Mirşahinin həqiqəti

Mirşahinin həqiqəti
6 mart 2018
# 11:38

Azərbaycanın istedadlı telejurnalistlərindən olan Mirşahin Ağayevin yeni layihəsi qeydiyyatdan keçdi.

Sahənin mütəxəssisi olmasam da bu xəbər məni sevindirdi. Çünki, bütün ziddiyyətlərinə baxmayaraq Mirşahin doğrudan da istedadlı mütəxəssisdir.

Yaxşısa da, pissə də olanımız budur!

Kənardan yekə danışmaq, adamı yarğılmaq asandır. Xoca Nəsrəddinin əmmaməsini götürüb onu tənqid edənin başına qoyaraq “Kəramət əmmamədədirsə, buyur” dediyi kimi, mikrofonu qəfil Mirşahindən alıb onu tənqid, bəzən təhqir edən istənilən bir adama versən, gözlərini döyə-döyə qalacaq.

Bu xəbər məni sevindirdi, amma sevindirməzdən əvvəl Mirşahinin efirlə bağlı internetdə yayılan məşhur çıxışını yadıma saldı. Qəribə etiraflar eləmişdi: “Mən “Təmiz söhbət”, “Milli metr” layihələrini reytinq vermədiyi üçün bağladım!”

Onun yana-yana etdiyi bu çıxışın səbəbi o idi ki, məsələnin məğzini bilən də, bilməyən də tənqid edir, yıxıb-sürüyür. Niyə filan verilişi verirsiniz? Niyə filan adamı efirə çıxarırsınız?

Cavab sadədir:

Sənin kimi adamlara görə!

Sənin kimi düşünənlərə görə!

Sən məhdud bilgilərinlə filan verilişin efirə layiq olmadığını bilirsən, mən bilmirəm?

Bilirəm, əlbəttə!

Lakin insanların əksəri sənin kimi danışıb, sənin kimi tənqid edib, pultu fırladaraq yenə həmin verilişə baxdığı üçün çarəsizəm. Sən səmimi qəlbdən mənim yanımda deyilsən. Sən deyirsən, mən başqa verilişə baxım, sən başqa veriliş göstər.

Mən bunu yeyərmiyim?

O qədər xammıyım?

Analoji hal yazılı jurnalistikada da var. Bu yanda zamanın ən ciddi yazıçılarından olan Səfər Alışarlının yeni hekayəsini qoyursan, o yanda zorlamadan bəhs edən yazını, oxunma sayı birin yüzə nisbəti ilə ikincinin xeyrinədir.

Mən bundan gileylənmirəm. Çünki kütlənin maraq dairəsini bilirəm. Hər yazının öz oxucusu və oxunma sayı var. Di gəl, istedadı və dünyagörüşü, kütləyə hesablanmış o yazıdakı say çoxluğunu təşkil etməkdən başqa heç nəyə çatmayanlar razılaşmır bu reallıqla. Özünün yaratdığı acı gerçəkliyə görə səni ittiham edir.

Ən son Amerika nəsrini narahat edən başlıca mövzular bilirsinizmi hansıdır: ölüm və reklamçılıq.

Təsəvvür edirisniz?

Ölüm və...

Ölümə çarə yoxdur...

Reklama, şouya da!

Kütlənin buna maraq göstərməsinə də!

Kütlənin marağı bu çarəsizliklə düz mütənasibdir.

Bəs xoşnud isəniz qovğa nədir?

Özünüzü göstərirsiniz?

Bir az səmimi olun və nəyi çox oxuyub-izləyirsinizsə onu da oxuyub-izləyin.

Günahkar axtarmaq nəyə lazım?

# 2483 dəfə oxunub

Müəllifin son yazıları

# # #