Göyçənin məşhur ağalarından olan Səməd ağa tək oğluna kiçik toy eləmək üçün Gəncədə ona bahalı çuxa sifariş verir.
Toy ərəfəsi çuxanı almaq üçün Gəncəyə gəlir. Çuxa gözəl alınıb, lakin uşağın əyninə oturar-oturmaz deyə ağanın tərəddüdləri var.
Dərzi dükanından boylanır, küçədə oynayan kasıb uşaqlardan eynən oğlu yaşda və oğlu boy-buxunda olan birini adamlarına göstərib deyir:
“Onu bura gətirin!”
Adamlar gedib uşağı gətirirlər. Xəbəri uşağın valideynlərinə elə hay-harayla çatdırırlar ki, atası da, anası da ayaqyalın, başaçıq dərzi dükanının qarşısına qaçır.
Amma orda başqa mənzərə görürlər; uşaq bahalı çuxada, başında gümüşü papaq, sinəsində vəznə, kəmərində xəncər hündür bir yerə çıxıb, aləm də durub tamaşasına...
Uşaq gülümsünərək qəribə bir şəstlə tay-tuşlarına baxır, onu sevgiylə seyr edən ayaqyalın anasının gözləri dolur, ağlamamaq üçün dəsmalının ucuna ağzına dürtüşdürür.
Bu vaxt öz ədaləti ilə ad çıxaran, ustad Aşıq Ələsgərin şeirlərinə ləyaqətlə daxil olan Səməd ağanın gur səsi eşidilir:
- Əllərinə sağlıq, usta, çox gözəl tikmisən, amma xırda bir şey çatmır.
Usta ha düşünür, ağanın nədən bəhs etdiyini kəsdirə bilmir. Səməd ağa ustanın dərin fikrə getdiyini görüb cibindən bir qızıl onluq çıxarır, üzünü dərzi dükanının qarşısında toplaşan camaata tutub deyir:
- Bu çuxada bir şey çatmır, kim tapsa, bu qızıl onluğu ona bağışlayacam.
Adamlar baxa-baxa ha fikirləşsələr də bir şey tapa bilmirlər.
Birdən çuxa geyinən uşağın bayaqdan ağlamaq istəyən, indi gözləri qəribə bir şövqlə parıldayan anası ürkək-ürkək irəli durub nəsə demək istəyir, əri bunu hiss edib ona təpinir:
- Kəs səsini! Hörmətli ağaların yanında nə danışacaqsan? Bu söhbətlər sənin başın üçün deyil!
Səməd ağa qadının necə şövqlə danışmaq istədiyini, əri təpinəndən sonra necə pərt olub geri çəkildiyini müşahidə edir, özünü saxlaya bilmir:
- Dəymə, qoy danışsın! – dalınca – Buyur, bacı, nədir bu çuxada çatışmayan?
Qadın ürəklənir:
- Sol vəznənin altında bəzəkli zəncir olmalıdır! – deyib cəld ağzını tutur.
Səməd ağa gülümsünür və qızıl onluğu qadının ərinin ovcuna basır.
Dərzi cəld həmin bəzəyi də əlavə edir. Uşağın yaraşığı birə-beş artır.
Bu qeyri-adi tamaşadan sonra dərzi çuxanı uşağın əynindən çıxarmaq istəyəndə Səməd ağanın gur səsi bir də eşidilir:
- Dəymə o çuxaya! O çuxanı o uşağın əynindən çıxarmaq günahdır. O çuxa oldu o uşağın. Sən mənim oğluma eynən bu cür başqa bir çuxa tikəcəksən!
...Azərbaycanda son illər yetişən gənc sənət adamlarına, əsasən, yazıçı və jurnalistlərə münasibəti müşahidə edəndə həmişə çuxa geyinən o uşağın atasının anasına dediyi sözlər yadıma düşür.
“Kəsin səsinizi! Hörmətli ağaların yanında siz nə danışacaqsınız? Bu məsələlər sizin başınız üçün deyil!”
Bəlkə, danışsınlar? Bəlkə, “çuxanın çatışmayan bəzəyi”ni susdurmağa çalışdığınız bu cavanlardan biri tapacaq.
Uşaqlıqda belə bir inanc eşitmişdim: Allahın göydə yekə bir daşı var, o daş, özündən zəhləsi gedən adamların təpəsinə düşür.
Bəlkə elə əsrlər boyu başıdaşlı olmağımızın sirri burdadır!