Ana dilim ölən deyil
Qarabağın ən görməli yerlərindən biri, şübhəsiz ki, Kəhrizli kəndidir...
Təkcə ona görə yox ki, vaxtı ilə yayı suya həsrət qalan bu Aran düzəngahlarında ən çox kəhriz olan kəndlərdəndir: torpağı bərəkətli, ağacları hündür, meyvələri dadlı...
Həm də ona görə ki, bura Həmidə xanım Cavanşirin vətənidir.
Həmidə xanım Cavanşir-Məmmədquluzadə! Mirzə Cəlilin həyat yoldaşı, böyük bir zadəgan nəslinin ləyaqətli davamçısı... Yazıçı-şair və ən başlıcası, gözəl insan...
Kəhrizli camaatı 7-dən 70-ə Həmidə xanımı böyük hörmətlə anır. Kəndin orta məktəbi onun adını daşıyır, məktəbin qarşısında büstü var.
Kəhrizliyə yolumu tez-tez salıram. Buranın təbiəti doğrudan da çox fərqlidir. Üstəlik insanları...
Həm də dəyərli qələm sahibi Vaqif Kəhrizli üçün buralara gəlməyə dəyər. Bəri başdan deyim ki, Vaqif şeirləri özündən çox-çox məşhur olan qələm adamlarındandır. Elə bunların birinicə desəm, barmağınız dişləyəcəksiz:
Azərbaycan - mənim elim!
Azərbaycan - mənim dilim!
Doğransam da dilim-dilim
Ana dilim ölən deyil!
Başqa dilə dönən deyil!
Bəli, doğru oxuduğunuz. Az qala xalq musiqisi ifa edən bütün müğənnilərin ifasında eşitdiyiniz bu misralar gah Bəxtiyar Vahabzadənin, gah Məmməd Arazın, gah da Xəlil Rzanın adına oxunsa da onun əsl müəllifi Vaqif Kəhrizlidir. Bu sözlərə oxunan muğamlar və musiqilər filmlərə çəkilib, kliplərdə, musiqi nömrələrində nümayiş olunub. Hətta Güney Azərbaycanda Əli bəy Hüseynzadə barəsində “Ana dilim ölən deyil” adlı sənədli film də çəkilib.
Bu şeirin musiqiyə çevrilməsinin qəribə tarixçəsi var. Ümumiyyətlə, Vaqif Kəhrizlinin bu yerlərə köçüb gəlməsi, həyat və yaradıcılığı, Kəhrizli haqqında bildikləri olduqca ilgincdir. Amma bu barədə növbəti yazımızda bəhs edəcəyik. Çünki, qarşıda qos-qoca Həmidə xanım və onun Kəhrizlidəki ev muzeyi var.
Həmidə xanımgildə...
Deyəsən, nahara düşmüşdük. Amma, belə götürəndə kənd yerində nə nahar? Qonaq nə vaxt gəldi, iş onda başlayır. Odur ki, ev muzeyinin həyətində beş-on dəqiqə hərlənmişdik ki, muzeyin işçisi özünü yetirdi.
Həyətdə qəribə qoç heykəlləri var. Türk elatlarına məxsus bu cür heykəllərlə bağlı alimlərimiz ciddi araşdırmalar aparıb. Azərbaycanın müxtəlif bölgələrində eynən bu cür sal daşdan yonulmuş qoç heykəllərinə rast gəlinir. Burada isə qəribə şəkildə postamentin üstünə qoyulub və rənglənib. Sanki böyük mütəfəkkir heykəlidir.
Mən bilən bu qoç abidələri yalnız Quranda bəhs olunan və göydən ilahi tərəfindən endirilən məşhur qurbanlıq qoçla assosiasiya olunmur. Qoç bürc hesab olunacaq qədər metafizik, igidlik mənası verəcək qədər metaforikdir.
Həmidə xanımın həyətində 3 dənə nəhəng çinar var. Onların biri tamamilə quruyub. Baxımsızlıqdan deyil, ömrünü başa vurub bəlkə də. Qalan ikisi hələ də pərvazlanır.
Evin girəcəyinə çəkilən balaca körpünün altı ilə vaxtında kəhriz suyu axırmış. İndi həmin yataq torpaqla dolub, amma kiçik körpünün altındakı tağ hələ də görünür.
Ev kürsülüdür. İçəridə 7-8 otaq var. Bura Mirzə Cəlilin ən yaxın dostları qonaq gəlib. Xüsusən Mirzə Ələkbər Sabir. Ona xəstə vaxtı bu evdə çox qulluq ediblər. Çöldən tünd qırmızı rəngə boyanan evin qəribə aurası adamı anındaca çulğayır.
Hərlənib foto çəkirik, müxtəlif əşyalar barədə bələdçi bizə məlumat verir. Ən çox diqqətimizi çəkən isə, otaqların birinə qoyulmuş poçt qutusudur. Amma bu, deyəsən Mirzə Cəlil dövrünün deyil, mənim uşaqlıq yaddaşımda qalan poçt qutularındandır. Yəni, muzeyə sonradan gətirilib. Şübhəsiz, Mirzə Cəlilin məşhur hekayəsinə görə... Bir də ki, həmin vaxt Kəhrizlidə poçt olmayıb. Çünki təxminən eyni vaxtda Mirzə Cəlilin “Poçtxana” adlı felyetonu çap olunub, orada Azərbaycanın mərkəzi şəhərlərində belə poçt sisteminin olmamasından şikayətlənir yazıçı.
Evin divarı çox qalındır. Hardasa bir metrdən artıq... Qəribə soyuqluq var bu divarların arasında. Hər şey divardakı saat kimi donub elə bil. Sanki, dərin bir okeanın altında batmış gəminin kayutalarını hərlənirik.
“Bura son dövrlərə qədər məktəb olub.” – bələdçi bu məlumatı da verməyə ərinmir.
“Çox yaxşıdır! Həmidə xanım və Mirzə Cəlilin evində məktəb...” – bunu da mən deyirəm, müdrik poza alaraq.
“Hələ bayırdakı balaca tikilinin altında toxuculuq sexi varmış Həmidə xanımın. Kəndin cavan qızları orda toxuculuq sənəti öyrənirmişlər. Deyilənə görə, onlara yazıb-oxumağı da öyrədirmişlər burda.”
Balaca tikilidə isə qaçqın ailəsi qalır. Alın bu da sizə, mistika!
“Bəs o tüfəng hanı?” – qəfil verdiyim sual bələdçini çaşdırır.
“Nə tüfəng?” – heyrətlə soruşur.
“Həmidə xanımın Mirzə Cəlili vurmaq istədiyi tüfəng.”
Bələdçi xanım gülümsünür, rəngi bir az allanır da hətta! Neyləyim. Allah kəssin bu jurnalist azarını.
Şorgöz Mirzə Cəlil
Bir dəfə yazıçı dostlarımdan biri dedi ki, Mirzə Cəlil “Ölülər” əsərindəki cavan və gözəl qızları əslində Şeyx Nəsrullaha qısqanıb, ona görə adamı o günə qoyub.
Bu Freydist yozuma şaqqanaq çəkib güldüm. Sonra dedim, bəy, sən də Mirzə Cəlilə qısqanmayasan?!
Bu dəfə də dostum güldü...
Zarafat öz yerində, Mirzənin gözəl qadınlara qarşı aşırı həssaslığı oxucuların çoxuna məlumdur. Bu barədə Həmidə xanımın xatirələrində də maraqlı məqamlar var. Əhvalatların ən məşhuru isə, bayaq dediyim həmin tüfəng məsələsidir.
Həmidə xanım harasa səfərə çıxıbmış. Ancaq qulluqçu ilə (deyəsən, rus imiş) Mirzə Cəlilin arasında mübhəm əlaqələrin olduğundan şübhələndiyi üçün faytonu qəflətən geri qaytarır və...
Yazıçı ilə qulluqçunu bir yerdə tutur.
Həmidə xanım tüfəngə əl atır və sidq ürəklə Mirzə Cəlili vurmaq istəyir. Amma nədənsə vurmur. Və çox yəqin ki, onu ədəbiyyata bağışlayır.
Həmidə xanımı ona silah tuşlayacaq qədər hiddətləndirən nə idi? Uzağı ayrılardılar, bitib gedərdi. Həə, bax burda lazımdı ki, özümüzə bir çay süzüb hövsələ nümayiş etdirək.
“Kafir” mühərrir
Həmidə xanımın ev muzeyində onun həyatı və fəaliyyəti qısaca olaraq o qədər də yaxşı olmayan əl yazısı ilə latın əlifbasında yazılaraq divara vurulub. Eynən orta məktəblərin divar qəzetləri kimi... Önəmli məqamlarda isə qırmızı rəngli diyircəkli qələmdən istifadə olunub. Amma, etiraf edək ki, bu qısa mətnlə Həmidə xanımı kifayət qədər tanımaq mümkündür.
Həmidə xanımın atası, Qarabağın məşhur Cavanşirlər şəcərəsinin tanınmış nümayəndəsi Əhməd bəy yeni düşüncəli adam olduğu üçün ona “Urus Əhməd” deyirdilər... (“Dəli Kür” romanında belə bir obraz var). Təkcə bu fakt kifayət edir ki, xanımın necə mühafizəkar mühitdə böyüdüyünü anlayasan.
Və atasının ölümündən sonra Həmidə xanım bütünlüklə bu mühafizəkar, eqoist zadəganların əhatəsində qalır. Onun “kafir” bir mühərrirlə, sadə və kasıb bir redaktorla evlənməsi qohumlar arasında böyük narazılıq doğurur. İllah da bu ikinci evlilikdirsə... (Həmidə xanımın ilk həyat yoldaşı Bərdənin ən məşhur zadəganlarından olan İbrahim bəydir)
Mirzə Cəlillə 1905-ci ildə Tiflisdə tanış olurlar.
1907-ci ildə evlənirlər...
Mirzə Cəlilin, “Molla Nəsrəddin”in və yazıçının dostlarının ən çətin günlərində Həmidə xanım onların yanında olub, əlindən gələn köməyi göstərib. Və bütün bu deyilən, deyilməyən mərdliklərin müqabilində, həyat yoldaşından xəyanət görüb.
Ah, bu yazıçılar!
Xoşbəxt deyildi
25 il bir yerdə ömür sürüblər. Amma heç biri xoşbəxt hiss etməyib özünü. Çünki, hər ikisinin xoş həyatı məmləkətlə bağlı idi. Vətən isə...
Həmidə xanımın şeir yazmaq bacarığı da olub. Onun aşağıdakı iki bayatısı dediklərimizi bir daha təsdiq edir
Ay doğdu peşman, peşman
Gün oldu ona düşman
Pünhan ağla gözlərim
Nə dost bilsin nə duşman
Mən aşiq gündə mənim
Qoynumda kündə mənim
Gəldi burnumdan töküldü
Gördüyüm gün də mənim