Kortasardan niyə imtina etdim?

Kortasardan niyə imtina etdim?
6 fevral 2017
# 13:38

Xulio Kortasarın “Xana-xana oyunu” əsərini yarımçıq qoydum…

Məndə olur belə hallar.

Əsər getməyəndə, mənə gərəyindən artıq çətinlik verəndə, tərəddüd etmədən mütaliəni dayandırıram.

Əsərin gücünün, dünya nəsrindəki yerinin buna təsiri yoxdur.

Yəni, qorxmuram.

İçimin səsinə dünyanın bütün tənqidçi və yazıçılarından çox inanıram.

Adətən, yarımçıq saxladığım əsərlərə sonradan qayıdıram.

Elə bil, hayıfım qalıb bu kitablarda.

Qayıdıram və əsasən sevirəm o əsərləri.

Güman ki, hekayələrini sevdiyim Kortasarın adı keçən romanına da qayıdacam bir gün.

Sevəcəyəmmi?

Deyə bilmərəm.

Məncə, yox, sevməyəcəyəm.

Bir yazıçı bir romanda niyə bu qədər qurğudan istifadə etsin ki?

Axı ədəbiyyat illüziya deyil.

Təsəvvür edin, romanı üç cür oxumaq mümkündür.

1. İlk 56 bölüm ayrıca bir romandır və müəllif kitabın qalan hissələrini pozulmalı hissələr adlandırır.

2. Bütövlükdə oxumaq. 56-cı bölümdən sonrakı hissə əvvəlki hissəyə intellektual yük verir və daha aydın, daha dərindən qavranılmasına kömək edir.

3. Müəllifin təqdimatında romanın başqa bir düzümü var ki, əgər fəsilləri o cür oxusaq fərqli romanla qarşılaşacağıq.

Anlayacağınız “Kubik-Rubik” yığmaq...

Məncə, “Xana-xana oyunu” Borxesin “oyun estetikası”nın ifratına gedib.

Artıq içilən su misalı...

Axı adam bir romanda niyə bu qədər formaçı olsun?

Özünə və oxucuya niyə bu qədər zəhmət versin?

Lap bizim aşıqların dodaqdəyməz əvvəl-axır cığalı təcnisləri yada düşür...

Ha-ha! Gülüm, barı...

Yeni forma və struktur axtarışları gözəldir, amma məncə bu qədər də yox.

Təbii ki, bu mənim seçimimdir və kimsə fikirlərimi qəbul etmirsə, ona da eyvallah!

Ağıl ağıldan üstündür.

Xulio Kortasarı tərk etdim və Karlos Fuentesin “Dəri dəyişdirmək” romanına keçdim.

Romanın titul vərəqində nə görsəm yaxşıdır: “Xulio Kartasara ithaf olunur”

Xeyirlisi...

# 1194 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #