Qonşu kişilərin oğlu

Qonşu kişilərin oğlu
11 mart 2015
# 12:31

“Təkrar oxu” seriyasından oxuduğum daha bir əsər gürcü yazıçısı Nodar Dumbadzenin İsa Məsih yaşında (33) qələmə aldığı “Mən, nənəm, İliko və İllarion” romanı oldu.

Mütəxəssislər indi bu əsəri roman kimi təqdim edirlər. Müasir tendensiyalarla baxsaq belə də olmalıdır, ancaq sovetlərin klassik üslubu ilə götürsək povest deməliyik. Təkcə həcminə və hadisələrin əhatəlilik dərəcəsinə görə deyil, həm də nağılçılığı, danışıq üslubuna yaxınlığı ilə.

1989-cu ildə “Gənclik” nəşriyyatında çap olunan kitabda Nodar Dumbadze Azərbaycan oxucusuna belə təqdim edilir: “Həyatı bütün mürəkkəbliyi, ciddiyyəti, çatışmazlıqları ilə verən, eyni zamanda işıqlı cəhətləri üzə çıxaran, parlaq detallarda canlandıran, yüksək insani keyfiyyətləri əks etdirən yazıçıdır. O, həm süjet xəttini, həm də xarakterləri incə yumorla oxuculara çatdırmağı bacarır.”

Həqiqətdir!

Hətta, çox təvazökar təqdimatdır.

Açığını deyim ki, heç bir mənfi qəhrəmanı olmayan bu romandakı həyat, səmimiyyət, yazıçının dahiyanə iddiasızlığı məni hayıl-mayıl qoydu. Oxuyanlar bilir, oxumayanlar mütləq oxuyub bilsin: “Mən, nənəm, İliko və İllarion”dakı hadisələr Böyük vətən müharibəsi illərində baş verir. Ata-anasını itirən, nənəsiylə yaşayan Zuriko həm də yaşlı qonşuları İliko və İllarionun nəzarətində böyüyür. Təsadüfi deyil ki, o, şəhərə təhsil almağa gedəndə “Kimin oğlusunuz?” – sualına “Nənəmin, İlikonun və İlarionun” deyə unikal bir cavab verir.

İliko da, İllarion da çox zarafatcıldırlar, söyüşlə danışırlar, zarafata salıb biri-birini alçaltmaqdan, təhqir etməkdən çəkinmirlər. Ancaq bütün bu keyfiyyətlərin altında biri-birinə elə bir sevgi var ki, adamın gözlərini yaşardır. İlk baxışdan müharibənin ağrı-acıları nəinki görünmür, hətta əsər adamı əyləndirir, güldürür. Ancaq ozamankı insanların faciəsi podtekst həzin nəğmə kimi eşidilir, fon musiqisi təsiri bağışlayır. Sən onu sezirsən və təbii olaraq bu estetik manevr oxucuya real təsvirlərdən, konkret fakt və emosional gəzişmələrdən daha güclü təsir bağışlayır.

Ən önəmlisi, başa düşürsən ki, insan sevgisi olan yerdə ən ağır dərdlərə, problemlərə sinə gərmək olar. Romanı oxuya-oxuya səfeh kino qəhrəmanlarını xatırladan xeyirxah İlikonun və İllarionun yanında olmaq istəyirsən. Onların sadə həyatları, danışıqları, çaxır içmələri, biri-birini cırnatmaq üçün fikirləşib tapdıqları zarafatlar insana sonsuz həyat və yaşamaq eşqi bəxş eləyir. Bu gözəl mühit ata-anasının yoxluğunu, ağır-yoxsul "arxa cəbhə" həyatını Zurikoya tamamilə unutdurur. Hətta nənəsinin ölümü də onu yalqız qoymur. Qəribədir ki, Zuriko bu “avara” qonşularının inamını, etimadını doğrultmaq üçün “əsl sovet şagirdi” kimi yaxşı oxumağa çalışır da, təhsil alır da. Di gəl bu nikibinlikdə, bizim “zamanın nəbzini tutan” yazıçıların əsərlərindəki ideoloji lad zərrəcə hiss olunmur.

Nənə obrazı isə...

Fikrimi ifadə eləməyə söz tapmıram...

Bu elə bir məqamdır ki, əsəri oxumadan anlamaq imkansızdır.

Xalq yazıçısı Mirzə İbrahimovun oğlu Aydın İbrahimovun dilimizə ustalıqla çevirdiyi romanı bitirəndən sonra bütün bu dünyanı yaradan, belə gözəl, unikal insanları mənə tanıdan, sevdirən yazıçının sinəsinin altında necə böyük ürək çırpındığının şahidi oldum.

Mən, nənəm, İliko və İllarion...

Yaddaşıma qızıl hərflərlə yazılan bu adamları özümə çox doğma hesab edirəm və məncə ömrümün sonunacan bu belə də qalacaq.

Ədəbiyyat möcüzədir...

# 1330 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #