“Əli Kərim deyib ki, məndən yaxşı yazır” - Azərbaycanlı şairin son müsahibəsi

“Əli Kərim deyib ki, məndən yaxşı yazır” - Azərbaycanlı şairin son müsahibəsi
16 yanvar 2021
# 16:30

Bu gün Azərbaycan ədəbiyyatının ilk modernist şairlərindən Camal Yusifzadənin anım günüdür.

Kulis.az Camal Yusifzadənin son müsahibəsini təqdim edir.

- Ədəbi mühitimizdə “Şairlər içində şair” ifadəsi var... Yəni, o qədər tanınmayan, ancaq şairlərin əsl şair kimi qəbul elədiyi imzalar... Camal Yusifzadə bu qələm sahiblərindəndir...

- Bu yaxşı ifadədir. Şairlər içində şair. Mənim düşüncəmə görə, sənət adamına əsl dəyəri sənət adamı verməlidir. Kütlə sevə bilər, sevgisində səmimi də ola bilər, amma bu dəyər sənət adamlarının verdiyi dəyərlə müqayisə olunmamalıdır. Əgər məni şairlər içində şair hesab edirlərsə buna çox sevinirəm.

- Sizi həm də Əli Kərimin yaxın dostu kimi tanıyırıq...

- Əliylə yaxın olmuşam. Mənimlə bağlı “İntellekt və poeziya” adlı məşhur məqaləsi var, kitabıma daxil eləmişəm... Mən ensiklopediyada işləyəndə həmişə gəlib dəyirdi, çıxırdıq bulvara, gəzirdik. Onun bütün taleyi, ölümü gözümün qabağında olub. Məni çox istəyirdi. Yoldaşı Elza xanım deyir, bir dəfə ondan soruşdum ki, Camalı bu qədər tərifləyirsən, o səndən yaxşı yazır bəyəm? Dedi, hə, məndən yaxşı yazır və məndən sonrakı nəsildir, elə də olmalıdır. Bunu xatirələrində də yazıb.

- O, içən idi... Sizinlə də içirdi?

- Mənə elə gəlir, Əli Kərimin içməyini çox şişirdirlər. Hamı kimi o da içəndə içirdi, içməyəndə içmirdi. Moskvada oxuyan vaxtlardan ciyərlərində xəstəlik vardı, içki bu xəstəliyə pis təsir edirdi. Ölümü də bundan oldu.

- Siz qorunmusunuz içkidən... Maşallah, yaşınızdan xeyli gənc görünürsünüz...

- Hə, mən elə də içən olmamışam. Çalışmışam ki, dərinə getməyim. İçkidən xali də olmamışam.

- Necə şair ola bilər ki, heç olmasa ömründə bir dəfə içib sərxoş olmasın?

- (Gülür) Yox, o həddə çatmamışam. Yaxşı idmançı olmuşam. Futbolçu. Universitetin klubunda oynamışam. Görünür, bu da məni xeyli saxlayıb.

- Amma siqareti çox çəkirsiniz...

- Hə. Gündə bir qutunu keçirəm. Gərək azaldam.

- Bu il 75 yaşınız tamam oldu, keçirmədilər. Nə işlədiyiniz televiziya, nə üzvü olduğunuz Azərbaycan Yazıçılar Birliyi... Niyə?

- Belə şeyə həvəsli deyiləm. Görünür, kiminsə qapısına döymək, kimdənsə xahiş eləmək lazım imiş. Mən də bunu eləmirəm.

- Bəlkə təşəbbüs gözləyirmişlər?

- Adam özü necə gedib desin ki, mənim yubileyimi keçirin?

- Niyə, qapıların dabanını çıxaranlar var...

- Var. Mən bacarmıram. Görünür xarakter məsələsidir. Əslində, mətbuat qeyd elədi. Yazdılar, pozdular. “Azərbaycan” jurnalı da yazmışdı.

- Bəlkə elə şairlər üçün şair qalmaq və geniş auditoriyaya çıxmamağın səbəbi budur? Bacarmamaq, istəməmək...

- Ola bilər. Belə də söyləmək olar: şeir oxuyan şairlər, şeiri oxunan şairlər. Bizim nəslin uşaqlarının heç birində bu xarakter yox idi ki, özünü irəli versin, sinəsini qabartsın. Nə Vaqif Səmədoğluda, nə İsa İsmayılzadədə, nə Ələkbər Salahzadədə...

- Seyran Səxavət, Ramiz Rövşən, Zəlimxan Yaqub... Bunlar xoşlayırdı axı geniş auditoriyanı...

- Onlar xoşlayırdılar, hə. Görünür, o da onların stilidir.

Gallery

- Sizin şeirlərdən gələn səs də auditoriya üçün deyil. Həzindir. Fərdə, fərdin qulağına da yox, içinə xitab eləyir...

- Poeziya insanın özünün özünə yazdığı məktublardır. Dəfələrlə deyiblər televiziyada şeir oxu. İstəmirəm. Məncə, televiziya şeir üçün deyil. Poeziya çox şəxsi, intim şeydir. Poeziya məclisində oxumaq olar, bir söz demirəm. Amma televiziyada şairin gəlib, misal üçün, on dənə şeir oxuması mənə çatmır.

- Qəribədir, ömrünüzün 30 ilini televiziyaya həsr etmisiniz və sizdən qat-qat zəif şairlər məhz bu televiziya vasitəsi ilə sizdən qat-qat məşhur olublar, amma özünüz bu fürsətdən istifadə etməmisiniz...

- Elədir. Düzdür, haqqımda film çəkilib, özüm yetmişə yaxın sənədli filmin müəllifiyəm, amma şair kimi efirdən təmtəraqlı çıxışlar edə bilməmişəm.

- Dünya şeiri ilə əsaslı şəkildə nə vaxt tanış oldunuz?

- Hardasa, 25 yaşdan sonra. Demək olar ki, bütün dünya poeziyasını mənimsəmişəm. İstər Latın Amerikası poeziyası olsun, istər ispanlar olsun, istərsə də ingilislər, fransızlar... Pol Eluar, Rembo, Pablo Neruda və sair və sair. Gəncliyimizdə poeziyaya güclü meylimiz vardı deyə hamısını oxuyurduq. Kitabları da var məndə. Təkcə poeziyanı deyil, nəsri də oxuyurduq.

- Ruhunuza ən yaxın şair kimdir?

- Kvazimodo. İtalyan şairi...

- Bir şeirinizdə deyirsiniz ki, nə ovalı, nə dairəni, nə qövsü xoşlayıram... Ucları iti üçbucaq xoşuma gəlir... Gəlin, elə bu üçbucağın xatirinə dünyanın ən çox sevdiyiniz şair üçbucağını quraq.

- İtlayanlardan Kvazimodo, ispandillilərdən Pablo Neruda, ruslardan Voznesenski... Çoxdu sevdiklərim, ancaq bu şairlərin dünyagörüşü mənə daha doğmadır. Lorka, Pasternak, Brodski...

- Nazim Hikmət...

- Bəli. Əgər üçbucaq yox, dördbucaq seçsəydik, hökmən Nazim Hikmət orda olacaqdı.

- Nazimlə eyni adlı şeiriniz də var: “Salxım söyüd”.

- Bu kvadrat Nazim Hikməti də əhatə eləsə mənim üçün müqəddəs dördlük olardı.

- Bəlkə, Azərbaycandan da bir üçbucaq düzəldək... Biri, məlumdur: Əli Kərim.

- Əli Kərim, Vaqif Səmədoğlu, Ələkbər Salahzadə. Təbii ki, bütün bu seçimlər şərtidir. Məsələn, Rəsul Rzanı da seçərdim, sadəcə, üçlüyü öz nəslimizdən seçdim.

- Əli Kərimin də, Ələkbər Salahzadənin də, təbii ki, ustad Nazim Hikmətin də və təbii ki, sizin də ən kədərli şeirlərinizdə belə pozitiv enerji duyulur...

- Görünür, bu insanın özünün istəyindən əmələ gəlir. Həyata min cürə baxmaq olar. Ancaq bir həqiqət var ki, həyatla barışmalısan. Həyatla barışanda, nə qədər ağır olsa da sənə pozitiv enerji verir. Pozitivlik olmasa yaşamağın da, yazmağın da heç bir mənası olmaz.

- Birdən hiss etdiniz ki, şeir yazacaqsınız və sərbəst şeir yazdınız...

- Şeirə tələbəlikdə başladım. Ədəbiyyat haqqında artıq təsəvvürlərim vardı və bilirdim ki, nə yazacam. Ancaq sərbəst yazmağım xüsusi bir plana uyğun olmadı. Elə düşündüm, elə yarandı və elə yazıldı. Özümü bu cür ifadə eləmək daha asan gəldi mənə.

- Əslində, sərbəstdə yazmaq daha çətindir...

- Tamamilə doğrudur. Sərbəst şeirin qaydaları çox gizlinlərdə, çox dərinlərdədir. Ona görə, ənənəvi şeirin qayda-qanunlarını bilmədən sərbəstdə uğur qazanmaq imkansızdır.

