Bu il Xalq yazıçısı Anarın 80 yaşı tamam olur. Kulis.az bu münasibətlə “Ədəbiyyatımızın dünəni” layihəsindən Şərif Ağayarın professor Cavanşir Yusifli ilə Anar haqqında müsahibəsini təqdim edir.
- Anar. Bir zamanlar hətta krossvordlardakı “Yazıçı” sulanın qeydsiz-şərtsiz cavabı olan bu məşhur imza ilk olaraq nə deyir sizə? Anar kimdir?
- Anar Azərbaycan yazıçısıdır. Məmləkətin ən ağrılı problemlərini yaradıcılığından keçirən xalis Azərbaycan yazıçısı. Heç zaman dəb dalınca düşməyən, yazdıqları düşüncə, fikir, ideyalar doğuran, hətta ədəbi aləmdə bir çoxlarının dəbə çevirdiklərini daha yüksək keyfiyyətlə qələmə ala bilən nadir ustadır.
- 60-cı illər ədəbiyyatının ən parlaq imzası hesab edənlər də var...
- İki yanaşma ola bilər, elmi baxımdan. 60-cılar ədəbiyyatını bir, vahid poetik sistem kimi götürürsən, onları birləşdirən, güclü bir nəfəsə çevirən və ayıran, fərqləndirən və nəhayətdə yenə də çox güclü nəfəsə dönüşdürən sistem. İkinci yanaşma onların daha çox fərdi üslublarına əsaslanır. Üslubi və yaradıcılıq mənbələri baxımından. Heyf ki, bu sahədə çoxlu işlər yazılsa da, modern filoloji fikir kontekstində bu nəslin dəyərini üzə çıxaran əsər, demək olar ki, yoxdur. Həm də məlum bədii mətnləri dəfələrlə oxuyub onların dərinliyini, zamanla qovğasını və zamana müdaxiləsini özün üçün kəşf etdikdən sonra. Bəzi istisnalarla bu araşdırmaların bir çoxunda klişelər hökm sürür. Ona realist deyənlərlə bir sırada ekzistensialist, modernist… yazıçı kimi şərh edənlər də oldu, ancaq uzun bir ömür yaşamış nasirin üslubunun çoxqatlılığından, onun mükəmməl ədəbiyyat anlayışı kontekstində bəhs edənlər, demək olar, olmadı. İlk hekayələrindən son mətnlərinə qədər oxuyun, özü demişkən, “keçmişdən gələn qəlpələrin” izinə düşüb onların necə böyüdüyünü, detaldan motivə, süjet-kompozisiya prinsipinə dönüşdüyünü görməmək mümkünsüzdür: vaxt darlığı, zamana təslim olmamaq ehtirası (“….Deyirlər, zaman hər bir yaranı sağaldır, amma zamanın sağalda bilmədiyi yaralar da var…”). Anarın təhkiyəsi – mətnin alt qatına çökmüş nisgil yaşadığı yerdə qövr edir, əhvalat sanki hansısa kadr arxasından nəql edilir, bəlkə də süzülür, bəzən bu nəfəsə dönmək istəyən, ancaq heç cürə ifadə olunmağa macal tapmamış söyləmələr Füzulinin qəzəlindən hansısa bəndə dönür (ilk hekayələrində və “Beşmərtəbəli evin altıncı mərtəbəsi”ndə), macalsızlıq, bu aurada insanın özüylə söhbətdən yayınması, özünü əlinin altında saxlayıb aldatması, dirigözlü başqa bir adama çevrilməsi, ona bağlanmış ümidləri öldürməsi, insan davranışında irrasionallığın aparıcılığının fəhm edilməsi və ifadəsi, daha sonra satirik tonla xəfif yumorun qəribə sintezi (“…Orasını deyə bilərik ki, bu birinci Molla Nəsrəddin əntiqə kişi olub, allah ona rəhmət eləsin, çünki diriyə də rəhmət var.”)...
Bu nəslin təmsilçiləri arasında səhv eləmirəmsə, ən gənci Elçindir. Elə gəncliyindən onun yaradıcılığında avanqard qat mövcud idi. Üslubun yetkinliyi və hərəkəti (enerjisi - !) içindəki dinamika ilə ölçülür, yəni bu “hərəkət”, dinamik xətt hara qədər getdikdən, hansı məsafəni qət etdikdən sonra oturuşacaq. Elçində o avanqard nəfəs bu gün də davam edir. Adi, realist hekayələrlə paralel absurd poetikası da onun üslubunda aparıcıdır, yəni davam edir. Üslub kateqoriyasındakı sabit elementlərlə dəyişkən, dəyişib çevrilməyə məhkum olan elementlərin haçansa bir görüş nöqtəsi olur: yazıçı həmin nöqtədə ya orta statistik səviyyəni qoruyub saxlayır, ya da irəli gedir, istənilən dövrdə onu aşıb keçir, əlində, qələmində şübhəsiz ki, millətinin dərdləri, hiss və həyəcanları olmaqla. Kitab, olsun ki, bəzi nəzəri düşüncələrə görə, açıq bir sistemdir, “açıq kitab” formulu da var. Sənətkar elə deyil, qapalıdır. “Görmədim” müxəmməsinə qədər də Vaqif çox böyük şair idi. Ancaq bu müxəmməslə o, həmin o çox böyük Vaqifi aşıb keçdi. Həmin dövrdə Vaqif, Zakir, Vidadi niyə “Durnalar”ı yazırdılar? Sözümün canı nədir? Anar həmin o görüş nöqtəsində “sınmayan”, yoluna davam edən, özünü aşıb keçən sənətkara çevrildi. Düşüncəmə görə, Anarın yazıçı portretində qabarıq olan əsas cizgilər bunlardır. Mən “ən parlaq imza” söhbətinə inanmıram.
- İki şairin ailəsində doğulmağın Anar üçün üstünlüyü nə idi?
- Bu barədə dəfələrlə deyilib, danışılıb, Anarın özü də yazıb. Mənim nəsə deməyimə ehtiyac varmı? Harda doğulursan-doğul, nə yazacağını, necə yazacağını özün müəyyənləşdirirsən. Və bəzən doğulduğun mühitə görə “özünütəsdiq” gecikir, kimsə qısqanır, kimsə çox görür və sair. Söhbət Azərbaycan ədəbiyyatının, xüsusən nəsrinin inkişafında çox ciddi bir ədəbi-estetik dövr vahidindən – 60-cı illərdən gedir. Konkretliyə varmalı olsaq, buna Anar müəllimin özü dəfələrlə cavab verib: “Çox şey verdi. Kitab oxumağı valideynlərim aşıladı hələ uşaqlıqdan mənə də, bacılarıma da. Mən Azərbaycan dilində təhsil alsam da, atam rus dilini də yaxşı bilməyim üçün mənə bu dildə də kitablar alıb gətirirdi. Və zamanla kitablardan əldə etdiklərimlə bərabər, beynimdə dolğunlaşan düşüncələrim, yəqin ki, əsərlərimdə özünü göstərdi.”
Bunları da nəzərə almaq vacibdir: "Səadət nədir? Səadət öz vətənində özün kimi yaşamaqdır. Xaricə gedib çox fikirlər irəli sürə bilərsən. Tənqid də, təbliğ də, bəlkə, asan olar. Amma vətəndə vətənin dərdləri ilə baş-başa yaşamaq və bu yaşamda özünü qoruya bilmək lazımdır. Bu, əlbəttə ki, çətindir. Mən özüm bütün həyatım boyu buna çalışmışam, öz doğrularıma sahib çıxmaq, hər zaman mənəviyyatlı yaşamaq və ədalətli olmaq istəmişəm.”
- Səməd Vurğun imzası onun övladlarının özünü təsdiq etməsinə mane olurdu, ancaq Anarda elə bil atası kömək etdi. Sizcə də belədir? Bəlkə Anar atasından daha istedadlıdır?
- Məncə, düzgün müqayisə deyil. Adam istedadsız və qabiliyyətsiz olanda dünyada nə var, onun üçün maneə işarəsinə çevrilə bilər. Özü də bircə anda. Yusif Səmədoğlu aydındır ki, az yazıb, onun yazı tempi bəlli məsələdir. Vaqifin istedadının parlamasında Rəzul Rzanın müstəsna rolu olub. Vaqifin ilk kitabında ikicə misrası vardı: camaatı Allah öldürür, Vəkilovları yatmaq… Sonra inzivaya çəkildi, çap olunmadı, təkan götürdü, daha gözəl şeirlər yazdı. Rəzul Rzanın, məncə Anara o köməyi olub ki, elə Səməd Vurğun kimi kitab oxumağı təlqin edib. Yusifin xatirələrində var, deyir, Moskvada oxuyanda atası onu restorana aparır və mütaliəsi ilə bağlı sual verir və dərhal da qanı qaralır. Bu sözlər də onundu: “Qəbirdə də eşitsəm, oxumursan, sümüklərim yanar…”. İndiyə qədər düzgün filoloji təfsiri verilməyən Rəsul Rzanın ayrıca və çox önəmli yeri var. Elə şair var ki, necə deyərlər, özü üçün yazır və məşhurlaşır, ilahi sirdir bu, illər keçdikdən sonra onun “ədəbiyyatdakı külü” layiq olduğu yerə səpələnir, olur ki, istedadı aşıb-daşan şairi tutur, həbsxanaya salır, hətta danışmamaq üçün öz əliylə ağzını da tikir, məhv edir, güllələyirlər, macal tapıb yazdığı şeirlər ədəbiyyat tariximizdə göynməyən yer kimi qalır. Obraz tamamlanmır, o nakamlıq, ömrə basqın, həyatın əlindən alınması öz-özünə zamanla bir “şair mifi” də formalaşdırır. Balta çalınıb kəsilmiş ömürləri başqa bir Azərbaycan şairi mənən davam etdirir, ancaq bu obraz yenə tamamlanmır, R.Rzanın Müşfiq, Cavid, Cabbarlı və sair şairlər haqqında yazdıqlarına baxın, yaxud Anarn “Olan oldu, keçən keçdi” romanına (bu ad da onun ilk hekayələrindən gəlir və heç təsadüfi deyil. İlk hekayələrinin birində itirdiyini başqasıyla doldurmaq istəyən sinli kişinin birdən geri qayıdıb qızı oynayan yerdə görməsi qəribə təbəddülat yaradır, sözün bütün anlamlarında müasir bir qızın rəqsi onu bilmədiyi, yaşamadığı qədimlərə çəkib aparır, Qarabağ torpağını yandırıb qarsıdan həsrət, nisgil, döyüşlər, insan hisləri ona daha böyük duyğuları qazandırır…). Amma elə şair də var ki, obrazlı desək, qələmi əlinə alanda qarşısında boyaboy milli ədəbiyyatın dayandığını görür, onunla “döyüşüb” çox yeni şeylər yaratmaq istəyir, bu inad, bu obraz da tamamlanmır, çünki, milli ədəbiyyatda bu tipli qovğalar gələcəyin poetik düşüncəsinə impuls kimi, təkan kimi verilir. Bu mənada Rəsul Rza böyük şairdir və böyük şair obrazıdır.
- Dədəlilər deyə bir anlayış vardı bir ara. 60-cıların bir çoxunun atası məşhur idi. Dədəli olmağın ədəbiyyatda, ədəbi mövqe tutmaqda üstünlüyü yox idi?
- Onun da əksi “yetimlər” idi. Hər iki söz bu nəsli müəyyənləşdirmir, jarqon səviyyəsində qalır.
Hər halda dədəsiz olmaqdan yaxşıdır. Anarın son zamanlar nəşr edilən məqalələrinin biri Koroğludan bəhs edirdi. Orda bir məqam vardı. Anası Nigar xanım uşaqlıqda ona Koroğlunu oxuyarmış. Deyir, Həmzə Qıratı qaçırandan sonra Koroğlu ki, ona yalvarır, bu yerdə məni ağlamaq tuturdu.
- Anarı öz dövrünün dünya yazıçıları ilə necə müqayisə etmək olar? Tutaq ki, Milan Kundera ilə...
- Əvvəlcə, Anarın dəfələrlə təkrar etdiyi bir cümləni sitat gətirə və söhbətimizə başqa yöndə davam edə bilərik: bizim nəslin gəncliyi Praqa baharıyla bitdi…
Anar bəlkə yeganə yazıçıdır ki, ona, tutalım, “Şərqin Molyeri”, “Azərbaycanın Ekosu”, “Kamüsü”, “Kafkası”, o cümlədən “Milan Kunderası” sözlərini yanaşdırmaq olmur və qətiyyən məntiqli görünmür bu kimi epitetlər. Onun yaradıcı naturasında bununla dolmaq istəyən, bunun xiffətini çəkən bir boşluq yoxdur. Anar bütün üslubları, bütün ədəbiyyatı içindən keçirib özü kimi qalan, daha doğrusu özünü qurub-yaradan çox orijinal yazıçıdır. “Özünü qurub-yaratmaq” əsl yazıçı işidir, peşəkarlıqdır. Milan Kundera Çexoslovakiyada 1968-ci ildə baş verən məşum və qorxulu hadisələrdən sonra həm də yaşamağa, nəfəs almağa imkan tükəndikdən sonra 1975-ci ildə Parisə köçdü və orada öz ölkəsini, doğma şəhəri və vətənini yaddaşının alt qatlarından çıxarıb yaratdı. Anar da əsərlərində öz məmləkətini damcı-damcı qurub-yaratmış bir sənətkardır. Öz vətənində qalaraq.
İndi deyim, Milan Kunderanın adını niyə çəkdiyinizi bilmirəm, ancaq xatırlamanız heç təsadüfi olmadı. Anar və Kundera dünyaduyum və bədii sistem baxımından fərqli yazarlar olsalar da, yaradıcılıq yolları, düşüncə tərzləri arasında müəyyən oxşarlıqlar da var. Bu da təbiidir. İkisi də XX əsrin yazıçısıdır, yaşadıqları həyatı və onun hansı burulğanlardan keçdiyini bilmək mənasında... Milan Kunderanın da, Anarın da ədəbiyyat, onun mahiyyəti, estetikası, növ və janrları haqqında nəzəri-estetik yazıları var. Milan Kundera romana ədəbiyyatın ayrıca növü kimi baxır. Bu barədə Qərbdə geniş yayılmış və bilinən fikirləri var. Rableni çox bəyənir və romanın başlanğıcı hesab eləyir. Didronun “Jak-Fatalist” əsərindən bəhs edərkən deyir ki, Didro bu mətnində insanın içindəki azadlığı romana çevirib. Sonra. Tolstoyu çox sevdiyini bəyan edir. Və əlavə edir ki, Dostoyevskiyə baxanda o daha çox müasir səslənir. Səbəb: Tolstoy insan davranışlarında irrosionallğın rolunu ilk tutan yazıçı olub. İndi bu xassəni səfehcəsinə yozurlar, halbuki bu, insanın yol verdiyi hərəkətlərin heç bir nəzarətə yatmayan, şüuraltının idarə etdiyi izaholunmaz bir nəsnədir. Anna Kareninanın intihar öncəsi yaşantılarından bəhs edən səhifələri diqqətlə oxuyun. Bu qərara niyə gəldi? Niyə, istəməyə-istəməyə intihara getdi? Tolstoy Anna Kareninanın şüur axınının fotosunu çəkib. Kunderaya görə, şüur axını üslubunun, daxili monoloqun ilk yaradıcısı heç də Coys deyil, Tolstoydur. Bunu Qərbdə bilmirlər, çünki Tolstoyu pis tərcümə ediblər. Deyir, yaxında bu parçanı fransız dilində oxudum, dəhşətə gəldim. Orijinalda nə ki məntiqsizdir və ya əlaqəsizdir, fransız tərcüməsində məntiqli və əlaqəli verilib. Təsəvvür edin, “Uliss”in sonuncu hissəsində Milli Blumun uzun monoloqunu məntiq üzərinə gətirsək nə alınar? Bu sitata baxın: “…Bəzən insanları niyə və nə ilə qıcıqlandırdığımızı, nədə yaxşı və nədə gülməli göründüyümüzü heç zaman anlamırıq; bizim öz obrazımız bizim üçün açılmayan çox böyük sirrə çevrilir.” Düşüncə tərzi nə qədər yaxındır. Bu sitat Kunderanın “Ölməzlik” romanındandır. Məhz bu romandan sonra (1981) o, fransızca yazmağa başlayıb.”
İndisə bu sitata baxın: “... Mənim sinnimdə xatirələr ancaq ağrıdır. Yalnız yaşanmış həyatın ağır, acı, məşəqqətli, faciəvi epizodlarını yada salmaqla yox, keçmişin yaddaşda canlanan xoşbəxt anları da kədərləndirir, axı onları bir də qaytarmaq mümkün deyil. Gecənin bir əyyamında yuxudan oyanırsan, ötən günlərin bir bəxtəvər səhəri qəfilcən hafizəndə ekran kimi işıqlanır və elə bir qüssə, elə bir nisgil, elə bir həsrət duyursan ki, daha yata bilmirsən. Geriyə dönmək, olub keçənləri yenidən yaşamaq imkansız. Amma yazıçının bir təsəlli şansı var - bütün olub keçənləri kağız üzərində yenidən yaşamaq. Amma bu həyatın özü deyil, olsa-olsa uzaq və zəif əks-sədasıdır.”
Bununla belə, bütün yazıçılar arasındakı oxşarlıqlar hardasa zahiri təəssüratdır. Bu zahiri təəssüratın bitdiyi məqamı və yeri bilməlisən. İndi səhərdən axşama kimi müqayisələr gətirə, mətnləri yan-yanaşı qoya bilərik. Ancaq bir qəribə məqam var, bu məqamda hər bir böyük yazıçı yalnız özünü göstərir. Təqribən bu şəkildə: “...Yuxuda gördüm ki, gündə yeddi sözdən artıq söz işlətmək qadağan edilib. İşlədəcəyin sözlərin üzərində qadağa qoyulub. Mən isə öz normamı, söz limitimi tükətmişəm, bu gün mən heç olmasa bir söz, həyatımın ən vacib sözünü demək istərdim, ancaq olmaz. Limit başa çatıb.”
Yaxud Milan Kunderadan: “…İnsanın zamanı dairəvi olaraq fırlanmır, birbaşa irəli cumur. İnsanın xoşbəxt ola bilməməsinin səbəbi də elə budur, çünki xoşbəxtlik təkrara susamaqdır”.
- Modern nəsr anlayışını Azərbaycan üçün hansı aspektlərdən açardınız və Anarın bu nəsrdə yeri hardadır və nə qədərdir?
- Modern nəsr anlayışını Azərbaycan üçün bir neçə aspektdən açıqlamaq olar. Bunun üçün müasir, modern dünyaya baxmaq lazımdı. Məsələn, Amerika, İngiltərə, Almaniya, İtaliya və Fransada, habelə Türkiyədə artıq imza olan bir sıra müəlliflər var. İmza olmağı mən bədii sistem olaraq alıram. Götürək 80-ci illərin imzası olan Mişel Uelbeki. Tərcümədə bir sıra esse, şeir və nəsr əsərlərini oxumuşuq. Maraqlı müəllifdir. Film də çəkir. Müasir, modern yazıçı bu ən müxtəlif sahələri yaradıcılıq tempində sintez edə bilən yazıçıdır. İkincisi funksionallıqdır. Mişel Uelbek insanın (“supermarket insanı”- !) arzularının kasadlaşmasından yazır. Bu esse (“Çaşqınlıq içində”) ciddi bir yazıdır, müasir Qərbin qloballaşmadan tutmuş bütün problemlərini tökür ortaya, yəni Qərb kontekstində nə varsa. Həm də müasir fransızın, bu supermarket insanının qıc olmuş iradəsini, “yox” deyə bilmək inadını diriltməyə can atır. O ölkələrdə yazıçı, istedadlı yazıçı kitablarının, yaradıcılığının hesabına çox normal yaşayır. Film çəkir, bacardığı, əlindən gələn işi, necə deyərlər, sənətkar qəlbinin diqtəsi ilə həyata keçirir. Bizim yazıçı fərqli kontekstdədir. Bu məsələnin bir tərəfidir. İkinci tərəfi hadisələrə ümumiləşdirici və qlobal baxışla sıx bağlıdır. Diqqət edin: “…Bir Avropa təşkilatının təşəbbüsüylə üç dildə - rus, alman, ingilis dillərində nəşr olunan kitaba onların təklifiylə mən də “Kamançanın saflaşdırıcı səsi” adlı esse yazmışdım. XXI əsrin bu ən müdhiş silahı (terror - !) haqqında orda da yazmışdım bu fikirləri. Bizim günlər nəinki on il bundan qabaq söylədiyim mülahizələri təsdiq etdi, məlum oldu ki, dünyanın ən güclü dövlətləri - ABŞ, Rusiya, Avropa ölkələri - bu silaha qarşı gücsüzdürlər. Amma demə bundan da dəhşətli bir silahın şahidi olacaqmışıq - psixikası pozulmuş adamların təcavüzüylə. Belə adamların müəyyən fobiyalar və maniyalar əsasında ayrı-ayrı şəxslərə qarşı “uğurlu” ya uğursuz sui-qəsdləri məlumdur, məsələn, XIX və XX əsrlərdə ABŞ prezidentləri A.Linkolna, C.Kennediyə, R.Reyqana, Roma papasına sui-qəsdlər. Amma bu ayrı-ayrı fərdlərə qarşı törədilmiş cinayətlər hələ bu şizofrenləri silah adlandırmağa kafi deyildi. Bu mənhus təşəbbüslər o vaxt qorxunc silaha çevrildi ki, - belə psixlər peşəkar terroristlərdən ilham alıb, örnək götürüb izdihamı, qalabalığı, kütləni havaya sovurmağa başladılar. Onlar da terror aktları törədir, onlar üçün də heç bir əxlaq, insaf, vicdan anlayışları, dini, milli, irqi seçim yoxdur. Günahsız insanları, qadınları, uşaqları, körpələri, qocaları, əlilləri, şikəstləri kütləvi halda qır çat, aralarında öz dinindən, öz millətindən, öz ölkəndən olanların da fərqinə varma. Bunun qarşısına hansı silahla çıxmaq olar? Niyə bunu təşkil olunmuş terrorizmdən də dəhşətli və qarşısıalınmaz silah sayıram? Ona görə ki, bomba-insanlar hər halda müəyyən terrorçu örgütlərlə bağlıdırlar, bu təşkilatların kökünü qazımaqçün mübarizə aparmaq mümkündür, müəyyən qüvvələrin əliylə yönəldilən canilərin izinə düşmək, onları güdüb tutmaq cəhdləri bəzən uğurlu da olur. Amma adidən adi, bəlkə də zahirən sakit bir dəlinin bir gün bıçaq ya baltayla, tapança ya Kalaşnikov avtomatıyla silahlanıb, ya yük maşını əldə edib insanların üstünə cummağını, ətrafa ölüm səpməyini öncədən kim və nə sayaq müəyyənləşdirə bilər? Hətta dəliliyi belə təsdiq olunmamış, dəlixanada yox, adi evdə ömür sürən, gündə qonşularıyla salamlaşan birisinin içində nə gizləndiyini kim aşkar edə bilər? Hamı kimi evindən çıxıb evinə gəlir və günlərin bir günü bütün insanlara - fərq qoymadan - qənim kəsilir. Kim bilir bunun səbəbi nədir? Sosial problemlər, sinfi bərabərsizlik, var-dövlətdən qudurmuşlara, harınlamışlara nifrət, irqi, milli, dini ayrı-seçkilik, ya sadəcə bir səbəb - sevdiyi, aşiq olduğu qızın, qadının başqasına uyması, seksual təminatsızlıq ya digər bir psixoloji zədə, ailə münasibətlərində gərginlik, işdaşlarıyla uyuşmazlıq, adama yovuşmazlıq, tənhalıq, ümidsizlik, - bir söz milyon problem, milyon səbəb və tək bir çıxış yolu - intiqamı, qisası bütün insanlardan almaq! Nələr onu belə bir yola sövq edir, kim bilir?” Biz dünyayla bir bütöv olsaq da, dərdimiz tamam başqadır.
- Bir az da Sartr-Kamyu təsirindən danışaq. Ekzistensializmdən qısa bəhs etdiniz. Bir az geniş danışaq.
- Yazıçı, deyək ki, yuxarıda bəhs etdiyimiz Milan Kundera oxuduğu, təsirləndiyi, daxili təcrübəsiylə qovuşdurduğu bir çox kitabları (bunların hamısına hadisə deyək) ömrü boyu unutmur. Anarın bir tutarlı sözü var: Folkner hər şeyi mürəkkəbləşdirib qəliz konstruksiyalarla verirdi, həyatın məzğini, fəlsəfəsini, tarixin dərslərini, Kamüsə bunları mümkün olduğu qədər sadələşdirirdi. Əsl yazıçı hardan başlayır: daxili təcrübəni, dünyaduyum və dünyagörüşünü mənalara çevirməkdən. Bu isə çətindir, ömür istəyir. Sartr, Kamü, Kafka... Bu XX əsr dahilərinin nüfuz etmədiyi üslub, təhkiyə strukturu, düşüncə tipi demək olar ki, yoxdur.
Məsələnin başqa bir tərəfi də var. Dünya yazıçı və şairlərinə münasibət bəzən özümüz də bilmədən hələ dünyagörüş və savadımız qalsın bir yana, düşüncə tipimizin birbaşa kasadlığını göstərən işarəyə çevirir. Anar müəyyən məqamlarda gəncliyində Heminqueyi çox sevdiyini yazır və bunu da əlavə edir ki, zaman keçdikcə Heminquey nəsrinə sevgim azalmasa da dünyada ondan da böyük yazıçıların olduğunu bilirəm. Bu sadə “bilirəm” sözü yaşanmış ömrün adi gözlə görə bilməyəcəyimiz iztirablarını da ehtiva edir. İndi bunun əksini təsəvvür edin. Yəni, “bilmirsən”. Bu halda klassifikasiya aparmırsan, ucdantutma hamı yaxşıdı, hamı böyükdü və bunların sənin zövqünə bir elə dəxli yoxdu. Mütaliə və hətta təsir də “seçim oyunudur”. Baxın, “...Bizim uzaqlarda qalmış gəncliyimizdə hamımız Heminquyə aludəydik və dostlarımızdan biri onun “Fiesta” romanından bir cümləni təkrar etməyi xoşlayırdı: “Və Bret də onlarla idi”. Romanın qəhrəmanı Bretə aşiqdir, amma bu uğursuz bir eşqdir. Bret boş və düşük adamlarla bara gəlir və qəhrəman: “Və Bret də onlarla idi” - deyə təəssüflənir. Bu cümlə bizim o vaxtkı düşüncəmizə görə Şekspirin “Səndəmi Brut?” replikasıyla yanaşı dururdu. (Özü də təkcə adların oxşarlığına görə yox). Amma indi başa düşürəm ki, bu iki cümlə miqyasının siqlətinə görə heç cür yanaşı dura bilməz. Heminqueyin cümləsi ancaq o məqamda önəmlidir. Şekspir replikası isə əbədidir. Bu replika - gözlənilməz, ağlasığmaz xəyanəti - İudadan Azefə qədər bəşər tarixi boyu cilddən cildə girən satqınlığın damğası, möhürüdür. Daha doğrusu, Sezarın dost saydığı insandan - Brutdan heç cür gözləmədiyi belə hərəkət qarşısında qəzəbdən çox təəccübünü, heyrətini ifadə edir. Şekspir əsərində Sezara xəncər saplayanların içində uzun zaman dost bildiyi Brutun olması onu təəccübləndirməkdən savayı, həm də ona görə sarsıdır ki, illər boyu onu tanıya bilməyib...”
- Bir də şəhər ədəbiyyatı. Urbanistik nəsr. Yeni qəhrəmanlar.
- Bu bölgü çox sünidir. Və yerinə düşmür. Elə kənd nəsri də. Onda gərək “şəhər poeziyası”, yaxud “kənd poeziyası” da olaydı. Amma yeni qəhrəman tipi və konsepsiyası müasir dövrdə XX əsrin 60-cı illərindən başladı.
- Bir az konkretləşdirək. Anarı 60-cı illər gəncliyinə ən ox sevdirən, hətta bəzən büt səviyyəsinə qaldıran hansı keyfiyyətlər idi?
- Anar doğrudan da sevilib, ancaq heç zaman bütə çevrilməyib, yəni hələ ki, bu xoşbəxtlik ona üz verməyib. Əksinə, Anar düşündürüb. Bununla yadda qalıb. Mənim şəxsi təəssüratım belədir: Anar sistemli yazıçı və oxucudur, seçim edə bilən, yazısında “qəsdlərini” usta şəkildə gizlədə bilən, bir anlıq, yəqin ki, üslubi keyfiyyətlərin sayəsində həyat, ölüm, eşq… haqqında öz düşüncəsini oxucunun düşüncəsinə nəql edə bilən yazıçıdır. Yuxarıda bir üslubi keyfiyyətdən bəhs etdik: kadr arxasından gələn səs… Öz düşüncəsini oxucuya nəql etmə keyfiyyəti daha sonralar göründü, bu da zənnimcə “oxucu reaksiyalı ədəbiyyat” anlamına gələ bilər. Yəni, müəllifin nəql etdiyi fikir, yaxud ideya oxucu ona “toxunduğu” anda yaranır, boy atır, başqalaşır, cilvələnir və sair. Ən yeni ədəbi düşüncə budur. Bir də intertekstuallıq keyfiyyəti.
- Müstəqillikdən sonra 60-70-lərdə yaranmış əsərlər bir az solğunlaşdı elə bil. Sizcə də belədir?
- 60-cılar təkcə xronologiya söhbəti deyil, daha çox düşüncə, təfəkkür tipi məsələsidir. Götürün Yusif Səmədoğlunun gəncliyində yazdığı hekayələrini, bir də onun özünün 80-ci illərdə yazdığı “Qətl günü” romanını. O illərin müşahidələri, düşüncə tərzi, bir də müasir dünyada 60-cı illərdən sonra yaranan ədəbiyyat kontekstini. Yəni adını çəkdiyiniz dövr əslində masştabı və əhatə dairəsi etibarıyla çox genişdir, biz ondan yaxşı mənada xilas ola bilməyəcəyik.
Digər tərəfdən 60-70-lərdə yaranmış bədii mətnlər nəyin hesabına, nəylə müqayisədə solğunlaşmalıydı? Kökü, xamırı möhkəm və təmiz olan şeylər heç zaman solmur. İndiki dövrlə müqayisədə bir az keçmişdə qalan, axtarsaq çox əksliklər tapacağımız “Solğun çiçəklər” də. Baxın Cabbarlının, gənc yaşında dünyadan köçmüş bu nəhəng ədibin bədii metodunun təkamül prosesinə: orda maarifçilikdən tutmuş XX əsr realizminin ən qəliz və mürəkkəb sistemlərini də görə bilərsən. Yaxud Mirsə Cəlilin “Ölülər” və “Dəli Yığıncağı” pyeslərinə. Uşaqlıqdan üzü bəri beynimə batıb: elə əsərlər var, bir dəfə oxuyursan və növbəti dəfələrdə təsir siz demişkən solur, ancaq mən “Ölülər” və “Dəli Yığıncağı”nı nə zaman oxusam, təzələnirəm, oxucu və ədəbiyyatşünas kimi özümə inamım artır. Anarın “Yaxşı padşahın nağılı”, “Otel odası”, “Göz muncuğu”, “Anlamaq dərdi”, “Gecə düşüncələri” və sair yazıları da insana o cür təsir edir. Bizdə bir ziyalı pleyadası var, dövründən, zəmanəsindən asılı olmayaraq millətin tərəqqisi, zövqü naminə qısa bir zamanda çox böyük və sanballı işlər görüb gedirlər. Mirzə Cəlil, Həsən bəy Zərdabi, Üzeyir Hacıbəyli, Ceyhun Hacıbəyli… Bu keyfiyyət yuxarı-aşağı hər bir millətə xasdı, sanki onun yaşaması, ömrünün uzanması və ona dair mənaların üzə çıxması (“Biz kimik?”) naminə bu keyfiyyətin sayəsində indi “Arşın mal alan” var, indi sevə-sevə, gülüş və göz yaşları içində oxuduğumuz “Molla Nəsrəddin” cildləri (faktı unutmayaq: Mirzə Cəlil dərgini Tiflisdə erməni məhəlləsində çıxarırdı… - !) var; deyə bilərsiniz ki, “Anlamaq dərdi” adi bir essedir (bu adi essedə həmin o cildləri çıxaran Mirzə Cəlilin “modern” obrazı ilk olaraq meydana çıxmışdı, yaradılmışdı, əlyazmalarını sobaya atan Mirzə Cəlil 60-cılar üçün bir tapıntı idi…). Yaxud Şah İsmayıl Xətai, Füzuli, Nəsimi, Pir Sultan Abdal, Dədə Qorqud haqqında misilsiz yazılar. Hələ tərcümələr, Pasternakdan:
Adamın qanını tökən sətirlər…
- Ümumiyyətlə, sovet dövrü və o dövrdə mürtəce burjua cərəyanı kimi xarakterizə edilən modernizm bir arada necə təsəvvür edilir?
- Necə var, elə. Bir dəfə, iclasların birində Anar müəllimin dediyi fikir yadımda qaldı. Vərəqlədiyi kitabda o dövrün, elə indinin də çox məşhur filoloqlarının adları vardı, sitatlar gətirilmişdi. Dedi ki, biz sovet dövründə bunları oxuyub əksini düşünürdük. Məsələ düşünə bilməkdir, özü də həqiqəti axtara-axtara. İnsan fəhmlə yalanı doğrudan seçib-ayırır, bu yalanı nə qədər qızıl-qırmızı büksən də. Bir də 60-cı illər ədəbiyyatı sistemə, gerçəkliyə qarşı olduğu üçün yeni dalğa, yaxud yeni nəsr adlanırdı.
- Anardan dünya ədəbiyyatı antologiyasına nələri seçərdiniz?
- “Anlamaq dərdi”, “Macal”, “Otel odası”, “Gecə düşüncələri”, “Yaxşı padşahın nağılı”, “Dantenin yubileyi”, “Beşmərtəbənin altıncı mərtəbəsi”, “Macal”.
- AYB sədri Anar. 30 illik vəzifə. Bir yandan da demokratiya, fikir plüralizmi, posmodern dövr. Çox ziddiyyətlidir?
- Ola bilər. Gerçəkliyimizi unutmamaq şərti ilə. Bir də Yazıçılar Birliyinin adını.
- Məncə, Anar vəzifədə olduğu müddətdə ona da, valideynlərinə də heç vaxt obyektiv qiymət verilməyəcəkdir.
- Məncə, obyektiv, yaxud qeyri-obyektiv dəyərləndirmənin səbəbi bunlar ola bilməz. Köhnənin qonşuluğunda yeni bir şey yaradırsan, o köhnəlik son damcısına qədər davasından əl çəkmir.
- AYB sədrliyi onun yaradıcılığına necə təsir edir? Özü etiraf etmişdi ki, yalnız məzuniyyətə çıxanda yaza bilirəm.
- Hər kəs yaza bildiyi qədər yazır. Həyatda və yaradıcılıqda heç nə təsadüfi deyil. İnsan bütün yazmaq istədiklərinin öhdəsindən gələ bilmir, nələrsə qalır. Hətta gənc yaşında dünyasını dəyişən sənətkarlara da münasibətdə işlədilən “nakam” epiteti onların yaxşı, yüksək bədii keyfiyyətli əsərlərindən həmişə yan keçir.
- “Ağ qoç, qara qoç” və “Gözmuncuğu” əsərləri üzərində dayanmaq istərdim. Bu əsərlər modern sonrası zamanın ruhunu nə dərəcədə əks edə bilir?
- Anar, bunu deməyə ehtiyac yoxdu ki, məhəlli yazıçı deyil, geniş miqyaslarda, özü də milli kimlik və varlıq kontekstində düşünən yazıçıdır, altmışıncılar nəsli içində özündə, yaradıcı portretində köhnə leksikonla desək, milliylə ümumbəşərini ən uğurlu şəkildə birləşdirən, qaynaq edən bir yazıçıdır. Canlı yazıçıdır, onun obrazında hansısa şablon, məsələyə məlum klişelərlə yanaşma tərzini görməzsən, 80 yaşında yazdığı yazılar, qeydlər səviyyə etibarı ilə ümumi yazıçı adından daha böyükdür. Bu qeydlərdə istər keçmişdən, bu gündən və ya gələcəkdən yazsın, müasir, modern düşüncə tərzi öndə olur, məhz belə olduğu üçün onun “tənqidçiləri” sayca çoxdu. Fikir ver, bu cür olmayanların, müəyyən dərəcədə keçmişdə qalanların tənqidçiləri olmur, olsa da, “səs çıxmır” (tək əl kimi).
O ki qaldı modern və modernsonrası kimi anlayışlara… adlarını çəkdiyiniz əsərlərin ikisi də janrı və bədii mətləbləri etibarıyla vaxtında yazılmış mətnlərdir. Yəni, bu əsərlər ciddi yanaşma tələb edir, elə-belə yanaşsan, nə var ki, “Göz muncuğu” sitatlardan ibarət kollaj, “Ağ qoç, qara qoç” adi bir dekunstruksiyadır, antiutopiyadır. Mətləb nədir? Ədəbiyyat, canlı ədəbi fikir hər hansı kollaj və ya dekonstruksiyadan yüksəkdədir. Bu sxemlər əsasında bizdə, özün də bilirsən ki, çox sayda əsər yazılıb, məhz postmodernist yarlığına görə tanınır.
Anarın əşyaların yaddaşına nüfuz etmə dinamikası yaşayır. Süjet quruculuğunda fəal komponent hadisələr zəncirinin çözülməsindən çox məhz bu faktordur: əşyaların yaddaşında fiziki anım hadisələrlə ruhani aləm arasındakı bu sərhəd zonasında daim itir və yenidən qayıdır. Yəni, ötəri, keçici olan hər şey yaşanıb tükənəcək, ötüb keçəcək, əbədi tənhalığı heç nəynən dəf etmək mümkün deyildir. “Göz muncuğu” povestində iki aləm arasında qalıb bu şəkildə “közərən tel” Azərbaycan və dünya nəsrinin bir çox mətnlərini üz-üzə gətirir və hər şey əvvələ, uşaqlığa qayıdır. Necə ki ölüm anında insan qəfildən uşaqlığına qayıdır.
- Gənclik Anarı nə üçün oxumalıdır?
- Çünki bu əsərlərdə hamının keçmişi və gələcəyi var, hərədə bir cürə.
- Müsahibə üçün təşəkkürlər.
- Sağ olun. Təşəkkür edirəm.