
Azərbaycan aqrar ölkə olub. Bizdə şəhər mədəniyyəti neft sənayesi ilə başlayıb ki, orada gah ingilislər, gah ruslar at oynadıblar. Sonuncu “başbilənimiz” ruslar olduğu üçün Bakıda yalançı rusdilli elita yaradılıb. Hansı ki, ana dilində danışmağı özlərinə sığışdırmayıblar. Belə bir vaxtda bizim dilimizə yiyə duran, onu ədəbiyyatın bazasına çevirən indi bəyənmədiyimiz Süleyman Rəhimovlar, Əli Vəliyevlər, Mirzə İbrahimovlar, Səməd Vurğunlar, İsa Hüseynovlar, Sabir Əhmədlilər olub. Kamal müəllimin böyük zəhmətlə araşdırıb alim adını aldığı Azərbaycan dilinin sintaksisini bu “kənd uşaqları” yaradıblar.
Bildiyiniz kimi, dil iqtisadiyyatla çox bağlıdır. İstehsalatın gücü yeni sözlərin, hətta yeni cümlə quruluşlarının yaranıb istifadəyə verilməsini tələb edir. Bu mənada aqrar vətənimizin dili kənddə daha zəngindir. Məsələn, atla bağlı yüzlərlə söz olduğu halda velosipedi tam ifadə etməyə qarşılıq tapa bilmirik hələ də. Bu mənada nəsr dilimizin kənd yüklü olması kənddən gələnlərin qəhrəmanlığı deyil, tarixi qanunauyğunluqdur.
Əlbəttə biz bu gün həmin dili Məmməd Aslan kimi əli dəhrəli qorumamalı, onun müasir predmet və hadisələri uğurla ifadə edəcək səviyyədə inkişaf etməsinə çalışmalıyıq. Ancaq, əsla və əsla bu işi “aksentli yazıçılara” həvalə etmək olmaz. Dili inkişaf etdirmək başqa, onun anasını ağlatmaq başqa...
Umarım Kamal müəllim dialektlərdən də ətraflı danışsaydı deyəcəkdi: Dialektlər dili qidalandırır. Uğurlu dialekt sözləri zaman-zaman ədəbiyyata gətirmək olar. Onlara yalnız lağ eləmək indi komediya ustalarının da işinə yaramır. Diealekt və ləhcə ilə güldürmək sənətin piyadalığı sayılır.
Daha bir qlobal məsələ: həyatdan gələk, yoxsa kitabdan?!
Hardan istəyirsən gəl, əfəndim. Yetər ki, gəl! Hər kimsənsə, gəl!
Həyat və ya kitabdan gəlmək subyektiv yanaşmalar doğuran məsələdir. Azərbaycan kimi yerlərdə isə, spekulyasiya mənbəyidir. Nəyə görəsə həqiqəti demək istəmirsən və ya deyə bilmirsən, bu səbəbdən miflərin və mistikanın içərisində gizlənib adını intellektual ədəbiyyat qoyursan. Cavid kimi yerə enməməkdə israrlısan. Bu usta cinayətdir. Hər an günahkarı yaxalamaq olmur. Onun keşiyini Borxes çəkir, müdafiəsini Coys təmin edir. Olsun!
Amma bu məqamda çox ciddi bir məntiq doğur. Əgər ədəbiyyat yalnız sənətdirsə kitabdan gəlməli... Maaləsəf ki, ədəbiyyat həm də mənəvi anlayışdır, həqiqətlərin təbliği, ədalətsizliklərin faş olunması, insanlığın uca tutulması məqamıdır. Bir sözlə, pinəçilik kimi sadə sənət deyil ki, məqsədi yalnız pul-para və şöhrət qazanmaq olsun.
Gəl-gələlim Azərbaycana...
İtaliya kimi, bizimlə müqayisədə az qala heç bir problemi olmayan ölkənin Ekosu ictimai fəallığı vacib sayır və öz həyatında ciddi örnək göstərir. Biz isə...
Bir gün dostumuzun oğlu gəlir ki, atam bu cəmiyyətə dözə bilməyib özünü məhv elədi. Başsız qalmışıq, bizə kömək edin. Və biz əlimizdən gələni edir, dostumuzun oğluna iş veririk. Başqa bir həmkarımızın yoxsulluğa və zəlalətə dözməyərək həlak olduğunu, bir gün sonra həyat yoldaşının evin eyvanında özünü asdığını eşiridik. Bu ailəyə də əlimizdən gələn köməyi edir, tələbə uşaqların təhsilini davam etdirməsinə şərait yaradırıq. Cəmiyyətin kiminsə xeyirxahlığının ümidinə qoyduğu ailələrin problemləri ilə yaxından uğraşırkən axşam evdə “Dəvə yağışı” adlı mifik hekayə yazırıq.
Bax Kamal Abdulla ilə razılaşa bilmədiyim məqam budur.
Gözümüzün önündə bu qədər hadisələr ola-ola kitabdan gəlmək hansı zərurətdən doğur?
Bəlkə ən azı qarışıq bir şeylər yapaq?
Bir anladan olsaydı...