Sənin göyün olsun, quşun olmasın - ELDAR BAXIŞ SÖHBƏTİ

Sənin göyün olsun, quşun olmasın - <span style="color:red;">ELDAR BAXIŞ SÖHBƏTİ
27 oktyabr 2015
# 12:37

Kulis “Ədəbiyyatımızın dünəni” adlı yeni layihəyə start verir. Layihədə tanınmış tənqidçi və ədəbiyyatşünaslarla görkəmli Azərbaycan şair və yazıçılarının yaradıcılığı ilə bağı söhbətlər təqdim olunacaq. İlk olaraq Cavanşir Yusifli ilə Şərif Ağayar Eldar Baxış haqqında danışıblar.

- Sizcə kim idi Eldar Baxış?

- Eldar Baxış 70-ci illərdə öz imzasını təsdiqləyib. Eldar Baxış öz üslubu olan, intonasiyası olan şair idi. Bu onu təkcə yaşıdlarından deyil, Azərbaycan poeziyasında olan bütün şairlərdən fərqləndirirdi. Həm də bu üslub və intonasiya təbii idi, onun naturasından gəlirdi. Onun mətnlərinin çox dərinliklərində bəsirət gözüylə görünən, bəlkə də sezilən bir faciə də var ki, sanki bu nüansları onun daxilində olan başqa bir insan pıçıldayıb ona, o da yazıya köçürüb. Yəni özü fərqinə varmayıb bu faciəliliyinin. Neçə kitabı çıxıb bilmirəm, hər halda bu o qədər də çox olmaz. Amma şəxsən mənə Eldar Baxışın şeiri, nəsri yox, bütövlükdə sözü maraqlıdır. Bu sözün necə işlənməsi, haldan-hala düşməsi... O, öz boy-buxunu, əzəmətiylə bu poeziyaya gəldi və zahiri gor-gobudluğuna baxmayaraq içində incə bir mərifət yaşatdı. Şeir deməyi də fərqli idi. Görənlər hamısı deyir. Tutaq ki, Vaqif Cəbrayılzadə, Ramiz Rövşən zəif şeiri də güclü deyə bilirdilıər...

- Bir nəsildilər...

- Hə... Amma Eldar Baxış əvvəl başlayırdı Əli Kərimdən, Məmməd Arazdan, kimdən, kimdən şeir deməyə... Axırda da deyirdi, indi də Eldar Baxışa söz verilir. Yəni, onun tərzi başqa idi və ölənə qədər də dəyişmədi. Eldar Baxışın şeir deməyində estrada yox idi, o, başqalarına imkan yaradırdı ki, duyğuların həniriylə gələn şeylərə diqqət kəsilsinlər. Bu mənada o, şeirdən, misradan gələn səsləri öz səsiylə kəsmirdi. Yenə də bu mənada o, nəsildaşları içində daha çox Səyavuş Sərxanlıya yaxın idi. Təbii ki, üslub fərqləri nəzərə alınmaqla. Səyavuşun şeirlərində “quşlar zənguləsindən asılırdısa”, Eldarda onun sanki könül budağında oturan quşla (sərçə balası, bəlkə...) sükut diliylə danışması qabarıqdır.

- Şeiri də var... Allah insan versin Məmməd Araza...

- Bəli. İlk baxışdan adama elə gəlir ki, Eldar Baxışın bu səpkili şeirlərində publisistika var. Sabir Rüstəmxanlıda və ya onunla yaşıd olan digər şairlərdə olduğu kimi... Vaqif Bəhmənlidə və sair. Məncə o publisistika deyildi. Folklordan gəlmə nüanslar idi. Yəni, intonasiya hadisəsiylə bağlı şeylərdi. Həm də çox ciddi.

Ələkbər Salahzadədə bir gözəl misra var: elə bil gülü şeirə çəkirsən... Onun hətta bir balaca ictimai ruhlu mətnlərində də şeirin daxildəki dinamika özünə yol açıb ağlagəlməz yerləri gəzib-dolaşırdı. Bu dinamika çəmənlikdə axışan suya bənzəyirdi. Onun “Oyun havaları” silsiləsi var. Eldar duyğunun içindəki səsi canlandıra bilirdi. Bəlkə bunu eşidirdin də. Könül budağında oturan quşun səsindən su damcılayırdı bəlkə...

Gül atdın, məndə qaldı,

Gülüm hey,

Qaldı-qaldı saraldı,

Gülüm hey...

Saxlaram sarı gülü,

Gülüm hey,

Neynirəm ayrı gülü,

Gülüm hey...

