Ötən həftə rayonda yaşayan dostum mənə zəng vurdu ki, bəs qardaşım xəstələnib, anam tab gətirmir, ona görə bu gün Bakıya yola salıram, sabah onlarla əlaqə saxla və tanış, etibarlı bir həkimin yanına apar. Dostum məni yükə saldı da bir az: “Sən ordasan deyə mən gəlmədim. Sənə arxeyinəm!”
“Xub!” deyib sağollaşmaq istəyirdim ki, dostum konturlarına qızırqalanmadan məsələnin təfərrüatını mənə danışdı.
Qardaşı abırlı bir uşaqdır. Balacalıqdan kitab-dəftər əhli olub. Orta məktəbin yuxarı siniflərinə çatanda Bakıya - əmisigilə göndəriblər ki, ali məktəbə hazırlaşsın. Hər şey qaydasında getdiyi bir vaxtda hansısa nadinc qohumu urcah olub dostumun qardaşına və onu alıb bir restorana aparıb. Möhkəm içəndən sonra ürəklərindən qadın keçib. Varlığa nə darlıq!
“Ömürdən-gündən oğurlanan” bu gecə dostumun qardaşına baha başa gəlib: o, xəstəliyə yoluxub!
Ömründə qadın görməyən, cinsi xəstəliklərdən heç nə anlamayan bu abırlı kənd uşağı utandığından heç kimə heç nə deməyib. Taa o vaxtacan ki, xəstəliyin əlamətləri dözülməz həddə çatıb.
Sirrini həmyaşıdı olan əmisi oğluna açıb. O, şəhər uşağı olsa da problemi təkbaşına həll edə bilməyib və məsələni anasına deyib.
Əmidostlarını da bilirsiniz!
Bəlkə dostumun qardaşının onlarda qalmasından narazı imiş...
Bir vay-şivən salıb ki, xəbər ildırım sürəti ilə bütün qohumlara yayılıb.
Dostumun anası üzünü cırıb, saçlarını yoluşdurub, ölüm xəbəri gəlsə bundan yaxşı idi deyib. Atası əlini çaya-çörəyə uzatmayıb. Əmisi onu çağırıb, üzünə tüpürüb və uşaqlarımı pozacaqsan deyə evindən qovub.
Uşaq son anda onu zibilə salan qohumunu axtarıb, intihar etmək istədiyini bildirib. Qohumu ayıq adammış! Uşağa xeyli ürək-dirək verib, həkimə aparmaq istəyib. Bu heynidə qardaşı zəng vurub ki, gözlə, anam Bakıya gəlir...
Görüşdük!
Uşaq ayaq üstə ölmüşdü. Anasının halı ondan da betər idi.
Əvvəl gülmək məni tutdu. Sonra vəziyyətin qəlizliyini görüb ürək-dirək verdim. Qadından utandığımdan açıq danışa bilmirdim. Amma arada imkan tapıb uşağı kənara çəkdim, bu hadisənin yetkinlik yaşa çatan istənilən adamın başına gəldiyini söylədim. Hətta özümdən bir-iki yalan da uydurdum. Hiss elədim ki, mənə inanır.
Tanış bir həkimin yanına getdik. Həkim savadlı və təcrübəli birisi idi. Uşağın ayaq üstə öldüyünü görəli başladı gülməyə: “Nə olub əəə sənə?! Kişi deyilsən?!”
Sonra qadını bayıra çıxarıb bir-iki vacib şey soruşdu və bizi dərhal laboratoriyaya göndərdi.
Dostumun qardaşının damarından qan götürüləndə bədəni titrədi, ürəyi getdi. Həkimlərin müdaxiləsi ilə ayılandan sonra isə məni qucaqlayıb ağladı.
O, SPİD-ə yoluxduğunu zənn edir və buna görə qorxudan ölürdü.
Bir yandan xəcalət, bir yandan qorxu uşağı həqiqətən də intihar həddinə gətirmişdi.
O nadinc qohumuna zəng eləməsə və anası vaxtında gəlməsə bəlkə də özünü öldürəcəkdi.
Analizin nəticələri hamımızı sevindirdi: sadə bir yoluxma.
Ancaq ləngitdiyi üçün ağırlaşmışdı.
Həkim nəticələri gözdən keçirəndə mən dostumun qardaşının qoluna girdim. O, ayaq üstə dura bilmirdi.
Həkim eynəyin üstündən tir-tir əsən uşağa baxıb, anasını nəzərə almadan uca səslə dedi:
“İndi bu xəstəliyə tutulmayanları kişi saymırlar!”
Və ucadan güldü.
Dostumun qardaşının əsməcəsi bir andaca yox oldu, rəngi-rufu yerinə gəldi.
Həkim ona onca günlük müalicə yazdı və elə müalicənin ilk günlərindən xəstə yaxşılaşmağa başlayıb artıq.
Amma necə qorxubsa, namaza keçib! ))) Deyir iynə-dərman bitəndən sonra oruc da tutacam.Tanrı və valideynləri qarşısında elədiyi günahı yumaq üçün...
Bax belə.
Bu bizik!
Danmağın adı yoxdur.