Leyli və Məcnunun sümükləri

Leyli və Məcnunun sümükləri
9 oktyabr 2012
# 09:42

Böyük tacik şairi Nizami Gəncəvinin 870 illik yubileyi çərçivəsində daha bir maraqlı tədbirdə iştirak etmək qismət oldu mənə... Nəyə gülürsünüz? Zarafat eləmirəm! Bir dəfə tanınmış tacik mütəxəssislərindən biri at kimi üzümə dirəndi ki, Nizami tacik şairidir. Dedim, ay keçmiş həmvətən, Nizaminin fars şairi olduğunu eşitmişdim, amma tacikliyini ilk dəfə səndən eşidirəm. Belə getsə, bir gün bu böyük şəxsiyyətin puşdun olduğunu da deyəcəklər! Axı adamın qəbri bəlli, məqbərəsi bəlli, yazdığı şeirlər bəlli! Tacik sifətinə əzazil görkəm verib buyurdu: “Əgər Nizami sizindirsə, bircə dənə şeirini denən!” Qaldım mat-məəttəl! Və elə ordaca məni başa saldılar ki, fars, tacik və əfqan dilləri demək olar ki, eyni dillərdir, tərcüməsiz danışılır. Odur ki, hər üç millət Nizamini öz klassiki kimi oxuyur. Nə isə, vətənpərvər olalım!

Əlbəttə, Nizami bizim şairimizdir, hansı dildə yazmasından asılı olmayaraq. Nə olsun tacik mütəxəssisin sözündə bir balaca məntiq var. Bir xalq ki Azərbaycana Ozobojen desin, şəxsən mən onlardan bizim qədirşünas vətənimizin xeyrinə heç nə gözləmirəm!

İştirak etdiyim tədbir Nizaminin “Leyli və Məcnun” poeması və bizim məşhur Qız qalasından ilhamlanaraq qələmə alınmış “Sirr və açar” adlı kitabın təqdimat mərasimi idi. Kitabı İlqar Əliyev qələmə alıb. Açığı İlqar müəllimi təqdim eləməkdə bir az çətinlik çəkirəm. Əslində bir az yox, bir xeyli! Nədən ki, müxtəlif görüşlərdə onu həm rəssam, həm dizayner, həm publisist, həm yazıçı, həm də tədqiqatçı kimi təqdim ediblər. Yaradıcılığına dərindən bələdliyim yoxdur. Lakin “Sirr və açar” kitabında doğrudan da bəzi maraqlı mətləblər vardır.

Təqdimat mərasiminə Azərbaycanın elmi və mədəni elitasından xeyli sanballı adam gəlmişdi. Açığını deyim, belə yüksək ranqlı qonaqları olan kitab təqdimatları həmişə məni şübhəyə salır. Ola bilsin müəllif də kimdirsə babat adamdır və təqdimatın belə təmtəraqlı keçməsi əslində kitabla bağlı deyil. Ancaq “Sirr və açar”la əvvəldən tanış olduğum üçün çox da şübhəli qalmadım.

Söhbət nədən gedir: İlqar Əliyev sübut etməyə çalışır ki, Şirvanşah Axıstanın sifarişi ilə qələmə alınan Nizaminin “Leyli və Məcnun” poemasının qəhrəmanları ərəb rəvayətindən götürülmüş əfsanəvi qəhrəmanlar deyil, həqiqi tarixi şəxsiyyətlərdir. Hətta Məcnun Axıstanın oğlu, Leyli Bakı valisinin qızıdır. Qız qalası isə onların şəninə tikilmiş dünyada yeganə məhəbbət abidəsidir. Müəllif poemadan sitat gətirərək qeyd edir ki, şair qəhrəmanlarının türk olduğunu açıqca yazmışdır! Bəndəniz əsəri tərcümədən oxuduğundan, bu barədə ciddi bir fikir söyləyə bilmir...

Daha sonra müəllif bildirir ki, ərəblər rəhmətə gedən insanlar üçün heç vaxt məqbərə tikmirdilər və İslamdan sonra bu ənənə daha da gücləndi. Nizami isə nakam aşiqlərin qəbri üzərində məqbərə ucaldığını yazır. İlqar müəllimə inansaq, arxeoloqlar Qız qalasının altından Leyli və Məcnunun sümüklərini rahatca tapıb çıxara bilərlər. 12-ci əsr tarix üçün elə də uzaq zaman deyildir.

Əşşi, aləmdir bu İlqar Əliyev!

Hələ deyilənlərlə kifayətlənməyərək Qız qalası ilə insan qabırğasının – daha doğrusu insanın bel fəqərəsinin oxşarlığı üzərinə xeyli maraqlı interpretasiyalar verib. Məsələ budur ki, Qız qalasında olan naxışların, oxşar fiqurların sayı insanın onurğa və qabırğa quruluşu ilə tam üst-üstə düşür. İlqar müəllimin kitabında bu həqiqəti tibb mütəxəssisləri böyük heyranlıqla təsdiq ediblər!

Açığı, İ.Əliyevin iddialarının həqiqi olub-olmamağından daha artıq, onun qeyd etdiyim və etmədiyim məsələlər üzərindəki yozumu mənə maraqlı gəldi. Özünə də dedim. Dedim, əfəndim, bu elmi araşdırmadan daha artıq bir romanın mövzusudur. Ancaq təəssüf ki, Nizami Da Vinçi kimi məşhur olsa da Qız qalası dünya oxucuları üçün İsa peyğəmbər qədər maraqlı deyil. Ona görə, səndən Den Braun olmayacaq heç vaxt! Biz balaca vətənin övladlarıyıq. Həqiqətimiz də vətənimiz kimi balacadır. Vətənimiz, yəni, Ozobojen!

# 2649 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #