Xanəmir: “Məni danışdırıb postmodernizmi pis vəziyyətdə qoymayın” - MÜSAHİBƏ

 Xanəmir: “Məni danışdırıb postmodernizmi pis vəziyyətdə qoymayın” - <span style="color:red;">MÜSAHİBƏ
26 yanvar 2018
# 21:00

Bu gün şair-yazıçı Xanəmirin doğum günüdür. Kulis.az bu münasibətlə onu təbrik edir və şairin müsahibəsini oxucuların diqqətinə çatdırır.

- Son vaxtlar mətbuatda az-az görünürsünüz...

- Nə vaxt ki, özüm qəzet və jurnal çıxarırdım, şübhəsiz, daha tez-tez görünürdüm. İstər-istəməz adamda aktivlik yaranır. Prosesin özü başqadır. Kulisə də sizi tanıdığım üçün bir neçə yazı göndərmişəm. Yoxsa, yəqin ki, heç görünməyəcəkdim.

- Bəzi aktiv cavan yazarlar var ki, sizin heç adınızı da eşitməyiblər. Halbuki həmişə yazmısınız.

- Həmişə yazmışam. Mən mütaliəni və yazmağı heç vaxt dayandırmamışam.

- Hətta şeir də, nəsr də yazırsınız...

- Bəli. Çap olunmuş dörd romanım var. “Ağğbağğ”, “Osmanlı”, “A mədəniyyətinin A günü lüğəti” və “Maqlar”.

- Şərti olaraq səni Azərbaycanın Coysu hesab etmək olar?

- Yox, qətiyyən (gülür). Sadəcə olaraq, bir zamanlar Coysa qarşı tutuquşuluqdan uzaq bir tutqum vardı.

- Yaxşı, Coys məktəbi deyək. Oğuz Atay da o məktəbə aiddir...

- Türkiyədə o məktəbə məxsus çoxlu yazarlar var. Özümün bu məktəbdə olub-olmadığımı da deyə bilmərəm. Sadəcə, Coysun mətnlərinə böyük sayğımı danmıram.

- Şeirlərin məndə belə bir təsəvvür yaradıb ki, sən təsəvvüfü sərbəstə gətirmək istəmisən və mənə qalsa, bunu xeyli də bacarmısan.

- Dediyiniz doğru olsa belə, bunu məqsədli eləməmişəm. Ola bilsin, İstanbul mühitinin, aldığım təhsilin, xarakterimdəki xərclənmək istənməyən vəfakarlığımın da yazılarımda belə alınmasına təsiri var.

- İstanbul... Mərmərə... İlahiyyat... Eləmi?

- Bəli.

- Niyə məhz ilahiyyat?

- Əvvəl, jurnalistikaya qəbul olunmuşdum, sonra ilahiyyata dəyişdim.

- Səbəb?

- Düşündüm ki, Azərbaycana daha orijinal bir ixtisasla qayıdım. Jurnalistika bizdə kifayət qədər özünü göstərmişdi. Bir də bizim ədəbiyyatı ilahiyyatı bilmədən anlamağın çətin olduğunu düşünürdüm.

- Peşman olmadın ki?

- Qətiyyən. Mən dildə, forma və strukturda nələrisə dəyişməyə çalışmışam. Mövzunun özünün gətirdiyi bədii təyinatlar var. Vatikandan yazırsansa başqa, Məkkədən, Bağdaddan yazırsansa başqa, sevgidən, texnoloji əsrdən, neftdən yazırsansa başqa dil çıxır ortaya. Məncə, bizim istedadlı yazarların ən böyük problemi dilə qarşı müti davranmalarıdır. Dilin qaydalarını pozmağa, ona yeniliklər gətirməyə risk eləmək lazımdır. Bizdə istedad problemi yoxdur, bax, bu mütilik problemi var. Dillə mehriban olmaq lazım deyil. Deyim və ifadə vasitələrini, cümlə quruluşlarını, dilin sintaksisini dəyişmək lazımdır. Buna dilimizin imkanları həm açıqdır, həm də dil axı yazara verdiyi kimi, yazardan nəsə qoparmalıdır. Biz dilə heç nə vermək istəmirik.

- Sən həm də şeirdə ritmlərlə çox rahat oynayan şairsən...

- Doğrudur. Şeirimizin bu gün üçün uda biləcəyi vacib bir şey var: ritmi dəyişmək! O qədər geniş və sonsuz sayda ritmlər var ki, yazdıqca qurtarmaz. Əli Kərim bir neçə ritmdə şeir yazıb. Nazim Hikmət də mənim bildiyim qədərincə xeyli ritmdən istifadə edib. Şeirdə ritm məsələsi mənim yaralı yerimdir. Bəzi gedişatlar eləməyə çalışmışam.

- Səncə bu yaşda eksperiment olar?

- Bayaq dedim, mətnə qarşı müti olmaq olmaz. Ancaq indi mən özüm bu cür yazmağın quluna çevrilmişəm deyəsən (gülür). Başqa cür alınmır. Dünən, srağagün çap olunan yazıları on beş il əvvəl yazmışam. Eksperiment nə vaxt olur? Eksperiment mübarizədir. Sən salındığın bir hücrədən çıxmaq üçün çalışırsan. Bu öz yerində. İkinci, hesab edirəm ki, yaşadığımız ictimai-siyasi quruluşun adını hələ də tapmamışıq. Yoxdu bunun adı. Ona görə bütün sahələrdə hələ də axtarışlar, eksperimentlər gedir. Eyni zamanda ədəbiyyatda. Ədəbiyyatı həyatımızdan, yaşadığımız mühitdən ayrı təsəvvür edə bilmərik. Ədəbiyyat gerçək yemini, ruzisini buralardan əldə edir.

- Demək, hesab edirsən ki, sənin yaradıcılığında da daşlar yerinə oturmayıb.

- Mən istəsəm oturdaram. İstəmirəm. Elə bir dönəmdə yaşayırıq və ədəbiyyatımız elə bir mərhələyə gəlib çatıb ki, bu gün yazarın yaradıcılığında oturuşmuş tavrı onun ölümü deməkdir. Biz bu gün ən azından min illik bir ədəbiyyatı yenidən qələmimizin ucundan, ruhumuzun əsintilərindən, şüurumuzun labirintlərindən gələcəyə doğru yönəldirik. Bu qədər məsuliyyət sükunət yox, dağıntı, xaos, gərginlik tələb edir.

- Hamı düşünürdü ki, Xanəmirin mistikası 40 yaşlara doğru bir az səngiyəcək, açılacaq, demək, yazmaq istədikləri daha aydın görünəcək. 40-ı keçdin, amma, deyəsən, duman seyrəlmir...

- Duman yaxşı, poetik bənzətmə oldu (gülür). Duman həm də adamı qoruyur, bilirsənmi? Bəzən dostlarımdan soruşuram: siz gül sözünün, su, ağ, sarı, yurd sözünün mənasını bilirsinizmi? Niyə məhz gül, ağ, yurd? Niyə məhz gün, günəş? Niyə məhz su, torpaq, hava, od? Niyə? İstənilən yazardan dilimizdəki sözlərin əksəriyyətinin konkret açımını soruşsan, bilməyəcək. Ancaq bu sözlərlə biz böyük həqiqətlərin, mətləblərin üzərinə gedirik, bu bəs deyilmiş kimi qalın-qalın kitablar yazırıq, onları satırıq, oxucu axtarırıq. Sadaladığım sözlər öz instinktini, şifrəsini harada gizləyir? Bizlər yazar kimi sözü gizlətmək üçün, qorumaq üçün varıq. Şair dili pünhanlıqlar və gizliliklər içərisində hifz edərək ona uzun ömür bəxş edir. O da ola, bir yazarın söz birləşmələri, cümlə quruluşu, misraları, bəndləri, sintaksisi... Bu mənada ədəbiyyatımızın qapalı və açıq mövzularla uğraşdığı dönəmlər mövcuddur. Belə hərəkətlərin ədəbiyyat üçün də vacibliyinin fərqinə varmamaq mümkün deyil. Mənim 2010-cu ildə çap olunmuş “A mədəniyyətinin A dili lüğəti” kitabım elə bu mövzunun bədii həllini verən çağdaş prozadır.

- Qəmim pünhan tutardım mən...

- Amma Mirzə Cəlil, Sabir, Səməd Vuğrun kimi bu gizliliyi həm mövzularla, həm də dillə açan yazıçılar da olub. Ancaq onların da mətnlərini ifadə tərzinin üzərində dursaq, leksikonlarının açımını təftiş etsək, o qədər mübhəmliklərlə, dumanlıqlarla, tünlüklərlə, sirlərlə qarşılaşacağıq ki... Mənim yazılarım şəffaf, aydın yazılardır. Ola bilsin bir az təsəvvüf elementləri, bir az dünya ədəbiyyatından bəhrələnmələr, bir az xarakterin mətnlərlə qarşıdurmasının təsirindən çoxu üçün dumanlı görünür.

- Xanəmirin quş dilini başa düşən oldumu?

- Məncə, Azərbaycan şeiri başdan-ayağa sizin dediyiniz quş dilinin mətnləridir. Onu deyim ki, indi geniş şəkildə çap olunmuram. Kitablarımı da yazılarım itib batmasın deyə az sayda çıxarıram. Onun da çoxu evdə qalır. Yazılarımı qəbul edənlər də var, etməyənlər də var.

- Səni Nəsimiyə də yaxın hesab edirəm arada... Bir də Hüseyn Cavidə. O da İstanbulda oxumuşdu. O da irfan-təsəvvüf xəttini götürmüşdü... Ruhi qohumluq var aranızda, mənə görə.

- Nəsimini çox mütaliə eləmişəm. Yenə də oxumağıma davam edirəm. Təkcə əsərləri ilə deyil, bağlı olduğu qaynaqlarla da yaxından tanışam. Cavid əfəndinin də sərxoşuyam. Hər iki yazar mənə çox doğmadır.

- Müasir Azərbaycan ədəbiyyatından danışanda heç vaxt ad çəkmirsən. Bu da insanlarda belə qənaət yaradır ki, heç kimi bəyənmirsən. Gəl siftə eləyib konkret olaq. Misal üçün, Həmid Herisçinin estetik baxımdan sənə yaxın olan “Şəms Təbrizi” şeiri var, necədir?

- Həmidin yaradıcılığının Azərbaycan ədəbiyyatında öz yeri var. Ancaq mənim şeirimlə Həmidin şeiri arasında yerlə göy qədər fərq ortadadır. Qəribədir ki, bizdə Lenin haqqında yazılan şeirlərin içindən Leninin adını çıxarıb Koroğlu yazanlar heç bir tərəddüd keçirmədən “şair ömrü” yaşayıblar. Həm də oxucular bu gedişatı rahatlıqla, sanki elə Lenin əzəldən Koroğluymuş kimi də qəbul edib. Leyli və Məcnun mövzusunun sayını bilməmiş deyilsən. Hər şairin bir Leyli və Məcnunu ola bilər. Hər bir yazarın öz Şəms Təbrizisi var və olacaq. Bu şeirlərdə adlar şərtidir. Həmidi son dövrün ən məşhur yazıçı-şairlərinin çoxundan yüksək sayıram. Amma mən xas əsəri, mövzunu sevirəm. Kim olursan ol, yazdığın mətn mənə kimisə xatırlatmasın, kimdənsə sonra gəlməsin.

- Zahid Sarıtorpağın yeni şeirləri sizin şeirlərlə qəribə şəkildə səsləşdi..

- Zahid bəylə dostuq. İlk şeirlər kitabına istədi ön sözü mən yazım. Aramızda yaş fərqi vardı deyə utandım. Sonra gördüm ki, ürəkdən istəyir, yazdım və mənə elə gəlir, yaxşı da yazdım. Ancaq yazılarımız nə qədər yaxın görünsə də, qohum bilinsə də, məncə, ayrı-ayrı məktəblərin təmsilçiləriyik və həm də olduqca bir-birindən uzaq mətnlər müəllifiyik. Əslində, mənim yazılarımın sənə də, Murad Köhnəqalaya da qohumluğu var. Bunu dəfələrlə hiss eləmişəm. Zahid Sarıtorpağın qələminə hörmətim sonsuzdur.

- Siz nəslin daha bir məşhur imzası var: Salam Sarvan. Onun şeirləri ilə aran necədir?

- Salam haqında bir yazım var: “Hecaya Salam olsun”. Yanlış deyilsə, hansısa bir kitabında çap olunub. Mənə elə gəlir, Salam haqqında orda ən yaxşı yazını mən yazmışdım. Salamı Azərbaycanın ən böyük şair adlandırmışdım.

- Çox iddialı çıxmır?

