Pamukun Seymuru xatırlatması

Pamukun Seymuru xatırlatması
19 may 2016
# 11:03

Orxan Pamukun “Məsumiyyət muzeyi” romanını bitirən kimi əsərin təsirindən çıxar-çıxmaz Seymur Baycanı xatırladım.

Deyim, niyə.

Onunla internet üzərindən qısa ədəbiyyat söhbətlərimizin birində mənim dil və üslubla bağlı kəskin tənqidlərimə etiraz olaraq demişdi: “Biz biri-birimizə qarşı çox qəddarıq.”

Razılaşmışdım.

Çünki, özüm də daxil, belə yazarları, tənqidçiləri çox görmüşdüm.

Və niyə Orxan Pamuk...

Demək, “Məsumiyyət muzeyi” – oxuyanlar bilir – nə qədər usta qələmə alınsa da Pamukun əvvəlki məşhur romanlarından fərqli olaraq sevgi mövzusuna yeni münasibət ortaya qoymur.

Sevgi yenə müqəddəsdir, yenə insanın ən ali duyğularından biridir, sevən adam yenə sentimentaldır və eşqə özünü elə qapdırır ki, bütün həyatını onun vüsalına və hicranına həsr eləməkdən mutluluk duyur.

Böyük anlamda “Kamal və Füsun” dastanı, “Romeo və Cülyetta”dan fərqlənmir.

Hətta, qərbvari “axıracan getmə” səhnələrini çıxsaq, modern “Leyli və Məcnun”, “Əsli və Kərəm”dir.

Sevmək gözəldir.

Xoşbəxt olsan da, olmasan da.

Dünyada bir sevmək qalacaq.

İstər muzey olsun, istər həyat.

Hətta həyatda bu məsum duyğular itərsə, onu muzeydə də olsa qoruyub saxlamaq lazım.

Əsərin əsas qayəsi budur.

Klassik yanaşma dəyişməyib.

Amma həm də əsəri postmodern roman hesab eləmək olar.

Əvvəla ona görə ki, kitab özü real mövcud olan Məsumiyyət muzeyinin işarəsi, simvolu, “çeki”, hətta bileti kimi ortaya çıxır.

İkincisi, Orxan Pamuk özü ilə Kamal obrazını ustalıqla ayırır.

Bunun üçün “Müəllifin ölümü” tendensiyasını işə salaraq özü romanda qəhrəman kimi iştirak edir.

Kamal Orxan Pamukla görüşür, başına gələnləri onun dilindən roman kimi yazmağı xahiş edir. Üstəlik, onun vasitəsi ilə oxuculara mesaj da göndərir, romanın son cümləsini deyir və s. Oxucu da Orxan Pamukun özü kimi hadisələrin içinə girir, kitabın 537-ci səhifəsində Məsumiyyət muzeyinə bilet əldə edib onun ziyarətçisinə çevrilir.

Məhz bu fənd romanın ana mətnini birqatlı realistlikdən asanlıqla xilas edir.

“Məsumiyyət muzeyi” 2008-ci ildə yayımlanıb, bizə bir müddət sonra gəlib çatıb.

Mən həmin illərdə “Haramı” romanını yazırdım və bu romanda paralel mətnlərlə yanaşı müəllifin qəhrəman kimi süjetə daxil olma fəndindən istifadə etmişdim.

Orda da Rüstəm yazdığı romanı yazıçı dostu Şərif Ağayara göndərir, Şərif Ağayar onu tənqid edir, igidliyin zamanı keçən bir dəyər olmasına aid ona öz köşə yazısını atır.

Eynən “Məsumiyyət muzeyi”nin də sonunda Orxan Pamukun məsələ ilə bağlı essesi yer alıb.

Mən özümü Orxan Pamukla və “Haramı” romanını “Məsumiyyət muzeyi” ilə qəti şəkildə müqayisə etmirəm.

Deməyim odur ki, eyni fənd Orxan Pamuku birqatlı realist əsərdən xilas elədiyi halda (yazı manerası və üslubdan danışmıram, hadisələrin təqdimatından söhbət gedir - Ş.A.) məndə “heç bir işə yaramır”.

Və qələminə-şəxsiyyətinə hörmət bəslədiyim tənqidçilərdən biri yüksək səslə bəyan edir: “Haramı” postmodern əsər deyil, çünki, müəllifin baş qəhrəmana simpatiyası var.”

İndi eyni sualı verirəm: “Orxan Pamukun Füsuna rəğbəti yoxdurmu?”

Rüstəm “Haramı”nın baş qəhrəmanı Səməndəri Kamal “Məsumiyyət muzeyi”nin qəhrəmanı Füsunu sevdiyindən çox sevmir.

Və Orxan Pamuk nə qədər Kamaldırsa, mən o qədər Rüstəməm.

Demək, Orxan Pamukun Füsuna rəğbəti də mənim Səməndərə rəğbətim qədərdir.

Yenə deyirəm, mən özümü Orxan Pamukla müqayisə eləmirəm və burda da özünüreklamla məşğul deyiləm.

Eyni misalı başqa xarici-tanınmış və yerli-tanınmamış müəlliflərdən çəkə bilərdim.

Sadəcə, mətbəx incəliyindən bəhs etdiyimə görə, özümdən yazdım.

Yetim əlində qoğal əcaib görünür!

Seymur Baycan haqlıdır...

# 1344 dəfə oxunub

Müəllifin son yazıları

# # #