Bağın var, bağban olum,

Gülüm hey,

Bu gülə qurban olum,

Gülüm hey.

Bir də:

...Sevgi nədi soruşmayın,

Baxın dağlara-dağlara...

- Elə ustadlara rəğbət də folklor ənənələridir.

- Elədir. Rəhmətlik Mehdi Bayazid həmişə onun “Dədəboyu” şeirinin adını çəkirdi. Təkcə Eldarın doğulub böyüdüyü Qubadlı-Qarabağ mühiti deyil, bütün bilənlər bilir ki, ilk baxışdan sadə görünən bu şeirdə nə boyda mərifət var. Əgər Eldarın yaşıdlarını tanıdan ürək dağlayan sevgi şeirləri idisə, onda belə şeylər yox idi. O istər kənddə, istər şəhərdən özünün seçdiyi detalları – kərpicləri hörüb bir konstruksiya yaradırdı. Oxuyanda da deyirdin ki, bunu yalnız Eldar Baxış deyə bilər. Bu yalnız onun nəfəsindən gələ bilər.

O, istənilən hadisənin taleyini, aqibətini birbaşa təbiətlə bağlayırdı, təbiət, belə olduğu üçündür ki, onun mətninin məntiqinə çevrilirdi, məsələn:

Ay dədə, boyuna qurban olum mən,
o günlər su kimi sovuldu, getdi.
Yağışdı – yağmadı, otdu – bitmədi,
çiçəyi burnunda ovuldu getdi…

Həm də bu – yəni intonasiya sanki hazır bir şeydi, sadəcə Eldar gəlib ona yiyə durmuşdu. Poeziyada belədir – hər kəsə, hər bir orijinal şairə dildə bir cür danışmaq, dili bir cür “oğurlamaq” qabiliyyəti verilir.. Ancaq qəribədir, dilə necə yiyələnirsən yiyələn, sonda son sözü ölüm deyir. Gözəl mətnlərdə onun ayaq izlərini bilənlər bilir. Bax, şeirin əsl mahiyyəti burda gizlənir, həmin görünməyən izləri görən adam dünyada metafora, bənzətmə və bu tipli şeylərin bitdiyi bir yerə gəlir, real həyatdakı düyün düşmüş kələf açılmağa başlayır. Şeirdə bu qat var, məncə...

- İlk sözünüzdə intonasiya ifadəsini işlətdiniz. Bunu çox adam bilmir. Bəlkə, elə Eldar Baxışın şəxsində bu suala cavab axtaraq: intonasiya bir şair üçün nə dərəcədə vacibdir?

- İnsan ətdən, qandan, sümükdəndir. Onun bel sütunu olmasa o heç vaxt hərəkət edə bilməz. Ritm və intonasiya da şeir üçün həmən məsələdir. Şairin ilk baxışda görünməyən, ancaq onun daxilini yüzdə-yüz, tam şəkildə ifadə edən bir kateqoriyadır. Bu mənada Eldar Baxış həmin o həyat qüvvəsiylə dolu bir şair idi. Onda nağıl yox, dastan yox, hardasa bir qaravəlli havası vardı. Bu dediklərimiz intonasiya adlı poetik kateqoriyanın empirik təsviridir. Yəni bununla kifayətlənmək olmaz.

İntonasiya misra, yaxud bənddə sözlərin düzülüşü və diktəsidir. Heynenin ironik intonasiyası var, Mayakovskinin kalambur xarakterli intonasiyası. İntonasiya hadisəsində sözün xarakteri ortaya çıxır. Misrada sözlərin yerdəyişməsi – yəni inversiya poetik sistem üçün xüsusi hadisədir. Orijinal intonasiya məlum şeir qəliblərini qırıb-dağıdır, onu yenidən doğur, yeni nizam yaradır. Puşkin sonet janrında bu oyunları çıxarmışdı. Şeirdə əsl hadisə elə intonasiyadır. Svetayevanın şeirində ibarə həmişə növbəti misraya keçməyə meyllidir, intonasiya ilə ötürülən həyəcan tonu elə sıxıla-sıxıla gedir ki, sarsıntı və gözlənilməzliklə üz-üzə durursan. Eldar Baxışda həmin o inversiya – sözlərin alt-alta yerdəyişməsi, bir-biri ilə üz-üzə gəlib ayrılması, simmetriya, assimetriya yaratması xüsusi hadisədir. İntonasiya hadisəsi xüsusi olaraq qafiyə ilə bağlıdır. Göz qafiyəsi var, bir də qulaq, yəni eşitmə. Eldarda ikincisi əsasdır. Eşitdiyin səs assosiasiyalar yaradır, həmin intonasiyanın ötürdüyü duyğunu tam açana qədər hərəkət edir. Məsələn:

Səni də düşəsən mənim günümə,
Sənin göyün olsun, quşun olmasın.
İlahi, neyləsən, sən mənə elə,
İlahi, bu qızla işin olmasın.

Eldarda alliterasiya və təkrarlar da intonasiya hadisəsini bəlirləyən cəhətlərdir.

- Sadalama...

- Sadalama. Bir var bəzi folklorşünasların qurub-qoşduqları. Bir də var, Eldarın, Şərifin və ya başqasının özünün müşahidə etdiyi, eşitdiyi şeylər. Eldar Baxış bu mənada kitablardan yox, xalqın içindən gəlirdi. Həm də eşitdiklərini kor bucaq altında əyməklə. Dilə xüsusi baxışıyla. Çünki hər şair – ayrıca bir dildir, yaxud dilin ayrıca görüntüsüdür. Bunu belə anlasaq, dilimizin xəritəsinin nə qədər geniş, ucsuz-bucaqsız olduğunu bilərik.

- Burda bir örnək yerinə düşər. Qafiyəsi də çox qəribədir: Dədəm kərəntimi itiləyərdi / Nənəm köynəyimi ütüləyərdi / Mən də danışardım, üdüləyərdim...

- Hə, burda “göz” məsləsi də var. Yəni yuxarıda sadalanan iki prinsip qarışıb bir-birinə. Qafiyə həm də görüntü yaradır. Eldaraqədərki, elə Eldarın zamanındakı şairlərinin bir çoxunda nədən sonra nəyin gələcəyini bilmək olur. Xüsusən qafiyələrdə. Şeir çox oxumuşuq və bu təcrübə artıq bizdə formalaşıb. Yanğın qoxusu kimi hiss olunur. Eldar Baxışın qafiyələrində həmişə bir gözlənilməzlik var və ondan da vacibi bu gözlənilməz qafiyələr heç vaxt adamı incitmir.

- Arada Eldar Baxış sanki bir az unuduldu. Amma sonra yenidən sosial şəbəkələrdə, saytlarda şeirləri geri döndü elə bil... Sizin müşahidəniz necədir?

- Mən də müşahidə etmişəm. Məndə belə bir ənənə var. Hansısa bir şairdən bir misra yadıma düşür və onu dırnaqda paylaşıb müəllifini də yazmıram. Oxucular özü tanısın deyirəm. Eldardan da bir misra yazmışdım: “Qapınızın zəngi yuxulamışdı...”

- “Gecənin bir aləmi” şeirindəndir. Qapını oyatdım, zəngi oyatdım...

- Dəqiq xatırlamıram hansındandır. Bu misra təkcə gerçəkliyə poetika münasibət-filan deyil. Söhbət sevgidən gedirsə, həm də qəribə bir müqayisə var. Mən səndən ötrü belə bir haldayam, amma işə bax ki, sənin qapının zəngi də yatır. Gözəl bir metaforadır. Yerinə düşər deyək, metafora daha çox üslub hadisəsi olsa da, intonasiyanın tanıdılmasında, yəni fərqləndirilməsində mühüm rol oynayır, misra və bənddə bəzən elə iqlim yarada bilər, mətni yuxu kimi görə bilərsən. Yəni virtuallıq effekti ifrat dərəcədə güclənər. Şeir gerçəkliyi xatırlamayan hala düşənə qədər yazılır, yarıda qırılsa bu, fakt olur. Şeir virtuallıq, çatmamazlıq effektinin ifrat həddə yaxınlaşdığı bir məkandır.

