Hamazaspa qarşı çıxdığına görə həbs olundu, adamları repressiyadan qurtardığı üçün ölümlə üzə-üzə qaldı, Azərbaycanı sürgündən xilas etdi – Bağırovun gizlinləri

Hamazaspa qarşı çıxdığına görə həbs olundu, adamları repressiyadan qurtardığı üçün ölümlə üzə-üzə qaldı, Azərbaycanı sürgündən xilas etdi – Bağırovun gizlinləri
26 may 2021
# 13:04

Bu gün Azərbaycan KP MK-nın I katibi olmuş, general-polkovnik Mir Cəfər Bağırovun anım günüdür. Kulis.az siyasi xadim haqqında az bilinən faktları təqdim edir.

"Məni asmaq azdır, məni güllələmək azdır, məni şaqqalamaq, dörd yerə bölüb tikə-tikə doğramaq lazımdır ki, mən inanmışam!". Bu müraciətlə o, etirazını sistemin özünə bildirir və sonra bəyan edirdi ki, xalqımın qarşısında vicdanım təmizdir!"

Bu, müttəhimin məhkəmədəki son çıxışındandır. O, müttəhim isə Mircəfər Bağırovdu.

Bağırov Azərbaycan tarixində ən çox tənqid olunan şəxsiyyətlərdəndi. Bəziləri bu gün də məxfi qalan faktlar və sənədlər isə Bağırovun birmənalı mənfi şəxsiyyət olmadığını göstərir.

Bağırovun imzası ilə verilən qərarların Azərbaycan mədəniyyətinə, elitasına vurduğu zərbəni danışmaqla bitməz. Sırf bu üzdən onun haqqında formalaşan fikir, yazılan məqalələrin böyük əksəriyyəti mənfi xarakter daşıyır. Bu materialda sovet Azərbaycanın 20 il rəhbərlik etmiş Mircəfər Bağırovun müsbət addımlarından, ölkənin ağır məqamında verdiyi taleyüklü qərarlardan bəhs olunur.

Bağırov tərcümeyi halında Hamazaspın Qubada törətdiyi qırğın zamanı əmisi Mir Talıb, əmisi oğlu Mir Haşım və yeznələri Hacı Heybətin öldürüldüyünü yazır. Mircəfər həmin vaxt durumla bağlı Bakıya teleqram vurur. 4 gündən sonra Leon Qauberidze Qubaya gəlir və Mircəfərin özünü təxribatda günahlandıraraq həbs etdirir. Bağırov Əli bəy Zizinski və Həmdulla Əfəndinin Qubanı azad etdiyi günə qədər həbsdə qalır. Nəhayət onlar Bağırovu həbsdən buraxırlar.

Bağırov Nərimanovun kadrı idi. Nərimanov sağlığında dəfələrlə Orconokidze və Stalin özbaşınalığında Leninə yazmış, Əliheydər Qasımovu isə satqın adlandırmışdı.

Sirr deyil ki, 1924-cü ildə Lenin dünyasını dəyişəndən sonra Nəriman Nərimanov demək olar ki, tənha qalmışdı. Orcanakidzenin Bakıdan gələn yarpaq dolması adı ilə verdiyi qonaqlıqda Nərimanovu zəhərləməsi də bir o qədər qaranlıq məsələ deyil. Can üstündə olan Nərimanov tez-tez “Məni Serqo zəhərlədi” deyirmiş.

Orconikidze Nərimanovun ölümündən sonra “Nərimanovşina” stereotipi yaradaraq Bağırovu da bu cərəyanda günahlandırır. 1927-ci ildə erməni Levon Mirzoyan və Əliheydər Qarayevin təhriki ilə Orcanakidze Bağırovu Azərbaycan dövlət siyasi idarəsindən xaric edir.

Bu ərəfədə Bağırovun bəraət qazandıraraq Bakıda rahat yaşamasına şərait yaratdığı Azərbaycan azadlıq hərəkatının görkəmli nümayəndələrindən olan Əli bəy Zizikski həbs olunaraq gecə ilə güllələnir.

Tiflisə, dostu Beriyaya pənah aparan Mircəfər Bağırov onun köməkliyi ilə Zaqafqaziya su təsərrüfatı komissarı olur.
1929-cu ildə Beriya Stalinə yazdığı məktubla yenidən Bağırov Azərbaycan dövlət siyasi idarəsinin sədri təyin olunur.

Beriyanın 1931-ci ildə vəzifəsinin yüksəlməsi Bağırovun da işinə yarayır və onlar birlikdə hədəflərini qaldırırlar. Hədəf Orcanakidze idi. O, Orconokidze ki, Mircəfər Bağırovun yerinə Azərbaycana rəhbərlik üçün erməni Rubeni məsləhət görürdü. Hətta Ruben bir müddət bu vəzifədə işlədi. Lakin Beriya-Bağırov birliyi Rubeni vəzifədən uzaqlaşdırmağı bacardı və beləcə Bağırov əsas hakimiyyətə gəldi.

Repressiya başlamazdan əvvəl MK-nin katibi Jdanovun Bağırova yazdığı məktubda onun əksinqilabçı düşmənlərin, sosializm əleyhdarlarının ifşa olunmasında qətiyyətsizlik göstərməkdə günahlandırırdı. Bu ciddi siqnal idi. Çünki bu məktuba qədər Bağırov bir neçə şəxsin xilası üçün Kremlə yazmışdı və bu şəxsiyyətlərin hamısı milli ruhlu siyasi xadimlər idi.


M. C. Bağırov

1937-ci ilin martın 5-də Stalinin MK plenumundakı çıxış isə hər şeyin başlandığını aydın göstərdi. Stalin hədəflərini dəqiqləşdirmişdi və çıxışının sonunu “onları amansızca darmadağın etmək lazımdı və kökünü kəsmək lazımdı. Bu məsələ aydındır və yeni izahat tələb etmir”.

Bu çıxışın detallarına diqqətlə nəzər yetirəndə görürük ki, repressiya dövründə qurban gedənləri daha çox Bağırovun sürgünə göndərdikləri kimi yox, Bağırovun qoruya bilmədikləri kimi yanaşmalıyıq.

Onun Əliağa Şıxlinski, Xan Şuşinski, Cəfər Cabbarlı, Əziz Şərif, Əliağa Vahid, Üzeyir Hacıbəyov, Əminə Dilbazi və digər şəxsiyyətlərə müstəsna köməklikləri olub.

Bağırovun özünün repressiyadan son anda qurtulduğu hadisə isə 1938-ci ildə baş verib. Onun bir çox şəxsiyyətlərin həbsdən azad edilməsi üçün etdiyi müraciətləri və Azərbaycandan SSRİ Daxili İşlər Komissarlığına yazılan donoslardan sonra Yejov, Bakıda antisovet ünsürlərə qarşı mübarizədə zəifliyi əsas gətirərək Azərbaycana böyük qrup göndərir. Bu artıq Mircəfər Bağırovun sonu sayıla bilərdi. Hər şey aydın idi...

Komisiya Bağırovun milliyyətçi olması ilə bağlı hazırladıqları rəyi yuxarı ötürür. Hadisələrin məcrası isə Beriyanın 1938-ci ilin yazında SSRİ Xalq Daxili İşlər Komissarının müavini seçilməyi ilə dəyişir. Beriya komissiyanın qərəzli və həqiqəti əks etdirməyən nəticələrə gəldiyini əsaslandıraraq Stalinə məlumat verir.


L. Beriya

Bu yerdə onu da qeyd edək ki, Beriyanın bu vəzifəyə təyinatından sonra kütləvi həbslərə və sürgünlərə demək olar ki, son qoyuldu. Beriyanın gəlişindən sonra repressiya dönəmində vəzifədə olmuş komissar Yejov vəzifəsindən azad olunur və Beriya onun yerinə keçir, ardınca təşkil olunan istintaq sayəsində Yejovun məhkəməsi keçirilir və o güllələnir.

İndi isə gələk, Bağırovun Azərbaycan tarixində atdığı müstəsna addıma - babalarımızın doğulduğu, bizim genetik yaddaşımızın yaşadığı torpaqlarımızda indi də yaşaya bilməyimizə səbəb olan məşhur hadisəyə.

İkinci dünya müharibəsində Türkiyənin Almaniya ilə eyni cəbhədə SSRİ-ə qarşı döyüşməsi, Azərbaycanın tarixən Türkiyə ilə yaxınlığı və Hitlerin böyük arzusu olan “Bakı nefti” nəzərə alınaraq Stalin almanların Azərbaycan ərazisinə çatmağından ehtiyatlanaraq ciddi plana start verdi. Stalini fikrincə Almanlar Azərbacan hüdudlarına yaxınlaşdığı halda azərbaycanlıların Türkiyəyə meyllənməsi faktiki olaraq Bakının əldən getməsi ilə nəticələnəcəkdi. Stalinə görə döyüş müstəvisində Azərbaycan ən zəif müdafiə olunan, hüdudları müəmmalı görünən bir coğrafiya idi. Eyni zamanda Bakı neftinin əldən getməsi artıq SSRİ-nin məğlubiyyətinə bərabər idi.

1942-ci ilin yazında Mikoyan Almaniyadakı azərbaycanlı legionları əsas gətirərək azərbaycanlıları müharibə şəraitində təhlükə kimi təqdim edir. Bu sərhədlərdə azərbaycanlıların yaşamasının xüsusi problem olduğuna Stalini inandırır.

Beləliklə siyasi büroya azərbaycanlıların Azərbaycandan deportasiya edilməsi məsələsi çıxarılır. Beriyadan başqa bütün aidiyyəti şəxslər deportasiyanı dəstəkləyir. Beriya “bu işi Bağırovsuz görmək olmaz” deyərək məsələnin səsverməyə getməsinin qarşısını alır. İclasdan sonra Bağırova zəng edərək bu yöndə ciddi addım atmağı tapşırır. Beriya ona xəbər verir ki, Müdafiə Şurasının iclasında Krım tatarları, Axıska türkləri, çeçenlər və digər xalqlar kimi azərbaycanlıların da Qazaxıstana sürgün olunması barədə müzakirələr aparılır.

Aşağıdakı faktı həmin dönəmdə Azərbacanın torpaq xalq komissarı olmuş Cəfər Cəfərov xatirələrində deyir və uzun illər Azərbaycan SSR Nazirlər Sovetinin sədri olmuş Teymur Quliyevin qızı Minayə xanım da təsdiqlədiyir:
Bağırov bir neçə şəxsə tapşırıq verib ki, səhər açılan kimi yerli partiya və komsomol təşkilatları, xüsusən də 50 yaşdan yuxarı partiya təsərrüfat rəhbərləri Azərbaycan xalqının kütləvi şəkildə müharibədə iştirak etmək istədiyinə dair Kremlə teleqram göndərsin. Sonra isə bildirib ki, özü sabah Moskvaya uçacaq. Bağırov Teymur Quliyevlə söhbət zamanı onu da deyib ki, Beriya ona Azərbaycan xalqının Qazaxıstana sürgün olunmasının qarşısını almaq üçün əlindən gələn köməyi etməyə söz verib. Ən maraqlısı isə odur ki, Bağırov Teymur Quliyevlə vidalaşanda, siz möhkəm dayanın, bəlkə mən geri qayıtmadım”, deyib.


Teymur Quliyev

Beləliklə Bağırov Beriyanın himayəsilə Azərbaycan əhalisinin kütləvi şəkildə Qazaxıstan və Türkmənistan çöllərinə köçürülməsinin qarşısını ala bilir.

Bu materiala Mircəfər Bağırovun Azərbacan iqtisadiyyatındakı xidmətlərini və Cənubi Azərbaycan naminə atdığı addımları əlavə etmirik.

1953-cü ildə Stalinin ölümündən sonra əksər vəzifələri əlində cəmləyən Beriya Bağırovu da yanınca irəli çəkirdi. Beləliklə, 1953-cü ilin martında Bağırov SSRİ KP MK rəyasət heyətinə namizəd kimi qəbul edilən ilk Azərbaycanlı olur.

Lakin Xruşşov, Malenkov ittifaqı qəribə şəkildə Beriyanı həbs edir və çarxı tamam başqa istiqamətə fırlayır. Beləliklə, Beriya-Bağırov ittifaqı məhv olur. Beriyanın ardınca Bağırov öncə vəzifəsindən azad olunur, ardınca həbs olunaraq məhkəmə qarşısına çıxarılır.

30-cu illərdə sovet ölkələri arasında ən az repressiyaya məruz qalan ölkələrdən birinin Azərbaycan olduğunu nəzərə alsaq, başqa ölkələrin sabiq rəhbərləri deyil, məhz Bağırovun məhkəmə qarşısına çıxarılması, onun repressiyanın təşkilinə görə qınanılması ədalət naminə deyil, ayrı cəbhənin adamı olmasından irəli gəldiyi aydın olur.

Bağırov Beriya ilə birbaşa SSRİ-ə rəhbərlik etməyə çalışdıqları müddətdə bütün ölkələrə qardaşlıq adıyla böyük bir slavyan ölkəsi yaradan şəxslər hakimiyyətə gəlir. Mircəfər Bağırovun məhəməsi həm də bütün günahkarlar üçün günah yuma meydanı idi. Onlara Bağırovu istənilən qondarma iddia ilə təqsirləndirmək imkanı yaradılmışdı. Məhz buna görə də Mircəfər Bağırov məhkəmədə o məşhur ironiyasnı demişdi: "məni asmaq azdır, məni güllələmək azdır, məni şaqqalamaq, dörd yerə bölüb tikə-tikə doğramaq lazımdır ki, mən inanmışam!. (ironiyanın sonu) Xalqımın qarşısında vicdanım təmizdir!

# 8003 dəfə oxunub

Müəllifin son yazıları

# # #