- Təbii ki, öz nəslini nəzərdə tutub yazmışdım. Bu qədər parlaq şairlərimizdən sonra heca şeirində yenilik eləmək çox çətindir. Ancaq onun şeirlərinin mövzusu, bədii həlli, poetik ifadə vasitələri mənlik deyil, qəbul etmirəm. Salam ritmdə, intonasiyada bacardı. Salamın itirəcəyi nə oldu? Sərbəst şeirə keçməməli idi. Həm qəbul olunmadı, həm də heca şeirinin haqqını ödəməmiş qaldı. Məncə, birinci mərhələdəki Salamın davamı vardı, yazılmalı idi. O nəfəs davam etməli idi. Amma şübhəsiz ki, Salamın şeirimizdəki yeri danılmazdır.

- Daha sonrakı nəsildən nə deyə bilərsiniz?

- 2000-cilər nəsli vardı ki, çox maraqlı şeirlərlə gəlmişdilər ədəbiyyata. Ədəbi proses heç vaxt dayanmayıb və hər zaman da özünəməxsus, fərqli yazarlar meydana gəlib.

- Sizcə, eyni zamanda şeir və nəsr yazmaq olar?

- Borxes, Milan Kundera, Umberto Eko, Nazim Hikmət, Əli Kərim sübut etdi ki, yazıçı üçün janr önəmli deyil. O, şeir də, hekayə də, roman da, pyes də, esse də, traktat da yaza bilər.

- Orxan Pamukun romanlarına münasibətin necədir? Bilirsən niyə soruşdum? O, sənin önəm verdiyin irfan-təsəvvüf mövzusuna ironik yanaşır...

- Bu ironiya təsəvvüfün mahiyyətində var. 2000-ci ildə bir kitabım çıxdı - “Göyə qayıdan mətnlər”, ora bu mövzularda konseptual yazılar daxil eləmişəm. Yumor, ironiya Azərbaycan ədəbiyyatında o qədər inkişaf elədi ki, gəlib-gəlib axırda satiraya çevrildi, sarkazma dönüşdür. Təsadüfi deyil ki, Seyid Əzim də, Sabir də o satiranı Füzuli qəzəllərinin üzərində qurdu. Satiranın mayası vardı o qəzəllərdə. O qəzəllərin içəriyi isə təsəvvüf elementləri ilə aşıb- daşırdı. O ki qaldı Orxan Pamuka, onunla İstanbulda tələbə olduğum illərdə tanışlıq imkanım oldu. Səmimi insandır. Bizimkilər kimi saxtakarlığı yoxdur. Bir neçə dəfə toplantısına da qatılmışam. O vaxt türk ədəbiyyatında ciddi yazıçı olaraq tanınırdı, ancaq sərhədləri birdən-birə bu dərəcədə erkən aşacağı heç kimin ağlına gəlmirdi. Türk nəsri deyiləndə ən birinci yada düşən imzalardan olduğunu hər kəs bilirdi. Maraqlı yazıçıdır, şübhəsiz. Əsərlərində təsəvvüfə ironik yanaşması sadəcə olaraq, yazarın iradəsidir. Yazar özünü hansı elementlərdə tapır, ədəbi sorununu hansı qaynaqda həll edə bilirsə, demək ona məğlub olur. Məncə, bu təsəvvüfün gücüdür ki, özünü postmodern elan etmək istəyən yazar, gəlib təsəvvüfün qılıncının altından keçir. Sənə yüzlərlə sufinin həyatını misal çəkə bilərəm ki, onlar hansı halıyla, məqamıyla, əstəğfürullah, Yaradanla belə necə məzələniblər. Qərb postmodernizmin kökünü irfanda arayır, bizimkilər az qalır posmodernizmin içindən təsəvvüf çıxarsınlar.

- Ümumən, tanrı mərkəzçiliyini qəbul etməyən postmodern ədəbiyyata münasibətin necədir?

- Təsəvvüf içərisində yazıları ilə vurnuxan birisiylə posmodern ədəbiyyatdan danışmaq, posmodenizmi pis vəziyyətə salmaq deməkdir. Posmodern etap qapana bilər, çevrilə bilər, bitə bilər. Təssəvvüfi estetikanın isə bütün zamanlarda həm özünü qoruma, həm də digər ekollara, cərəyanlara donor rolunu oynama imkanları sonsuzdur. Robot adamların, kompüterlərin şeir, roman yazması posmodern olaydır həm də. İnsanın bu olaya baxıb sənətdən dönməsi, küsməsi, pisikməsi, sənəti unutması posmodernlik durum deyil, sadəcə təsəvvüfə yönəlməkdir, kosmik təbəddülat, metafizik ierarxiyadır.

2016

# 2499 dəfə oxunub

Müəllifin son yazıları

# # #