O haqq dünyasındadır, hər halda biz onun şeirləri haqqında danışırıq. Onun əsas məziyyətlərindən biri də o idi ki, ürəyinin və gözünün tutduğu şeylərə, özü də mühüm şeylərə ötəri baxmaqla, adi predmetləri şeirin içinə gətirməklə, onun haqqında danışmaqla münasibət bildirirdi. Misal üçün, onun Hadi haqqında şeiri var. Ölümə yerikləmək, ölümün üstünə cummaq məsələsi var. Onu oxuyanda mənim yadıma ilan haqqında məşhur əfsanə və Əli Kərimin şeiri düşür. Bilirsən də, ilanda belə bir şey var, ovçu tüfəngini ilana tuşlayanda o da tüfəngin lüləsini nişan alır. Əli Kərimin şeirinin də mahiyyətində bu durur ki, ilandakı o vəhşi ilham onu sürükləyir. Bu – taledir. Qaçılmaz bir şey. Eldar Baxışın da taleyində elə qəribə şeylər vardı, gah ona uzun şeirlər yazdırır, gah faciələr yaşadırdı. Şairin taleyində ən mühüm cəhət nədir? Ölümdən qaçış. Şair ölümdən qaça-qaça əslində ona tərəf qaçdığının fərqində olmur. İndi biz azadlıqdan çox danışırıq, ancaq əsl şair elə azadlıqdan da qaçır. Şairin taleyi əvvəl-axır faciəylə bitir. İstəyir şeirinin içində olsun, istəyir şeirdən kənarda. Eldar Baxışın da bütün taleyi o yazdığı şeirlərin, bu dünyadan ayrı tutduğu o ritmin içərisindədir. Bəlkə də çox böyük bacarığımız olsa, o şeirlərdəki detalları elə kombinasiyada düzərik ki, Eldarın taleyinin hamı üçün sirli qalan məqamları açılar. Bəlkə də doğulduğu kəndin xəritəsi alınar. Bütün şairlərin misralarında o enerji, o informasiya var, amma külçə şəklindədir. Şairin borcu deyil ki, aşkarlamaq üçün kodlar qoysun.

- Onun qoşma və gəraylı səpgisində yazdığı şeirlərin də tamam yeni intonasiyası vardı. Bu yeni tendensiya daha çox Ramiz Rövşənin səkkizliklərində üzə çıxdı, doğrudur, ancaq təxminən eyni vaxtda, bəlkə daha əvvəl, Eldar Baxış da yazmışdı.

- Eldar Baxışda həm də epik başlanğıc vardı ki, bu da nağıllarla, əfsanələrlə, dastanlarla bağlı idi. Və bu xüsusiyyət əvvəldən axıra qədər də davam edirdi. Bu cəhət onun gəraylılarında da var idi.

- Əslində bunlara gəraylı demək də doğru deyildi.

- Qurbanidən, Abbas Tufarqanlıdan sonra o tipli gəraylı yazmağın yeri də yox idi. Onlara baxıb ləzzət almaq, zövq almaq, onları oxuyub öyrənmək kifayətdir. Sən istəsən də onları təqlid edə bilməzsən. İstənilən şairin intonasiya qəlibində yazmaq təqliddən başqa bir şey deyil. Xalq şeiri üslubunda yazanlar bunu yüzdə-yüz unudurlar, elə bilirlər nəsə möcüzə icad eləyirlər. Dəqiq bir qanun var: kiminsə intonasiyasını yamsılamaq şairin ölümüdür. Əgər Eldar Baxış o tipli qoşma və gəraylı yazmaq istəyirdisə, hökmən reformator olmalı idi. Həmin şeirləri öz dövründən çıxarıb müasir dünyada gedən proseslərlə səsləşən şəklə salmalı idi. Məncə Eldar Baxış bunu sövq-təbii edirdi. Onda qəsdən bir şey yox idi. O, novator şair idi. Həm də bu novatorluğu ənənəvi şeirdə eləyə bildi. Bu heç də asan məsələ deyildi.

- Bizim ədəbiyyatda həm də Eldar Baxış obrazı var.

- Bəli var və etiraf edək ki, bu hər qələm adamına nəsib olmur. Əli Kərim öləndən sonra onun haqqında xeyli şeirlər yazıldı, hətta bu şeirlər az qala bir üsluba çevrildi. Eldar Baxışın da bir obrazı yarandı. İmpulsiv adam idi. Bildiyin kimi, impulsiv adamlar da çox vaxt qəza-qədərin qurbanı olurlar.

- Həyatda da çox pozitiv insan olub... Görmüsünüz şəxsən?

