Kulis “Atamın xatirəsi” layihəsindən mərhum yazıçı Əlfi Qasımoğlunun oğlu tanınmış telejurnalist, yazar, tərcüməçi İlqar Əlfioğlu ilə müsahibəni təqdim edir.
- Ənənəvi sualımız var: layihəyə dəvət alanda ilk yadınıza nə düşdü?
- Sizə səmimi bir etiraf edim: atamın mənim üçün kim olduğunu hələ tamamilə dəqiqləşdirə bilməmişəm. Hətta həyatımda oynadığı rolu da dəqiqləşdirə bilməmişəm. Bilirəm ki, məndə nə varsa, hamısı atamdandır. Amma nə vaxt verib, necə verib, hansı mexanizmlə verib, bilmirəm. Uşağı çağırarsan, deyərsən bunu belə elə, bunu elə... Bu olmayıb axı. Bir dəfə də olsun mənə deməyib ki, belə elə, belə eləmə. Hərdən yanpörtü dönüb baxanda ağsaqqal kişilər deyirlər, atana nə qədər oxşayırsan? Yerişimi, redaktə işlərimi də oxşadırlar. Amma bunların hamısını mənə necə verib, bilmirəm.
- İrsi məsələdir yəqin...
- Yəqin. Rəhmətlik anam həmişə məni danlayırdı ki, atan barədə mətbuatda yazılar getmir. Deyirdim, ay mama, istəsəm bütün qəzetlər ondan yazar. Amma təzə nə deyəcəyik? Hər şeyi demişik də. Özünün üç-dörd xatirəsi var, hər dəfə müsahibələrdə onları danışırıq (gülür). Anam gözəl ədəbiyyatçı idi. Qəzetləri gətirdim ki, bax, on beş qəzetdə səndən müsahibə alıblar. Siz layihəyə dəvət edəndə yadıma bu əhvalat düşdü. Nə danışacam? Hər şeyi demişəm, danışmışam.
- Ananız da Qarabağdandır?
- Yox, əsli Şamaxıdandır.
- Tanışlıqlarının tarixçəsini bilirsiz?
- Universitetdə görüşüblər.
- BDU?
- Bəli. O vaxt darülfun deyirdilər. İndiki İqtisad Universitetinin binasında imiş. Atam komsomolun katibi olub. Yaraşıqlı, çatmaqaş, ovaxtkı qızların xoşuna gələn gənc imiş. Anam da komsomolun üzvü imiş və atamdan xoşu gəlirmiş. Amma təbii, qabağını kəsib deməyəcəkdi ki, səndən xoşum gəlir. Açığı, bu barədə anamdan o qədər də çox şey soruşmamışam. Amma bir dəfə tanışlıqlarının tarixçəsini mənə danışıb. Deyir, universitetin qoşa pilləkənində qarşılaşdıq, mənə dedi, “Səfillər”i oxumusan? Dedim, oxumuşam. Kitabı uzadıb, dedi, al, burdan, Mariusun məktubunu oxu.
- Kozettaya məktubunu?
- Hə. Anam deyir, oxudum və anladım ki, bu həm də onun öz fikirləridir. Bu yolla mənə eşq izhar edir.
- Çox metaforik izhar olub.
- Həəə (gülür). Münasibətlər təmiz olub o vaxt. Tərbiyə düzgün olub. Tamam başqa meyarlarla, kateqoriyalarla düşünüb adamlar. Təsəvvür eləmirəm indiki dövrdə belə qalmaq mümkün olsun. Nə isə. Bu yolla fikrini çatdırıb. Deyirdim, mama, sonra nə oldu? Deyir, heç nə, baxırdım, o bu pilləkəndən düşəndə, mən o birisindən qalxırdım ki, üz-üzə gəlməyək. Beləliklə, üç-dörd ay üz-üzə gəlməyiblər. Axırı bir gün rastlaşıblar, anama deyib, məktub xoşuna gəldi, onlar həm də mənim fikirlərimdir.
- Sizin şərqşünaslığı seçməyinizdə atanızın rolu oldu?
- Konkret tövsiyə olmayıb. Bizim ailənin cənubdan gələn yazıçılarla yaxın dostluğu vardı. Söhrab Tahir, Əli Tudə, Balaş Azəroğlu, Mədinə Gülgün, Hökumə Bülluri... Hamısıyla ailəvi dost idik. Mənim şərqşünaslığa, fars dilinə məhəbbətimi onlar formalaşdırmışdı. Orta məktəbə gedəndə də fars təmayülünü seçdim. Ovaxtkı elitanın, varlı adamların uşaqları bu fakültəni seçirdilər. Prestij üçün. Ancaq mən marağıma görə seçdim. Orta məktəbdə yaxşı oxuyurdum və iki il də hazırlaşdım. Özünü tərif olmasın, savad mənasında əlimin üstündə əl yox idi. Ancaq atam mənim imkanlarımı tam bilmirdi. Sadəcə, yaxşı oxuyan şagird kimi tanıyırdı. Qəbul imtahanlarında bu imkanlarım hamı üçün aydınlaşdı. Əla qiymətlərlə qəbul olundum.
- Pul vermədiniz?
- O vaxt pul işləmirdi.
- Axı deyirlər, pulsuz mümkün olmurmuş.
- Bunu bilmirəm. Mən vermədim.
- Əlfi müəllimin atası qaçaq olub, eşitdiyimə görə...
- Bəli, Səhliyalı kişi çar hökuməti vaxtı Laçın, Kəlbəcər dağlarında qaçaqlıq eləyirmiş. Sonralar üzə çıxdı, Ağdamın Poladlı kəndində yaşadı. Hərdən başına gələn əhvalatlarla bağlı soruşdurdum ondan. Bir kəlmə də danışmırdı. Axıra kimi də danışmadı.
- Bizdə atalılar öz atalarını həmişə təbliğ ediblər. Siz bir az passivsiniz bu barədə.
- Deyim ki, bu mənim səhvimdir. Eləməliyəm. Ən azı əsərlərini latın qrafikasında çıxarmalı idim. Yığılmağa vermişəm. Yaxınlarda çap olunar yəqin ki.
- Səmimi danışaq. Təkrar hazırlayanda ideoloji baxımdan uduzan mətnlər çıxdı qarşınıza?
- Yox, ideoloji baxımdan uduzan mətn yoxdur. Sonuncu – “Toy gecəsi” əsərini 82-83-də yazdı. Əsərdə bir səhnə var, kolxoz sədri seçilir. Camaat Mərkəzi Komitədən gələn tapşırığın əleyhinə olaraq öz bildikləri adamı seçirlər. 82-ci ildə bunu yazmaq o deməkdir ki, ölkədə dəyişiklik yetişibmiş. O təfəkkür formalaşıbmış artıq. Cavanlıqda onun xeyli radikallığı olub. Hətta, “Azərbaycan müəllimi” qəzetində Dərbənddəki Azərbaycan teatrının bağlanması ilə əlaqədar gedən silsilə yazılarına görə Mircəfər Bağırov yanına çağırmışdı. Xeyli söhbətdən sonra, demişdi, yaxşı eləyib yazmısan, amma bu mövzuya bir də qayıtma. Baxıb ki, yazılarda qərəz yoxdur. “Toy gecəsi”nin birinci hissəsi kitab şəklində çıxanda atam xəstəxanada idi. O əsər bestsellerə çevrildi. “Adilənin taleyi” 64-də çıxmışdı. O dövrün dillər əzbəri idi bu əsər. İnsanların çoxunda jurnalistikaya həvəsi bu əsər yaratmışdı. Atamın heç bir kitabı satışda qalmır, tezliklə satılırdı. Səmimi deyim ki, mən atamı böyük yazıçı saymıram, ancaq yaxşı yazıçı hesab edirəm.
- Yeyib-içən adam olub...
- Bəli. Məclis adamı idi. Yasdan xoşu gəlməzdi. Yasa zorla aparardılar. Ölən adam haqqında məşhur bir sözü vardı: “Ağlı olaydı, ölməyəydi, adam da ölər?” (gülür).
- Kimlərlə dost idi?
- İslam Səfərli, Məsud Əlioğlu, Əliağa Kürçaylı, Qabil, Vilayət Rüstəmzadə...
- Konyak?
- Hə. Konyakı çox sevirdi. Ömrünü sonlarına yaxın arağa keçdi. O vaxt araq içən az idi.
- Evdə məclis qurmağı sevərdi?
- Çox. “Sovetski”də - “Həmşəri palanı” küçəsində balaca bir evimiz vardı, orda yaşayırdıq. Dar-dolanbac küçə gedib çıxırdı Nərimanov heykəlinin yanına.
- “Qırxpilləkən”in yuxarısı...
- Bəli, köhnə hamamla üzbəüz. Məktəbin yanı. Kitab dükanı da vardı. Orda qalırdıq. 7 kvadratmetr idi evimiz. 61-ə qədər orda yaşamışıq.
- Belə darısqallıqda necə yaşamaq olar?
- Elə gözəl yaşayırdıq. Mənim yerim divarın içində idi. Orda yatırdım. Divarlar qalın idi. Fotomuz da var. İki yaşımı qeyd edirlər. Məni stolun üstünə qoyublar, guya şeir oxuyuram. İslam Səfərlinin qardaşı Hidayət Səfərli qəfil şalvarımı aşağı dartıb və həmin məqamda fotoşəkilimi çəkiblər. Fotoda kimlər yoxdur: Süleyman Rüstəm, İslam Səfərli, Məmməd Rahim, Əli Vəliyev... Kadrda barmaq basmağa yer yoxdur. Mən də əl-qolla şeir deyirəm. Demək, insanlar belə mehriban otururmuş və darısqallıq da eynlərinə deyilmiş. Başqa dövr idi. O evin qəribə tarixçəsi vardı. İsa Hümbətovla ikisi birləşib almışdılar. İsa evli imiş, atam nişanlı. Deyib, gəl birləşib alaq, 13 sənin olsun, 7 mənim. Cəmi 20 kvadrat idi, qarşısında da başabaş artırma. Aradan “fanarka” çəkib bölmüşdük. Mehriban da yaşadıq. Ordan təzə evə köçəndə mənim 5 yaşım vardı.
- Azərbaycan kişisinin bir xasiyyəti də övladları ailə quranda ortaya çıxır. Sizdə necə idi?
- Çox demokratik.
- Neçə uşaq idiniz?
- Üç. Böyüyü mənəm. Qardaşım Vüqar rəhmətə gedib. İli çıxmayıb hələ. Onun bəxti nəsə əvvəldən gətirmədi. Tibb institutunda oxuyurdu. Tələbə yoldaşının idarə etdiyi maşında adam vurdular. Bunu da heç bir günahı olmadan institutdan xaric elədilər. Pis vaxtlar idi. Sonra başqa instituta girdi, onu da yarımçıq qoydu. Sonra əsgər getdi. 82-ci ildən isə ruhi xəstə oldu, 30 il həkimlərin əlində qaldı. Ailə də qurmadı. Nəsə. Onunku gətirmədi.
- Bacınız...
- Gülnar Vediyeva. Musiqişünasdır. İncəsənət İnstitutunda müəllimədir. Yaxşı mütəxəssisdir. Qardaşımdan bir yaş balacadır.
- Əlfi müəllim Qarabağ problemlərinə görmədi.
- Görmədi və Allaha şükür ki, görmədi.
- 86-da rəhmətə getdi də?
- Hə. 58 yaşında.
- Xəstə idi?
- Sağlam adam idi. Ömründə xəstələnməmişdi. Rəhmətlik Qasım Qasımzadənin oğlu liftdə faciəvi şəkildə həlak oldu. Qasım müəllimlə ailəvi yaxın idik. Atam yasa gedəndə ağır stress keçirib. Biz bilməmişik. Ömründə şikayətlənməyib axı. 40-a gedəndə qəbrin üstündə maşından düşə bilməyib. On-on beş gün sonra kardeoqramma çıxanda məlum oldu ki, infarkt keçirib. O infarkt, bu infarkt, aldılar müalicəyə, xəstəxanada da rəhmətə getdi. Mən Leninqradda 6 aylıq “sbor”da idim. Dedilər, xəstəxanadadır, gəlib dəydim. Gördüm yaxşıdır. Ürək də trombdur də, bilmək olmur. Məndən on gün sonra, martın 9-u rəhmətə gedib. 8-i zəng vurub bütün yaxın qadınları bayram münasibəti ilə təbrik eləyib. Otağında telefonu vardı... Görünür nəsə narahatlıq hiss eləyirmiş. Səhər ki, çıxacaq, həmin axşam rəhmətə getmişdi.
- Sevinirsiniz ki, Qarabağın itkisini görmədi?
- Sevinirəm. Təkcə Qarabağa görə deyil, adamların belə sınıb mahiyyətini itirməsini, şəxsiyyətli kişilərin şəxsiyyətini itirib ona-buna yaltaqlanmasını heç cür götürə bilməzdi.
- Övladlardan adını daşıyan var?
- Yoxdur. Tez evlənmişdim deyə, öləndə uşaqlar böyük idi artıq. Təxəllüs kimi götürmüşəm. Amma əmim öz nəvəsinə qoyub atamın adını. Ölümündən sonra, anamdan icazə alıb qoydular.