- Gəlin, söhbətimizin bu yerində bir şeir üçbucağı da quraq.

- (Düşünür) Şimala aparmayın məni, ölmək istəmirəm, cənuba aparmayın məni, ölmək istəmirəm...

- Nazim...

- Bəli...

Gallery

- Siz bu şeiri orijinalda yox, Rəsul Rzanın tərcüməsində dediniz...

- Məndə Nazim Hikmətin üçcildliyi var. Ancaq nədənsə bu şeir bu formada yadımda qalıb. Kvazimodonun bir məşhur şeiri var. Məğzi belədir ki, hava soyuq idi, biz donurduq. Donmamaq üçün belə qərara gəldik ki, yalandan döyüşək. Döyüşdük də və bu döyüş düşmənlə döyüşdən sərt oldu. Qəribə bir fəlsəfəsi var bu şeirin. Görün, bu adamlar eyni cəbhədə döyüşsələr də, nə qədər fərqli adamlar olublar.

- Mən başqa bir məna çıxartdım: müharibə də uydurulmuş oyundur!

- Bəli. Bu da var. Müharibə həmişə oyundur. Nəticə də qəddarlıq və qırğınlardır. Şeirdə dramaturgiya var. Azərbaycan şeirində çatışmayan ən vacib cəhətlərdən biri dramaturgiyadır. İfadə vasitəsi var, gözəl deyim var, amma konflikt yoxdur və bu cür şeiri başqa xalqın dilinə çevirəndə həmin o ifadə və deyim tərzi itir, ortada heç nə qalmır.

- Bizdə daha çox sözün poeziyasıdır, situasiyanın yox...

- Dramaturgiya başqa xalqların dilində də asanca ifadə olunur və diqqəti cəlb edir. Bizim şeirimizin dünyaya çıxmağıma mane olan budur. Sərbəst şeirdə dramaturgiyanı saxlamaq daha asandır.

- Üçüncü şeirimiz qaldı...

- Şeir ağlıma gəlir, müəllifini unutmuşam... Rus şeiridir. Uzun da şeirdir. Mənası belədir ki, insan ağlamaq istəyir, ağlamağa yer tapmır. Baş qoymağa diz, söykənməyə çiyin yoxdur. Doğma və müqəddəs bir adam tapa bilmir. Köməksiz olduğunu dərk edincə gülür və gülən kimi ölür.

- Dərdimi kimə deyim, dünya dolu adamdır... Rəsul Rzada da oxşar misralar var...

- Hə. Şeirlər fərqli olsa da həmin situasiyadır. Bax bu fikir yadda qalır. Hansı dilə çevirsən də. Amma bizim bir çox tanınmış şairləri tərcümə edirsən, heç nə qalmır.

- Dramaturq, ssenarist, yazıçı, jurnalist Camal Yusifzadənin ömründə şairlik hansı məqamdadır?

- Ən birinci məqamda. Ən kövrək, ən həssas anlarımda şeirə üz tutmuşam. Mənə şeirdən doğma heç nə yoxdur. Poeziya mənim üçün dramaturgiyanın sıxılmış variantıdır. Həmişə çalışmışam ki, tapdığım dramaturgiyanı şeirdə ifadə edim.

- Tapdığınız dramaturgiya tərcümə olunmağınıza kömək etdi?

- Etdi. Məncə uğurlu tərcümələr var. Rus dilinə tərcüməçim Nikolay Qol İspaniyada beynəlxalq tərcümə müsabiqəsində iştirak eləmiş, birinci mükafata layiq görülmüşdü. Mükafat alan altı şeirdən ikisi mənim idi. Qol çox sevindi ki, məndən iki şeir düşüb ora.

- Bob Dilanı tanıyırsınız?

- Müğənni?

- Hə. Bu il şeirlərinə görə Nobel aldı.

- Xəbərim yoxdu.

- Siz deyən dramaturgiyasına görə maraq doğurdu şeirləri. Müharibə əleyhinə, istismar əleyhinə-filan...

- Müğənni kimi tanıyıram, şeirləri haqda təsəvvürüm yoxdur.

- Müasir ədəbiyyatı izləyə bilirsiniz?

- Jurnalları oxuyuram, internetlə əlaqəm zəifdir.

- Söhbətimizin sonunda gənclərə üç tövsiyənizi verin. Üçbucağı qapayaq.

- Birinci, intellekt. İkinci, boş iddialardan uzaq olsunlar. Üçüncü, həyata nikbin baxsınlar və həvəsdən düşməsinlər.

# 5528 dəfə oxunub

Müəllifin son yazıları

# # #