- Görmüşəm, tanış olub söhbət eləməmişəm. Qardaşım Vaqif Yusifli ilə dost olub. Zəngin adam olub. Burda maraqlı bir nöqtəyə gəldik. Elə şairlər var ki, müəyyən stereotiplərlə şeir yazırlar. Hətta istedadla yazılmış şeirlər də ola bilər. Stereotiplərlə yazmaq nə deməkdir? O deməkdir ki, insan əzabın, zillətin, dərdin içərisində olmayıb. Eldar Baxışda həmin stereotiplər yoxdur. Ona görə də hazır qəliblərlə yaza bilmirdi. Daha doğrusu heç müraciət də eləmirdi. Bu baxımdan, onun güneyli yazıçımız Səməd Behrəngiyə həsr etdiyi poeması çox qəribə bir əsər idi. Eldar Baxış başdan-ayağa özünü yazırdı. Bəlkə də tanımadığı özünü yazırdı. Əslində, insan o zaman yazmağa başlayır ki, içindəki adamı tanımır. Yaxşı şeiri yazan şairin arxasında, yəni kadr arxasında onun tanımadığı bir oxşarı dayanır. Şair kadr arxasından gələn səsi dinləyir və hansılarını ki, başa düşür, anlaya bilir, yazıya köçürür. Əsl şairin köçürməkdən başqa bir funksiyası yoxdur.

- Əgər belə olmasa istedadlı insanlar hər zaman nə istəsələr yaza bilərlər. Demək, o səs doğrudan da var.

- Doğrudan da var. Bayaq bir misranı xatırladım: “Bir gün sənin göz yaşın axar mənim gözümdən” Adil Mirseyidin şeiridir. Çox şeir yazıb da Adil Mirseyid. O qədər şeirin içindən məhz həmin misra gəlib adamın yadına düşürsə, deməli bu həm də ilahi şeydi, kosmosdan gələn bir şeydi. İnsan axı elə-belə xatırlamır. İnsanın çox sonralar rastlaşacağı adam da bəlkə ona damardakı qanı qədər yaxın olur.

- Bayaqdan Əli Kərimin adını bir neçə dəfə çəkməyiniz də bəlkə təsadüf deyil. Eldar Baxışın taleyi bir az da ona bənzədi. Bunun da ölümü təxminən onun kimi ağrılı oldu.

- Bayaq dediyim kimi, Eldar Baxış heç kimə oxşamırdı və istəsəydi də oxşaya bilməzdi. Onun Əli Kərimə böyük hörməti və rəğbəti vardı. Əli Kərim şeirinin nə olduğunu bilirdi, şeirlərində də dəfələrlə adını çəkmişdi. Onların şeirləri ruhi baxımından biri-birinə yaxın ola bilərdi, amma onlar poetika baxımından ayrı-ayrı şairlər idilər. Heç biri də biri-birindən əskik deyil. Son vaxtlar qəribə bir tendensiya yaranıb. Bu bəlkə də çayxana mühitinin yaratdığı bir şeydir: onun-bunun istedadını ölçürlər. El arasında yaxşı bir məsələ var ki, dağı dağla müqayisə eləməzlər. Şair üçün ən önəmli olan özünün özündən və başqalarından fərqidir. Əgər sən özünü və hamını təkrarlayırsansa, bu əsl faciədir. Eldarda bu fərq qabarıq şəkildə görünür.

- Eldar Baxış və gələcək şeirimiz... Bu barədə də iki-üç kəlməylə söhbətimizi yekunlaşdıraq...

- Əli Kərim haqqında da deyirlər ki, o, gələcəyin şairi idi. Dünənin, bu günün şairi olduğu kimi. Eldar Baxış da gəncliyin daim oxuyacağı və nələrsə öyrənəcəyi şairdir. Əli Kərim milli poeziya ilə sıx şəkildə bağlı olan, eyni zamanda orijinal nəfəsi ilə ona qarşı duran bir irs qoyub getdi. Onu təqlid eləmək mümkün olmadı. Eldar Baxışı da təqlid eləmək mümkün deyil. Bu artıq Eldarlıq da deyil, məncə. O, adi şeylərədən şeir yazır, amma onun içində bir tale olur. Bunu vaxtıyla rus şeirində Yesenin eləyirdi. Eldar Baxış dünyaya gələndə yüzlərlə bənzərsiz şair vardı. Bunların içərisində öz imzasını yaratmaq, öz imzasını qoymaq elə-belə iş deyil. İmza (“poçerk”) elə intonasiya, ritm məsələsidir.

Məncə, o bütünü yaradıcılığı boyu deyə biləcəyi sözlərin böyük bir hissəsini deyə bildi. Şair taleyi elə-belə bir şey deyil. Bəlkə elə sən o yaşda ölməlisən. Ölümlər həmişə vaxtı-vaxtında olur. Elə bil insanın içərisində zəngli bir saat var. O, çalındısa, Heminquey demiş, o əcəl zəngi səsləndisə, sən o səsin dalınca çıxıb getməlisən. Qələmdə mürəkkəb quruyur...

# 1518 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #