Yılmaz Ərdoğan televiziya layihələrinin birində zalla səhnə arasındakı baryeri qaldırmaq üçün tamaşaçı uşaqlardan birini cidd-cəhdlə sorğu-suala tutdu.
İllah ki, bildiyin ən ayıb kəlməni deyəcəksən!
Valideynləri ilə tamaşaya gələn uşaq Yılmaz abisinin əl çəkməyəcəyini görüb sağa-sola baxdı və sıxıla-sıxıla astadan mikrofona pıçıldadı: “Soyunmaq!”
Nədir ayıb kəlmə?
Kimin ölçüsü ilə müəyyən olunur?
Bədii əsərdə insan əzalarını haracan təsvir etmək olar?
Dizəcənmi, baldıracanmı, göbəyəcənmi?
Kim harda dur deyəndə haqlıdır?
Bu sərhədi kim müəyyən edib?
Zaman-zaman ədəbi mübahisələrdə söhbət gəlib bu nöqtəyə dirənir.
Hər ağızdan bir avaz gəlir.
Hətta tanış müəllimlərdən biri, mərhum professor Xasay Cabbarovun belə bir kitab yazdığını söyləmişdi: kişi o vaxt Xankəndində işləyəndə müəyyən edibmiş ki, ədəbiyyatda hansı açıq-saçıq sözlər işlətmək olar, hansını yox.
Düzdür, misal üçün, Haruki Murakaminin bu kitabdan xəbəri yoxdur. Amma lazımdır ki, tərcümə edib göndərək və məsələn, “Norveç meşəsi” romanındakı bəzi məqamları rəhmətliyin tövsiyələrinə uyğun redaktə eləsin.
Nə olar adam yapon olanda.
Ayıb hər yerdə ayıbdır.
Sovet dövrü iş asan idi. Konkret senzura vardı və həmin senzura hansı sözü bəyənməsə kitablardan çıxarırdı.
Bir yana baxanda belə yaxşıydı. Bilirdin ki, kimsə bu sözləri müəyyən edir və əlinin üstündə əl yoxdur.
Adamlar sevişmir.
60 yaşlı roman oxucusu üçün də uşaqları leylək gətirir.
SSRİ kimi ciddi ölkədə seks ola bilərdimi?
Olmazdı, təbii...
Belə tərbiyəsiz təbəddülatlar dağıdıcı burjuaziya tör-töküntülərinin ədəbiyyatımıza soxuşdurduğu arzuolunmaz şeylərdir.
O gün uzun illər jurnalistika ilə məşğul olan bir xanım fb profilində “Şifonu çəkmək” ifadəsini biabırçılıq kimi dəyərləndirmişdi.
Doğrudanmı, ədəbiyyatda “Şifonu çəkmək” olmaz.
Qəhrəman tualetə necə getsin bəs?
Bəlkə elə sadəcə “Tualetə getdi” yazmaq yetər.
Bəlkə bu da ayıbdır.
Axı, misal üçün, Vladimir Nabokov kimi yazıçılar unitazda qadın saçının sual işarəsi kimi durması ilə qəhrəmanının oankı sosial-psixoloji durumuna dərin semiotik işarə vura bilər.
Şifonun səsindən qəhrəmanın yadına nəsə düşə bilər.
Təsəvvür edin, qəhrəman tualetə getmək istəyir, yazıçı bizim təcrübəli jurnalist xanım kimi oxucuların qorxusundan onu tualetə buraxmır.
Ya da tualetə gedir, şifonu çəkmədən qaçır ki, oxucu onu proses vaxtı yaxalamasın.
Bu oxucular harda yetişirlər, nə yeyirlər?
Doğrudanmı düşünürlər ki, insan daldada min oyundan çıxsa da bu barədə heç vaxt yazılmamalıdır?
Bir hərəkəti edəndə utanmırıqsa, yazanda niyə utanırıq?
Təsəvvür edin indi hardasa oturub öz düşük cavanlıq xatirələrini danışan kök bir arvad fb-yə girən bütün qadınları cani-dildən tərbiyəsiz hesab edir.
Hansı əsasla?
Soruşsan, əsaları vardır.
Çoxlu səbəblər sayacaq.
Eynən bizim fb dostumuz “Şifonu çəkmək” ifadəsinin nə qədər biabırçı olması haqqında saatlarla danışa və özünəməxsus səbəblər göstərə bilər.
Mənə qalsa, yazıçıyla cərrahın heç bir fərqi yoxdur.
Biz hər hansı üçüncü-dördüncü dərəcəli ölkənin adət-ənənəsinə görə ayıb sayılan bədən əzalarımızı və ya hərəkətlərimizi həkimdən gizləyəndə nə qədər gülməli görünürüksə, yazıçıya söz və ifadələri qadağan edəndə də o qədər gülməliyik.
Təsəvvür edin kimsə deyir: “Həkim, siz utanmırsınızmı, mənim düz bağırsağımdan bəhs edirsiniz? Sizi belə bilməzdim. Bir daha xəstəxananıza gəlmərəm!”
Hə, yəqin bu yerdə məşhur trafaret sizin də ağlınıza gəldi: “Yaxşı yazırsa, yazsın!”
Amma bəzən bu “Yaxşı”nı müəyyən eləmək “Ayıb sözlər”i müəyyən eləməkdən daha çətin və mübahisəli olur.
“Yazırlar ki məşhurlaşsınlar!” – hələ bu da var.
Bir oxucum isə bir dəfə mənə tərəf əsib-sovuraraq elə belə də demişdi: “Xalqımızın milli-mənəvi dəyərlərinə xas olmayan şeylər yazırsınız ki, Nobel alasınız!”
Əlim üzümdə qalmışdı.